Məhkəmə qərarları › İş №2(103)-2830/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2830/2020

19.05.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2830/2020 19.05.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, X14 və X8 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6237/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Bakı şəhəri 1 saylı Notariat Kontoruna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxxx 1986-cı il tarixli, Şəki şəhəri Dövlət X16 şəhəri, Jmerinko küçəsi 18 saylı ünvanda, 600 kv.m torpaq sahəsində, ümumi sahəsi 94,8 kv.m olan fərdi yaşayış evinə dair X11 verilmiş qanun üzrə vərəsəlik şəhadətnaməsinin, xx xxxxxxx 1986-cı il tarixli X10 X5 adına yazdığı vəsiyyətnamənin, xx xxxx 1989-cu il tarixli X7 verilmiş vəsiyyət üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, ünvan 1 saylı ünvanda, 600 kv.m torpaq sahəsində, ümumi sahəsi 94,8 kv.m olan fərdi yaşayış evinə dair miras payların yenidən bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(006)- 6237/2019 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçılar tərəfindən iddia müddəti ötürülməmişdir. Belə ki, Mülki Prosessual Məcəlləsinin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti 10 il təşkil edir. Mübahisə predmeti olan miras evin cavabdeh tərəfindən satılması isə 2018-ci ilin yayında məlum olmuş və bununla bağlı iddiaçılar tərəfindən müvafiq araşdırmaya başlanılmışdır. Həmçinin vərəsəlik işinin materialları, yəni vəsiyyətnamənin mövcudluğu və vərəsələrin gizlətdiyi saxta arayışın təqdim edilməsi faktı Dövlət Notariat Arxivinin verdiyi sorğuya cavab əsasında 2019-cu ilin aprel-may aylarında məlum olmuşdur. İddia müddətinin axımı da məhz həmin tarixdən hesablanmalıdır. Digər tərəfdən məhkəmə iddia müddətini tətbiq etməzdən əvvəl tələbin hüquqi əsaslı olubolmaması məsələsini mütləq aydınlaşdırmalı idi. Məhkəmə iclasında İddiaçı2, onun vəkili X18, İddiaçı1 və onun vəkili Yaqubova Könül Rafiq qızı apellyasiya şikayətini müdafiə etdilər, Cavabdeh1 isə apellyasiya şikayətinə etiraz etdi. İddiaçı3, digər cavabdehlərin nümayəndələri və apellyasiya baxışı zamanı üçüncü şəxs qismində işə cəlb edilmiş X12 nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarına və tərəflərin izahatlarına əsasən mübahisəsiz qaydada müəyyən olunur ki, X3 xx xxxx 1985-ci il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra ünvan 1 saylı ünvanda, 600 kv.m torpaq sahəsində yerləşən ümumi sahəsi 94,8 kv.m olan fərdi yaşayış evi və “QAZ-24” markalı Q93-02-AQ nömrə nişanlı minik avtomobili miras qalmışdır. Miras qoyanın qanun üzrə 1-ci növbə 5 vərəsəsi (arvadı və uşaqları) vardır. Onlar aşağıdakılardır: X13 (arvadı), İddiaçı1, İddiaçı2 və İddiaçı3 və Cavabdeh1. Məmməd Şahqulibəyov vəfat etdikdən sonra Cavabdeh1 anası X13 ilə birlikdə həmin evə köçmüş və 2 il orada yaşamışdır. İddiaçılar isə bu müddət ərzində həmin evdə yaşamamışlar. xx xxxxxxx 1985-ci ildə Bakı şəhəri 1 saylı Dövlət Notariat X1 qalmış miras əmlaka dair vərəsəlik işi açılmış və “QAZ-24” markalı Q93-02-AQ nömrə nişanlı minik avtomobilinə dair hər birinə 1/2 hissədə olmaqla X7 və X4na qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. Elə həmin tarixdə X13 sözügedən avtomobili X7 vəsiyyət etmişdir. xx xxxxxxx 1986-cı ildə Şəki şəhəri Dövlət X16 şəhəri, Jmerinko küçəsi 18 saylı ünvanda, 600 kv.m torpaq sahəsində, ümumi sahəsi 94,8 kv.m olan fərdi yaşayış evinə dair vərəsəlik işi açılmış və həmin evə dair əvvəlcə X10 1/2 hissədə mülkiyyət hüququnun olmasına dair (ər-arvad mülkiyyətindəki pay olaraq) şəhadətnamə verilmiş, daha sonra isə qalan 1/2 hissəyə dair də qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. Bir neçə gün sonra, yəni xx xxxxxxx 1986-cı ildə X13 həmin evə dair X5 adına vəsiyyətnamə vermişdir. X13 xx xxxx 1988-ci ildə vəfat etmişdir. Zibeydə Muradovanın ölümündən sonra xx xxxx 1988-ci ildə Bakı şəhərində 13 saylı Notariat Kontorunda vərəsəlik işi açılmışdır. Cavabdeh1 başqa digər heç bir vərəsə mirasın qəbulu ilə əlaqədar müraciət etmədiyindən miras əmlak - Bakı şəhəri, Nəsimi rayonu, 4-cü Perevalnaya küçəsi, ev 19B-nin və Q-93- 02AQ nömrə nişanlı “QAZ-24” markalı minik avtomobili və ünvan 1 saylı ünvanda fərdi yaşayış evinə dair vəsiyyət üzrə vərəsəlik hüququna dair şəhadətnamə xx xxxx 1989-cu il tarixdə yalnız ona verilmiş və miras əmlak olan fərdi yaşayış evi xx.xx.2018-ci il tarixdə xüsusi mülkiyyət hüququ ilə sonuncunun adına qeydiyyata alınmışdır. Cavabdeh1 həmin fərdi yaşayış evini Şəki 2 saylı DNK tərəfindən təsdiq olunmuş xx.xx.2018-ci il tarixli 4Ə- 588 saylı alqı-satqı müqaviləsinə əsasən “X19” MMC-yə satmış və ev xx.xx.2018-ci il tarixdə sonuncunun adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. İddiaçılar bildirir ki, ataları vəfat edənə kimi həmin fərdi yaşayış evi kirayəyə verilmişdir. Ataları vəfat etdikdən sonra isə Cavabdeh1 X4 ilə birlikdə Şəki şəhərində olan həmin evə köçmüş və 2 il orada yaşamışlar. Bundan sonra Cavabdeh1 həmin evin 2 otağını kirayəyə vermiş, qalan otaqlar isə hamının istifadəsində qalmış və ara-sıra hamı həmin evdən istirahət zamanı istifadə etmişdir. Ataları vəfat etdikdən sonra X4 hələ sağ olduğu üçün onlar düşünürdülər ki, ilk vərəsə ölənin arvadıdır və bütün əmlak da onun adına keçiriləcək. Bu yaxınlarda eşitmişlər ki, cavabdeh Şəkidə olan evi satmışdır. Hüquqlarının qorunması üçün vəkillərə müraciət etdikdə, ilk dəfə onlara məlum oldu ki, ataları öldükdən sonra ölənin arvadı sağ olsa belə, övladları da onunla yanaşı vərəsəlik hüququna malikdirlər. Yəni iddiaçıların da anaları ilə bərabər və eyni dərəcədə mirasdan pay almaq hüquqları vardır. Belə olan halda iddiaçılar valideynləri öldükdən sonra açılan vərəsəlik işlərinin tərəflərindən əldə edilərək öyrənilməsi zərurəti yarandı. Azərbaycan Respublikası Dövlət Notariat Arxivinin verdiyi rəsmi arayış və sənədlərdən aydın oldu ki, ataları öldükdən sonra Bakı şəhəri 1 saylı Dövlət Notariat İdarəsində və Şəki şəhəri Dövlət Notariat İdarəsində vərəsəlik işi açılmış və atalarının qardaşları Mahindən başqa digər 4 övladının da olmasına baxmayaraq, qanun üzrə yalnız 2 vərəsənin adı, X13 və X5 adları qeyd edilmişdir. Bunların heç birindən onların hər hansı məlumatları olmamışdır. X4 mübahisə predmeti olan fərdi yaşayış evinə dair vəsiyyətnamə yazsa da, həmin evin onun özünün mülkiyyətinə keçməsi əvvəldən qanunsuz olmuşdur. Ataları vəfat edəndə onlar da qanun üzrə 1-ci növbə vərəsələr idilər. Lakin anaları və qardaşları bu faktı notariat orqanından gizlətməklə, həmin orqana vərəsəlik açılan zaman miras qoyanın ailə tərkibi haqqında düzgün olmayan arayış verməklə qanunsuz olaraq miras əmlakı mənimsəmişlər. Cavabdeh iddiaya etiraz edir və iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, miras əmlakla bağlı mübahisə açmaq və vərəsəlik hüququ haqqında şəhadətnaməni mübahisələndirmək hüququna yalnız miras əmlakı qəbul etmiş vərəsələr malikdir. Hazırkı işdə də iddiaçılar vərəsəlik hüququ haqqında şəhadətnamələri və vəsiyyətnaməni mübahisələndirmək üçün əvvəla mirası əmlakı qəbul etmələrini sübut etməlidirlər. Belə ki, Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinin tələblərinə görə hazırkı mübahisənin həllində tətbiq olunan xx xxxxxxxx 2000-ci ilədək qüvvədə olmuş Mülki Məcəllənin 552-ci maddəsinə görə mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Lakin iddiaçıların mirası əmlakı qəbul etmələri müəyyən olunmur. Çünki onlar Mülki Məcəllənin 552-ci maddəsində göstərilən müddətdə mirasın qəbul edilməsi barədə ərizə ilə notariat kontoruna müraciət etməmiş, həmçinin mirası faktiki surətdə qəbul edilməsi ilə bağlı hər hansı hərəkətlər etməmişlər. Kollegiya qeyd edir ki, bu hallar işin mübahisəsiz hallarıdır. Çünki iddiaçılar nəinki mirası qəbul etmələri ilə bağlı məhkəməyə sübut təqdim etmişlər, ümumiyyətlə iddia ərizəsində onlar tərəfindən mirasın qəbul edilməsi hallarına istinad belə etməmişlər. Məhkəmə iclasında isə iddiaçılar etiraf etdilər ki, ataları vəfat etdikdən sonra mübahisəli evdən anaları və cavabdeh istifadə etmişlər. Bu baxımdan kollegiya hesab edir ki, xx xxxx 1985-ci il tarixdə vəfat etmiş X2 miras qalmış əmlakın (ünvan 1 saylı ünvanda, 600 kv.m torpaq sahəsində yerləşən ümumi sahəsi 94,8 kv.m olan fərdi yaşayış evi) iddiaçılar tərəfindən qəbul edilməsi müəyyən olunmadığına görə, onlar həmin miras əmlakla bağlı mübahisə açmaq hüququna malik deyillər və həmin hissədə iddia tələbləri subyektiv hüququ olmayan şəxslər tərəfindən qaldırılmış hesab olunmalıdır. Bununla bağlı kollegiya qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, vərəsəlik hüququ haqqında şəhadətnamələrin və vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə iddia tələbləri buna müvafiq subyektiv hüququ olmayan şəxslər tərəfindən qaldırıldığına görə, miras əmlakda paylarının müəyyən edilməsi tələbləri isə iddiaçıların mirası qəbul etmədikləri üçün rədd olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6237/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakim: Raqib Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar