Məhkəmə qərarları › İş №2(103)-2850/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2850/2022

01.06.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2850/2022 01.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi Cavabdehlər Cavabdeh6, Cavabdeh4 və Cavabdeh5 iştirakları ilə, İddiaçı X1 cavabdehlər Cavabdeh4, Cavabdeh2, X9, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 qarşı «miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi, vərəsəlik haqqında şəhadətnamənin verilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-176/2022 saylı, 19 yanvar 2022-ci il tarixli qətnaməsindən ilkiddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı X1 cavabdehlər Cavabdeh4, Cavabdeh2, X9, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 qarşı «miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi və vərəsəlik haqqında şəhadətnamənin verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum həyat yoldaşı X10 tərəfindən ünvan 1 ünvanda yerləşən torpaq sahəsinin miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsi, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin mərhum həyat yoldaşına çatası tam payın tərəfindən qəbul edilməsi müəyyən olunması,buna uyğun olaraq vərəsəlik haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, həyat yoldaşı X10 06.12.2020-ci il tarixdə ünvan 1 ünvanında vəfat etmişdir. Mərhum həyat yoldaşının “ölüm haqqında akt qeydinin olub- olmaması barədə” məlumat əldə etmək üçün ərizə ilə Qaradağ Rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyinə görə ölümün qeydə alınması mümkün olmamışdır. Bu səbəbdən də həmin məsələ ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətində qaldı. Mərhum həyat yoldaşının ölüm faktının müəyyən edilməsi üçün tərəfindən Qaradağ Rayon Məhkəməsinə müraciət olunmuşdur. Qaradağ Rayon Məhkəməsinin 2(002)-857/2021 saylı 12 mart 2021 -ci il tarixli qətnaməsi ilə həyat yoldaşı X7 06.12.2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra tərəfindən ölüm haqqında şəhadətnamə əldə edilmişdir. Belə ki, X10 ilə 1994-cü ildən ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin üzərində olan tikilidə yaşamışlar. Həmin ev Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən torpaq sahəsində tikilmişdir. Belə ki, RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan da göründüyü kimi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən torpaq sahəsi həyat yoldaşının anası X2 mülkiyyətində olmuşdur. Həyat yoldaşının anası X8 04 noyabr 1999-cu il tarixdə vəfat etdikdən sonra onu övladlarından təkcə X10 həmin tarixdən orada yaşamaqla faktiki olaraq mərhum anasının əmlakına sahiblik etmiş, həmin miras əmlakı faktiki olaraq qəbul etmiş və onu idarə etməyə başlamışdır. Buna görə də, mərhum həyat yoldaşı X10 tərəfindən faktiki olaraq qəbul edilmiş, eyni zamanda 1994-cü il tarixdən birlikdə yaşadığımız ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka dair mirasın qəbul edilməsi faktı müəyyən edilməli, və buna uyğun olaraq ona vərəsəlik haqqında şəhadətnamə verilməlidir. Hazırda Cavabdeh4 tərəfindən mübahisəli evə girişimə maneələr yaradılır. Hətta razılığım olmadan mübahisəli evdə yerləşən ona məxsus və birgə nikah dövründə alınmış əşyalar Cavabdeh4 tərəfindən özgəninkiləşdiriİmişdir. Faktiki olaraq cavabdehin qanunsuz hərəkətləri nəticəsində həyat yoldaşı ilə birgə mülkiyyətlərində olan əmlaklardan onun vərəsəsi kimi istifadə edə bilmir. Həmin torpaq sahəsindən ümumiyyətlə cavabdehlərin hər hansı birinin əmlak payı yoxdur. Sadəcə onlar miras əmlakı qəbul etməyiblər. Onlar onun tərəfindən mirasın qəbul edilməsini qəbul etmirlər. Ona görə də həmin şəxslər cavabdeh qismində qoyulmuşdur. Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-176/2022 saylı, 19 yanvar 2022ci il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilməmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək, iddia tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmışdır Məhkəmə iclasında iştirak edən Cavabdeh6, Cavabdeh4 və Cavabdeh5 şikayətə etiraz edərək onun təmin edilməməsini xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmalarına baxmayaraq, iddiaçı və digər cavabdehlər məhkəmə iclasında gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi-vəkili Vəkil2 isə məhkəməyə ərizə ünvanlayaraq beynəlxalq konfransda çıxış edəcəyi üçün prosesin təxirə salınmasını xahiş etmişdir. İşin halları, baxılma müddətinin başa çatması, həmçinin, prosesin təxirə salınmasını xahiş edən nümayəndə-vəkilin ərizəsində qeyd etdiyi halla bağlı hər hansı sübut təqdim etmədiyi, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq və Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə onun da iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini qətnamənin bütünlüklə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünkü, iddiaçı verdiyi apellyasiya şikayətində qətnaməni bütünlüklə mübahisələndirmişdir. Eyni zamanda kollegiya qeyd edir ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiyanın həddi ilə bağlı qeyd etdiyi kontekstdə kollegiya, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan ƏMDK yanında DƏDRX-in çıxarışın surətindən görünür ki, Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi xüsusi mülkiyyət X3 məxsus olmaqla 12.07.2018-ci il tarixdə qeydiyyata alınmışdır. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 06 dekabr 2020-ci il tarixində, X8 isə 04 noyabr 1999-ci il tarixində ölmüşlər. 10.01.2012-ci il tarixdə verilmiş AZ-İ N-li 728355 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X10 ilə X5 arasında nikah 10.01.2012-ci il tarixdə Qaradağ Rayon Qeydiyyat Şöbəsində 12 nömrəli akt ilə bağlanmışdır. 8 saylı Notariat Ofisinin 1565 saylı 26.05.2022-ci il tarixli məktubunun məzmunundan aydın olur ki, 06.12.2020-ci il tarixdə vəfat etmiş X6 miras qalmış əmlka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə dair müraciət daxil olmuş və 127/2021 saylı vərəsəlik işi açılmışdır. Miras qoyanın vərəsələrindən miras qəbulu ilə bağlı oğlanları, qızları və arvadı müraciət etmişlər. Lakin miras qalmış əmlakın hüquqmüəyyənedici sənədi olmadığı üçün vərəsələrə vərəsələk hüququ haqqında şəhadətnamə verilməmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməməsi barədə nəticəsini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad olunan hallara dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, iddiaçı X8 vəfat etdikdən sonra onun övladlarından yalnız mərhum həyat yoldaşı X7 həmin əmlakda yaşadığını, həmin əmlaka faktiki sahiblik etdiyini, həmin əmlakı idarə etdiyini bildirsə də, həmin hallara dair başqa sözlə mirasın faktiki qəbul edilməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqidm edə bilməmişdir. Bununla da, mübahisə predmeti olan miras əmlakın X2 varisi qismində yalnız X10 tərəfindən faktiki qəbul edilməsi halını müəyyən etmək mümkün olmamışdır. Həmçinin, məhkəmə hesab edir ki, qeyd edilən hal müəyyən edilmədən isə iddiaçının X7 varisi qismində həmin əmlakın faktiki qəbul eidlməsi halının müəyyən edilməsi mümkün deyildir. Ona görə də məhkəmə qeyd edilən halları əsas götürərək, hesab edir ki, iddia tələbi əsassız olmaqla, təmin ediməməlidir. Əvvəla Kollegiya bildirir ki, apellyasiya baxışı zamanı MPM-in 371 və 372.2-ci maddələrinin tələblərinə zidd olaraq təqdim olunmuş yeni sübutları qəbul etmir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı vəkil (həmçinin, nümayəndə) ilə birinci instansiya məhkəməsində iştirak etmiş və sonradan apellyasiya şikayətinə əlavə olunmuş və apellyasiya icraatı zamanı göndərilmiş ərizələr birinci instansiya məhkəməsinə təqdim edilməmiş və həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin mümkün olmadığı əsaslandırılmamışdır. Belə olan halda kollegiya qeyd olunan ərizə və müraciətləri sübut qismində qəbul etmir. Bundan başqa apellyasiya instansiya məhkəməsində araşdırma zamanı verilmiş sorğuya əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsinin 16.05.2022-ci il tarixli məktubundan göstərilmişdir ki, ünvan 2 ünvanında yerləşən torpaq sahəsinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. (iddiaçının tələbində, yəni miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi və vərəsəlik haqqında şəhadətnamənin verilməsi ilə bağlı göstərdiyi ünvan). Göründüyü kimi iddia tələbində irəli sürdüyü ünvanda yerləşən torpaq sahəsi qeydiyyatdan keçməmişdir. Bununla yanaşı kollegiyanın qənaətinə görə hətta qəbul edilsə ki, iddiaçının tələbi (istəyi) iş materiallarına çıxarışın surəti əlavə edilmiş X3 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinin faktiki qəbulu ilə bağlıdır, bu halda da iddiaçının tələbi əsassızdır. Çünki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən mövqeyi ilə razılaşaraq qeyd edir ki, mülki iş üzrə iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlı olmaqla, hazırki mülki iş üzrə sübutetmə yükü məhz iddiaçı tərəfin üzərinə düşür. Belə ki, məhz iddiaçı iddia tələbinin əsası kimi istinad olunan halları, mübahisə predmeti olan əmlakın miras əmlak kimi X4 varisi qismində X10 tərəfindən faktiki qəbul edilməsi halını, daha sonra isə özünün X7 varisi qismində həmin əmlakın faktiki qəbul etməsi halını sübut etməlidir. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145 və 1146-cı maddələrinə görə miras fıziki şəxsin ölümü və ya məhkəmə tərəfındən ölmüş elan edilməsi ilə açılır. Miras qoyanın öldüyü gün və ya fıziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1157-ci maddəsinə əsasən əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Bu əmlakdan sonuncu xəstəliyi zamanı miras qoyana qulluq və onun müalicəsi, dəfn, mirasın mühafizəsi və idarə edilməsi, əmək haqqı verilməsi və vəsiyyətin icrası üçün lazımi xərclər ödənilə bilər. Bu tələblər mirasın dəyərindən, həm də bütün başqa tələblərə, o cümlədən ipoteka və digər girovla təmin edilmiş tələblərə nisbətən üstün qaydada ödənilməlidir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə görə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı birinci növbədə bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nə də ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir. Qanunvericiliyin mənasına görə, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsinin G.Qəhrəmanovanın şikayəti üzrə 18 iyul 2014-cü il tarixli qərarı). Bu mənada kollegiyanın qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar tələblərinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünkü əvvəla iddiaçının mərhum ərinin sonuncunun anasından qalmış miras əmlakın faktiki (qeyri-rəsmi üsulla) qəbul etmiş olduğu iş materialları ilə müəyyən olunmur. Belə ki, “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıqaşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır.Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məcəllənin 77-ci və 217.4-cü maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas təşkil etmir. Xüsusi ilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti verərkən iddiaçının ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-176/2022 saylı, 19 yanvar 2022ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar