Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2811/2021 12.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İlkin iddia üzrə İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil1, ilkin iddia üzrə Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1837/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 4420 manat təhsil haqqı borcunun, 2096 manat cərimənin və ödədiyi 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, xx xxxxxxxx 2019-cu il tarixli müqavilələrin ləğvi və vəkilə ödənilmiş 500 manatın İddiaçı MMC-dən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1837/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə, ilkin iddia qismən təmin edilərək, 4424 manat və 200 manat cərimə və ödənilmiş 30 manat dövlət rüsumunun 20 manat hissəsi olmaqla ümumilikdə 4644 manatın Cavabdeh tutulub İddiaçı MMC-yə ödənilməsi, qarşılıqlı iddianın isə təmin edilməməsi qət edilmişdir. Qətnamədən ilkin iddia üzrə Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ilkin iddianın təmin edilməməsini, qarşılıqlı iddianını təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia məhz məktəbin ona qarşı laqeyd yanaşmasından və öhdəliklərinin icra olunmamasından qaynaqlanır. Bundan əlavə, pandemiyanı forsmajor hal kimi hesab edən normativ akt mövcud deyildir. Söhbət tədrisin ümumiyyətlə dayandırılmasından deyil, məhz tədris müəssisələrində(məktəbin ofisində, inzibati binasında və.s) olan tədrisdən gedir. Yəni, məktəb tədrislə bağlı öhdəliklərini canlı yayım şəklində icra edə bilərdi. Təqdim edilmiş disklər nəzərdən keçirilsəydi, dərslərin yalnız bir müəllim tərəfindən aparıldığını müəyyən etmək olardı. Diskdə, prezentasiyanın olması tədrisin aparılmasını sübut etmir. Qarşı tərəf üzərinə götürmüş öhdəlikləri yerinə yetirdiyini bildirsə də bu halı təsdiq edə biləcək mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil2 da apellyasiya şikayətini müdafiə etdi, həmçinin bildirdi ki, onlar tələb etdi ki, əgər onlayn dərslər keçirilibsə, bununla bağlı sübut təqdim edilsin. Məktəb 1 disk təqdim etdi. Orada ümumi vaxt 1 saat oldu. Digər şagirdlə bağlı isə ümumiyyıətlə sübut təqdim etməyiblər. Məktəb öz öhdəliklərini icra etməlidir ki, onlar ödəniş etsinlər. Dərslər keçirilməyibsə, natamam keçirilibsə, onlar niyə ödəniş etməlidirlər? Müqavilənin 3.3-cü bəndinə əsasən, müqavilənin ləğvini xahiş edirlər. Cavabdeh tərəfindən pretenziya məktubu göndərilmişdi. İyun ayında valideyn yığıncağında cavabdeh dərslərin keçirilməməsi barədə narazılığını bildirib və dərslərin bu keyfiyyətdə davam edəcəyi təqdirdə ödəniş edilməyəcəyini də bildirmişdi. Elə bir qayda yoxdur ki, müraciət yalnız rəsmi formada olmalıdır. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 bildirdi ki, 2020ci ilin mart ayının 2-dən müqavilə müddəti bitənədək cavabdeh tərəfindən heç bir müraciət daxil olmayıb. Distant təhsil olduğu üçün bir neçə valideyn uşağını dövlət məktəbinə köçürməsi ilə əlaqədar müraciət edib. Tərəflər arasında müqavilə 2019-cu ildə bağlanıb. 2020-ci ilin sentyabr ayında uşaqlar məktəbdən çıxarılıb. İddia qaldırılanda müqavilə müddəti bitmişdi. Distant təhsil olduğu üçün nəqliyyatdan istifadə olunmurdu. Nəqliyyat vasitəsindən istifadə olunmadığı üçün nəqliyyat xərcini güzəşt etmişdilər. 2-ci sinifdə oxuyan uşağa 550 manat, 5-ci sinifdə oxuyan uşağa 450 manat güzəşt edilib. Güzəşt olunan məbləğ məhkəmə tərəfindən nəzərə alınmayıb. Cərimə hissəsində məsələnin həllini isə məhkəmənin mülahizəsinə buraxırlar. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi ilkin iddianı qismən təmin, qarşılıqlı iddianı rədd edərkən qənaətini belə əsaslandırmışdır ki, tərəflər arasında yazılı formada bağlanmış razılaşmaya əsasən, cavabdeh uşaqlarının İddiaçı MMC-də təhsili barəsində iddiaçı ilə yazılı razılıq imzalamış və hər tədris ili üçün hər uşağa görə müvafiq olaraq 5310 manat pul ödəməyi öhdəsinə götürmüşdür. Lakin buna baxmayaraq cavabdeh tərəfindən hər müqavilə üzrə 3098 manat pul ödənilmiş, qalan məbləğ isə ödənilməmişdir. Məhkəmə işə hüquqi qiymət verərək hesab edir ki, tərəflər arasında yazılı olaraq razılaşma əsasında xidmət haqqında müqavilə bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. Bundan başqa, tərəflər arasında bağlanmış müqavilənin 2.1.12-ci bəndində qeyd olunmuşdur ki, iddiaçı qarşısıalınmaz hadisələr nəticəsində tədrisin pozulmasına və başqa mənfi hallara görə məsuliyyət daşımır. Məhkəmə qeyd edir ki, respublikada baş verən pandemiya fors major hal hesab edilir və tərəflərdən heç birinin iradəsindən asılı deyildir. İddiaçı isə müqavilə ilə təsbit olunduğu kimi həmin hal üzrə heç bir məsuliyyət daşımır. Qeyd olunan maddi hüquq normalarına və işin hallarına əsaslanaraq məhkəmə hesab edir ki, cavabdeh yerinə yetirməli olduğu öhdəliyini icra etmədiyi üçün, 4424 manat pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, ilkin iddia tələblərinin ödənişi gecikdirməyə görə hesablanmış cərimə pulunun tutulması hissəsi də qismən əsaslı hesab edilərək, qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 462.3-cü maddəsinə görə müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Eyni zamanda məhkəmə müqavilədən irəli gələn əsas borcun 4424 manat müəyyən olunduğu halda, borclunun ödənişi gecikdirməsinə görə hesablanmış 2096 manat cərimə (dəbbə) məbləğinin tənasübsüz surətdə yüksək məbləğ hesab edir və həmin dəbbə pulunu azaldaraq 200 manat müəyyən edilməsini cavabdehin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məhkəmə yekunda belə qənaətə gəlir ki, qarşılıqlı iddia üzrə iddiaçı cavabdehin öz üzərinə götürmüş olduğu öhdəlikləri yerinə yetirmədiyini bildirsə də, bu halı təsdiq edə biləcək mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən Cavabdeh Məktəb qarşısında öz üzərinə götürmüş olduğu öhdəliyi yerinə yetirməmiş sayılmalı və 4424 manat əsas borc, 200 manat məbləğində cərimə borcu Cavabdeh tutulmalı, qarşılıqlı iddia ərizəsi isə onun əsaslarına dair heç bir sübut təqdim edilmədiyindən təmin edilməməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri MPM-nın 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırki iddia qismən təmin olunduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 20 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdə göstərilən dəlillər qətnamənin ləğv edilməsi üçün deyil, dəyişdirilməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxx 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsi göstərilsə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni ilk iddianın təmin edilən, qarşılıqlı iddianın isə təmin edilməyən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı konkret olaraq iddia tələbinin təmin edilməsi hissəsində yol verdiyi pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğvi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək qətnamə mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Əvvəla, Cavabdeh İddiaçı hər ki müqavilə üzrə öhdəliklərini icra etmədiyini bəyan edirsə bu barədə məhkəməyə mötəbər sübut təqdim etməli idi. Çünki, bu barədə mötəbər sübut təqdim etmək və istinad etdiyi halları sübut etmək yükü artıq onun üzərinə düşürdü. Lakin nə ilkin iddiaya etirazının, nədə qarşılıqlı iddiasının əsası kimi istinad etdiyi hallara dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Bir müəllimin tədris etdiyi dərsələrə dair bir neçə disklər ola bilər. Lakin bu, o demək deyil ki, başqa müəllimlər tərəfindən hansısa fənnin tədrisi olmamışdır. Ona görə təqdim edilən disklər ilk iddianın əsassızlığına dəlalət edən sübut kimi qiymətləndirilə bilməz. İkincisi, işdən aydın olur ki, Cavabdeh qarşı tərəflə 2-ci və 5-ci sinifdə oxuyan iki övladı üçün 2019-2020-ci tədris ili üçün xx.xx.2019-cu il tarixdə tam orta təhsil xidməti haqqında müqavilələr bağlamışdır. Müqavilələr xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilədək qüvvədə olmuşdur. Müqavilələrin qüvvədə olduğu zaman, o cümlədən 2020-ci ilin mart ayından iyun ayınadək Cavabdeh tərəfindən qarşı tərəfə müqavilə üzrə öz öhdəliklərini lazımi qaydada icra etməməsinə dair heç bir irad yaxud narazılıq bildirilməmişdir. Əgər bildirilmişdirsə, o, bu barədə də məhkəməyə hansısa sübut təqdim edə bilərdi, lakin etməmişdir. Çünki, distant tədrisə keçilən elə birinci aydan tədris müqavilədə nəzərdə tutulan qaydada aparılmırdısa Cavabdeh ən azından hansısa formada buna etirazını bildirərdi yaxud müqavilədən birtərəfli qaydada imtina edib onun ləğvini tələb edə bilərdi. Ancaq etməmiş, yalnız məktəb tərəfindən təhsil xidmət haqqı ondan məhkəmə qaydasında tələb etdikdən sonra ilk iddiaya etiraz edir və qarşılıqlı iddia verərək müqavilələrin ləğvini tələb edir. Ancaq artıq qüvvədən düşmüş, yəni müddəti bitmiş müqavilənin ləğvini tələb etməkdə istəyinin nə olduğu da bəlli deyil. Əlbətdə, ola bilər ki, bununla ilk iddianın tam rədd edilməsinə nail olmaq istəsin, ancaq ilk iddianın da tam rədd edilməsi üçün əsas olmalıdır. Bununla yanaşı, işdən(bax.i.v.41-42) görünür ki, ilk iddiaçı tərəfindən 2019/2020-ci tədris ilinin mart-iyun ayları üzrə təhsil haqqına güzəşt barədə xx.xx.2020-ci il tarixli 20 nömrəli Əmr verilmişdir. Həmin əmrdə ölkə ərazisində Koronavirus(Covid-19) infeksiyasının yayılması ilə əlaqədar Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim tərbiyə prosesi dayandırıldığından və dərslər onlayn qaydada həyata keçirildiyindən cari ilin mart, aprel, may və iyun ayları üzrə ödənilməli olan təhsil haqqı məbləğlərinə valideynlərin maddi vəziyyətini nəzərə alaraq onlara aşağıdakı məbləğlərdə güzəşt tətbiq edilmişdir. Belə ki, 1 və 2-ci sinifdə təhsil alan hər bir şagirdə görə bağlanmış müqavilə üzrə nəqliyyat vasitəsindən istifadə nəzərdə tutulduğu halda 550 manat, 5-11-ci sinifdə təhsil hər bir şagirdə görə bağlanmış müqavilə üzrə nəqliyyat vasitəsindən istifadə nəzərdə tutulduğu halda 450 manat güzəşt edilmişdir. Həqiqətən də qeyd olunan dövr ərzində tədris onlayn keçirildiyindən şagirdlər məktəbin nəqliyyat vasitəsinin xidmətindən istifadə etməmişlər. Müqavilələrin 2.2.1-ci bəndindədə məktəbin təqdim etdiyi nəqliyyat vasitəsi xidmətindən istifadə edilməsindən asılı olaraq təhsil haqqının valideyn tərəfindən ödənilən məbləği fərqli nəzərdə tutulmuşdur. Bu hal ilk iddiaçının nümayəndəsi və vəkilinin apellyasiya baxışı zamanı izahatı ilə də təsdiq olunmuşdur. Ancaq birinci instnansiya məhkəməsi təhsil xidmət haqqını təmin edərkən müqavilələrin həmin şərtini nəzərə almamışdır. Bundan əlavə, birinci instansiya məhkəməsi 2096 manat cərimə (dəbbə) məbləğinin tənasübsüz surətdə yüksək məbləğ hesab edərək azaldaraq 200 manat müəyyən edilməsini cavabdehin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlməkdə haqlı olsa da bu məbləğin də 100 manatadək azaldılması mümkündür və məktəbin əsaslı mənafeyinə hansısa formada zərər vurma təhlükəsi yaratmaz. Eyni zamanda, valideyn olaraq təhsil haqqı ödəməli olan şəxsin də həddindən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının yolverilməzliyi də nəzərə alınmalıdır. Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ilkin iddia üzrə Cavabdeh alınmalı olan pulun məbləgi hissəsində dəyişdirilməli, müqavilələr üzrə təhsil haqqından qalıq borc kimi 3424 manat, cərimə üzrə 100 manat, dövlət rüsumu əvəzi 20 manat, cəmi 3544(üç min beş yüz qırx dörd) manat Cavabdeh alınıb İddiaçı məhdud məsuliyyətli cəmiyyətə ödənilməli, qətnamə, mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1837/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilkin iddia üzrə Cavabdeh alınmalı olan pulun məbləgi hissəsində dəyişdirilsin: Müqavilələr üzrə təhsil haqqından qalıq borc kimi 3424 manat, cərimə üzrə 100 manat, dövlət rüsumu əvəzi 20 manat, cəmi 3544(üç min beş yüz qırx dörd) manat Cavabdeh alınıb İddiaçı məhdud məsuliyyətli cəmiyyətə ödənilsin. Qətnamə, mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2811/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2811/2021
12.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver