Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2813/2022 13.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2930/2021 saylı iş üzrə 02 iyul 2021-ci il tarixli qətnaməsindən Cavabdeh MMC və İddiaçı tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2020-ci ilin oktyabr ayı üçün 3,435.41 manat. 2020-ci ilin noyabr ayı üçün 3,263.63 manat olmaqla cəmi 6,699.04 (altı min altı yüz doxsan doqquz manat, 04 qəpik) manat məbləğində əmək haqqının, 27 noyabr 2020- ci il tarixədək istifadə edilməmiş 74 günlük əsas əmək məzuniyyətinə görə 8,362.51 (səkkiz min üç yüz altımış iki manat, 51 qəpik) manat pul əvəzinin, vəkilə ödənilmiş 3,750.00 (üç min yeddi yüz əlli) manatın, 09 noyabr 2020-ci il tarixdən başlayaraq cavabdeh tərəfindən ödəmənin həyata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün 3.435.41 manat məbləğində əmək haqqının (Oktyabr 2020-ci il üçün əmək haqqı) 1 % -i məbləğində (günlük 34.35 manat) ödəncin, 07 dekabr 2020-ci il tarixdən başlayaraq cavabdeh tərəfindən ödəmənin həyata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün 3,263.63 manat məbləğində əmək haqqının (Noyabr 2020-ci il üçün əmək haqqı) 1 % -i (günlük 32.63 manat) məbləğində ödəncin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, işəgötürən Cavabdeh MMC (bundan sonra Cavabdeh adlandırılacaq) ilə o, İddiaçı (bundan sonra İddiaçı adlandırılacaq) 16 dekabr 2016-cı il tarixdə Əmək Müqaviləsi bağlamışdır. Əmək Müqaviləsinə əsasən Cavabdeh İddiaçını aylıq vergilər və digər ödənişlər daxil 3.795.00 (üç min yeddi yüz doxsan beş) manat əmək haqqı müqabilində əsas iş yeri üzrə Direktor vəzifəsinə işə qəbul etmişdir. 09 aprel 2018-ci il tarixdə tərəflərin qarşılıqlı razılığı ilə Əmək müqaviləsinə 1 saylı əlavə bağlanmış və həmin əlavəyə əsasən əmək haqqı artırılaraq vergilər və digər ödənişlər daxil 5,284.00 (beş min iki yüz səksən dörd) manat təşkil etmişdir. Tərəflərin qarşılıqlı razılığı ilə 03 dekabr 2018-ci il tarixdə Əmək müqaviləsinə 2 saylı əlavə bağlanmış və həmin əlavəyə əsasən əmək haqqı azaldılaraq vergilər və digər ödənişlər daxil 3,866.00 (üç min səkkiz yüz altmış altı) manat, vergilər və digər ödənişlər çıxıldıqdan sonra net 3.435.41 (üç min dörd yüz otuz, beş manat. 41 qəpik) manat təşkil etmiş, eyni zamanda bu əlavə ilə iş yeri əsasdan əlavəyə dəyişdirilmişdir. Təsisçinin 07 dekabr 01-01/87 saylı Qərarı ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) “Körpü Tunel Tikinti" MMC-nin direktoru vəzifəsindən azad edilmişdir. Lakin, dəfələrlə şifahi və yazılı xəbərdarlığına baxmayaraq İşəgötürən iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi günə qədər 2020-ci ilin oktyabr ayı üçün 3.435.41 manat, 2020-ci ilin noyabr ayı üçün 3,263.63 mant olmaqla cəmi 6.699.04 manat əmək haqqını və 27 noyabr 2020-ci il tarixədək istifadə edilməmiş 74 günlük əsas əmək məzuniyyətinə görə 8,362.51 manat (Riyazi hesablama: 12 təqvim ayının orta əmək haqqı 3,435.41 manat / 30.4 bir məzuniyyət günü üçün əmək haqqı X istifadə edilməmiş 74 gün əsas əmək məzuniyyəti = X.362.51 manat) pul əvəzini ona ödəməmişdir. Baxamayaraq ki, Təsisçinin qərarı ilə 07 dekabr 2020-ci il tarixdən direktor vəzifəsindən azad olunmuşdur, lakin bildirir ki, 27 noyabr 2020-ci il son iş günüm olmuş, buna görə də hazırkı iddia ərizəsi ilə 27 noyabr 2020-ci il tarixədək olan əmək haqqını tələb edir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2930/2021 saylı iş üzrə 02 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh MMC-dən 2020-ci ilin oktyabr ayı üçün 3,435.41 manat, 2020-ci ilin noyabr ayı üçün 3,263.63 manat olmaqla, cəmi 6,699.04 (altı min altı yüz doxsan doqquz manat, 04 qəpik) manat məbləğində əmək haqqının tutularaq İddiaçı ödənilməsi, 09 noyabr 2020-ci il tarixdən başlayaraq ödəmənin həyata keçiriləcəyi günədək hər gecikdirilmiş gün üçün 3.435.41 manat məbləğində əmək haqqının 1 %-i məbləğində yəni, günlük 34.35 manat ödənc, 07 dekabr 2020-ci il tarixdən başlayaraq ödəmənin həyata keçiriləcəyi günədək hər gecikdirilmiş gün üçün 3,263.63 manat məbləğində əmək haqqının 1 %-i yəni, günlük 32.63 manat məbləğində pulun Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi, hüquqi yardıma görə ödənilmiş 3750 (üç min yeddi yüz əlli) manat pulun Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi, Cavabdeh MMCdən 30 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh MMC apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin olunması hissəsində ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə iddianın təmin olunması hissəsində əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Məhkəmənin iddiaçıya oktyabr və noyabr aylarına görə ödənilməmiş əmək haqqının ödənilməsi və gecikdirilmələrə görə ödəncin verilməsi barədə qanaəti də tam əsassız və qanunsuzdur. Belə ki, iddiaçı Cavabdeh MMC-nin direktoru vəzifəsində çalışıb və o əmək haqlarının vaxtı-vaxtında verilməməsinə və gecikdirilməsinə görə birbaşa cavabdeh şəxsdir. Ona görə də məhkəmənin əmək haqqının ödənilməsi və gecikdirilməsinə görə ödəncin verilməsi barədə gəldiyi nəticə tam əsassızıdır. Həmin qətnamədən həmçinin İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin olunmaması hissəsində ləğv olunmasını və iddia tələbinin tam təmin olunması haqqında yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həmin qətnamə iddianın təmin olunmaması hissəsində əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. İddiaçının istifadə edilməmiş 74 günlük əsas əmək məzuniyyətinin olması, 74 günlük əsas əmək məzuniyyətinə görə 8,362.51 (səkkiz min üç yüz altımış iki manat, 51 qəpik) manat pul əvəzinin hesablanması mübahisəsizdir və nə cavabdeh, nə də ki, birinci instansiya məhkəməsi iddiaçının bu hüququnu mübahisələndirməmişdir. Əmək Məcəlləsinin 131-ci maddəsin tələbindən görünür ki, işiçiyə əmək məzuniyyəti işəgötürənlə qarşılıqlı razılıqla müəyyən edilən vaxtda verilə bilər. Hüquqi şəxsin direktoru da hüquqi şəxsin işçisi sayılır və onun işə götürəni hüquqi şəxsin təsisçisidir, bu zaman iddiaçı işəgötürənlə (hüquqi şəxsin təsisçisi ilə) razılaşdırılmış vaxtda əmək məzuniyyətindən isitifadə edə bilrdi. İşəgötürənin (hüquqi şəxsin təsisçisinin) belə bir razılığı olmadığına görə də iddiaçı 74 günlük əsasməzuniyyətini istifadə edə bilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 143.2-ci maddəsinə əsasən işçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə ona bu Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir. Göründüyü kimi, qanunun bu norması imperativ normadır və bir mənalı olaraq qeyd olunur ki, istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir. Əmək Məcəlləsinin 83.2-ci maddəsində o da qeyd olunur ki, Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin bötövlükdə yoxlanılması təşkil edir. Çünki iş üzrə çıxarılmış qətnaməni iddiaçı iddia tələbinin təmin edilməməsi hissəsində, cavabdeh isə iddia tələbinin təmin edilməsi hissəsində mübahisələndirməklə apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2930/2021 saylı iş üzrə 02 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan 16 dekabr 2016-cı il tarixli KTT00019 saylı əmək müqailəsinin surətindən görünür ki, İddiaçı Direktor vəzifəsinə işə qəbul edilir, “16“ dekabr 2016-cı il tarixdən işə başlayır, işçi cəmiyyətin cari və ümumi fəaliyyətinə rəhbərliyi həyata keçirir. Həmin əmək müqaviləsinə əsasən işçinin iş ili 12 aydan ibarət olmaqla, "03” iyun 2015-ci il tarixdən, hər növbəti ilin ”03” iyun tarixinədək olan dövrü əhatə edir və ona hər növbəti iş ili üçün müddəti Əmək Məcələsi ilə müəyyən edilmiş məzuniyyət verilir. Əmək məzuniyyətinin ümumi müddəti 32 təqvim günüdür. Təhsil və ödənişsiz məzuniyyətlərdən Əmək Məcəlləsi ilə müəyyən edilmiş hallarda, habel İşəgötürənlə razılıq əsasında istifadə edilir. İş materiallarında olan 03 dekabr 2018-ci il tarixli əmək müqailəsinə 02 saylı Əlavənin surətindən görünür ki, işçiyə hər ay Ştat cədvəlinə müvaliq olaraq vergilər və digər ödənişlər daxil olmaqla, 3866 (üç min səkkiz yüz altmış altı) manat məbləğində əmək haqqı ödənilir. İş materiallarında olan 07 dekabr 2020-ci il tarixli Cavabdeh MMC-nin təsisçilərinin qərarından görünür ki, İddiaçı Cavabdeh MMC-nin direktoru vəzifəsindən azad edilmişdir. İş materiallarında olan 03.05.2021-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, hüquqi xidmət göstərilməsinə görə Pro Bono vəkil Bürosunun bank hesabına 3750 manat məbləğində pul köçürülmüşdür. İş materiallarında olan "xxxx" ASC tərəfindən 09.03.2017-ci il tarixdən 09.04.2021ci il tarixədək İddiaçı məxsus hesaba ödənilmiş pul vəsaitləri barədə bank hesabından çıxarış təqdim edilmişdir. Məhkəmə kollegiyası hər iki apellyasiya şikayətinə hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir; 35-ci maddəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 154.1-ci maddəsinə əsasən, əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 157.1-ci maddəsinə əsasən, işçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər. 157.3-cü maddəsinə əsasən, əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. 172-ci maddəsinin 4-cü bəndinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. 172-ci maddəsinin 5-ci bəndinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. 296.4-cü maddəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir Bu baxımdan yuxarıda qeyd olunan qanunvericilik müddəaları və iş materialları ilə müəyyən edilir ki, İddiaçı hesabına sonunu dəfə 08.10.2020-ci il tarixdə əmək haqqı ödənilmişdir. İddiaçı ona 2020-ci ilin oktyabr və noyabr ayları üzrə əmək haqqının ödənilmədiyini iddia edərək, həmin əmək haqqı məbləğlərinin ödənilməməsi səbəbindən hər gecikdirilən gün üçün 1% məbləğində ödəncin tutulmasını tələb edir. İddia ərizəsi məhkəmənin icraatına 17.05.2021-ci il tarixdə daxil olmuşdur. Nəticə etibarilə iddiaçı hazırda pul tələbi ilə məhkəməyə müraciət etdiyindən, iddia müddətini ötürməmişdir. Belə olan halda məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, bu kateqoriya mübahisələrdə iddiaçının irəli sürdüyü tələblərin əksini sübutetmə yükü iqtisadi baxımdan işçidən daha güclü mövqedə olan işəgötürənin üzərinə düşür, digər tərəfdən əmək və icra intizamı ilə əlaqədar bütün sənədləşdirmələr işəgötürən tərəfindən aparıldığı üçün müvafiq sənədlər də onda olur. Hazırki iş materiallarından göründüyü kimi, iddiaçının oktyabr və noyabr ayları üzrə əmək haqqının ödənilməməsi iddiasına qarşı cavabdeh tərəfindən bu halı təkzib edən hər hansı mötəbər sübutlar mövcud deyil, iddiaçıya müvafiq qaydada əmək haqqı hesablanaraq ödənilməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Bunun əksi olaraq iddiaçı tərəfindən məhkəməyə əmək haqqı hesabının bank çıxarışı təqdim olunmuşdur. Deyilənlərlə yanaşı məhkəmə işin hallarını və bank hesabından çıxarışı əsas götürərək haqlı olaraq hesab etmişdir ki, iddia tələbi oktyabr ayı və noyabr ayları üçün cəmi 6699,04 manat ödənilməmiş əmək haqqının tutulması hissəsində də əsaslıdır. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qanunun yuxarıda qeyd olunan normasının tələbindən göründüyü kimi, əmək haqqının verilməsinin işəgötürənin təqsiri üzündən gecikdirilməsi halında hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsi, bu halın fərdi əmək mübahisəsi yaratmaması ilə şərtləndirilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 301-ci maddəsinin 1-ci bəndinə əsasən fərdi əmək mübahisəsinin həlli barədə məhkəmə qərarı, onun məzmununda başqa hal nəzərdə tutulmayıbsa, bu qərar qanuni qüvvəyə mindiyi gündə dərhal icra edilməlidir. Əmək Məcəlləsinin 301-ci maddəsinin 2-ci bəndinə əsasən məhkəmənin fərdi əmək mübahisəsinin həlli barədə çıxardığı qərar cavabdeh tərəfindən icra edilmədikdə, yaxud icraya müvafiq vəzifəli şəxs və digər fiziki şəxs tərəfindən mane olunduqda bununla əlaqədar işçiyə dəyən maddi ziyanın ödənilməsi barədə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanması üçün hakim tərəfindən tədbirlər görülməlidir. Beləliklə, məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddia tələbi 09 noyabr 2020-ci il və 07 dekabr 2020-ci il tarixindən ödəmənin həyata keçiriləcəyi günədək hər gecikdirilmiş gün üçün müvafiq olaraq günlük 34,35 manat və 32,63 manat məbləğində ödəncin tutulması hissəsində də əsaslıdır. Məhkəmə kollegiyası iddia tələbinin istifadə olunmamış məzuniyyət pulunun ödənilməsi hissəsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 110-cu maddəsinə əsasən, işçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər.(1-ci bəndi) İşçilərin bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyət hüququ və ondan istifadə qaydaları məhdudlaşdırıla bilməz. (3-cü bəndi). Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 113-cü maddəsinə əsasən, əmək məzuniyyəti - işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi müddəti bu Məcəllədə nəzərdə tutulandan az olmayan istirahət vaxtıdır. Əmək məzuniyyətinin müddəti təqvim günü ilə hesablanır. (1-ci bəndi) Əmək məzuniyyəti müvafiq peşə (vəzifə) üzrə əmək funksiyasını yerinə yetirən işçilərə verilən illik əsas məzuniyyətdən və istehsalın, əməyin xarakterinə və əmək stajına görə, habelə uşaqlı qadınlara verilən əlavə məzuniyyətdən ibarət olub, istər birlikdə, istərsə də ayrılıqda verilə bilər. (2-ci bəndi) Əmək məzuniyyəti hər il müvafiq iş ili üçün verilir. İş ili işçinin işə götürüldüyü gündən başlanır və növbəti ilin həmin günü başa çatır. Əgər işçinin iş ili onun əmək məzuniyyətinə çıxmaq üçün müraciət etdiyi vaxtda başlanmayıbsa, onda ona əmək məzuniyyəti yalnız iş ili başlanandan sonra verilə bilər. Bir iş ilinə görə yalnız bir əmək məzuniyyəti verilə bilər. Təqvim ili ərzində işçinin iki iş ilinə görə məzuniyyət hüququ olduqda o, həmin təqvim ilində hər iki iş ilinə görə məzuniyyətdən birlikdə və ya ayrıayrılıqda istifadə edə bilər . (3-cü bəndi) Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı cavabdeh hüquqi şəxsin direktoru vəzifəsində işləməklə cəmiyyətin cari və ümumi fəaliyyətinə rəhbərliyi həyata keçirmişdir. Eyni zamanda əmək müqaviləsinin müddəalarından görünür ki (4.18, 4.22-ci bəndləri), təhsil və ödənişsiz məzuniyyətlər İşəgötürənlə razılıq əsasında istifadə edildiyi təsbit edilsə də, əsas əmək məzuniyyəti üçün belə bir hal müəyyən edilməmiş, digər tərəfdən iddiaçıya cəmiyyətin cari və ümumi fəaliyyətinə rəhbərliyi həyata keçirməsi həvalə edildiyindən, onun tərəfindən əsas əmək məzuniyyətinin istifadə edilməsi imkanının real və mümkün olması səbəbindən məhkəmə hesab edir ki, bu hissəsində iddia tələbinin hüquqi əsası yoxdur və ona görə də, məhkəmə haqlı olaraq hesab etmişdir ki, həmin hissədə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddia tələbini hüquqi yardıma görə çəkilmiş 3750 manat xərcin cavabdehdən tutulması hissəsində də haqlı olaraq hesab etmişdir ki, hüquqi yardıma görə 3750 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması əsaslıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin dəlililləri yuxarıda qeyd edilən hallarla təkzib olunduğundan əsassızdır və qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2930/2021 saylı iş üzrə 02 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh MMC və İddiaçı tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2930/2021 saylı iş üzrə 02 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2813/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2813/2022
13.04.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver