Məhkəmə qərarları › İş №2(103)-2825/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2825/2023

05.05.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2825/2023 05.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 1* saylı Notariat Ofisinə qarşı “vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə” iddiasına dair mülki iş üzrə Suraxanı Rayon Məhkəməsinin 28.*2.2*23-cü il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: Mübahisə vəsiyyət üzrə vərəsəliklə bağlıdır. Vəsiyyətnamə 24.*1.1996-cı ildə iddiaçının atası X2 tərəfindən verib (iş v. 12). O, vəsiyyətnamədə qeyd edib ki, harada yerləşməsindən və nədən ibarət olmasında asılı olmayaraq, ölən günə kimi özünə məxsus olan bütün əmlakını, o cümlədən Suraxanı qəsəbəsi, 1-ci Mədən küçəsində yerləşən 8 №-li evi övladları İddiaçı (iddiaçıya) və X3 vəsiyyət edir. İddiaçının atası (miras qoyan) 14.*1.2*15-ci ildə ölüb. İddiaçının qardaşı (vəsiyyət üzrə digər vərəsə) *6.*9.2*16-cı ildə ölüb. Bundan əvvəl vərəsəliklə bağlı başqa məhkəmə mübahisəsi olub. Həmin işdə mübahisənin predmeti vəsiyyətnamədə göstərilən ev olub. İş üzrə Suraxanı Rayon Məhkəməsi tərəfindən 17.*7.2*18-ci il tarixli qətnamə (iş v. 18), Bakı Apellyasiya Məhkəməsi tərəfindən *6.12.2*18-ci il tarixli qətnamə (iş v. 21), Ali Məhkəmə tərəfindən 25.11.2*19-cu il tarixli qərar qəbul olunub. Hazırkı işdə iddiaçı olan İddiaçı həmin işdə qarşılıqlı iddiaçı olub. Onun qarşılıqlı iddiasında tələb olunub ki, atasından miras qalmış evə münasibətdə mirasın qəbulu üçün buraxılmış müddət bərpa edilsin, vərəsəlik hüququ tanınsın və miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilsin. Qarşılıqlı iddia məhkəmə tərəfindən rədd olunub. İddianın rədd edilməsi onunla əsaslandırılıb ki, iddiaçının mirasın açılmasından məlumatı olmuş, lakin qanunla müəyyən edilmiş müddət ərzində mirası qəbul etməmiş və mirasın qəbulu müddətini üzrlü səbəb olmadan ötürmüşdür. Həmin qətnamə qanuni qüvvəyə minib. Bundan 3 il sonra – 2*22-ci ildə iddiaçı ərizə ilə cavabdeh 1* saylı Notariat Ofisinə müraciət edərək tələb edib ki, vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhdatnamə verilsin (iş v. 28, 31, 4*). Cavabdeh vərəsəlik üzrə vərəsəlik şəhadətnaməsi verməkdən imtina edib, ona əsaslandıb ki, iddiaçı yuxarıda göstərilən, qanuni qüvvəyə minmiş qətnamə ilə miras əmlaka münasibətdə nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə kimi tanınmayıb (iş v. 29, 3*). İddiaçı bundan narazı qaldığına görə məhkəməyə müraciət edib. Tələb və onun həlli: İddia ərizəsində tələb olunub ki, mərhum X1 24.*1.1996-cı il tarixdə 2 övladına iddiaçıya və X3 verdiyi vəsiyyətnamənin iddiaçıya aid hissəsi üzrə şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri 1* saylı Notariat Ofisinin üzərinə qoyulsun. Qətnamə ilə qət olunub ki, iddia təmin edilməsin. Şikayət və izahatlar: Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. Cavabdeh Bakı şəhəri 1* saylı Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Qətnamənin yoxlanılması: Başqa işdə qəbul edilmiş və qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən olunub ki, iddiaçı mirasın qəbulu üçün qanunda müəyyən edilmiş müddəti ötürüb. Hazırkı işdə iddiaçı ona əsaslanır ki, əvvəlki işdə qanun üzrə vərəsə kimi vərəsəlik hüququnun müdafiəsini tələb etmişdi, hazırkı işdə isə vəsiyyətnamə üzrə vərəsəlik hüququnun müdafiəsini tələb edir, ona görə də əvvəlki işdə qəbul olunmuş qətnamənin hazırkı işdə əhəmiyyəti yoxdur. Lakin həmin qətnamə ilə müəyyən edilmiş fakt (mirasın qəbul edilməməsi və mirasın qəbulu müddətinin üzrlü səbəb olmadan ötürülməsi) Mülki- Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə, hazırkı iş üzrə məhkəmə prosesində mübahisələndirilə bilməz və yenidən sübut edilməli deyil. Çünki mirasın qəbulu müddəti və qaydası qanun üzrə vərəsə və vəsiyyət üzrə vərəsə üçün eynidir. Yəni şəxsin qanun üzrə və ya vəsiyyət üzrə vərəsə olmasından asılı olmayaraq o, mirası Mülki Məcəllənin 1246-cı maddəsində müəyyən edilmiş müddətdə və Mülki Məcəllənin 1243-cü maddəsində müəyyən edilmiş qaydada qəbul etməlidir. Beləliklə, iddiaçı qanunla müəyyən edilmiş müddətdə və qaydada mirası qəbul etmədiyinə görə cavabdeh vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən düzgün olaraq imtina edib. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Mülki Məcəllənin 1243, 1246 və 1321-ci maddələrinin göstərişlərinə uyğundur. Ona görə də qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Suraxanı Rayon Məhkəməsinin 28.*2.2*23-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar