Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2849/2024 17.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə İddiaçı Cavabdehnə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı iş üzrə (Açar sözlər: əsassız hesablanmış borc) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), X1 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Əliyev Ülfət Vilayət oğlunun katibliyi, ilkin iddia üzrə İddiaçı və ilkin iddia üzrə cavabdehin nümayəndəsi X2 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 15 fevral 2024-cü il tarixli qətnaməsindən ilkin iddia üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Cavabdeh tərəfindən iddiaçıya məxsus mənzildə yerləşən sayğaca baxış keçirilmiş və sayğacdan kənar qaz istifadəsinin olduğu aşkarlanmışdır. Bundan sonra akt tərtib edilərək, iddiaçıdan dəymiş zərərin əvəzi tələb olunmuşdur. İddiaçı isə həmin aktla razılaşmayaraq, məhkəməyə müraciət etmiş və akt əsasında hesablanmış borcun silinməsini tələb etmişdir. Bununla yanaşı, cavabdeh də qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək, akt əsasında hesablanmış zərərin və debitor borcunun tutulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə ilkin iddia tələbi tam, qarşılıqlı iddia tələbi isə qismən (debitor borcunun tutulması hissəsində) təmin edilmiş, cavabdeh həmin qətnamə ilə razılaşmayaraq, apellyasiya şikayəti vermişdir.
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə (bundan sonra – birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdeh tərəfindən əsassız hesablanmış 4872.96 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 2 nömrəli mənzil onun mülkiyyətindədir. Həmin ünvanda təbii qazdan istifadəyə görə sayğac üzrə ödənişləri vaxtında ödəmiş və tərəfindən qaz sayğacına heç zaman müdaxilə olunmamışdır. xx.xx.2023-cü ildə cavabdeh "Azəriqaz" İstehsal Birliyinin Bakı Regional Qazın satışı Departamentinin əməkdaşları tərəfindən mülkiyyətində olan mənzildə təbii qazın istifadə qaydalarının pozulması haqqında guya sayğacdan kənar istifadə etdiyi barədə ******* nömrəli akt tərtib edilmişdir. Bundan əlavə, həmin aktda göstərmişlər ki, guya o, həmin akta imza etməkdən imtina etmişdir. Onların dedikləri tam yalandır. Onun mənzilinə sayğacdan kənar təbii qaz getmir. Cavabdehin əməkdaşları sayğacdan kənar necə qaz axdığını göstərə bilməmişlər. xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən isə görünür ki, guya vurduğu zərərin nəticəsində 40608 kub metr (4872.96 manat məbləğində) itirilmiş qaz həcmi müəyyənləşdirilmişdir. Ona bu barədə yalnız 6 aydan sonra məlumat verilmişdir. Qeyd etmişdir ki, o, uzun müddətdir ki, həmin mənzildə yaşayır, qazdan sayğacdan kənar istifadə olunması mümküm deyildir və nəzarətçi mütamadi olaraq sayğaca nəzarət etmişdir. Mənzilində qaz sayğacı olub və həmin tarixə qədər sayğac işləyib, sayğacın göstəriciləri əsasında o, təbii qaza görə haqq ödəmişdir. Yazılmış akt qərəzlidir və 4872.96 manat məbləğində pulun tələb edilməsi tamamilə qanunsuzdur.
4. Bundan sonra Cavabdeh qarşılıqlı iddia ərizəsi və qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, dəymiş zərər üzrə 4872.96 manat, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 10.72 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 68.84 manat, ümumilikdə isə 4952.52 manat məbləğində pulun qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq qarşılıqlı iddia üzrə Cavabdehnə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Qarşılıqlı iddia ərizəsi belə əsaslandırılmışdır ki, Səbail rayonu ərazisində Cavabdeh əməkdaşları tərəfindan birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən Səbail rayonu, Seyran Məmmədov küçəsi, ev 13 ünvanında yerləşən 2 nömrəli mənzildə qeydiyyatda olan İddiaçı tərəfindən qaz xəttinə qanunsuz qoşulmaqla təbii qazdan özbaşına istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Onun təqsirli hərəkəti nəticəsindən irəli qələn hal birliyin əməkdaşları tərəfındən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan faktlarla bağlı birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, qarşılqılı iddia üzrə cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt əsasında 4872.96 manat məbləğində maddi zərərin Cavabdehnə dəyimiş olduğu müəyyən olunmuşdur. Yuxarda qeyd olunlardan əlavə, qarşılqılı iddia üzrə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 10.72 manat məbləğində borcu (debitor borc) da qalmışdır. Beləliklə, qarşılqılı iddia üzrə cavabdehin Cavabdehnə ödənilməli borc məbləği hazırda abonentin saldosu üzrə ümumi 4883.68 manat təşkil etməkdədir.
6. Birinci instansiya məhkəməsinin 15 fevral 2024-cü il tarixli (2(009)-352/2024 nömrəli mülki iş üzrə, hakim R.Qafarova) qətnaməsi ilə ilkin iddia tələbinin təmin edilməsi, itirilmiş qazın bərpası üçün hesablanmış 4872.96 manat məbləğində borcun ilkin iddia üzrə İddiaçı abunə hesabından silinməsi, qarşılıqlı iddia tələbinin isə qismən təmin edilməsi, qaz sərfinə görə ödənilməmiş 10.72 manat debitor borcunun İddiaçı Cavabdeh xeyrinə tutulması, qarşılıqlı iddia tələbinin qalan hissədə rədd olunması, 68.72 manat məbləğində dövlət rüsumunun ilkin iddia üzrə Cavabdehndən tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir.
7. Məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, hazırkı iş üzrə cavabdeh iddiaçının -istehlakçının barəsində müvafiq səlahiyyəti olan orqan tərəfindən onun təqsirini müəyyən edən qərar qəbul edilməsinə dair sübutları məhkəməyə təqdim etməmişdir. Bununla bağlı təqdim etdiyi onun mənafeyinə uyğun sübut müvafiq akt və foto şəkillərdir ki, həmin akt cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş, iddiaçı tərəfindən imzalanmamışdır, şəkillərdə də qeydiyyata alınmayan sayğacın quraşdırılmasında məhz istehlakçının təqsirinin olması sübuta yetirilmir. Odur ki, nə akt, nə də ki, foto şəkillər cavabdehin istinad etdiyi halları sübut etmək üçün mötəbər sübut kimi qiymətləndirilə bilməz. Belə olan halda məhkəmə hesab edir ki, istehlakçıya itirilmiş qazın bərpasının dəymiş ziyan kimi hesablanması əsassızdır. Odur ki, ilkin iddia təmin edilməli və istehlakçıya hesablanmış cərimə borcu silinməlidir. Qarşılıqlı iddia isə zərərin əvəzinin ödənilməsi hissəsində rədd edilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinin “debitor borcunun ödənilməsi” hissəsi ilə bağlı qeyd etmişdir ki, ilkin iddia üzrə İddiaçı ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək abonent koduna hesablanmış 40608 kub metr qaz sərfinə görə 4872.96 manat borcun silinməsini tələb etsə də, araşdırma zamanı Cavabdeh tərəfindən verilmiş **********00020 nömrəli abonentin saldosuna əsasən, noyabr ayının sonuna qalıq borcun 4903.68 manat olduğu müəyyən edilmiş, xx.xx.2023-cü il tarixdə abonent tərəfindən edilmiş 20 manat ödənişdən sonra qaz sərfinə görə ödənilməmiş 10.72 manat debitor borcu qalmışdır. Belə olan halda “debitor borcunun ödənilməsi” hissəsində iddia tələbi təmin edilməli və qaz sərfinə görə ödənilməmiş 10.72 manat debitor borcu İddiaçı tutularaq Cavabdeh bank hesabına köçürülməlidir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. İlkin iddia üzrə cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin qismən (ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin isə rədd edilməsi hissəsində) ləğv olunmasını və yeni qətnamə çıxarılmaqla ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin isə tam təmin olunmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə qətnamənin ləğv edilməsinə əsasdır. Belə ki, Cavabdeh əməkdaşları tərəfindən birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən İddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. İddiaçı təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Cavabdeh əməkdaşları tərəfindən fotoçəkilişlə də lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmişdir. Daha sonra həmin akt əsasında “Dəymiş ziyanın bərpasına dair” tələbnamə təsdiq edilmişdir. Həmin tələbnaməyə əsasən itirilmiş təbii qazın miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi, İddiaçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacsız, qeyri-qanuni istifadə etməklə Cavabdehnə ziyan vurmuşdur. Belə olan halda, birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara düzgün hüquqi qiymətin verilməsini təmin etməmiş, səhv nəticəyə gələrək, qismən əsassız qətnamə qəbul etmişdir. Halbuki, iş materiallarına əlavə edilmiş sübutlar (saldo, akt və s.) qarşılıqlı iddia tələbinin tam təmin edilməsinə əsas vermiş, birinci instansiya məhkəməsi isə əsassız olaraq qarşılıqlı iddia tələbini tam yox, qismən təmin etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasında iştirak etmiş ilkin iddia üzrə cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə etdiyini bildirmiş, bununla yanaşı iş üzrə məhkəmə-trasoloji ekspertizasının keçirilməsini xahiş etmişdir.
12. Məhkəmə iclasında iştirak etmiş ilkin iddia üzrə İddiaçı apellyasiya şikayətinə etiraz etmiş, iş üzrə məhkəmə-trasoloji ekspertizasının keçirilməsi barədə vəsatətin, habelə apellyasiya şkayətinin rədd olunmasını xahiş etmişdir.
13. Məhkəmə kollegiyası hesab etmişdir ki, hazırda mübahisə üzrə ekspertizanın keçirilməsi zərurəti yoxdur. Bu səbəbdən vəsatət rədd edilməli, işə mahiyyəti üzrə baxılması davam etdirilməlidir.
Tətbiq edilən hüquq
“Qazdan istifadə Qaydaları” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmişdir)
14. Maddə 1.2. Qaz paylayıcısı - alqı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanılmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Qaz İstismar Xidməti.
15. Maddə 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün Azərbaycan Respublikasının Energetika Nazirliyinə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu:
16. Maddə 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Apellyasiya baxışının hədləri
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
21. Hazırkı işdə ilkin iddia tələbi tam, qarşılıqlı iddia tələbi isə qismən təmin olunduğundan və apellyasiya şikayətində qətnamə ilkin iddia üzrə cavabdeh tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı ilkin iddia tələbinin təmin, qarşılıqlı idda tələbinin isə rədd edilmiş hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
23. Məhkəmə kollegiyası iddia tələbinə düzgün qiymət verilməsi üçün ilk növbədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq tələblərini qeyd etməyi zəruri hesab edir.
24. Hansı ki, həmin qaydaların tələblərinə əsasən, sayğaca müdaxilə halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün Azərbaycan Respublikasının Energetika Nazirliyinə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
25. “Qaz paylayıcısı” dedikdə isə alqı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanılmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Qaz İstismar Xidməti nəzərdə tutulur.
26. Göründüyü kimi, qanunvericiliklə qaz paylayıcısının, yəni ilkin iddia üzrə Cavabdeh üzərinə sayğaca müdaxilə halları aşkar edildikdə tərtib etdiyi aktı adıkeçən orqanlara təqdim etməsi vəzifəsi qoyulmuş və konkret olaraq müəyyən edilmişdir ki, istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb edə bilər.
27. Lakin iş materiallarını araşdıran məhkəmə kollegiyası müəyyən etmişdir ki, cavabdeh qanunvericiliyin qeyd olunan tələblərini pozmuşdur. Belə ki, qaz paylayıcısı xx.xx.2023-cü il tarixli məktubla Bakı şəhər Baş Polis İdarəsinə müraciət etmiş və pozuntu törətmiş istehlakçılar barəsində tədbir görülməsini xahiş etmiş, lakin qeyd olunan orqanın qərarını gözləmədən, hətta həmin orqana müraciət etməmişdən əvvəl, yəni 2023-cü ilin sentyabr ayından (əsas - abonentin saldosu) istehlakçıdan vurulmuş zərərin ödənilməsini tələb etmişdir.
28. Qeyd olunan hal isə (müvafiq orqanların və ya məhkəmənin qərarı olmadan vurulmuş zərərin tələb edilməsi) qanunvericiliyin tələblərinin bilavasitə pozulmasıdır, qanunvericiliyin tələbləri pozulmaqla tələb olunan borc məbləği isə silinməlidir.
29. Bununla yanaşı, ilkin iddia üzrə cavabdeh tərəfindən apellyasiya şikayətinin dəlillərində qeyd etdiyi sübutların mötəbərliyi də şübhəlidir.
30. Belə ki, abonentin saldosu şəxsin hesabına yazılmış borcları, tərtib olunmuş akt isə aşkarlanmış pozuntuları özündə əks etdirməklə mötəbər sübut kimi qiymətləndirilə bilməz. Belə ki, qeyd olunan xüsusatlar onsuzda ilkin iddia üzrə iddiaçı tərəfindən mübahisələndirilir və onların qanuniliyi şübhə altındadır. İş materiallarında yer alan fotoşəkillər isə sayğacla bağlı nə kimi pozuntuların baş verdiyini və ya pozuntunun məhz iddiaçı tərəfindən törədildiyini müəyyən etməyə imkan vermir.
31. Nəzərə almaq lazımdır ki, təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.
32. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir.
33. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir (“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarı).
34. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi mülki prosessual qanunvericiliyə əsaslanaraq yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onların mötəbərliyini nəzərə almaqla istifadə etmiş, ilkin iddia üzrə cavabdeh isə iddia tələbinə etirazının dəlillərini sübut edə bilməmiş və formal mülahizələrə əsaslanmışdır. Nəticədə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş mötəbər sübutlarla əsaslandırmış və ilkin iddia tələbini təmin, qarşılqılı iddia tələbini isə dəymiş zərərin tutulması hissəsində rədd etməkdə haqlı olmuşdur.
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
36. Həmçinin məhkəmə kollegiyası həmin Məcəllənin 402-ci maddəsini əsas tutaraq qeyd edir ki, hazırkı iş üzrə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.
37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 15 fevral 2024-cü il tarixli, 2(009)-352/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.