Məhkəmə qərarları › İş №2(103)-2834/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2834/2025

03.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2834/2025 03.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" X3 cavabdehlər Cavabdeh, Zamin2 və Zamin1 qarşı mülki iş üzrə (açar sözlər: lizinq müqaviləsi üzrə öhdəliklərin icrası) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Quluzadə Jalə Vadət qızının katibliyi ilə, İddiaçı "xxxx" X3 cavabdehlər Cavabdeh, Zamin2 və Zamin1 qarşı “lizinq müqaviləsindən irəli gələn pulun ödənilməsi və lizinq predmetinin qaytarılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-605/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı "xxxx" MMC ilə ilkin lizinq alan X2 və sonrakı lizinq alan Cavabdeh arasında imzalanan xx.xx.2022-ci il tarixli İF/05987 saylı daxili lizinq müqaviləsinə dəyişikliyin edilməsi barədə İF/06145 saylı, xx.xx.2023-cü il tarixli sazişdən görünür ki, bu saziş imzalandıqdan sonra sonrakı lizinq alan xx.xx.2022-ci il tarixli İF/05987 saylı daxili lizinq müqaviləsi üzrə ilkin lizinq alanı əvəz edir. Lizinq məbləği ilkin lizinq alanın qalıq borcuna uyğun olaraq 6260 manat müəyyən edildi. Həmin müqavilədən irəli gələn və ilkin lizinq alana aid olan bütün hüquqlara sahib olur və öhdəliklərə görə məsuliyyət daşıyır. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 15 noyabr 2023-cü il tarixli, İF/06145 saylı X11 müqaviləsinə və ona 1 saylı əlavəyə əsasən "xxxx" MMC lizinq obyektini lizinq alan tərəfindən seçilmiş və alınmış əmlakın (Nissan Teana markalı avtomobil: rəngi gümüşü metallik, tipin sedan, buraxılış ili 2004) dəyərini ödəyib öz mülkiyyətinə əldə edilməsini və müəyyən haqq müqabilində lizinq alan Cavabdeh müvəqqəti sahibliyinə və istifadəsinə verilməsi, lizinq alan Cavabdeh isə lizinq obyektini qəbul etməyi və 24 ay müddətində, aylıq ödəniş 369,64 manat olmaqla illik 36 % ilə 6260 manat ödəniş etməyi öz öhdəsinə götürmüşdür. İlkin ödəniş tarixi xx.xx.2023-cü il, sonuncu ödəniş tarixi xx.xx.2025-ci il olaraq müəyyən edilmişdir. Müqavilənin 7.3.3-cü bəndinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı, müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə nəzərdə tutulan ödəniş müddətləri üzrə ödəmədikdə, lizinq verən lizinq obyektini mübahisəsiz geri almaq, hüququna malikdir. Müqavilənin 10.2-ci maddəsinə əsasən lizinq haqqı vaxtında ödənilməzsə, o halda lizinq alan gecikdirilən hər gün gecikdirilən məbləğin 0,1 faizi həcmində cərimə (dəbbə) ödəməlidir. "xxxx" MMC ilə Cavabdeh arasında imzalanan 15 noyabr 2023-cü il tarixli təhviltəslim aktından görünür ki, lizinq obyekti, yəni Nissan Teana markalı avtomobil (rəngi gümüşü metallik, tipin sedan, buraxılış ili 2004) bütün ləvazimatları, ehtiyat hissələri və texniki sənədləri ilə birlikdə Cavabdeh təhvil verilmişdir. Cavabdeh tərəfindən "xxxx" MMC-yə ünvanlanan xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o, 15 noyabr 2023-cü il tarixli, İF/06145 saylı X11 müqaviləsinin obyekti olan Nissan Teana markalı avtomobili (rəngi gümüşü metallik, tipin sedan, buraxılış ili 2004) idarə etmək üçün vətəndaş Zamin2 daimi olaraq etibarnamə sənədinin verilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən "xxxx" MMC-yə ünvanlanan xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, 15 noyabr 2023-cü il tarixli, İF/06145 saylı X11 müqaviləsinin obyekti olan Nissan Teana markalı avtomobili (rəngi gümüşü metallik, tipin sedan, buraxılış ili 2004) idarə etmək üçün vətəndaş Zamin1 Haqqverdi oğluna 1 aylıq etibarnamə sənədinin verilməsini xahiş etmişdir. "xxxx" MMC ilə Zamin2 arasında bağlanan xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, bu müqavilə ilə zaminliklə təmin edilən öhdəlik Azərbaycan Respublikasının vətəndaşı Cavabdeh, yəni lizinq alan ilə lizinq verən arasında bağlanan 15 noyabr 2023-cü il tarixli, İF/06145 saylı X11 müqaviləsindən və ona edilmiş əlavələrdən irəli gələn pul tələbləridir. "xxxx" MMC ilə Zamin1 arasında bağlanan xx.xx.2024-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, bu müqavilə ilə zaminliklə təmin edilən öhdəlik Azərbaycan Respublikasının vətəndaşı Cavabdeh, yəni lizinq alan ilə lizinq verən arasında bağlanan 15 noyabr 2023-cü il tarixli, İF/06145 saylı X11 müqaviləsindən və ona edilmiş əlavələrdən irəli gələn pul tələbləridir. "xxxx" MMC tərəfindən Zamin2 verilən xx.xx.2023-cü il tarixli etibarnamədən görünür ki, sonuncuya Nissan Teana markalı 77-AE591 dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2023-cü il daxil olmaqla Azərbaycan Respublikasında idarə etmək hüququ verilmişdir. "xxxx" MMC tərəfindən Zamin1 verilən xx.xx.2024-cü il tarixli etibarnamədən görünür ki, sonuncuya Nissan Teana markalı 77- AE-591 dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2024-cü il saat 13:00-dək Azərbaycan Respublikasında idarə etmək hüququ verilmişdir. "xxxx" MMC tərəfindən Zamin1 verilən xx.xx.2024-cü il tarixli etibarnamədən görünür ki, sonuncuya Nissan Teana markalı **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2024-cü il tarixi daxil olmaqla Azərbaycan Respublikasında idarə etmək hüququ verilmişdir. "xxxx" MMC tərəfindən təqdim edilən xx.xx.2023-xx.xx.2024-cü il tarixlərinə əhatə edən Cavabdeh məxsus hesabdan çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixində 200 manat, xx.xx.2024-cü il tarixində 250 manat, xx.xx.2024-cü il tarixində 300 manat, xx.xx.2024-cü il tarixində 910 manat olmaqla, 1660 manat ödəniş edilmişdir. "xxxx" MMC tərəfindən təqdim edilən və xx.xx.2024-cü il tarixə olan maliyyə arayışından görünür ki, Cavabdeh müqavilə üzrə 4866.66 manat əsas borc, 1404.86 manat faiz borcu, 85.91 manat cərimə borcu olmaqla, ümumilikdə 6357.43 manat borc hesablanmışdır. "xxxx" MMC tərəfindən təqdim edilən xx.xx.2025-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixinə 691.23 manat əsas borc, 1404.86 manat faiz borcu, 85.91 manat cərimə borcu olmaqla, ümumilikdə 2182 manat borc hesablanmışdır. SMSRadar.az-dan olan çıxarışa görə, X6 xx.xx.2024-cü il tarixli EQ/20487802 saylı protokol üzrə yekun 79 manat, xx.xx.2024-cü il tarixli EQ/20487801 saylı protokol üzrə yekun 79 manat, xx.xx.2025-ci il tarixli EQ/20487804 saylı protokol üzrə yekun 79 manat, xx.xx.2024-cü il tarixli EQ/21003269 saylı protokol üzrə yekun 79 manat, xx.xx.2024-cü il tarixli EQ/21003249 saylı protokol üzrə yekun 79 manat olmaqla, ümumilikdə 395 manat inzibati qaydada cərimə edilmişdir. "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış 29 mart 2024-cü il tarixli, 2024/107 nömrəli pretenziya məktubunun surətinə əsasən cavabdehə 15 noyabr 2023-cü il tarixli, İF/06145 saylı X11i müqaviləsi üzrə iki aydan artıq ödəniş edilmədiyi və bu əsasla borcunun yarandığı bildirilmiş və həmin məbləğin ödənilməsi ondan tələb edilmiş, əks halda yaranmış borcun tutulması üçün məhkəməyə müraciət ediləcəyi barədə ona xəbərdarlıq edilmişdir; İddiaçı "xxxx" MMC tərəfindən qaldırılmış iddia üçün 88,16 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-ci il tarixli İF/06145 saylı X11 müqaviləsi üzrə cavabdehlərdən müştərək qaydada 6357.43 AZN borcun, 458.20 AZN yol hərəkəti qaydalarının pozulmasına görə inzibati cərimələrin, dövlət rüsumu olaraq ödədikləri 88.16 AZN məbləğin ödənilməsi və lizinq obyekti olan Nissan Teana minik markalı **-AE-*** dövlət nömrə nişanlı avtomobilin geri qaytarılması barədə iddiaçı "xxxx" MMC-nin xeyrinə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə təşkilatları arasında xx.xx.2023-cü il tarixli İF/06145 saylı 24 ay müddətli X11 müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən Nissan Teana minik markalı ** AE *** dövlət nömrə nişanlı avtomobil lizinq alan kimi onun istifadəsinə verilmişdir. X11 müqaviləsi ilə yanaşı 15 noyabr 2023-cü il tarixində Zamin2 və 6 aprel 2024-cü il tarixində Zamin1 ilə də zaminlik müqaviləsi bağlanılmışdır. Artıq üç aydan çoxdur ki, cavabdeh tərəfindən heç bir ödəniş edilmir və hal-hazırda lizinq obyekti onun istifadəsindədir. Cavabdeh müqavilə müddəti ərzində 1660 AZN (bir min altı yüz altmış manat) ödəniş etmişdir (əlavə olunur ödənişdən çıxarış). Cavabdehin xx.xx.2024-cü il tarixinə olan əsas borcu 4866.66 AZN (dörd min səkkiz yüz altmış altı manat 66 qəpik), faiz borcu 1404.86 AZN ( bir min dörd yüz dörd manat 86 qəpik), cərimə borcu 85.91 AZN (səksən beş manat 91 qəpik), cəmi 6357.43 AZN (altı min üç yüz əlli yeddi manat 43 qəpik) təşkil edir (əlavə olunur maliyyə arayışı). Avtomobil cavbdehlərin istifadəsində olarkən 458.20 AZN (dörd yüz əlli səkkiz manat 20 qəpik) yol hərəkəti qaydalarının pozulmasına görə inzibati cərimələr yaranmışdır (əlavə olunur SMS radar proqramından çıxarış). Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, təklif edir ki, maliyyə arayışı təqdim edilən vaxta olan borc ödənilsə, lizinq alanın avtomobili öz adına keçirməsinə etirazları olmayacaqdır. Tələb etdikləri məbləğ 6357 manat 2024-cü ilin sentyabr ayına kimi hesablanmış borcdur. Maşını təhvil versələr də, satışı onların iştirakı ilə olmayıb. İkinci təklif odur ki, məhkəmə qətnaməsi çıxır faizin hesablanması dayanır və sonrakı məsələləri icra qaydasında həll edirlər. Əvvəlki məhkəmə iclaslarında iddiaçının nümayəndəsi iddia tələbinin dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, Cavabdeh məhkəmə iclasında verdiyi izahatı ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Odur ki, cavabdehin izahatı əsassızdır. Cavabdeh ərizə ilə iddiaçıya müraciət edərək, Zamin1 və Zamin2 etibarnamə verilməsini xahiş etmişdir. Etibarnamə Cavabdeh razılığı əsasında iddiaçı tərəfindən verilmişdir. Lizinq alanın şəxsin iradəsi olduğundan avtomobilin idarə olunması üçün digər şəxslərə etibarnamə verilmişdir. Məhəmməd "xxxx" MMC-də səlahiyyətli şəxs deyildir. Həmin şəxs "xxxx" MMC-də kredit mütəxəssisi vəzifəsində çalışır. Nəzərov Saleh Zamin1 oğludur. İddiaçı məhkəməyə iddia ərizəsi verilən vaxtadək pulunu və avtomobili cavabdehlərdən geri tələb edir. Müqavilənin şərtlərinə əsasən lizinq alan avtomobili saz vəziyyətdə saxlamalı idi. Pul tam ödənildiyi təqdirdə avtomobil cavabdehin mülkiyyətinə keçiriləcəkdir və ya cavabdeh tərəfindən bu günə olan borcunu ödədiyi təqdirdə iddiadan imtina edilə bilər. Hesab edir ki, cavabdehlərin bu vəziyyətə düşməsinə səbəb MMC-nin Məhəmməd adlı işçisi olmuşdur. Bundan başqa bildirir ki, cavabdehlər bu günə olan borclarını ödəsələr, yenidən qrafik açıla bilər. Avtomobilin borcu ödənildiyi təqdirdə avtomobilin cavabdehə verilməsinə etirazı yoxdur. Sığorta şirkəti tərəfindən ödənilmiş 910 manat məbləğində pul vəsaiti borcdan çıxılmışdır. Avtomobil səhv etmirsə, hadisə vaxtı Zamin1 istifadəsində olmuşdur. Avtomobilin Zamin1 əvvəl kimin alması barədə iddiaçının nümayəndəsi olaraq onda heç bir məlumat yoxdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, məbləği tam həcmdə ödəməyə maddi imkanı yoxdur. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, cavabdeh Zamin2 uşaqlıq dostudur. Onun adına VÖEN olduğu üçün Zamin2 avtomobili onun adına almaq istədiyini bildirmiş və o da, təkliflə razılaşmışdır. Bundan sonra "xxxx" MMC-yə getmişlər. Onu da bildirmək istəyir ki, avtomobili Zamin2 "xxxx" MMC-nin Məhəmməd adlı işçisi ilə əlbir olan Ramal adlı şəxs satmışdır. Müqavilə onun adına olsa da, yol vərəqəsi Zamin2 verilmişdir. Zamin2 avtomobili təxminən 20-21 gün idarə etdikdən sonra avtomobilin nasaz olduğunu müəyyən etdi. Bu zaman Zamin2 Ramal adlı şəxsə zəng edərək, avtomobili nasaz olduğu üçün qaytarmaq istədiyini bildirdi. Bundan sonra Ramal və Məhəmmədlə görüşmüşlər. Ramal avtomobilə görə ödənilmiş 2200 manat puldan 1500 manat Zamin2 qaytarmışdır. Ramal ona avtomobili alan Bahadur adlı şəxsə etibarnamə verməyini bildirdiyindən, həmin şəxsə etibarnamə vermiş, lakin daha sonra avtomobilin onun adından çıxarılmasını xahiş etmişdir. Bundan başqa lizinq müqaviləsi Zamin1 ilə bağlanacağı təqdirdə etibarnamə verəcəyini bildirmişdir. Ramal növbəti ay avtomobilin adından çıxarılacağını, növbəti ayın ödəniş vaxtı müqavilənin Zamin1 ilə bağlanacağını bildirdi. Bundan başqa ödənişlərdə uyğunsuzluqlar var. Zamin1 onun yanında Məhəmmədin bank kartına 400 manat pul göndərmişdir. Avtomobil hazırda öz işlətdiyi avto servisdə təmir olunmuşdur. Ramaldan aldığı məlumata əsasən avtomobil Zamin1 istifadəsində olan zaman vurulmuşdur. Məhkəməyə gəlməmişdən əvvəl Məhəmmədlə danışmış, Məhəmməd bir daha aylıq ödənişləri etmələrini və başqa problemlərin olmadığını bildirmişdir. O, Məhəmmədlə olan danışığı yazmışdır. Bundan başqa sonuncu dəfə avtomobili Ramala qaytaran zaman Məhəmmədə bu barədə məlumat vermişdir. Məhəmməd Ramalın tanış adam olduğunu, 1 aydan sonra onunla iddiaçı arasında bağlanmış lizinq müqaviləsinin ləğv ediləcəyini və bu məsələyə cavabdeh şəxs olduğunu bildirmişdir. Avtomobil 2023-cü ilin noyabr ayından yararsız olduğu üçün servisdədir. Avtomobil vurulan zaman Zamin1 olmuşdur. Hadisə zamanı sığorta ödənişi Zamin1 verilmədiyi üçün avtomobili Ramala qaytarmışdır. Ramalı alverçi kimi tanıyır. Məhkəmə iclasında iştirak edən cavabdeh Zamin2 izahatında bildirmişdir ki, maşın Məhəmmədin iştirakı ilə satılıb. Məhəmməd ödəniş üçün ona kod vermişdir. Ödəniş etmək istəyəndə hesab çıxmamışdır. Məhəməd də pulun özünə ödənilməsini təklif etmiş, bu haqq-hesabdan sonra ödəniş etməmişdir. Maşın birinci məhkəmə iclasında artıq onlarda olmuşdur. Məhəmmədə maşının qaytarılmasını bildirmişdir. Ona demişdilər ki, adında gecikmə var, maşın satıldığı artıq qiymətdən hər özünə çatanı alacaqdı. Maşın onların istifadəsində olmasının müddəti 1 ay tamam olmadı 15-16 gün çəkdi. Ramal maşının texniki pasportunu verməyib. Əvvəlki məhkəmə iclasında iştirak edən Zamin2 izahatında bildirmişdir ki, avtomobil hazır kreditdə olmuşdur. Həmin avtomobili Ramal adlı şəxsdən ilkin olaraq 2200 manat ödəniş etməklə almış. Avtomobili 20 gün idarə etdikdən sonra avtomobilin nasaz olduğunu müəyyən etmiş, bununla bağlı Ramalla əlaqə saxlamış, Ramal avtomobili qaytarmağını bildirmiş, ona avtomobil üçün ilkin olaraq ödədiyi 2200 manat puldan 1500 manat qaytarmış, qalan məbləği isə Ramala halal etdiyini bildirmişdir. Təxminən 1 həftə əvvəl "xxxx" MMC-yə yaxınlaşaraq, avtomobili yenidən götürmək istədiyini bildirmişdir. Bu zaman bankın Məhəmməd adlı işçisi ona 360 manat ödəniş etməyini və bundan sonra 16 aylıq ödəniş edəcəyini bildirdi. Avtomobili Ramaldan götürən zaman avtomobilin qabaq buferi sağ farası qırıq vəziyyətdə idi. Bank avtomobilin vurulmasına görə sığorta şirkətindən 1500 manat pul almışdır. Lakin buna baxmayaraq, avtomobili təmir etdirməmişdir. Ramaldan aldığı məlumata əsasən avtomobilə görə ödənilən aylıq ödənişlər barədə bütün qəbzlər ondadır. Avtomobili düzəltdirməmiş, avtomobil Kia servisdədir. Avtomobilin hazırda aylıq 360 manat olmaqla, 16 ay krediti qalmışdır. Ödənişlə bağlı "xxxx" MMC-yə yaxınlaşsa da, orada ödəniş məbləğinin faiz borcuna çıxılacağını, əsas borcun isə yerində qalacağı bildirilmişdir. Daha dəqiq “BOKT” İDK-də 2000 manat ödəniş etməyi bildirilmiş, həmin məbləğdən 500 manatın avtomobilin cərimələrinə, 1500 manatın isə faiz borcuna çıxılacağı bildirilmişdir. Bundan başqa təxminən 2 ay əvvəl avtomobili Ramal adlı şəxsdən götürən zaman avtomobilin cəriməsinin və aylıq ödənişlərində gecikmənin olmadığını bildirmişdir. Avtomobili götürən zaman avtomobil vuruq vəziyyətdə idi, Ramal hətta ona 1500 manat sığorta ödənişinin ödəniləcəyini bildirmişdir. Lakin sonradan təxminən 900 manat sığorta ödənişinin aylıq borca çıxıldığı məlum olmuşdur. Sonradan avtomobilin 500 manatdan çox cərimələrinin olduğu, eyni zamanda nə texniki baxışdan keçdiyini, nə də ki, icbari sığortasının olmadığı məlum oldu. İkinci dəfə Ramaldan avtomobili götürən zaman, avtomobilin borcuna görə 370 manat ödəniş etməklə 16 ay borcun qaldığını bildirmişdir. MMC-nin Məhəmməd adlı əməkdaşı 2000 manat ödəniş etdikdən sonra yeni qrafikin açıla biləcəyini bildirmişdir. Bankın əməkdaşı ilə razılaşsa da, ödənişin əksəriyyətinin faizə çıxılacağını bildirmişdir. Ona görə də, ödəniş etməmişdir. Hazırda avtomobil servisdədir. Bundan başqa Ramal məhkəmədə şahid qismində izahat verəcəyini ona bildirmişdir. Lakin bu gün məhkəməyə gəlməmişdən əvvəl bir neçə dəfə Ramala zəng etsə də, zənglərinə cavab verməmişdir. Avtomobili Ramal adlı şəxsdən təxminən 2 aydır ki, götürmüş, Ramal avtomobili Bahadırdan götürüb ona vermişdir Avtomobil hazırda servisdədir. Avtomobilə görə aylıq ödəniş etməmişdir. Belə ki, avtomobil onda heç 1 ay olmamışdır. 1 ay tamam olmamış Ramal avtomobili satıb-satmadığını soruşmuş, o isə avtomobili satmaq istədiyini Ramala bildirmişdir. Bundan sonra Ramal avtomobili Bahadıra satmışdır. Ramalın bildirməsinə görə, Bahadır adlı şəxs avtomobilin aylıq ödənişləri ilə bağlı 400 manat və iki dəfə 300 manat ödəniş etmiş, Ramal isə həmin ödənişləri “BOKT” İDK-nin Məhəmməd adlı əməkdaşının bank kartına göndərmişdir. Avtomobil Ramalda olan zaman Ramalın deməsinə görə hər ay ən azı 300 manat ödəniş etmişdir. Ramalın “BOKT” İDK ilə hər hansı bağlılığının olubolmaması barədə məndə məlumat yoxdur. Avtomobili Bakıxanov qəsəbəsində Ramaldan alsa da, avtomobili idarə etməyi ilə bağlı etibarnamə “BOKT” İDK tərəfindən verilmişdir. Ona birinci dəfə avtomobili götürərkən idarə etmək üçün etibarnamə verilmişdir. Bundan sonra etibarnamə verilməmişdir. Avtomobili alarkən VÖEN-i olmadığı üçün müqavilə Cavabdeh ilə bağlanmışdır. Onunla isə zaminlik müqaviləsi bağlanmışdır. Avtomobili 15-20 gün idarə etdikdən sonra, təxminən 2023-cü ilin dekabr ayında Ramala satmışdır. Ramal isə avtomobili satdığı şəxs 1 ay ödəniş etdikdən sonra “BOKT” İDK ilə Cavabdeh arasında bağlanmış lizinq müqaviləsinin ləğv olunacağını bildirmişdir. Məhəmməd tərəfindən ona heç bir ziyan vurulmayıb, əksinə işlərini səhmana salmışdır, bu səbəbdən Məhəmməd barəsində şikayət etmir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(001)-605/2025 nömrəli qətnaməsinə əsasən iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh və Zamin2 müştərək qaydada 1278,56 (bir min iki yüz yetmiş səkkiz manat, əlli altı qəpik) manat, cavabdeh Zamin1 395 (üç yüz doxsan beş) manat məbləğində pul vəsaitinin iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması, “Nissan Teana” minik markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehlər Cavabdeh və Zamin2 alınaraq, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun 23 (iyirmi üç) manat məbləğində hissəsinin cavabdehlər Cavabdeh, Zamin2 və Zamin1 müştərək qaydada "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması, qalan hissəsinin iddiaçıya aid edilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı ilə Cavabdeh arasında maliyyə lizinqi müqaviləsindən yaranan öhdəlik münasibətləri vardır. Belə ki, iddiaçı 2004-cü il buraxılışlı Nissan Teana minik markalı nəqliyyat vasitəsini sonrakı lizinq alan kimi onun istifadə və sahibliyinə vermiş, öz növbəsində lizinq alan 24 ay müddətində aylıq 369.64 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. Bununla belə işin hallarından müəyyən edilir ki, lizinq verən sonradan zaminlik müqaviləsi kimi rəsmiləşdirdiyi, əslində öhdəliklərin üçüncü şəxsə verilməsi ilə bağlı olan Zamin1 ilə müqavilə bağlamışdır. Mülki qanunvericilik kreditorun razılığı ilə öhdəliyin üçüncü şəxsə verilməsi imkanını təsbit etmişdir. Belə ki, Mülki Məcəllənin 522-ci maddəsi və 683-cü maddəsi bununla bağlı məsələləri tənzimləyir. Məhkəmənin bu qənaəti ondan iraəli gəlir ki, 2024-cü ilin mart ayında lizinq alana müqavilədən imtina etməklə bağlı xəbərdarlıq göndərilir, 2024-cü ilin aprelində lizinq alanın tanımadığı şəxslə həmin “zaminlik” müqaviləsi bağlanır, həmin gün və növbəti ödəniş vaxtı lizinq alanın hesabına pul vəsaiti ödənilir, həmin tarixdə də Zamin1 avtomobili idarə etmək üçün 1 aylıq etibarnamə verilir, sonradan da həmin etibarnamə 1 ay müddətinə də uzadılır. Göründüyü kimi iddiaçının hərəkətləri öhdəliyin üçüncü şəxsə verilməsi ilə bağlı olmuş, lakin iddiaçının işçisi rəsmiləşdirməni həmin qaydada aparmamışdır. Eyni zamanda iddiaçının bankın işçisi olan Məhəmməd adlı şəxsin hərəkətlərinə görə cavabdehlik daşımalı olmaması ilə bağlı etirazını isə məhkəmə ona görə əsassız hesab edir ki, həmin şəxs kredit mütəxəssisi kimi proseslərin iştirakçısı olmuş və onun təmsilçi kimi səlahiyyəti də fəaliyyət göstərdiyi şəraitdən bəllidir. (Bax MM 359.1-ci maddəsi) Göstərilənlərə əsasən məhkəmə iddianı cavabdehlər Cavabdeh və Zamin2 münasibətdə qismən əsaslı hesab edir. Belə ki, lizinq obyektinin 2024-cü ilin aprel ayına qədər lizinq alanın istifadə və sahibliyində olmadığını təsdiq edən hər hansı sübut olmadığından, lizinq alan müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etmədiyindən məhkəmə o qənaətə gəlir ki, lizinq obyektindən həmin dövrdə istifadə ilə bağlı həm lizinq alan Cavabdeh, həm də Zamin2 müştərək qaydada vəsait tutulmalıdır. Bu isə 4 ay üçün hər ay 369.64 manat olmaqla və edilən 200 manat ödəniş nəzərə alınmaqla 1278.56 manat təşkil edir. Odur ki, həmin məbləğ cavabdehlər Cavabdeh və Zamin2 müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə eyni zamanda lizinq obyektinin hazırda Cavabdeh və Zamin2 sahibliyində olduğunu nəzərə alaraq hesab etmişdir ki, lizinq müqaviləsi üzrə öhdəliklər lazımı qaydada icra edilmədiyindən lizinq verən lizinq müqaviləsini vaxtından əvvəl ləğv etməkdə və lizinq obyektini geri almaqda haqlıdır. Odur ki, “Nissan Teana” minik markalı, **-AE-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi cavabdehlər Cavabdeh və Zamin2 alınaraq iddiaçıya verilməlidir. Məhkəmə lizinq obyektindən istifadə zamanı yol hərəkəti qaydalarının pozulması nəticəsində tətbiq edilmiş inzibati cərimələr qismində vurulmuş zərərin tutulması ilə bağlı iddianı da qismən əsaslı hesab edib qeyd etmişdir ki, lizinq obyektinin Zamin1 istifadəsində olduğu müddətdə 395 manat məbləğində inzibati qaydada cərimə edilmişdir və həmin cərimələr avtomobili idarə edən şəxsin barəsində tətbiq edilsə də, nəticədə avtomobillə bağlı məhdudiyyətlər yaradır. Bu səbəbdən də vurulmuş zərərə görə məsuliyyəti avtomobilə sahiblik edən Zamin1 daşımalıdır. İnzibati cərimələrin məbləğinin 458.2 manat olduğu iddia edilsə də, iddiaçı bu barədə sübut təqdim etməmişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 359.1, 385.1, 386.1, 427.3, 442, 448.1, 462.1, 472.1, 472.2, 465.2, 747.1, 748-1.9, 748- 1.12, 748-2.3, 748-10.1, 748-7.1, 748-9, 750, 751-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(001)-605/2025 nömrəli qətnaməsindən iddiaçı "xxxx" X5 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin tam şəkildə təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə, belə qənaətə gəldi ki, lizinqverən sonradan zaminlik müqaviləsi kimi rəsmiləşdirdiyi, əslində öhdəliklərin üçüncü şəxsə verilməsi ilə bağlı olan Zamin1 ilə müqavilə bağlamışdır. Mülki qanunvericilik kreditorun razılığı ilə öhdəliyin üçüncü şəxsə verilməsi imkanını təsbit etmişdir. Belə ki, Mülki Məcəllənin 522-ci maddəsi və 683-cü maddəsi bununla bağlı məsələləri tənzimləyir. 2024-cü ilin aprelində lizinqalanın tanımadığı şəxslə həmin “zaminlik” müqaviləsi bağlanır, həmin gün və növbəti ödəniş vaxtı lizinqalanın hesabına pul vəsaiti ödənilir, həmin tarixdə də Zamin1 avtomobili idarə etmək üçün bir aylıq etibarnamə verilir, sonradan da həmin etibarnamə 1 ay müddətinə də uzadılır. Göründüyü kimi iddiaçının hərəkətləri öhdəliyin üçüncü şəxsə verilməsi ilə bağlı olmuş, lakin iddiaçının işçisi rəsmiləşdirməni həmin qaydada aparmamışdır. Eyni zamanda iddiaçının bankın işçisi olan Məhəmməd adlı şəxsin hərəkətlərinə görə cavabdehlik daşımalı olmaması ilə bağlı etirazını isə məhkəmə ona görə əsassız hesab edir ki, həmin şəxs kredit mütəxəssisi kimi proseslərin iştirakçısı olmuş və onun təmsilçi kimi səlahiyyəti də fəaliyyət göstərdiyi şəraitdən bəllidir. Göstərilənlərə əsasən məhkəmə iddianı cavabdehlər Cavabdeh və Zamin2 münasibətdə qismən əsaslı hesab edir. Belə ki, lizinq obyektinin 2024-cü ilin aprel ayına qədər lizinq alanın istifadə və sahibliyində olmadığını təsdiq edən hər hansı sübut olmadığından, lizinq alan müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etmədiyindən məhkəmə o qənaətə gəlir ki, lizinq obyektindən həmin dövrdə istifadə ilə bağlı həm lizinq alan Cavabdeh, həm də Zamin2 müştərək qaydada vəsait tutulmalıdır. Bu isə 4 ay üçün hər ay 369.64 manat olmaqla və edilən 200 manat ödəniş nəzərə alınmaqla 1278.56 manat təşkil edir. Odur ki, həmin məbləğ cavabdehlər Cavabdeh və Zamin2 müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə eyni zamanda lizinq obyektinin hazırda Cavabdeh və Zamin2 sahibliyində olduğunu nəzərə alaraq hesab edir ki, lizinq müqaviləsi üzrə öhdəliklər lazımı qaydada icra edilmədiyindən lizinq verən lizinq müqaviləsini vaxtından əvvəl ləğv etməkdə və lizinq obyektini geri almaqda haqlıdır. Odur ki, “Nissan Teana” minik markalı, **-AE-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi cavabdehlər Cavabdeh və Zamin2 alınaraq iddiaçıya verilməlidir. Məhkəmənin öhdəliklərinin üçüncü şəxsə verilməsi mövqeyi ilə bağlı onu bildirlər ki, - Cavabdeh xx.xx.2024-cü il tarixli ərizəsindən də görüldüyü kimi, Nəzərov Bahadurun zamin kimi götürülməsi və ona lizinq obyektinin idarə edilməsi üçün etibarnamənin verilməsindən ibarətdir. Həmin ərizə lizinq alanın hüququ və öhdəlikərin lizinq alana keçnəsi mənasına gəlmir. Mülki Məcəllənin 522.2-ci Əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur maddəsindən görüldüyü kimi, lizinq verən kimi onların belə razılığı olmamışdır, razılığı olacağı təqdirdə tərəflərndən yeni müqavilə bağlanacaq idi. Təşkilatın işçisi təsimləşdirməni edəcək tərəf deyil. Müqavilə və ona dəyişiliklər yalnız təşkilatın direktoru və onu əvəz edən şəxs tərəfindən həyata keçirilir. Lizinq obyekti nəinki, 2024-cü ilin aprel ayında qədər bu günə qədər cavabdeh lizinq alan Cavabdeh istifadəsində və sahibliyindədir. Cavabdeh onu başqasının istifadəsinə və ya sahibliyinə verməsi, onu müqavilə üzrə öhdəsinə götürdüyü aylıq ödəniş etmək məsuliyyətindən azad etmir. Lizinq alan məhkəmədə verdiyi izahatında bildirdimişdir ki, o avtomobili kimlərinsə vasitəçiliyi ilə digər şəxslər vermişdir. Lizinq obyektinin onlara qaytarılması ilə bağlı onu bildirlər ki, birinci instansiya məhkəməsində təşkilatın nümayəndəsi cavabdehə təklif edib ki, bu günə olan 6357.43 manat borcunu ödəsin lizinq obyektinin onun adına rəsimləşdirilməsi üçün sənədləri müvafiq orqana təqdim edək. Cavabdeh cavab olaraq bildirb ki, avtomobilin indiki vəziyyəti onun borcunu bağlayacaq qədər normal vəziyyətdə deyil. Aralarında bağlanan X11 Müqaviləsindən də görüldüyü kimi lizinq alan avtomobili saz vəziyyətdə saxlamalıdır və lizinq obyekti geri qaytarılanda saz vəziyyətdə geri qaytarılmalıdır. Tərəflər arasında bağlanılan İF/06080 saylı xx.xx.2023-cü il tarixli X11 müqaviləsindən 10.4-cü bəndinə əsasən Lizinq alanın təqsiri ucbatından müqavilə ləğv olunduqda zərərin və cərimənin məbləğindən aslı olmayaraq onun əvvəllər ödədiyi məbləğ geri qaytarılmır və lizinq verənin xeyrinə silinir. Məhkəmə cavabdehin ümumi borcundan, lizinq obyekyi üçün ödədiyi avans məbləğin çıxılması hesab edirlər ki, məhkəmənin iş materilların digər sübutlarına baxmyaraq bu qənaətə gəlməsi MPM-nin müvafiq maddəsinin pozuntusu hesab edilməlidir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixinə təyin edilən iclasında iddiaçı "xxxx" X3 nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edib, şikayətin məzmununa uyğun izahat verib, əlavə olaraq izahatında göstərmişdir ki, cavabdehlərə bildiriş göndərilsə də, tərəflər arasında lizinq müqaviləsindən irəli gələn münasibətlər davam etmiş, lizinq müqaviləsi üzrə ödənişlər də edilmişdir. Birinci instansiya məhkəməsi ən azından iddiaçının məhkəməyə müraciət etdiyi dövrə qədər olan müddət üçün əsas borc üzrə iddia tələbini təmin etməli idi. Məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixinə təyin edilən iclasında Cavabdeh apellyasiya şikayəti ilə razılaşmayıb, şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixinə təyin edilən iclasında Zamin2 apellyasiya şikayəti ilə razılaşmayıb, şikayətin təmin edilməməsini xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı "xxxx" X4, cavabdehlər Cavabdeh, Zamin2 və Zamin1 rəsmi qaydada məlumat verilmiş, tərəflər məhkəmə iclasına gəlməmişlər, Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi İ. Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. İİİ. Məhkəmə hakimiyyəti Konstitusiya, mülki və cinayət məhkəmə icraatı vasitəsilə və qanunla nəzərdə tutulmuş digər vasitələr ilə həyata keçirilir. Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Maddə 127. Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri İ.Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Maddə 129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; Maddə 472.2. Zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; Maddə 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur; Maddə 748-1.9. Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, Lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır; Maddə 748-1.12. Lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır; Maddə 748-2.3. Lizinq verən bu Məcəllənin 748-1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir; Maddə 748-10.1. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir; Maddə 748-7.1. Lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Maddə 748-9. Əgər lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın günahı üzündən lizinq obyektinin itirilməsi və ya lizinq obyektinin öz funksiyalarının itirməsi lizinq alanı lizinq müqaviləsi üzrə öhdəliklərindən azad etmir. Maddə 750. Lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. Maddə 751. Lizinq barəsində əmlak kirayəsi müqaviləsinin bu Məcəllənin 747-750-ci maddələrinə zidd olmayan qaydaları tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Maddə 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı işdə iddia qismən təmin olunduğundan, iddiaçı qətnamənin ləğv edilərək iddia tələblərinin tam təmin edilməsini xahiş etdiyindən, qətnamənin əsaslığı onun faktiki olaraq mübahisələndirilən hissəsində, yəni iddia tələblərinin təmin edilməyən hissəsində yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-605/2025 nömrəli qətnaməsi iddiaçının lizinq müqaviləsi üzrə tələb etdiyi ödənişlərə görə cavabdehlər Cavabdeh və Zamin2 tutulmalı olan məbləğ hissəsində dəyişdirilməlidir. Belə ki, mülki iş üzrə tədqiq olunan sübutlardan müəyyən olunur ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında maliyyə lizinqi müqaviləsindən yaranan öhdəlik münasibətləri yaranmış, iddiaçı 2004-cü il buraxılışlı Nissan Teana minik markalı nəqliyyat vasitəsini sonrakı lizinq alan kimi bu cavabdehin istifadə və sahibliyinə vermiş, öz növbəsində lizinq alan 24 ay müddətində aylıq 369.64 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. İşin hallarından daha sonra müəyyən olunur ki, lizinq verən sonradan zaminlik müqaviləsi kimi rəsmiləşdirdiyi, əslində öhdəliklərin üçüncü şəxsə verilməsi ilə bağlı olan Zamin1 ilə müqavilə bağlamış, 2024-cü ilin mart ayında lizinq verən lizinq alana müqavilədən imtina etməklə bağlı xəbərdarlıq göndərmiş, 2024-cü ilin aprelində lizinq alanın tanımadığı şəxslə həmin “zaminlik” müqaviləsi bağlanmış, həmin gün və növbəti ödəniş vaxtı lizinq alanın hesabına pul vəsaiti ödənilmiş, həmin tarixdə də Zamin1 avtomobili idarə etmək üçün 1 aylıq etibarnamə verilmiş, sonradan da həmin etibarnamə 1 ay müddətinə uzadılmışdır. Beləliklə iddiaçının hərəkətləri öhdəliyin üçüncü şəxsə verilməsi ilə bağlı olmuş, lakin iddiaçının işçisi rəsmiləşdirməni həmin qaydada aparmamışdır. Baxmayaraq ki, mülki qanunvericilik kreditorun razılığı ilə öhdəliyin üçüncü şəxsə verilməsi imkanını təsbit edir. (MM-in 522, 683-cü mad.) Məhkəmə kollegiyası da iddiaçının nümayəndəsinin iddiaçının işçisi olan Məhəmməd adlı şəxsin hərəkətlərinə görə cavabdehlik daşımalı olmaması ilə bağlı etirazını qəbul etməyərək qeyd edir ki, kredit mütəxəssisi kimi proseslərin iştirakçısı olan Məhəmmədin təmsilçi olaraq iddiaçının verdiyi səlahiyyətlər əsasında fəaliyyət göstərməsi şəraitdən bəllidir. Belə ki, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. (MM 359.1-ci mad.) Lakin kollegiya hesab edir ki, birinci istansiya məhkəməsi iddiaçının lizinq müqaviləsi üzrə tələb etdiyi ödənişlərin cavabdehlər Cavabdeh və Zamin2 münasibətdə qismən əsaslı hesab edib tutulmalı olması barədə düzgün nəticəyə gəlsə də, tutulmalı olan məbləğin miqdarı ilə bağlı səhv nəticəyə gəlmişdir. Belə ki, lizinq obyekti 2024-cü ilin aprel ayına qədər lizinq alanın istifadə və sahibliyində olduğundan, lizinq alan müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etmədiyindən, lizinq verən "xxxx" MMC tərəfindən Cavabdeh 29 mart 2024-cü il tarixli, 2024/107 nömrəli pretenziya məktubu göndərsə də, Zamin1 ilə xx.xx.2024-cü il tarixli zaminlik müqaviləsi bağlayıb lizinq müqaviləsini onun istifadəsinə versə də, daha sonra lizinq predmetinin lizinq alanın istifadəsinə qaytarılmaqla tərəflər arasında lizinq müqaviləsindən irəli gələn hüquq münasibətlərinə xitam verilməmiş, əksinə bu münasibətlər davam etdirilmişdir. Ona görə də kollegiya hesab edir ki, birgə borclular olan cavabdehlər Cavabdeh və Zamin2 lizinq ödənişləri ilə bağlı iddiaçının hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi xx.xx.2024-cü il tarixədək ödənilməyən əsas və faiz borcuna görə ((10 ay x 369,64=3696,4); (3696,4-1660=2036,4)) 2036,4 manat, cəriməyə görə 10 manat olmaqla cəmi 2046,4 manat müştərək qaydada tutulmalı, iddia ərizəsi bu tələb üzrə qalan hissədə təmin edilməməlidir. Kollegiya eyni zamanda hesab edir ki, lizinq obyektindən istifadə zamanı yol hərəkəti qaydalarının pozulması nəticəsində tətbiq edilmiş inzibati cərimələr qismində vurulmuş zərərin tutulması ilə bağlı iddia tələbini qismən təmin edən birinci instansiya məhkəməsinin gəldiyi nəticəsi düzgündür. Belə ki, iddiaçı iddia tələbində istinad etdiyi halları sübut etməlidir. İnzibati cərimələrin məbləğinin 458.2 manat olduğu iddia edilsə də, iddiaçı bu tələbinin tam təmin edilməsinə əsas olan sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: İddiaçı "xxxx" X5 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-605/2025 nömrəli qətnaməsi dəyişdirilsin. Cavabdehlər Cavabdeh və Zamin2 müştərək qaydada 2046,4 manat iddiaçı "xxxx" X3 xeyrinə tutulsun. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar