Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2848/2021 18.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı X2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Bakı şəhəri Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi və həmin ərazinin cavabdehin vəsaiti hesabına əvvəlki vəziyyətinə qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 sentyabr 2019-cu il tarixli, 2(006)-4905/2019 saylı qətnaməsindən və iddiaçı X2 Cavabdeh qarşı “tikilinin sökülməsi” tələbinə mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 noyabr 2019-cu il tarixli, 2(006)- 5320/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən apellyasiya baxışı zamanı bir icraatda birləşdirilmiş mülki işlərə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Nəsimi Rayon Mənzil - Kommunal Təsərrüfat Birliyi Cavabdeh qarşı «qanunsuz tikilinin sökülməsi və həmin ərazinin cavabdehin vəsaiti hesabına əvvəlki vəziyyətinə qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh tərəfindən Novruzov Qardaşları küçəsi 170k saylı ünvanda heç bir müvafiq icazə sənədləri olmadan mənzilinin üst hissəsində qanunsuz tikinti işləri aparılmışdır. Həmin əraziyə xidmət göstərən 59 saylı MKİS tərəfindən cavabdehə xəbərdarlıq edilmişdir ki, apardığı qeyriqanuni tikilini söküb əvvəlki vəziyyətinə qaytarsın. Lakin cavabdeh bu işləri yerinə yetirməkdən imtina etmişdir. Ona görə də bu barədə 17.07.2019-cu il tarixli akt tərtib olunmuşdur. Cavabdehin özbaşına heç bir müvafiq icazə sənədi olmadan apardığı tikinti işləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.2000-ci il tarixli 160 saylı qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş Şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq İcra Hakimiyyəti orqanları ilə razılaşdırılması qaydalarının” tələblərinə ziddir. Qeyd olunanlara əsasən, Cavabdeh tərəfindən Novruzov Qardaşları küçəsi 170k saylı ünvanda heç bir rəsmi icazə sənədi olmadan inşa edilmiş qanunsuz tikilinin sökülməsi və həmin ərazinin cavabdehin vəsaiti hesabına əvvəlki vəziyyətinə qaytarılması haqqında qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4905/2019 saylı, 17 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh ünvan 1 ünvanda inşa etdiyi qanunsuz tikilinin Cavabdeh vəsaiti hesabına sökülməsi və həmin ərazinin cavabdehin vəsaiti hesabına əvvəlki vəziyyətinə qaytarılması qət edilmişdir. Cavabdeh apelyasiya şikayəti verərək, qətnaməni ləğv edib iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, birinci iclas zamanı o, tikilinin qanunsuz olduğunu etiraf etməmiş, sadəcə bildirmişdir ki, bir neçə qonşuda analoji tikililər inşa edilmişdir, onlarla bağlı niyə hər hansı tədbir görülmür. Hüquqi cəhətdən özünü tam müdafiə edə bilmədiyindən növbəti iclaslarda vəkil tutmuş, özü isə həmin iclada iştirak etməmişdir. Lakin məhkəmə heç bir sübuta əsaslanmadan onun birinci iclasda səsləndirdiyi fikirlərə əsaslanaraq işi tam və hərtərəfli araşdırmadan ekspertiza təyin etmədən əsassız qətnamə qəbul etmişdir. O, iddiaçının iddiasını etiraf etməmiş, səsləndirdiyi ifadənin iddianı etiraf kimi qiymətləndirilməsinə bu şikayətlə etiraz edir. Ən azından məhkəmə həmin tikiliyə baxış keçirməli, işin tam və obyektiv araşdırılması üçün ekspertiza təyin etməli idi. Halbuki, məhkəmə iş üzrə müddətin bitdiyini bildirərək işi yekunlaşdırmışdır. Tikintisi həyata keçirilən obyekt 12 metri aşmamış və şəhərin estetik görünüşünə heç bir xələl gətirməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10.06.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 sentyabr 2019-cu il tarixli, 2(006)4905/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 23.11.2020-ci il tarixli qərarı ilə Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 iyun 2020-ci il tarixli, 2(103)706/2020 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Digər mülki iş üzrə iddiaçı X5 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Novruzov Qardaşları küçəsində yerləşən 170 saylı evin sahibəsi Cavabdeh Azərbaycan Respublikasının Mənzil, Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə zidd əməllərinə hüquqi qiymət verilərək, qanunsuz tikdiyi ikinci mərtəbənin dərhal sökülərək əvvəlki vəziyyətinə qaytarılması, dövlət rüsumu kimi ödədiyi 30 manatın cavabdehdən tutularaq onun hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2006-cı ildən Bakı şəhəri. Nəsimi rayonu, Novruzov Qardaşları küçəsində yerləşən 170 saylı fərdi yaşayış evində yaşayır. Həmin ev iddiaçının xüsusi mülkiyyətidir. Ev 1965-ci ildə 20 sm enində tək daşla tikildiyindən və eyni zamanda tikinti materiallarının da artıq öz istismar müddətini başa vurduğundan divarlarda tez-tez müxtəlif çatlar əmələ gəlir. Bu səbəbdən də evi ildə iki dəfə yenidən təmir etməli olurlar. Ev sol, arxa və sağ tərəflərdən qonşularla əhatə olunmuş və tək daşla tikilmiş ortaq və ya bitişik divarla sərhədlənib. Üstündə ikinci mərtəbə tikmək qonşular və ya digər üçüncü şəxslərin həyat və sağlamlığı üçün çox ciddi bir təhlükə olduğundan mümkünsüzdür. Lakin 2018-ci ildə iddiaçının evinə bitişik qonşu evini almış yeni qonşu Cavabdeh Azərbaycan Respublikasının Mənzil, Şəhərsalma və Tikinti Məcəllələrinin tələblərinə zidd olaraq, iddiaçı və digər qonşularla heç bir razılaşma aparmadan, iddiaçıya məxsus fərdi yaşayış evinin tək qat kubiklə 1965-ci ildə tikilmiş divarının üstündə iddiaçının razılığı olmadan, eləcə də tikinti norma və qaydalarını pozmaqla, iddiaçının evinin şiferlərini sökərək özünə 70 kv.m-dən artıq sahədə əlavə yeni ikinci mərtəbənin qeyri-qanuni tikintisini aparmaqla artıq çoxdan istismar müddətini başa vurmuş evin uçma təhlükəsini daha da sürətləndirmiş və bununla da sağlamlıqları üçün çox ciddi təhlükə yaratmışdır. Bıından əlavə evin hər tərəfi digər tikililərlə bağlı olduğu üçün yalnız həmin tərəfdən hava axını və günəş işığı düşürdü, yeni qonşunun bu cür qanuna zidd hərəkətləri nəticəsində artıq həm hava axınına, həm də günəş işığına həsrət qalmışlar. Bu, ekoloji cəhətdən də ciddi təhlükədir. İddiaçı ikinci qrup əlildir. Evinə hava axını və günəş işığı kəsildiyindən artıq sağlamlığında da müxtəlif problemlər yaranmağa başlamışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 noyabr 2019-cu il tarixli, 2(006)- 5320/2019 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Novruzov Qardaşları 170 ünvanında Cavabdeh tərəfindən inşa edilmiş 2-ci mərtəbənin onun vəsaiti hesabına sökülərək əvvəlki vəziyyətinə qaytarılması qət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 noyabr 2019-cu il tarixli, 2(006)- 5320/2019 nömrəli qətnaməsindən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 mart 2021-ci il tarixli qərardadı ilə mülki işlər bir icraatda birləşdirilmişdir. Hazırki apellyasiya baxışı zamanı cavabdeh tərəf qətnamələrin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Hazırki apellyasiya baxışı zamanı iddiaçı X5 qətnamələrin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı Bakı şəhəri Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin nümayəndəsi kollegiyanın iclasında məhkəmə iclasında iştirak etmirlər. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Bakı şəhəri Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (MPM 372.6). Kollegiya iş üzrə Ali Məhkəmənin qərarında göstərilənləri də nəzərə almaqla, sədrlik edənin məruzəsini dinləyib, apellyasiya şikayətlərinin dəlillərini ayrı-ayrılıqda müzakirə edib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı hüquqi əsaslara görə apellyasiya şikayətləri təmin olunmamalı, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 sentyabr 2019-cu il tarixli, 2(006)-4905/2019 nömrəli və 05 noyabr 2019-cu il tarixli, 2(006)-5320/2019 nömrəli qətnamələri dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə görə: 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə ki, iddiaçı Bakı şəhəri Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin Cavabdeh qarşı olan mülki iş üzrə iş materiallarında olan, 59 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 17 iyul 2019-cu il tarixli, 39 saylı arayışından görünür ki, Cavabdeh Bakı şəhəri, N.Qardaşları küçəsi 170K ünvanında yaşayır. Mülki işdə olan, 59 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəisi, mühəndisi və sahə nəzarətçisi tərəfindən tərtib edilmiş 17.07.2019-cu il tarixli aktda göstərilmişdir ki, “əraziyə baxış zamanı Rasim Səfərov küçəsi (köhnə Novruzov qardaşları) 170 “K” saylı ünvanda yaşayan Cavabdeh tərəfindən müvafiq icazə sənədi olmadan tikinti işləri aşkar olundu. Rasim Səfərov küçəsi (köhnə Novruzov qardaşları) 170 “K” saylı ünvan MKİS-də olan sənədlərə əsasən Cavabdeh istifadəsində əlan bir mərtəbəli, həyət tipli, özəlləşdirilmiş özbaşına tikili kimi yaşayış evidir. Yerində yoxlama zamanı məlum oldu ki, həmin ünvanda Cavabdeh tərəfindən yaşadığı mənzilin dam hissəsində qeyri-qanuni olaraq tikinti işləri aparır.” İşdə olan, 59 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən Cavabdeh ünvanlanmış 15 iyul 2019-cu il tarixli, 15 saylı xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh aparmış olduğu qeyriqanuni tikintini bir gün müddətində söküb əvvəlki vəziyyətə gətirməsi xahiş edilmiş, əks təqdirdə isə barəsində müvafiq tədbirlərin görüləcəyi bildirilmişdir. İşdə olan, 59 saylı Mənzil-Kommunal İstismar Sahəsinin Bakı şəhər Nəsimi rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinə ünvanladığı 17.07.2019-cu il tarixli, 76 syalı məktubdan görünür ki, ünvan 5-İ tərəfindən əraziyə baxış keçirərkən Rasim Səfərov (köhnə Novruzov qardaşları) küçəsi 170K saylı ünvanda mənzilinin üst hissəsində heç bir müvafiq icazə sənədi olmadan qanunsuz tikili işi aşkar edilmişdir. 15.07.2019-cu il tarixdə həmin qanunsuz tikinti işi aparan Cavabdeh aparmış olduğu qanunsuz tikintinin sökülməsinə görə poçt vasitəsi ilə yazılı xəbərdarlıq göndərilmişdir. Birinci instansiya məhkəməsində məhkəmə prosesinin gedişatı zamanı Cavabdeh tərəfindən Rasim Səfərov (köhnə Novruzov qardaşları) küçəsi 170K saylı ünvanında aparılan tikilinin qanunsuz olması faktı mübahisələndirilməmiş və bu fakt cavabdeh tərəfindən etiraf edilmişdir. Birinci instansiya məhkəməsi mübahisənin hüquqi həlli ilə bağlı ilk növbədə qeyd etmişdir ki, Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamenti sədrinin 20 dekabr 2001-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin Əsasnaməsinin 2.2ci, 2.3-cü və 2.10-cu bəndlərinə əsasən, aidiyyətində olan mənzil-kommunal sahələrinə rəhbərlik, mənzil fondunun və kommunal təyinatlı obyektlərin istismar səviyyəsinin yüksəldilməsi, abadlaşdırılması, onların qorunması sahəsində tədbirlər görülməsi, rayonun sanitariya vəziyyətinin normal səviyyədə saxlanılması, mənzil-kommunal təyinatlı obyektlərin vaxtında pasportlaşdırılması, qeyri-yaşayış sahələrindən təyinatı üzrə səmərəli istifadə edilməsinin təmin edilməsi; dövlət, idarə və ictimai təşkilatlara məxsus mənzil fondunun, habelə kooperativ yaşayış binalarının və vətəndaşların xüsusi mülkiyyətində olan yaşayış evlərinin vəziyyətinə və istismarına nəzarət; mənzil fondunun əsaslı və cari təmirinə, dövlət, kooperativ və vətəndaşların xüsusi mülkiyyətində olan evlərin düzgün istismarına nəzarət Birliyinin vəzifələridir. Həmin Əsasnamənin 3.4-cü bəndinə görə, Birlik ümumi və iqtisad məhkəmələrində iddiaçı və cavabdeh kimi çıxış edə bilər. Belə olan halda, iddia tələblərinin Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin Əsasnaməsində nəzərdə tutulmuş vəzifələrin icrasından irəli gəldiyini nəzərə alaraq məhkəmə hesab edir ki, həmin MKTB, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-cı maddəsinə əsasən, Cavabdeh qarşı hazırkı tələbləri irəli sürməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci, 180.3-cü və 180.4-cü maddələrinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının təsdiq edilməsi barədə 4 sentyabr 2000-ci il tarixli, 160 nömrəli qərarının 1.1-ci, 1.2-ci, 3.2-ci, 3.3cü, 4.1-4.3-cü və 6-cı bəndlərinə əsasən, Respublika ərazisində yeni tikilən bina və qurğuların, mühəndis-nəqliyyat təminatı obyektlərinin yer üzərində yerləşdirilməsi, təsdiq edilmiş şəhərsalma sənədləri əsasında layihələşdirilməsi və inşa edilməsi qüvvədə olan tikinti norma və qaydalarına uyğun olaraq yerinə yetirilməlidir. Bu Qaydalar hüquqi və fiziki şəxslər tərəfindən əsassız olaraq və nəzarətsizlik şəraitində aparılan tikinti-quraşdırma və yenidənqurma işlərinin, binaların və qurğuların dayanıqlığını, zəlzələyə davamlılığını, uzunömürlülüyünü təmin edən normativ sənədlərin tələblərinin pozulması hallarının, ümumi istifadə sahələrinin, xüsusilə zirzəmilərin təyinatından kənar məqsədlər üçün istifadə olunması və bununla əlaqədar binanın yükgötürən konstruksiyalarının zəiflədilməsinin, mövcud binalarda artırmaların tikilməsi, eyvanların genişləndirilməsi və yenilərinin quraşdırılması, bünövrələrin, mərtəbəarası örtüklərin, yükdaşıyan divarların, arakəsmələrin sökülməsi, əlavə qapı və pəncərə boşluqlarının açılması hallarının qanunsuz olaraq müvafiq orqan və təşkilatlarla razılaşdırmadan həyata keçirilməsinin, tikinti normalarına əməl olunmadan qəbul edilən ixtiyarı yenidənqurma həllərinin... qarşısının alınması məqsədini daşıyır. Mövcud bina və ya qurğunun ilkin layihə sənədlərinin müəllifindən onlarda dəyişikliklərin aparılması barədə müvafiq razılıq alınmalı və dəyişikliklər ediləcək işlər üçün hazırlanmış layihə həmin müəllif ilə razılaşdırılmalıdır. Dəyişikliklər ediləcək sahənin layihə sənədlərini hazırlayarkən memarlıq, şəhərsalma, yanğın təhlükəsizliyi və sanitar normalarının tələbləri mütləq nəzərə alınmalıdır. Sifarişçi, mülkiyyət sahibi və ya icarədar ilk növbədə mövcud obyektdə ediləcək dəyişikliklərin məzmunu və məqsədi barədə şəhər (rayon) yerli icra hakimiyyətinə müraciət etməlidir. Bu müraciətə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi» və «Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin qərarı ilə təsdiq olunmuş formada təqdimat əlavə olunmalıdır. Müraciətə yerli icra hakimiyyəti tərəfindən təyin edilmiş və mütəxəssislərdən ibarət komissiya baxmalı və nəticəsi haqqında texniki rəy verməlidir. Şəhər (rayon) yerli icra hakimiyyətinin müvafiq memarlıq-tikinti xidməti mövcud obyektdə dəyişikliklərin eskiz cizgilərini nəzərdən keçirməli və bu barədə öz rəyini yerli icra hakimiyyətinin rəhbərliyinə bildirməlidir. Memarlıq-tikinti xidmətinin müvafiq rəyi nəzərə alınmaqla, obyektdə dəyişikliklərin edilməsi yerli icra hakimiyyəti ilə razılaşdırılır. Birinci instansiya məhkəməsi yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinin tələblərini rəhbər tutaraq bu qənaətə gəlmişdir ki, ünvan 6 ünvanda inşa edilmiş tikinti özbaşına tikili və dəyişiklikdir. Ona görə də, iddia tələbləri haqlı sayılmaqla təmin edilməlidir. İddiaçı X2 Cavabdeh qarşı olan mülki iş üzrə birinci instansiya məhkəməsi iddianı təmin edərkən belə nəticəyə gəlmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Novruzov Qardaşları küçəsi 170 saylı fərdi yaşayış evi X2 xüsusi mülkiyyətindədir (Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş FM seriyalı 038315 nömrəli Qeydiyyat Vəsiqəsi). İş materillarında olan Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin Nəsimi rayon İcra hakimiyyətinə və X4 ünvanlanmış 23.07.2019-cu il tarixli məktubundan görünür ki, X2 müraciəti əsasında əməkdaşlar tərəfindən yerində baxış zamanı müəyyən edilmişdir ki, əvvəllər özbaşına inşa edilmiş tikililərin yerləşdiyi ərazidə Novruzov Qardaşları 170 ünvanında ərizəçinin yaşadığı evlə qonşu evin arasındakı hasarın üzərində şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə, eləcə də tikinti norma və qaydalarına zidd olaraq 70 kv.m-dən artıq sahədə əlavə 2-ci mərtəbənin qeyri-qanuni tikintisi aparılmışdır. Göstərilənlərlə bağlı «Yerli icra hakimiyyəti haqqında Əsasnamə»nin və Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2014-cü il tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş Qaydaların tələblərinə uyğun tədbirlərin görülməsi üçün aidiyyəti üzrə göstərişlərin verilməsi xahiş olunur. Bundan başqa, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin Nəsimi rayon İcra hakimiyyətinə və X4 ünvanlanmış 05.08.2019-cu il tarixli məktubundan görünür ki, X2 müraciətinə baxılmışdır, əvvəllər özbaşına inşa edilmiş tikililərin yerləşdiyi ərazidə Novruzov Qardaşları 170 ünvanında ərizəçinin yaşadığı evlə qonşu evin arasındakı hasarın üzərində şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə, eləcə də tikinti norma və qaydalarına zidd olaraq 70 kv.m-dən artıq sahədə qeyri-qanuni tikinti işlərinin aparılması barədə Nəsimi rayon İcra Hakimiyyətinə Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 23.07.2014-cü il tarixli 03-Bİ/387 nömrəli məktub ünvanlanmışdır. Göstərilənlərlə bağlı «Yerli icra hakimiyyəti haqqında Əsasnamə»nin və Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2014-cü il tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş Qaydaların tələblərinə uyğun tədbirlərin görülməsi üçün aidiyyəti üzrə göstərişlərin verilməsi və nəticəsi barədə Komitənin məlumatlandırılması xahiş olunur. Göründüyü kimi, Bakı şəhəri, Nəsimi rayonu, Novruzov Qardaşları 170 ünvanında ərizəçinin yaşadığı evlə qonşu evin arasındakı hasarın üzərində cavabdeh tərəfindən şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə, eləcə də tikinti norma və qaydalarına zidd olaraq 70 kv.m-dən artıq sahədə əlavə 2-ci mərtəbənin tikintisi aparılmışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. İddiaçı Bakı şəhəri Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin Cavabdeh qarşı olan mülki iş üzrəAzərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 23.11.2020-ci il tarixli qərarında kassasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının hazırki tələbi irəli sürməyə subyektiv hüquq olsa da belə, işə mahiyyəti üzrə baxan məhkəmələr iddia olunan tikilinin özbaşına tikili olması, mövcud şəhərsalma və tikinti normalarının tələblərinə uyğun olub-olmaması məsələlərini ətraflı araşdırmamışlar. Belə ki, həmin məsələ xüsusi bilik tələb etməklə, müvafiq məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi ilə müəyyən oluna bilər. Lakin birinci instansiyası məhkəməsi araşdırma apararkən belə ekspertiza təyin etməmiş və iddiaçının əməkdaşlarının tərtib etdiyi aktı əsas götürərək, cavabdeh tərəfindən inşa edilmiş tikintinin özbaşına tikili və dəyişiklik olması qənaətinə gəlmişdir. Ali Məhkəmənin qərarında göstərilənlərə uyğun olaraq hazırki apellyasiya baxışı zamanı məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək keçirilmişdir. İş üzrə verilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, ünvan 8 ünvanda yerləşən Cavabdeh mülkiyyətində olan yaşayış evinin üst hissəsində aparılmış tikinti işləri müvafiq orqanlarla razılaşdırılmadığı üçün, həmin tikinti işləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.2000-ci il tarixli 160 Ns-li qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının 4.1. və 4.2. bəndlərinin tələblərinə və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinin (Məlumatlandırma icraatı) 80.1, 80.2. və 80.3 bəndləri tələblərinə və şəhərsalma və tikinti normalarına uyğun inşa edilmədiyi müəyyən olunur. Bundan başqa, Kollegiya Bakı şəhəri Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olub-olmaması ilə bağlı qeyd edir ki, iş üzrə Ali Məhkəmənin qərarında göstərilmiş kassasiya məhkəməsinin qənaətinə görə özbaşına olması iddia olunan tikilinin sökülməsi ilə bağlı iddianı irəli sürmək hüququ yalnız həmin tikilinin inşası nəticəsində hüquq və mənafeləri pozulan şəxsə, habelə “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə müəyyən olunmuş müvafiq icra hakimiyyəti orqanına məxsusdur. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 71-ci maddəsinə əsasən ortaq divarlar şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş tələblərə və hər iki qonşunun tələbatlarına uyğun tikilməlidir. Tikinti obyektində bərpa işləri aparılarkən qonşular arasındakı razılığa, belə razılıq olmadığı təqdirdə isə tərəflərdən birinin ərizəsi ilə məhkəmənin qərarına əsasən mövcud ortaq divar layihəyə uyğun olaraq sökülə və yenidən bərpa edilə bilər. İş materiallarında olan Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Əsgərova ünvanlanmış Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 23.07.2019-cu il tarixli, 03/Bİ/387 saylı məktubunun surətindən görünür ki, Novruzov qardaşları küçəsi 170 ünvanındakı evinin divarının üzərində qeyri-qanuni 2-ci mərtəbə inşa edilməsi nəticəsində hava axınının və günəş şüalarının qarşısının kəsilməsindən narazılığını bildirən X3 Bakı şəhər Memarlıq və Şəhərsalma Baş idarəsinə ünvanlanmış 03.07.2019-cu il daxilolma tarixli müraciətinə baxılmış, yerində baxış zamanı müəyyən edilmişdir ki, əvvəllər özbaşına inşa edilmiş tikililərin yerləşdiyi ərazidə, Novruzov qardaşları 170 ünvanında, X2 yaşadığı evlə qonşu evin arasındakı hasarın üzərində, şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə, eləcə də tikinti norma və qaydalarına zidd olaraq 70 kv.m.-dən artıq sahədə əlavə 2ci mərtəbənin qeyri-qanuni tikintisi aparılmış və “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin və Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2014-cü il tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş Qaydaların tələblərinə uyğun tədbirlərin görülməsi üçün aidiyyəti üzrə göstərişlərin verilməsi xahiş olunmuşdur. Göründüyü kimi, Bakı şəhəri Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi və X1 iddia etdikləri tikili özbaşına tikili olmaqla, həmin tikilinin sökülməsi barədə iddia qaldırmaq üçün subyektiv hüquqlara malik olmuşlar. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçı Bakı şəhəri Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi və həmin ərazinin cavabdehin vəsaiti hesabına əvvəlki vəziyyətinə qaytarılması”tələbinə dair mülki iş üzrə iddianı təmin etməklə, iddiaçı X2 Cavabdeh qarşı “tikilinin sökülməsi” tələbinə mülki iş üzrə isə iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. Hər iki mülki iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinin dəlilləri subyektiv mülahizələr üzərində qurulmaqla, təmin edilməsi üçün hüquqi əsaslar müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kollegiya sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq, heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmadığını da nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi işlərə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı nəticəyə gəlmişdir, gəldiyi nəticə işin faktiki hallarına uyğundur. İş üzrə ekspertiza tədqiqatının dəyəri 100 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 sentyabr 2019-cu il tarixli, 2(006)- 4905/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 sentyabr 2019-cu il tarixli, 2(006)- 4905/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 noyabr 2019-cu il tarixli, 2(006)- 5320/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 noyabr 2019-cu il tarixli, 2(006)- 5320/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 100 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2848/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2848/2021
18.11.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver