Məhkəmə qərarları › İş №2(103)-2825/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2825/2024

27.05.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2825/2024 27.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsinin Cavabdeh qarşı “neft kəmərinin mühafizə zonasında inşa edilmiş tikililərin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: neft kəmərinin mühafizə zonasında inşa edilmiş tikililərin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), X3 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsinin nümayəndəsi X2, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsinin nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsinin Cavabdeh qarşı “neft kəmərinin mühafizə zonasında inşa edilmiş tikililərin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması” tələbinə dair iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, e-2(001)- 451/2023 nömrəli qətnaməsindən iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Füzuli küçəsi, 1-ci döngədə yerləşən 30 saylı ev 2000-ci ildə inşa edilməklə, onun üzərində hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır.

2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 fevral 2004-cü il tarixli qətnaməsi ilə Musayev (hazırda Qaraqurbanlı) Vaqif Paşa oğlunun və ailə üzvlərinin Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 1 ünvana qeydiyyata alınması Binəqədi rayon Pİ-nin Qeydiyyat və ŞVŞ-nə tapşırılmışdır.

3. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Təhlükəsizlik İdarəsinin əməkdaşlarının tərtib etdikləri 26 avqust 2022-ci il tarixli akta əsasən həmin tarixdə 4 saylı qarovulun 1-ci iş növbəsində saat 17:10-da 13-14 saylı postların ərazisində Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 3 ünvanında Şirvan-Böyük-Şor Dş500 mm-lik yerüstü neft kəmərinin 118.8-ci km-də, 39 T 0399568; ******* saylı koordinat üzrə, 1-ci sırada, kəmərə perpendikulyar, kəmərdən təqribən 10 metr aralı məsafədə vətəndaş Cavabdeh aid olduğu iddia edilən, köhnədən inşa edilmiş, hasarlanmış, içərisində yaşayış olan evə bitişik, 3 metr enində, 6 metr uzunluğunda, 4 metr hündürlüyündə dəmir konstruksiyadan ibarət dam örtüyü vurulmamış yeni çardaq quraşdırılması aşkar edilmiş, mühafizə zonası daxilində aparılan tikinti işlərinin qanunazidd olduğu vətəndaş Cavabdeh izah edilərək sökülməsi tələb edilmiş, lakin o, xəbərdarlığa məhəl qoymayaraq sökməkdən imtina etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Neft Kəmərləri İdarəsinin istismarında olan Şirvan-Böyük-Şor Dş-500 mm-lik yerüstü neft kəmərinin 118.8-ci km-də, 39 T 0399568; ******* saylı koordinat üzrə, 1-ci sırada, kəmərə perpendikulyar, kəmərdən təqribən 10 metr aralı məsafədə, neft kəmərinin mühafizə zonası daxilində, Binəqədi rayonu Biləcəri qəsəbəsi ünvan 5 ünvanında cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin, hasarın və çardaq tikilisinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması, ödənilmiş 100 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh tərəfindən tikililər SOCAR-ın Neft Kəmərləri İdarəsinin istismarında olan Şirvan-Böyük-Şor Dş-500 mm-lik yerüstü neft kəmərinin 118.8-ci km-də, 39 T 0399568; ******* saylı koordinat üzrə, 1-ci sırada, kəmərə perpendikulyar, kəmərdən təqribən 10 metr aralı məsafədə, neft kəmərinin mühafizə zonası daxilində inşa edildiyindən cavabdehin hesabına sökülməlidir.

6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, e-2(001)- 451/2023 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehin uzun müddət ailəsi ilə birlikdə yaşadığı fərdi yaşayış evi və iddia ərizəsində qeyd olunan digər tikililər Neft Kəmərləri İdarəsinin istismarında olan Şirvan-Böyük-Şor DŞ-500 mm-lik yerüstü neft kəmərinin mühafizə zonasında yerləşir. İddiaçı cavabdehin yaşadığı evin və digər tikililərin mühafizə zonasında inşa edilməsini iddia etsə də, Şirvan-Böyük-Şor DŞ-500 mm-lik yerüstü neft kəmərinin nə vaxt inşa edilməsini müəyyən edən hər hansı bir sübutunu məhkəməyə təqdim etməmişdir. İddiaçının özünün də tərtib etdiyi sənədlərdən cavabdehin yaşadığı evin köhnə ev olması müəyyən edilsə də, iddiaçı həmin evin və digər tikililərin sökülməsi, yəni cavabdehin mühafizə zonasından çıxarılmasına dair iddia ərizəsi ilə yalnız 04 oktyabr 2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçının sökülməsini tələb etdiyi özbaşına tikililər cavabdehin və ailəsinin uzun müddət yaşayış yeri olduğundan mübahisə predmeti olan tikililərin sökülməsi və cavabdehin həmin evdən çıxarılması bununla bağlı müvafiq məbləğdə kompensasiya verilməklə təmin edilə bilər. Ona görə də, məhkəmə iddia ərizəsinin cavabdehə kompensasiya təklif edilmədən təmin edilməsini qeyri-mümkün hesab etmişdir

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 60, 71, 127ci, Mülki Məcəllənin 180.1, 180.2, 180.4-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələri; Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydalarının 6.2, 6.3, 6.4, 6.7-ci bəndləri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Əhmədovanın Azərbaycana qarşı işi üzrə 18 noyabr 2021-ci il tarixli və digər qərarı ilə əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

9. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsi apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, e-2(001)-451/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayətində göstərilmişdir ki, Cavabdeh torpaq sahəsinin neft kəmərinin mühafizə zonasında yerləşdiyini bilmiş və daha sonra torpaq sahəsində tikililər inşa etmişdir. Belə ki, Azərbaycan Respublikası DNŞ Təhlükəsizlik İdarəsinin qarovul rəisi əvəzi S.Ə.İsmayılovun, mühafizəçilər K.M.Babayevin və N.V.İsmayılovun tərtib etdikləri xx.xx.2022-ci il tarixli aktdan müəyyən olunur ki, xx.xx.2022- ci il tarixdə 4 saylı qarovulun 1-ci iş növbəsində saat 17:10-da 13-14 saylı postların ərazisində Binəqədi rayonu Biləcəri qəsəbəsi ünvan 5 ünvanında Şirvan-Böyük-Şor Dş-500 mm-lik yerüstü neft kəmərinin 118.8-ci km-də, 39 T 0399568; ******* saylı koordinat üzrə, 1-ci sırada, kəmərə perpendikulyar, kəmərdən təqribən 10 metr aralı məsafədə vətəndaş Cavabdeh aid olduğu iddia edilən, köhnədən inşa edilmiş, hasarlanmış, içərisində yaşayış olan evə bitişik, 3 metr enində, 6 metr uzunluğunda, 4 metr hündürlüyündə dəmir konstuksiyadan ibarət dam örtüyü vurulmamış yeni çardaq quraşdırılması aşkar edilmiş, mühafizə zonası daxilində aparılan tikinti işlərinin qanunazidd olduğu vətəndaş Cavabdeh izah edilərək sökülməsi tələb edilmiş, lakin o, xəbərdarlığa məhəl qoymaraq sökməkdən imtina etmişdir. Neft Kəmərləri İdarəsinin xx.xx.2022-ci il tarixli xəbərdarlığından müəyyən olunur ki, Cavabdeh Neft Kəmərləri İdarəsinin istismarında olan Binəqədi rayonu Biləcəri qəsəbəsi ünvan 5 ünvanında Şirvan-Böyük-Şor Dş-500 mm-lik yerüstü neft kəmərinin 118.8-ci km-də kəmərin mühafizə zonasında tikinti işlərinin aparılmasının yolverilməzliyi barədə xəbərdarlıq edilmiş, Cavabdeh xəbərdarlığı imza etməklə tanış olmasını təsdiq etmişdir. Beləliklə cavabdehin fərdi yaşayış evinə iddiaçının dövlət hakimiyyəti orqanı tərəfindən edilən müdaxilə qanuni olmuş, ədalətli balans prinsipi gözlənilmiş və iddiaçının yuxarıda göstərilən qaydalara zidd olaraq inşa edəcəyi tikili fiziki şəxslərin həyatı və sağlamlığı üçün real təhlükədir. Tərəfimizdən sözügedən tədbirlər tətbiq edilərkən, tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsədlər arasında ağlabatan mütənasiblik olmuşdur. İşin mübahisəsiz halı bundan ibarətdir ki, həmin özbaşına tikili neft kəmərinin mühafizə zonasının və təhlükəsizlik zonasının daxilindədir. Belə ki, SOCAR-ın İddiaçı istismarında olan Şirvan- Böyük-Şor Dş-500 mm-lik yerüstü neft kəmərinin 118.8-ci km-də, 39 T 0399568; ******* saylı koordinat üzrə, 1 -ci sırada, kəmərə perpendikulyar, kəmərdən təqribən 10 metr aralı məsafədə, neft kəmərinin mühafizə zonası daxilində, Binəqədi rayonu Biləcəri qəsəbəsi ünvan 5 ünvanında cavabdeh tərəfindən tikililər inşa edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “İstismar olunan X10 kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi” qaydalarının 4.1-ci bəndinə əsasən,X10 Kəmərlərinin istismarı üçün şərait yaratmaq və onların döşəndiyi şəraitdən asılı olaraq zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədilə İNBK-mn marşrutu boyunca - boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası boru kəməri oxunun hər tərəfindən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılaraq mühafizə zonaları müəyyənləşdirilir. Az DTN 2.9-2 magistral Boru Kəmərləri Layihələndirmə Normalarının tələblərinə görə diametri 300 mm və aşağı olan neft kəməri üçün təhlükəsizlik zonası 75 metrdir. Göründüyü kimi, cavabdeh həmin tikilini neft kəmərinin həm mühafizə zonası, həm də təhlükəsizlik zonası daxilində inşa edir. Həmin tikili yüksək təzyiqli neft kəməri üçün, həmçinin ətrafdakılar üçün, eləcə də həmin tikilidən istifadə edən insanların öz həyatı üçün ciddi təhlükə yaradır. Mübahisəli ərazi insan həyatı üçün təhlükəlidir və digər hüquqi əsaslarla yanaşı, bu səbəbdən də, həmin ərazidə tikinti işlərinin aparılması yolverilməzdir. Belə ki, neft kəmərində baş verə biləcək kiçik bir sızma insanların həyatına və sağlamlığına təhlükə yaradan yanğına, partlayışa və digər bədbəxt hadisələrə səbəb ola bilər. Cavabdeh tərəfindən buna səlahiyyətli orqanların müvafiq icazəsi olmadan, eləcə də tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa edilmiş qanunsuz tikili, eyni zamanda fiziki şəxlərin həyatı və sağlamlığı üçün təhlükə yaradır. Bu səbəbdən də tikili sökülməlidir.

11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 oktyabr 2023-cü il tarixli, 2(103)-5845/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, e-2(001)-451/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir.

12. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmışdır. Apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri formal mülahizə səciyyə daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 fevral 2004-cü il tarixli qətnaməsinə əsasən X4 və ailə üzvlərinin Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Füzuli küçəsi 1- ci döngə 30 saylı evə yaşayış hüquqları tanınması barədə icrası məcburi olan və dövlətin adından qəbul edilən məhkəmə aktı mübahisələndirilmədən səlahiyyətlər baxımından hazırki mülki mühakimə icraatı çərçivəsində müzakirə oluna ola bilməz. Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, cavabdehin bu hüquqa gözləntiləri mülki qanunvericiliklə müəyyən edilmiş qaydada olduğundan, habelə onun əmlak və digər əlaqəli hüquqları ilə şərtləndiyindən apellyasiyanın dəlilləri əsassızdır. Apellyasiya icraatı zamanı əlavə tədqiqatlar aparılmasına isə zərurət yoxdur, qətnamədə qeyd edilənlərin təkzib edilməsini iddia edən şəxs sübut etməlidir.

13. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Mülki Məcəllənin 139-1.1, 158.2, 158.3, 158.4, 169.1, 169.2-ci maddələri və Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 80-82, 106.2, 217.4, 372, 385-390-ci maddələrinə istinad etmişdir.

c) Kassasiya instansiyası məhkəməsindəki icraat

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-491/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsinin kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 oktyabr 2023-cü il tarixli, 2(103)-5845/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır.

15. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır. 15.1 Cavabdehin istifadəsində olan tikililərin Neft Kəmərləri İdarəsinin istismarında olan Şirvan-Böyük-Şor DŞ-500 mm-lik yerüstü neft kəmərinin mühafizə zonasında yerləşməsi, şəhərsalma və tikinti normaları və qaydaları pozmaqla inşa edildiyi üçün özbaşına tikili statusunda olması işin mübahisəsiz hallarıdır. 15.2 İddianı rədd edən məhkəmələr mövqelərini tikilinin uzun müddət mövcud olması, cavabdehin və ailəsinin yaşayış yeri olması, cavabdehin həmin tikilidə yaşamaq hüququnun məhkəmə qətnaməsi ilə tanınması, ədalətli kompensasiya verilmədən iddianın təmin edilməsinin qeyri-mümkünlüyü ilə əsaslandırmışlar. 15.3 Lakin, apellyasiya məhkəməsi nəzərə almamışdır ki, mübahisəli özbaşına tikili inşa edilərkən cavabdehin aidiyyəti inzibati orqanlardan lazımi icazələr almaması, inşaat aparılandan əvvəl və ya aparılan vaxt həmin ərazinin müvafiq plan üzrə neft kəmərinin mühafizə zolağı daxilində olmasını aydınlaşdırmaması, hətta ətraf ərazidə neft xəttinin yerləşməsinə dəlalət edən qurğulardan xəbərdar olmanın vizual müşahidə ilə mümkünlüyü, cavabdehin özünün hüquq qaydalarına uyğun davranmaması və mövcud şərtlər daxilində inşaata vəsait sərf etməsinin riskini əvvəlcədən görməsi və digər bu kimi hallar cavabdehin əmlak hüquqlarına müdaxilənin mütənasibliyi baxımından lazımi şəkildə qiymətləndirilməmişdir. 15.4 İşə baxan məhkəmələr Mülki Məcəllənin 180-ci maddəsinin dispozisiyana istinad etsələr də, mübahisəli tikiliyə Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsi və 1 saylı Protokolunun 1-ci maddəsi nöqtəyi nəzərdən yanaşaraq, onun kompensasiya verilmədən sökülməsinin cavabdehin bu maddələrlə təmin olunan hüquqlarına müdaxiləni qeyri-mütənasib hesab etmişlər. 15.5 Qeyd edilməlidir ki, Avropa İnsan Hüquqları Məhkəməsinin “S.Əhmədovanın Azərbaycana qarşı” iş üzrə 18 noyabr 2021-ci il tarixli qərarında bu qəbildən olan işlərə baxılan zaman Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsində təsbit edilən “mənzilə hörmət” hüququnun qorunmasını dövlətin pozitiv öhdəliyi kimi tanımışdır. 15.6 Bununla belə, apellyasiya məhkəməsi tikilinin yerüstü neft kəmərindən qısa məsafədə yerləşməklə, hər hansı fövqəladə vəziyyət halında orada olan şəxslər üçün də təhlükəli olması nəzərə alınmaqla, iddianın təmin edilməsinin qarşıya qoyulan məqsədə mütənasibliyi və “demokratik cəmiyyətdə zəruri” olub-olmaması məsələsinə hüquq qiymət verməmişdir. Mütənasiblik müəyyən edilərkən, evin qanunsuz tikilib-tikilməməsi, aidiyyəti şəxslərin qanunsuz olduğunu bilə-bilə bunu etməsi, qeyri-qanuniliyin xarakteri və dərəcəsi, söküntü ilə qorunmaq istənilən marağın dəqiq xarakterinin nə olması, söküntüdən təsirlənən şəxslər üçün uyğun alternativ yaşayış yerlərinin olub-olmaması və sair diqqətəlayiq hallar nəzərə alınmalıdır. 15.7 Avropa Məhkəməsi qərarlarında özbaşına tikiliyə mülkiyyət kimi yanaşmayaraq, iş üzrə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən etməmiş və mövcud şəraitdə neft kəmərinin mühafizə zolağını təşkil edən torpaq sahəsində yaşayış sahəsi kimi istifadə olunan özbaşına tikililərin kompensasiya ödənilmədən sökülməsi və həmin sahələrdə yaşayan şəxslərin köçürülməsinə dair iddiaların təmin edilməsini istisna etməmişdir. 15.8 Bununla yanaşı, Konvensiyanın 8-ci maddəsi ilə qorunan mənzil hüququna müdaxilənin mütənasibliyinin yoxlanılması ilə bağlı qərarda qeyd olunanlar, məhkəmələrin yaşayış sahəsi kimi istifadə olunan özbaşına tikililərin sökülməsi və həmin sahələrdə yaşayan şəxslərin köçürülməsi tələbinə dair analoji işlərə baxarkən aşağıdakı məsələləri nəzərə almalarını tələb edir. 15.9 Belə ki, məhkəmələr ilk növbədə tikililərin sökülməsi və cavabdehlərin çıxarılması tələblərinin icrasının təcililiyi ilə bağlı zərurətin mövcudluğuna dair və cavabdehin başqa yaşayış yerinin olub-olmamasına dair dəlillər üzrə araşdırma aparmalı, bu halların mövcud olmadığı, habelə öz təsdiqini tapmadığı halda isə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.6-cı maddəsində nəzərdə tutulmuş imkandan istifadə etməklə, qətnamənin icrası müddətinin müəyyənləşdirilməsinə dair məsələni müzakirə etməli, qətnamənin əsaslandırıcı hissəsində çıxarılması tələb olunan cavabdehin qətnamə icra edildiyi zaman yaşayış sahələrinə ehtiyacı olan aztəminatlı əhali kateqoriyasına aid olduqları halda, ona Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin Vİİ fəsli ilə nəzərdə tutulmuş qaydada sosial kirayə müqaviləsi üzrə mənzil əldə etmək hüququndan istifadə etmə imkanları izah edilməlidir. 15.10 Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnaməyə uyğun olaraq, yerli səviyyədə dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi, eləcə də dövlət mənzil fonduna daxil olan sosial kirayə müqavilələrinin bağlanması səlahiyyətləri yerli icra hakimiyyəti orqanlarına aid edildiyindən işlərə baxılması zamanı sökülməsi tələb olunan tikililərin yerləşdiyi ərazi üzrə yerli icra hakimiyyəti orqanları müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməlidir. 15.11 Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbləri və cavabdehin etirazları əmlak və mənzil hüquqlarına müdaxilənin qanuniliyi (qanunda nəzərdə tutulması), qanuni məqsədə yönəlməsi və mütənasibliyi baxımından təkrarən qiymətləndirilməli, gəlinən nəticə qanunvericiliyə uyğun şəkildə əsaslandırılmalıdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Təkrar apellyasiya baxışı zamanı apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında verilən izahatlar

17. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsinin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, qarşı tərəf icazə almadan özbaşına tikinti etmişdir. Avropa Məhkəməsinin qərarında da qeyd olunur ki, insanın həyatı mülkiyyət hüququndan vacibdir. 5-6 orqana müraciət etdilər. Vətəndaşa xəbərdarlıq edilmişdir, amma heç bir məhəl qoyulmayıb. Onlara rəsmi icazə ilə bağlı məktub təqdim edilməyib. İddianı təhlükəsizliyi təmin etmək üçün qaldırıblar. İddianın təmin edilməsini xahiş edir. Oradakı borular Sovet dövründən çəkilib.

18. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsinin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, yer üstü neft kəmərlərinin mühafizə zonasındadır. Mübahisəli yerdə vizual olaraq da neft kəmərlərin keçdiyini görmək olar, 10 metr məsafədə yerləşir. Nə vaxtsa təhlükləli hal baş versə idarə məsuliyyət daşıyacaq. Vətəndaş orada qeydiyyatda olduğuna görə iddiası təmin edilməmişdir. Burada mülkiyyət hüququnun pozulması da yoxdur. Vətəndaşın sırf təhlükəsizliyi üçün bu iddia qaldırılıb. İddianın təmin edilməsini xahiş edir.

19. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, izahatında əlavə olaraq bildirdi ki, başqa yaşayış yeri yoxdur.

20. Təkrar apellyasiya baxışı zamanı keçirilən əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, izahatında əlavə olaraq bildirdi ki, 23 ildir ki, ev oradadır. 2000-ci ildə cavabdeh evi tikmişdir. "Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları" 2003-cü ildən tətbiq edilib. Mübahisələndirilən ev Qaydadan əvvəl tikilib. Əgər təhlükə var idisə, iddiaçı 22 il ərzində mübahisələndirməyib, hazırda təhlükəsizliyi əsas gətiriblər. Qətnamə ilə cavabdehin yaşayış hüququ təmin edilib. Cavabdeh kommunal xidmətlər üçün ödəniş də edir, abonent kodu da var. Cavabdehin mülkiyyətindədir və hazırda istifadə edir. Dövlət də bu hüququ tanıyır. Avropa Məhkəməsinin qərarında kompensasiyanın və mülkiyyət hüququnun tanınması qeyd edilib. Cavabdehin başqa yaşayış yeri yoxdur. Əgər iddia təmin edilərsə, mülkiyyət hüququndan məhrum olacaq.

21. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları:

22. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 180.1 Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Maddə 240.1. Torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Maddə 240.2. Torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir.

23. Azərbaycan Respublikası Torpaq Məcəlləsi

Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

24. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 220.6. Məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. Maddə 384.0.2. Apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya baxışının hədləri

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

26. Həmçinin qeyd olunmalıdır ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməni ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

İşə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməlidir.

28. Belə ki, cavabdehin istifadəsində olan tikililərin Neft Kəmərləri İdarəsinin istismarında olan Şirvan-Böyük-Şor DŞ-500 mm-lik yerüstü neft kəmərinin mühafizə zonasında yerləşməsi, şəhərsalma və tikinti normaları və qaydaları pozmaqla inşa edildiyi üçün özbaşına tikili statusunda olması işin mübahisəsiz hallarıdır.

29. Qanuna əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər(§ 15).

30. İş materiallarının araşdırılması zamanı cavabdeh tərəfindən tikinti işlərinin aparılması üçün aidiyyəti inzibati orqanlardan lazımi icazələr alması müəyyən edilməmiş, həmçinin bununla bağlı sənədlər cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir.

31. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiya məhkəməsinin qeyd etdiyi göstərişlərin icrası məqsədi ilə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir.

32. Məhkəmə kollegiyası qeyd edir ki, işin hallarından görünür ki, ətraf ərazidə neft xəttlərinin yerləşməsinə dəlalət edən qurğulardan cavabdehin xəbərdar olması vizual müşahidə ilə mümkün olmuş, cavabdehin özü hüquq qaydalarına uyğun davranmamış və mövcud şərtlər daxilində inşaata vəsait sərf etməsinin riskini əvvəlcədən görməli olmuşdur.

33. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Jidov və başqaları Rusiya Federasiyasına” qarşı iş üzrə 16 oktyabr 2018-ci il tarixli qərarda Jidovun şikayəti üzrə Məhkəmə qeyd etmişdir ki, “...ev həmin məqsədlər üçün ayrılmayan torpaq sahəsində inşa olunmuş, bunun üçün müvafiq icazə əldə edilməmiş və tikinti işləri tikinti və şəhərsalma qaydaları və normalarının kobud pozuntusu ilə aparılmışdır. Məhkəmə razılaşmışdır ki, hakimiyyət orqanları bu hallardan xəbərdar olmuşlar, ictimai təhlükəsizlik və sağlamlıq üçün təhlükə yaradan bu cür vəziyyətin qalmasına imkan yaratmışlar. Lakin hakimiyyət orqanlarının belə vəziyyətə dözümlülüyü ərizəçi Jidov tərəfindən ona qarşı hər hansı iddia qaldırılmayacağı kimi qiymətləndirilə bilməzdi. Birincisi, onun inşa etdiyi ev Mülki Məcəllənin 222-ci maddəsinin tələbləri baxımından məqsədəuyğun hesab oluna bilməzdi. İkincisi, bu cür iddia qaldırılması üçün müddət məhdudlaşdırılmamışdır. Odur ki, ərizəçi Jidov onun əmlak hüquqlarına müdaxilədən əziyyət çəkməmişdir. Beləliklə, onun hər hansı hüquqları pozulmamışdır

34. Avropa Məhkəməsi həmin qərarda Kosenkonun şikayəti üzrə göstərmişdir ki, “...ərizəçi anlamalı idi ki, torpaq sahəsi neft kəmərlərinin yaxınlığında yerləşir. Bundan başqa, ərizəçi, heç bir vaxt Baş plandan çıxarışla tanış ola bilmədiyini qeyd etməmişdir. Həmçinin, o, boru kəmərlərini qoruyan torpaq təpəsinin mövcudluğundan xəbərdar olmaya bilməzdi. Belə ki, torpaq təpəsi onun əldə etdiyi torpaq sahəsinin yaxınlığında idi və ərizəçi heç olmazsa bunun nə olduğu barədə maraqlanmalı idi və kooperativin sədri və ya yerli hakimiyyət orqanlarından bu haqda məlumat almalı idi. Ona görə də, sarayın və yardımçı sahələrin özbaşına tikinti olmaları əsası ilə sökülməsi barədə qərar ərizəçinin üzərinə tənasübsüz öhdəlik qoymurdu. Bundan belə nəticə çıxır ki, onun hüquqları pozulmamışdır”.

35. Avropa Məhkəməsinin “Əhmədova Azərbaycana qarşı” qərarının da məzmunundan göründüyü kimi, Avropa Məhkəməsi ərizəçinin yaşadığı tikilinin milli qanunvericiliyə əsasən özbaşına tikili olması baxımından onun sökülməsinə dair qərarın qəbulunda İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən etməmişdir.

36. Qərarda qeyd edilmişdir ki, mütənasiblik aidiyyəti orqanların geri almaq istədiyi torpağın hansı məqsədlə istifadə ediləcəyi ilə ayrılmaz şəkildə bağlıdır. Nə iddiaçı milli məhkəmələrdə qaldırdığı iddiasında, nə də hökumət öz təqdimatlarında torpağın təcili olaraq neft əməliyyatları və ya hər hansı digər işlənmə məqsədləri üçün lazım olduğunu iddia etməmişdirlər. Digər tərəfdən, alternativ mənzilin ərizəçi üçün əlçatan olduğunu hesab etmək üçün prosedurun olması da müəyyən edilməmişdir. Hökumət sosial sığınacaqda müvəqqəti qalmağın alternativ yaşayış imkanlarının araşdırılıması üçün hər hansı prosedur olmadığı halda hazırkı şəraitdə mütənasiblik tələbini ödəyən həll yolu kimi qəbul edilə biləcəyini bildirməmişdir. Belə şəraitdə ərizəçiyə müdaxilənin mütənasibliyinə, yəni şəxsi şəraiti nəzərə alınmaqla onun sözügedən evdən çıxarılmasına adekvat baxış əldə etməyə imkan verən prosedur təmin edilməmişdir. Buna görə də Məhkəmə, köçürülmə qərarı belə bir yoxlama olmadan icra olunduğu halda Konvensiyanın 8-ci maddəsinin pozulacağını hesab etmişdir.

37. Göründüyü kimi, Avropa Məhkəməsi istinad edilən qərarında özbaşına tikiliyə mülkiyyət kimi yanaşmayaraq, iş üzrə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən etməmiş və mövcud şəraitdə neft-qaz əməliyyatları üçün ayrılmış torpaq sahələrində yaşayış sahəsi kimi istifadə olunan özbaşına tikililərin kompensasiya ödənilmədən sökülməsi və həmin sahələrdə yaşayan şəxslərin köçürülməsinə dair iddiaların təmin edilməsini istisna etməmişdir.

38. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia tələbi təmin olunmalıdır. Məhkəmə kollegiyası tikililərin sökülməsi və cavabdehin çıxarılması tələblərinin icrasının təcililiyi ilə bağlı zərurətin mövcudluğuna dair və cavabdehin başqa yaşayış yerinin olub-olmamasına dair dəlillər üzrə araşdırma aparmışdır. Kollegiya qeyd edir ki, bu halların mövcudluğu müəyyən olunmadığından qətnamə həmin ərazidə neft qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatların başlandığı zaman icra edilməlidir.

39. Məhkəmə kollegiyası izah edir ki, qətnamə icra edildiyi zaman yaşayış sahəsinə ehtiyacı olan aztəminatlı əhali kateqoriyasına aid olduğu halda cavabdeh Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin Vİİ fəsli ilə nəzərdə tutulmuş qaydada sosial kirayə müqaviləsi üzrə mənzil əldə etmək hüququndan istifadə edə bilər.

40. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsinin apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, e-2(001)- 451/2023 nömrəli qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməli, Neft Kəmərləri İdarəsinin istismarında olan Şirvan-Böyük-Şor Dş-500 mm-lik yerüstü neft kəmərinin 118.8-ci km-də, 39 T 0399568; ******* saylı koordinat üzrə, 1-ci sırada, kəmərə perpendikulyar, kəmərdən təqribən 10 metr aralı məsafədə, neft kəmərinin mühafizə zonası daxilində, Binəqədi rayonu Biləcəri qəsəbəsi ünvan 5 ünvanında cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi, hasar və çardaq tikilisi Cavabdeh hesabına sökülərək ərazidən çıxarılmalı, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50 manat, Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsinin xeyrinə ödənilməli, işə birinci instansiya məhkəməsində baxılması zamanı keçirilmiş ekspertiza xərcinin əvəzi olan 50 manat məbləğində pul Cavabdeh alınaraq Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməli, qətnamə həmin ərazidə neft qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatların başlandığı zaman icra edilməlidir.

41. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsinin apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, e-2(001)- 451/2023 nömrəli qətnaməsi ləğv edilsin. İddia tələbi təmin edilsin. Neft Kəmərləri İdarəsinin istismarında olan Şirvan-Böyük-Şor Dş-500 mm-lik yerüstü neft kəmərinin 118.8-ci km-də, 39 T 0399568; ******* saylı koordinat üzrə, 1-ci sırada, kəmərə perpendikulyar, kəmərdən təqribən 10 metr aralı məsafədə, neft kəmərinin mühafizə zonası daxilində, Binəqədi rayonu Biləcəri qəsəbəsi ünvan 5 ünvanında cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi, hasar və çardaq tikilisi Cavabdeh hesabına sökülərək ərazidən çıxarılsın. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50 manat Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsinin xeyrinə ödənilsin. İşə birinci instansiya məhkəməsində baxılması zamanı keçirilmiş ekspertiza xərcinin əvəzi olan 50 manat məbləğində pul Cavabdeh alınaraq Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamə həmin ərazidə neft qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatların başlandığı zaman icra edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar