Məhkəmə qərarları › İş №2(103)-2824/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2824/2025

05.05.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2824/2025 05.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş (Açar sözlər: «yol və keçid üzərində tikinti işlərinin aparılmasının və istifadəyə dair maneənin qadağan edilməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı nümayəndəsi X5, Cavabdeh və nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-9/2025 saylı, 17 fevral 2025-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Birinci instansiya məhkəməsi işə mahiyyəti üzrə baxarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: Bakı şəhəri, Qaradağ rayonu, Sanqaçal qəsəbəsi, 1-ci küçədəki, 0.1295 ha.ölçüdə torpaq sahəsində yerləşən, ümumi sahəsi 98.70 kv. Metr olan 21 nömrəli fərdi yaşayış evi Cavabdeh adına xx.xx.2021-ci ildə mülkiyyət hüququ əsasında dövlət reyestrində qeydə alınmışdır.

2. İddiaçı yaşadığı və qeydiyyatda olduğu Bakı şəhəri, Sanqaçal qəsəbəsi, Dəmiryolçular küçəsindəki 46 nömrəli evin 4 nömrəli mənzilinə dair əri X3 adına 9 may 1957-ci ildə order verilmişdir.

3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-555/2024 saylı xx.xx.2024-cü il tarixli qərardaddan görünür ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı ərazi İdarəsinə qarşı(3-cü şəxs Cavabdeh) çıxarışın ləğv edilməsi tələbinə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılması (iddiaçının ərizəsinə görə) və inzibati işə xitam verilməsi qərara alınmışdır.

Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən zəruri yol və keçidin verilməsinə dair iddia ərizəsi, daha sonra isə iddia tələbinə dair dəqiqləşmə barədə ərizə verərək Cavabdeh tərəfindən onun adına olan Bakı şəhəri, Sanqaçal qəsəbəsi, Dəmiryolçular küçəsi, ev 46, mənzil 4-ün cavabdehlə qonşuluqda yerləşən çıxışından dəmiryol xəttinə qədər olan, onun ailəsinin istifadəsindəki yol və keçid üzərində tikinti işlərinin aparılmasının və bu torpaq sahəsindən istifadəyə hər hansı bir maneçiliyin qadağan edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. İddiada göstərilib ki, 60 ildən artıqdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Sanqaçal qəsəbəsi, Dəmiryolçular küçəsi, ev 46, mənzil 4-də yaşayır. Bu yaxınlarda Cavabdeh Almaniya Respublikasından gələrək valideynlərinin onların qonşuluğunda yerləşən fərdi yaşayış evinin taxta və dəmirdən olan çəpərini sökərək onun yerinə mişar daşından divar hörməyə başlamışdır. Lakin mərhum valideynlərinin istifadəsində olmuş həyətyanı sahənin faktiki ölçüləri ilə qane olmayaraq onların istifadə etdiyi ümumi keçid yolunu da zəbt etmiş və oranı da mişar daşı ilə hörməyə cəhd etmişdir. Bununla əlaqədar Sanqaçal qəsəbə icra nümayəndəliyinə və Qaradağ RPİ-nin 11-ci PŞ-nin Sanqaçal qəsəbəsi üzrə sahə müvəkkilinə müraciət etdikdən sonra onlar həmin bu torpaq sahəsinə gəlmiş və cavabdehə etdiyi hərəkətin qanunsuz olduğunu izah etmişlər. Lakin əlində bu torpaq sahəsinə dair onun mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarışın olduğunu əsas gətirərək, öz hərəkətlərinin qanuni olduğunu əsaslandırmağa çalışmışdır. Lakin cavabdeh yadından çıxarmışdır ki, həmin mübahisəli torpaq sahəsi Sanqaçal dəmiryolu stansiyasının mühafizə zolağının ərazisinə düşür. Eyni zamanda nəqliyyat təyinatlı torpaq sahələrinin yalnız əkin və biçin üçün vətəndaşların müvəqqəti istifadəsinə verilməsi nəzərdə tutulmuşdur. Yəni həmin torpaq sahələri dövlət fondu torpaqlarına aid olduğu üçün onların özəlləşdirilməsi və ya mülkiyyətə verilməsi qeyri-mümkündür. Lakin cavabdehin onlara təqdim etdiyi dövlət reyestrindən çıxarışı necə əldə etməsi və hansı əsaslarla alması onlarda şübhə doğurur. Belə ki, qanunvericiliyin tələbinə görə birmənalı şəkildə bu torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən çıxarışın alınması qeyrimümkündür. Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 33 saylı Qərarı ilə təsdiq edilmiş “Dəmiryolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmiryolunun xüsusi mühafizə zonasına aid torpaqlarından istifadə olunması Qaydaları” və “Dəmiryolu üçün və dəmiryolunun sanitariya-mühafizə zonası üçün torpaqayırma normaları”nın tələblərinə görə yaşayış məntəqələrində dəmiryol nəqliyyatının sanitariya-mühafizə zonası kənar yolun oxundan minimum 50 metr məsafədə nəzərdə tutulmuşdur. Lakin cavabdeh tərəfindən təqdim edilən dövlət reyestrindən çıxarış ilə onun hasara aldığı torpaq sahəsi ilə dəmiryol xəttinin axırıncı oxu arasında olan məsafə cəmi 2 metr təşkil edir. Təbii ki, bu da qanunvericilik baxımından yolverilməzdir. Cavabdeh artıq 30 ildən çoxdur ki, Almaniya Federativ Respublikasında yaşayır və Almaniya vətəndaşlığını qəbul etmişdir. Torpaq Məcəlləsinin 9-cu maddəsinə görə də xarici vətəndaşın Azərbaycan Respublikasında torpaq mülkiyyətçisi olması qeyri-mümkündür.

6. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-9/2025 saylı, 17 fevral 2025-ci il tarixli qətnaməsi ilə (hakim Qamət Əbilov) iddia tələbinin təmin edilərək Cavabdeh Bakı şəhəri, Sanqaçal qəsəbəsi, Dəmiryolçular küçəsi, ev 46, mənzil 4-ün cavabdehlə qonşuluqda yerləşən çıxışından dəmiryol xəttinə qədər olan yol və keçid üzərində tikinti işlərinin aparılması və bu torpaq sahəsindən istifadəyə hər hansı bir maneçiliyin yaradılmasının qadağan edilməsi; ödənilmiş 100(yüz) manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı xeyrinə tutulması və iş üzrə ödənilmiş 50 manat ekspertiza xərcinin 25 manatının İddiaçı, 25 manatının Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, iş materialına əlavə olunmuş yerli baxış protokoluna görə, iddiaçı dəmir yolu xəttinin mühafizə zonasında öz maşınını saxlamaq üçün kiçik həcmli naves tikmişdir. İddiaçı öz evinə getmək üçün dəmir yolu xəttinin mühafizə zonasında yerləşən özü üçün dar piyada yolu salmışdır. Cavabdeh isə iddiaçı tərəfindən dəmir yolu xəttinin mühafizə zonasında öz maşınını saxlamaq üçün kiçik həcmli tikilmiş navesdən sonra dəmir yolu xəttinin mühafizə zonasında yerləşən torpaq sahəsinin öz mülkiyyətinə birləşdiriməsi üçün daş hasar çəkmiş və iddia edir ki, həmin ərazi də cavabdehə məxsusdur. İddiaçı öz evinə getmək üçün dəmir yolu xəttinin mühafizə zonasında yerləşən dar piyada yolunu cavabdeh tərəfindən də öz torpağına birləşdirilmək cəhd edilir. İddiaçı isə həmin yolun cavabdeh tərəfindən bağlanılmasını qanunsuz hesab edir. Həmçinin müəyyən edildi ki, iddiaçı tərəfindən dəmir yolu xəttinin mühafizə zonasında öz maşınını saxlamaq üçün kiçik həcmli tikilmiş naves təkcə iddiaçı tərəfindən yox kilometrlərcə uzanan üfüqü xətt boyunca bütün qonşular dəmir yolu xəttinin mühafizə zonasını ərazilərinə qataraq istifadə edirlər. Bundan başqa həmçinin müəyyən edildi ki, iddiaçının digər sahədən də başqa küçəyə çıxışı var. Bu çıxışda 3 qonşu istifadə edir. Cavabdehin isə küçəyə çıxışı ayrıca başqa yerdən mövcuddur. İddiaçının digər sahədən də başqa küçəyə çıxışı olan yolda yalnız “Sedan” markalı maşın ancaq yerləşə bilər. İddiaçı iddia edir ki, qonşu maşınını orada saxlayanda həmin küçədən istifadə məhdudlaşır və həmçinin çıxış qonşunun mülkiyyətində olan torpaq sahəsində yerləşir ki, qonşu ona öz maşınını saxlamağa imkan vermir. İş materialına əlavə olunmuş ödəniş qəbzindən görünür ki, iddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbi “yol və keçid üzərində tikinti işlərinin aparılmasının və istifadəyə dair maneçiliyin qadağan edilməsi” barədədir. İşin faktiki halları ondan ibarətdir ki, həmin yol nə iddiaçının, nədə ki cavabdehin mülkiyyətindədir. Həmin yol "xxxx" QSC-nin balansındadır. Həmin yolun yerləşdiyi torpaq sahəsi ilə sağ və sol tərəfə paralel istiqamətdə kilometrlərcə evlər vardır ki, həmin ərazilər də "xxxx" QSC-nin balansındadır. İddiaçı istifadə etdiyi torpaq sahəsi mütəxəssis rəyinə əsasən köməkçi dəmir yol xəttindən 29.0 metr, magistral dəmir yolu xəttindən isə 44,0 metr məsafədə yerləşir. X2 mülkiyyətində olan torpaq sahəsi köməkçi dəmir yol xəttindən 24.2 metr, 24.7 metr, magistral dəmir yol xəttindən 39.5- 40.0 metr məsafədə yerləşir. Vahid elektron kadastr baza məlumatlarına əsasən İddiaçı istifadəsində olan sahə və tikililər tam, X2 xüsusi mülkiyyətində olan torpaq sahəsini nəzərə almaqla əlavə istifadəsində olan torpaq sahəsi nəzərə almaqla əlavə istifadəsində olan torpaq sahəsi dəmir yolunun mühafizəsindədir. İddiaçı həmin yoldan piyada keçməklə küçəyə çıxmaq istəyir ki, həmin yolu da cavabdeh hasar çəkməklə öz mülkiyyətində olan torpaq sahəsinə birləşdirmək istəyir. Yerli baxış zamanı cavabdeh daş hasarla həmin ərazidə hörgü aparmış, piyada yolu üzrə mübahisə olduğundan həmin yolda hasarlama işlərini dayandırmışdır. Mübahisəli yol "xxxx" QSC-nin balansında olmasına baxmayaraq "xxxx" QSC nə iddiaçıya, nə də ki, cavabdehə qarşı hazırkı halda iddia irəli sürməmişlər. "xxxx" QSC həmçinin hazırkı iddiaya etiraz etməmişlər. Belə olan halda,"xxxx" QSC-nin balansında olan torpaq sahəsindən istifadəyə cavabdeh tərəfindən iddiaçıya maneçilik yaratması öz təsdiqini tapmaqla yanaşı, hüquqlardan sui istifadə kimi qəbul olunmalıdır. Baxmayaraq ki, həmin torpaq sahəsinin mülkiyyətçisi "xxxx" QSC-dir, onlarda iddiaçının həmin ərazidən piyada keçid etməsinə etiraz etmirlər. Belə olan halda başqasının mülkiyyətində olan torpaq sahəsindən istifadəyə maneçilik törədilməsi və eyni zamanda həmin torpaq sahəsinin öz mülkiyyətinə birləşdirmək cəhdi cavabdeh X6 tərəfindən edilən hərəkətlər qanunsuzdur. Belə ki, həmin torpaq sahəsi üzərində cavabdeh X1 hüququ yoxdur. Nə qədər ki, piyada yol ilə bağlı "xxxx" QSC-nin də bir iddiası yoxdursa, bu haldan cavabdeh X6 istifadə edərək həmin yolu zəbt edərək öz mülkiyyətində olan torpaq sahəsinə birləşdirilməsi iddiaçının hərəkət azadlığına məhdudiyyətə səbəb olur. Bu hal həmin mühafizə zonasında olan dəmir yol xəttinə üfüqü istiqamətdə kilometrlərcə uzanan fərdi yaşayış evlərinin sakinlərinə münasibətdə hərəkət etmək hüququ həyata keçirilməsinə imkan verilirsə, İddiaçı və onun ailə üzvlərinə münasibətə cavabdeh tərəfində maneələrin yaradılması sosial ədalət baxımından da düzgün olmayan davranışdır. İddiaçının digər küçəyə çıxışının olmasına münasibətdə məhkəmə qeyd edib ki, yerli baxış zamanı müəyyən edilmişdir ki, həmin küçə iddiaçının həyətindən əl qapısı qoyulmaqla giriş çıxış vardır. Lakin həmin yol dar olmaqla, zəruri hallarda fövqəladə vəziyyət, yas mərasimi zamanı şəxslərin dəfni məsələsində hərəkət etməyi məhdudlaşdırır. Həmin küçəyə çıxış dar yoldan keçməklə bir “Sedan” markalı maşınının güclə yerləşə biləcəyi ərazidir ki, həmin ərazidə başqa bir qonşuya məxsus olan ərazidir ki, qonşu da maşını saxlamaqla hərəkəti məhdudlaşdırır. Odur ki, həmin yola çıxışın olması ona əsas vermir ki, cavabdeh qanunsuz digər yolu zəbt etməklə iddiaçı məqsədyönlü və məcburi şəkildə o yaldan istifadə etsin. İddiaçının hazırkı iddiasını neqator iddia baxımından da dəyərləndirmək də lazımdır. Neqator iddia dedikdə, mülkiyyətçinin ona məxsus olan əmlakdan istifadə və onun üzərində sərəncam səlahiyyətlərinin həyata keçirilməsinə mane olan pozuntuların aradan qaldırılması haqqında üçüncü şəxsə qarşı müqavilədən kənar tələbi başa düşülür. Neqator iddia habelə mülkiyyət hüququnun həyata keçirilməsinə yönəldilən maneə təhlükəsinin olması imkanları olduqda da irəli sürülə bilər. Neqator iddianın anlayışı Mülki Məcəllənin 157-ci maddəsinin 4-cü bəndində verilmişdir. Belə ki, əgər mülkiyyətçiyə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərərkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Bu iddia mülkiyyətçinin əşyaya sahiblik hüququnun itirilməsi ilə bağlı deyil. Neqator iddia yalnız mülkiyyət hüququnun həyata keçirilməsinə mane olan halların aradan qaldırılması barədə tələbdir. Həm də bu hallar əşyaya sahiblik səlahiyyətinin yox, yalnız əşyadan istifadə və onun barəsində sərəncam vermək səlahiyyətinin həyata keçirilməsinə mane olur. Neqator iddia mülkiyyətçinin əşyadan istifadə və onun barəsində sərəncam vermək səlahiyyətlərinin həyata keçirilməsinə mane olan halların aradan qaldırılması barədə tələbdir. İddiaçının yaşadığı ev order əsasında ona məxsus olan evdir. Həmin evə dair sərəncam hüququ olmasa da onun gözlənilən hüququ vardır ki, çıxarış alsın. Həmçinin həmin evə 1950-ci illərə verilmiş orderdir. Mülki Məcəllənin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.1 və 170.2-ci maddələrində qeyd edilmişdir ki, ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. MM-nin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Məhkəmə sadalanan hüquq normalarına əsasən qeyd edir ki, iddia tələbləri təmin olunmalıdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh (nümayəndəsi və vəkili Nümayəndə1) apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə təmin edilməməsini xahiş edib şikayətini bununla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi zamanı da, iddia tələblərinin absurd olması, belə iddia tələblərinin iddiaçı tərəfindən irəli sürülməsinin qeyri-qanuni olması bildirilmişdir. İddiaçı belə bir iddia qaldırmağa ümumiyyətlə subyektiv hüququ yoxdur. İddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququ olmadığından, həmçinin əsassız və absurd iddia qaldırdığından iddia ərizəsi təmin edilməməli idi. İddiaçı tərəfindən qeyd edilənlər reallığı əks etdirmir, qanunsuz və əsasız tələblərdir. Belə ki, X6 və onun ailəsi uzun illərdir ki, İddiaçı və onun ailəsi ilə qonşudurlar. 1964-cü il tarixində X6 babası Hümmətov Eyvaz tərəfindən Bakı şəhəri, 1-ci Massiv, ev 21 (indiki Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, 1-ci küçə, ev 21) olan torpaq sahəsində ev tikdirmişdir. 1997-ci il tarixində həmin ev üzrə X2 atası X4 adına texniki Pasport verilmiş, daha sonra isə xx.xx.2021-ci il tarixində X2 adına ********** saylı dövlət reyestrindən çıxarış verilmişdir. Bir müddət əvvəl İddiaçı Əliabbas qızı və onun ailəsinin xahişini nəzərə alaraq Cavabdeh anası X7 qonşularına uzun illər onların istifadəsində olan torpaq sahəsindən onlara keçib, gəlmək üçün istifadə etməyə icazə vermişdir. İddiaçının özünün yaşadığı evin özünün ayrıca giriş-çıxış qapısı vardır. Daha sonra qonşuları olan İddiaçı və onun ailəsinin Cavabdeh anasına qarşı xoşagəlməz hərəkətləri, sair qeyri etik ifadələr işlətməklərini nəzərə alaraq, Cavabdeh həmin yolu bağlamış, taxta və dəmirdən olan çəpər tikdirmişdir, daha sonra isə onun yerinə mişar daşından divar hörülən zaman, İddiaçı tərəfindən belə bir absurd iddia məhkəməyə təqdim edilmişdir. Həmin torpaq sahəsi 60 ildir ki, cavabdehin istifadəsindədir, sadəcə Zimmermann Ella anasının İddiaçı və onun ailəsinə həmin yoldan müvəqqəti, qonşuluq naminə onların istifadəsində olan torpaqdan istifadə etməyə icazə verməsi, İddiaçı və onun ailəsində həmin torpağın umumi istifadə üçün yol olması təəsüratını yaratmışdır. Eyni zamanda, cavabdeh tərəfindən İddiaçı, X2 adına verilmiş xx.xx.2021-ci il tarixli ********** saylı dövlət reyestrindən çıxarışın ləğv edilməsini iddiasının növbəti bir absurd iddia kimi inzibati məhkəmədən xahiş edilmiş, 1 ildən çox çəkən məhkəmə gedişatından sonra, sübutların cavabdehin xeyrinə olduğunu müəyyən olduqdan sonra, işin baxılmamasına dair məhkəməyə müraciət etmişlər. Belə ki, həmin çıxarış tam qanuni olması və onun mübahisələndirilməsinin əsassız olması, İddiaçı tərəfindən formal olaraq irəli sürüldüyü müəyyən olmuşdur. Eyni zamanda, həmin torpaq sahəsinin istifadədə olmasını, iddiaçının digər giriş-çıxış qapısının olmasını təsdiqedən foto və video görüntülər məhkəməyə təqdim edilmişdir. Bu fakt məhkəmə tərəfindən təyin olunan ekspert rəyində və məhkəmə tərəfindən keçirilən yerli baxış zaman da müəyyən olunmuşdur. Lakin məhkəmə tərəfindən həmin sübutlar araşdırılmamış və ya qərəzli olaraq iddiaçının xeyrinə qəbul edilmişdir. Qeyd edilənlər birinci instansiya məhkəməsində səslənmişdir, lakin birinci instansiya məhkəməsi tərəfdən qeyd edilənlərə hər hansı münasibət bildirməmişdir. Bundan başqa birinci instansiya məhkəməsində işə baxan hakim yalnız iddiaçı tərəfin dediklərini hər hansı əsas və dəlil olmadan qəbul etmiş, mübahisəyə iddiaçı tərəfindən qərəzli yanaşaraq qeyd edilən qətnaməni qəbul etmişdir. Bununla da birinci instansiya məhkəməsinin işə qərəzli mövqedə olduğu müəyyən olur. İddiaçının əsas giriş-çıxış qapısı olduğu, ondan istifadə etməməsi və ya onun genişlənməsi üçün başqa qonşulara qarşı iddia tələblərinin irəli sürməməsi, yalnız uzun illər cavabdehin istifadəsində olan torpaq sahəsindən istifadə etməsi üçün belə bir iddia tələbi irəli sürməsi, cavabdehə qarşı qərəzli olmasını sübut edir. Məhkəmə tərəfindən də iddiaçının maraqlarının qorunması və təmin edilməsi, açıq-aşkar məhkəmənin də iddiaçının qanunsuz maraqlarının təmininə gətirib çıxarır. Bir daha aydın olur ki, məhkəmə deyilənlərə qiymət verməmiş, nəzərə almamışdır. Hesab edir ki, indiki halda iddiaçı tərəfindən irəli sürülən iddia tələbləri neqator iddia kimi qəbul edilə bilməz. Belə ki, qanunvericilikdə də, qeyd edildiyi ki, neqator iddia tələbələrinə əşyadan istifadə etmək və sərəncam vermək səlahiyyətlərinə həyata keçirməsi nəzərdə tutulub. İddiaçının isə həmin torpaq sahəsinə sərəncam vermək hüququnu təsdiq edən mülkiyyəti hüquqi müəyyən edici sənədi olmadığından bu hala şamil edilə bilməz. Məhkəmə qeyd etdiyi kimi, “iddiaçının yaşadığı evin order əsasında ona məxsus olması və həmin evə dair sərəncam hüququ olmasa da onun çıxarışının alınması gözləntisinin olması” isə, məhkəmənin bir daha iddiaçının maraqlarından çıxış etməsi və fərziyyələrə, gümanlara əsaslanaraq iddianın qanunsuz təmin olunması barədə qətnamə qəbul etməsinə birbaşa sübutdur.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

9. Məhkəmə iclasında Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə1 ayrıayrılıqda apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın rədd edilməsini xahiş etdilər.

10. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X9 apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 158.1.2. Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ əmlak hüququ sayılır. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 166.3. Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

12. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi:

Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri:

14. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz.

15. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

17. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia təmin edildiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

18. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

19. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

20. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılır.

21. Əlbətdə ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.

22. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq, sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.

23. Məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə tam, hərtərəfli, ətraflı və qərəzsiz olaraq araşdırma aparılmasına şərait yaradılımış və təqdim edilmiş sübutlar araşdırılmaqla düzgün nəticəyə gəlinmişdir. Belə ki, məhkəmə tərəfindən iddianın mahiyyətinə uyğun aparılmış hüquqi dəyərləndirmə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmaqla dəqiq olmuş və hansısa maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya şikayətinin dəlilləri təsdiq olunmadığından, üstəlik qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün mülki prosessual qanunvericilikdə nəzərdə tutulan əsaslar müəyyən edilmədiyindən qətnamə ləğv edilə bilməz. Buna baxmayaraq, şikayətin dəlilləri üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi dəyərləndirmə aparılmasında əlavə bir fayda vardır.

24. Əvvəla, Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İddiaçının hazırkı iddia üzrə subyektiv hüququ mövcuddur. Ən azından o, qanunla qorunan maraqlarını qorumaq və təmin etmək məqsədi ilə bu cür iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olub. İddiaçının mübahisə predmeti olan torpaq sahəsi üzərində hansısa hüququ dövlət reyestrində qeydə alınmaması da heç nəyi dəyişmir. Çünki mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur(MM.m.157.8).Sözügedən torpaq sahəsindən 60 ildən artıq müddətdə iddiaçı və qonşular tərəfindən istifadə edilməsi iş üzrə mötəbər sübutlarla, o cümlədən ekspertiza və mütəxəssis rəyləri ilə təsdiq olunduğundan işin mübahisəsiz halına çevrilib. Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır (MM.m. 158.1.2.) Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər(MM.m.158.2.) Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir(MM.m. 158.4). Ona görə də qeyd olunan torpaq sahəsinin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində hansısa hüquqla qeydə alınmaması cavabdehə hansısa üstünlük yaxud imtiyaz vermir. Başqa sözlə, cavabdeh iddiaçının həmin ərazidən gediş-gəliş yolu kimi istifadə etməsinə maneə yarada bilməz. Ona görə də bu cür iddia əsassız ola bilməzdi.

25. Bundan əlavə, cavabdeh tərəf iddiaçının və ailəsinin xahişinə əsasən uzun illər istifadəsində olan torpaq sahəsindən onlara keçib-gəlmək üçün istifadə etməyə icazə verdiyini göstərsə də bu dəlil də işdə olan ekspert və mütəxəssis rəyləri təkzib olunur. Əksinə hazırkı iş üzrə alınmış(i.v.145-148), eləcə də Bakı İnzibati Məhkəməsinin icraatında olmuş 2-1(112)-555/2024 saylı inzibati iş üzrə alınmış(i.v.176-184) mütəxəssis rəylərində(9,14,17,18,19-cu sualların cavablarına bax) və torpaq sahəsi ilə bağlı koordinatları əks etdirən izahlı sxemlərdə, həmçinin ekspertiza rəylərində mübahisə predmeti olan 0.0055 ha. torpaq sahəsinin iddiaçının gediş-gəliş yolu kimi istifadəsində olduğu təsdiq olunur. Ona görə də cavabdehin göstərdiyi dəlillər təsdiq olunmadığından qətnamənin ləğvi üçün də əsas ola bilməz.

26. Bundan başqa, iddiaçının yaşadığı evin digər giriş-çıxış qapısının olması da hazırkı iddianın əsassız olduğuna dəlalət etmir. Çünki birinci instansiya məhkəməsi də yerində baxış zamanı müəyyən edib ki, digər, yəni yalnız insan keçmək üçün nəzərdə tutulan qapı və ondan çıxan yol dar olmaqla, həm də başqa qonşunun istifadəsində olan ərazidir və orada tam hərəkət məhdudluğu vardır. Bu faktın mövcudluğu əksinə iddianı bir qədər də əsaslı edir. Bir də ki, digər kiçik qapının mövcudluğu cavabdehə əsas vermir ki, o, iddiaçının və digər şəxslərin uzun illər ərzində istifadə etdikləri yolu zəbt edərək orada qanunsuz tikinti aparsın və iddiaçı tərəf də məcburən mübahisə predmeti olan yoldan istifadə etmək hüququndan məhrum olsun. Onsuzda cavabdeh tərəf mülkiyyətində olan 0.1295 ha. torpaq sahəsindən başqa, əlavə olaraq 0.05276 ha. torpaq sahəsini də qanunsuz olaraq istifadəsinə qatıb, üstəlik gediş-gəliş yolu kimi istifadə olunan 0.0055 kv. metr torpaq sahəsini də çəpərləməyə cəhd etməsi isə vicdanlılığın tələb etdiyi tərzə uyğun davranış deyil və açıq-aşkar hüquqdan başqalarına zərər vurmaq məqsədi ilə sui-istifadə hesab edilir ki, bu da yolverilməzdir.

27. Göstərilənlərdən başqa, cavabdehin hazırkı iddianı neqator iddia kimi qəbul etməməsi də heç nəyi dəyişmir. Yetər ki, cavabdeh iddiaçı olan qonşusuna münasibətdə hüquqa uyğun davranış sərgiləmiş olsun. Ancaq cavabdehin hərəkətlərinin hüquqa uyğun olmadığı tam sübuta yetirilib. İddiaçının mübahisə predmeti olan yoldan istifadə etmək hüququ üzrə isə yuxarıda hüquqi dəyərləndirmə aparıldı. Yəni, neqator iddia irəli sürmək üçün, mütləq deyil ki, torpaq sahəsinə mülkiyyət hüququ olsun. Mübahisə predmeti olan torpaqdan yol kimi istifadə etmək hüququnun olması kifayət edir ki, cavabdehə qarşı bu cür iddia irəli sürülsün.

28. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-9/2025 saylı, 17 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

29. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi

qətetdi:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-9/2025 saylı, 17 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar