Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2855/2021 12.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Elmira Nağıyeva və İlham Kərimlidən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdeh1 iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində və iddianın dəyişdirilməsi barədə ərizədə tələb olunub ki, əsas borc kimi 600.000 manat pul, habelə həmin pulun qaytarılmasının 11 ay ərzində gecikdirilməsinə görə illik 5 faizlə hesablanmış faiz kimi 27.500 manat pul cavabdehdən alınaraq iddiaçıya verilsin. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, 600.000 manat pul cavabdehdən alınaraq iddiaçıya verilsin, iddianın qalan hissəsi, yəni 27.500 manat pulun tutulmasına aid hissəsi rədd edilsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə qismən – 27.500 manat pulun tutulması barədə tələbin rədd edilməsi hissəsində ləğv edilsin və həmin tələb təmin edilsin. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin əsaslı olduğunu, Cavabdeh1 isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Qətnamənin 27.500 manata aid hissəsi mübahisələndirildiyinə görə qətnamənin yalnız həmin hissəsi apellyasiya qaydasında yoxlanılmalıdır. Yoxlanılan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun olmadığından və maddi hüquq norması pozulduğundan qətnamə ləğv edilməli və həmin tələb təmin olunmalıdır. Belə ki, cavabdeh iddiaçıdan 600.000 manat borc aldığını etiraf edib və 600.000 manat pulun tutulması barədə qətnaməni mübahisələndirməyib. Cavabdeh xx.xx.2019-cu il tarixdə yazılı surətdə iddiaçının qarşısında etiraf edib ki, həmin pulu 2019cu ilin axırına qədər qaytaracaq (iş v. 15, iltizam). Lakin cavabdeh vəd etdiyi tarixə qədər pulu qaytarmayıb. Ona görə də iddiaçı 11 ay ərzində, yəni xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2020-ci il tarixədək olan müddətdə pulun qaytarılmasının gecikdirilməsinə görə illik 5 faizlə hesablanmış faiz ödənilməsini tələb edir. Mülki Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik 5 faiz ödəməyə borcludur. Göründüyü kimi, gedikdirilmiş vaxt üçün illik 5 faiz o halda tutulur ki, kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməsin. Hazırkı işdə iddiaçı digər əsaslardan (zərər vurma, faydalanma və s. əsaslarlardan) çıxış edərək daha böyük məbləğ tələb edə bilmir. Odur ki, cavabdeh gecikməyə görə 5 faiz ödəməyə borcludur. 11 ay üçün illik 5 faizlə hesablanmış faizin cəmi 27.500 manat təşkil edir. Birinci instansiya məhkəməsi 27.500 manat pulun tutulması barədə tələbi ona görə rədd edib ki, tərəflər qardaşdır, cavabdeh 600.000 manat borcu maddi vəziyyətinin ağırlaşması, övladının və özünün tibbi əməliyyat keçirməsi səbəbindən ödəməyib. Lakin belə hallar qanunvericilikdə öhdəliyin icrasının gecikdirilməsinə əsas verən hallar kimi nəzərdə tutulmayıb. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Hazırkı iş üzrə Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi 27.500 manat pulun tutulması barədə tələbin rədd edilməsi hissəsində ləğv edilsin. Həmin tələb təmin olunsun. 27.500 (iyirmi yeddi min beş yüz) manat pul Cavabdeh1 alınaraq İddiaçı verilsin. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2855/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2855/2021
12.03.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver