Məhkəmə qərarları › İş №2(103)-2855/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2855/2022

27.07.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2855/2022 27.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X20 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı ASC-nin nümayəndəsi X4, Cavabdeh1, onun vəkili X5, Cavabdeh3 MMC-nin nümayəndəsi və vəkili X3, Üçüncü şəxs X8, onun nümayəndəsi və vəkili X9 iştirakları ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(010)-143/2021 saylı qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “bağışlama müqavilələrinin etibarsız hesab edilməsi və daşınmaz əmlak üzərində yüklülüyün bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Rafiq Alıcanov küçəsi, 5E saylı fərdi yaşayış evinə dair 24 saylı notariat ofisində 4ə-109 reyestr nömrə ilə qeydə alınmış Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli bağışlama müqaviləsinin və ünvan 1 ünvanında yerləşən qeyri yaşayış binasına dair 9 saylı notariat ofisində 4ə-1057 reyestr nömrə ilə qeydə alınmış Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və hər iki daşınmaz əmlak üzərində yüklülüyün bərpa edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3nə (bundan sonra Cavabdeh3 MMC) qarşı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Rafiq Alıcanov küçəsi, 5E saylı fərdi yaşayış evinə dair 24 saylı notariat ofisində 4ə-109 reyestr nömrə ilə qeydə alınmış Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli bağışlama müqaviləsinin, ünvan 1 ünvanında yerləşən qeyri yaşayış binasına dair 9 saylı notariat ofisində 4ə-1057 reyestr nömrə ilə qeydə alınmış Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli bağışlanma müqaviləsinin, eyni zamanda ünvan 1 ünvanında yerləşən qeyri yaşayış binasına dair 9 saylı notariat ofisində 4ə-119 reyestr nömrəsi ilə qeydə alınmış, Cavabdeh3 MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və hər iki daşınmaz əmlak üzərində yüklülüyün bərpa edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" İKB ASC-nin 3 saylı filalı ilə X27 arasında bağlanmış 18 noyabr 2011-ci il tarixli kredit müqaviləsinə əsasən ona 20% dərcəsi ilə 60 ay müddətində 835.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq X16 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, R.Əlicanov küçəsi, 4057-ci məhəllədə yerləşən ümumi sahəsi 1208,3 kv.m. olan 2 mərtəbəli qeyri-yaşayış binası (ofis və məişət xidməti binası) və Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, R.Əlicanov küçəsi, 3 otaqlı, 728,1 kv.m. ümumi, 151.7 kv.m. yaşayış, 576,4 kv.m. yardımçı sahədən ibarət 5E nömrəli fərdi yaşayış evi 18 noyabr 2011-ci il tarixli ipoteka müqaviləsinə əsasən yüklü edilmişdir. Borcun təminatı olaraq Cavabdeh1 18 noyabr 2011-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 may 2018ci il tarixli qətnaməsi ilə Bankın iddiası qismən təmin edilərək cavabdehlər X27 və Cavabdeh1 müştərk qaydada 500 (beş yüz) ABŞ dolları məbləğində cərimə borcunun tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 09 avqust 2018-ci il tarixli qətnaməsi ilə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 may 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 dekabr 2018-ci il tarixli qərarı ilə Bankın kassasiya şikayəti təmin edilməyərək Bakı Apellyasiya Məhkəməsinin 09 avqust 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 15 fevral 2019-cu il tarixli qərardadı ilə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 may 2018-ci il tarixli qətnaməsinə izah verilərək borcun təminatı olaraq yüklü edilmiş X16 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, R.Əlicanov küçəsi, 4057-ci məhəllə yerləşən ümumi sahəsi 1208,3 kv.m. olan 2 mərtəbəli qeyri-yaşayış binası (ofis və məişət xidməti binası) və Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, R.Əlicanov küçəsi, 3 otaqlı, 728,1 kv.m. ümumi, 151.7 kv.m. yaşayış, 576,4 kv.m. yardımçı sahədən ibarət 5E nömrəli fərdi yaşayış evi ipotekadan azad edilmişdir. Qeyd olunan qərardad icra olunması üçün ƏMDK-nin yanında DƏDRX-ə göndərilmiş və qərardad icra olunaraq yuxarıda qeyd olunan hər iki əmlak üzərindən yüklülük tam götürülmüşdür. Lakin ƏMDK-nin yanında DƏDRX nəzərə almamışdır ki, qeyd olunan əmlaklar Bankda başqa kredit müqaviləsinin təminatı olaraq da yüklüdür. Belə ki, "xxxx" İKB ASC-nin 3 saylı filalı ilə X25 arasında bağlanmış 18 noyabr 2011-ci il tarixli, 3-G2Zl-l-0- 137-llsaylı kredit müqaviləsinə əsasən ona 60 ay müddətində 835.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq X16 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, R.Əlicanov küçəsi, 4057-ci məhəllə yerləşən ümumi sahəsi 1208,3 kv.m. olan 2 mərtəbəli qeyri-yaşayış binası (ofis və məişət xidməti binası) və Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, R.Əlicanov küçəsi, 3 otaqlı, 728,1 kv.m. ümumi, 151.7 kv.m. yaşayış, 576,4 kv.m. yardımçı sahədən ibarət 5E nömrəli fərdi yaşayış evi 18 noyabr 2011-ci il tarixli ipoteka müqaviləsinə əsasən yüklü edilmişdir. Borcun təminatı olaraq Cavabdeh1 18 noyabr 2011-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 dekabr 2018-ci il tarixli qətnaməsi ilə Bankın iddiası qismən təmin edilərək X10 189.801,48 ABŞ dolları faiz borcunun və 1000 ABŞ dolları cərimə borcunun, ümumilikdə cəmi 190.801,48 ABŞ dolları məbləğində borcun Bankın xeyrinə tutulması, tələbin ilkin satış qiymətinin 1.800.000 manat müəyyən edilməklə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, R.Əlicanov küçəsi, 4057-ci məhəllə yerləşən ümumi sahəsi 1208,3 kv.m. olan 2 mərtəbəli qeyriyaşayış binasına (ofis və məişət xidməti binası) və ilkin satış qiymətinin 600.000 manat müəyyən edilməklə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, R.Əlicanov küçəsi, 3 otaqlı, 728,1 kv.m. ümumi, 151.7 kv.m. yaşayış, 576,4 kv.m. yardımçı sahədən, ibarət 5E nömrəli fərdi yaşayış evinə yöəldilməsi, tutma yönəldikdən və ipoteka predmetləri satıldıqdan sonra onların boşaldılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 09 aprel 2019-cu il tarixli qətnaməsi ilə hər iki tərəfin apellyasiya şikayətləri təmin edilməyərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 dekabr 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Göründüyü kimi ƏMDKnin yanında DƏDRX-nin səhvi nəticəsində əmlaklar yüklülükdən tam azad edilmiş və nəticədə həmin əmlaklar mülkiyyətçi tərəfindən oğluna bağışlanmışdır. Halbuki, bunun üçün ipoteka saxlayanın razılığı tələb olunur. Qeyd olunan hal onlara məlum olan kimi bununla bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə verdikləri vəkil sorğusuna verilmiş xx.xx.2020-ci il tarixli cavab məktubundan onlara aydın olmuşdur ki, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur Qəsəbəsi, Rafiq Alıcanov küçəsi, 5E saylı fərdi yaşayış evi Bakı şəhərinin notariusu T.H.Kərimova tərəfindən təsdiq edilmiş 4ə-109 reyestr nömrəli, xx.xx.2011-ci il tarixli alğı-satqı müqaviləsinə, "xxxx" İKB-nin 02-2094 saylı, xx.xx.2011-ci il tarixli razılıq məktubuna əsasən X11 adma xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmışdır. Bakı şəhərinin notariusu Т.Н.Kərimova tərəfindən təsdiq edilmiş 4ə/766 reyestr nömrəli, xx.xx.2013-cü il tarixli alğı-satqı və ipoteka müqaviləsinə əsasən fərdi yaşayış evi üzərində Cavabdeh1 mülkiyyət hüquqları xx.xx.2013-cü il tarixdə tanınmışdır. Sözügedən əmlak 24 saylı NK-nın 4ə-109 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli bağışlanma müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Məlumat üçün bildirilir ki, dövlət reyestrində olan məlumatlara əsasən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Rafiq Alıcanov küçəsi, 5E saylı fərdi yaşayış evi ilə əlaqədar Cavabdeh2 ilə X21 arasında bağlanmış 24 saylı DNK-nın xx.xx.2019-cu il tarixli 4ə-148 reyestr nömrəli alğı-satqı müqaviləsi ləğv edilmişdir. X16 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən qeyri yaşayış binası Bakı şəhərinin notariusu Т.Н.Kərimova tərəfindən təsdiq edilmiş 4ə-110 reyestr nömrəli, xx.xx.2011-ci il tarixli alğı-satqı müqaviləsinə və "xxxx" İKB-nin 02-2095 saylı, xx.xx.2011-ci il tarixli razılıq məktubuna əsasən X11 adına xx.xx.2012-ci il tarixdə qeydiyyata alınmışdır. 46 saylı NK-nın 4ə-767 reyestr nömrəli, xx.xx.2013-cü il tarixli alğı-satqı müqaviləsi və "xxxx" İKB-nin 338 saylı, xx.xx.2013-cü il tarixli razılıq məktubuna əsasən sözügedən qeyriyaşayış binası Cavabdeh1 adına qeydiyyata alınmışdır. 9 saylı NK-nm 4ə-1057 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli bağışlanma müqaviləsinə əsasən əmlak Cavabdeh2 adına xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Daha sonra onlara məlum olmuşdur ki, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış binası Cavabdeh2 mülkiyyətinə keçdikdən sonra onun tərəfindən xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən Cavabdeh3 MMC-yə atılmışdır. Bundan sonra bununla bağlı Bakı şəhəri 9 saylı notariat ofisinə sorğu ilə müraciət edilmiş və bu hal təsdiqini tapmışdır. Qeyd olunan müqavilə də Bankın maraqlarına toxunur. Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(010)-143/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində qeyd olunur ki, hər iki mübahisəli əmlak iki kredit müqaviləsi üzrə ipoteka ilə yüklü edilmişdir. Əmlaklar üzərində yüklülük azad ediləndə ikinci kredit üzrə ipoteka predmeti özgənkiləşdirilmişdir. Qanunsuz olaraq əmlaklar üzərində yüklülük tam azad edilmiş və onlar formal olaraq aşağı qiymətə özgənkiləşdirilmişdir. Məhkəmə daşınmaz əmlakları əldə edən şəxsləri vicdanlı əldə edən kimi qəbul edərək onların mənafeyini müdafiə etdiyi halda, bankın mənafeyinin pozulduğunu, yəni Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 dekabr 2018-ci il tarixli qətnaməsinin icrasında çətinliklər yaranacağını nəzərə almamışdır. Qətnamə maddi hüquq normalarının pozulması ilə çıxarılmış, məhkəmənin gəldiyi nəticə üçün zəruri olan işin faktiki halları tam aydınlaşdırılmamış və əsassız qətnamə qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 avqust 2021-ci il tarixli, 2(103)- 4396/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli 2(010)-143/2021 saylı qətnaməsinin İddiaçı ASC-nin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılması qət olunmuşdur. İddiaçı Açıq Səhmdar Cəmiyyəti qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 01 fevral 2022-ci il tarixli, 2(102)-482/2022 saylı qərarı ilə İddiaçı ASC-nin kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 avqust 2021-ci il tarixli, 2(103)- 4396/2021 saylı qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi X15 apellyasiya şikayətini müdafiə etdi, apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, onun təmin edilməsini, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 və onun vəkili X17 apellyasiya şikayətini qəbul etməyərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh3 MMC-nin nümayəndəsi və vəkili X12 apellyasiya şikayətini qəbul etməyərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, izahatında qeyd etdi ki, iddia tələbi ilə yüklülüyün bərpa edilməsi tələb edilən əmlaklardan biri–qeyri-yaşayış binası hazırda Cavabdeh3 MMC-nin mülkiyyətindədir. Belə ki, Cavabdeh3 MMC həmin əmlakı 700000 manata X13 lizinqə vermək üçün almışdır və tərəflər arasında daxili lizinq müqaviləsi bağlanmışdır. Cavabdeh3 MMC həmin əmlakı satıcı Cavabdeh2 aldığı zaman əmlak üzərində heç bir yüklülük olmamış, daşınmaz əmlakın alğı-satqı müqaviləsi əsasında, tam qanunauyğun şəkildə alğı-satqı reallaşdırılmış, dövlət reyestrində müvafiq qeydiyyat aparılmışdır. Beləliklə, iddianın təmin edilməsi həm Cavabdeh3 MMC-nin, həm də lizinq alanın hüquqlarının əhəmiyyətli dərəcədə pozulması deməkdir. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs X22, onun nümayəndəsi və vəkili X23 apellyasiya şikayətini qəbul etməyərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edərək, izahatlarında qeyd etdilər ki, X22 Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən, xx.xx.2019-cu il tarixdə qaytarmaq şərti ilə Cavabdeh2 əvvəlcə 300000 manat, daha sonra xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən, yenə eyni tarixdə qaytarmaq şərtilə 100000 manat məbləğində olmaqla, cəmi 400000 (dörd yüz min) manat məbləğində borc pul vermiş, aralarında notariat qaydasında təsdiq edilmiş kredit müqavilələri bağlanılmış, müqavilə üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədilə iddia tələbi ilə üzərinə yüklülük qoyulması tələb edilən fərdi yaşayış evi X14 xeyrinə ipoteka ilə yüklü edilmişdir. Lakin Cavabdeh2 borcunu qaytarmamış, öhdəliklərini icra etməmişdir. Bu səbəbdən də məhkəmədə Cavabdeh2 qarşı iddia qaldıraraq 400000 manat pul məbləğinin cavabdehdən tutulmasını, tələbin ipoteka predmetinə yönəldilməsini xahiş etmişdir. Müvafiq fərdi yaşayış evi X14 xeyrinə ipoteka ilə yüklü edilərkən üzərində heç bir yüklülük olmamış, bu barədə dövlət reyestrində heç bir məlumat olmamış, X22 da bu səbəbdən müqaviləni bağlamışdır. X14 bunda heç bir təqsiri yoxdur. X22 vicdanlı ipoteka qoyandır. Hazırda isə bankın iddia tələbinin təmin edilməsi onun iddiasının təmin edilməsini mümkünsüz edərək hüquqlarının pozulmasına gətirib çıxara bilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, Cavabdeh2, üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələlər Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin nümayəndəsi, X18 və X25 məhkəməyə gəlməmişlər, gəlməmələrinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə tərəflərin və üçüncü şəxsin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, birinci instansiya məhkəməsi iddianı tam olaraq rədd etməklə, maddi hüquq normalarını pozmuş, gəldiyi nəticə işin hallarına uyğun olmamışdır. Buna görə də, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv olunmalı, işdə olan sübutlar əsasında yeni qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, "xxxx" İKB ASC ilə X27 arasında xx.xx.2011-ci il tarixli kredit müqaviləsi bağlanmış, borcalana 835000 ABŞ dolları məbləğində kredit verilmiş, təminat olaraq X16 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, R.Əlicanov küçəsi, 4057-ci məhəllədə yerləşən qeyri yaşayış binası və Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Rafiq Alıcanov küçəsində yerləşən 5E nömrəli fərdi yaşayış evi xx.xx.2011-ci il tarixli ipoteka müqaviləsinə əsasən yüklü edilmişdir. Sonradan borcalan tərəfindən kredit müqaviləsi üzrə əsas və faiz borcu tam ödənilsə də, Bank ödənilməmiş cərimə borcu ilə bağlı məhkəməyə müraciət etmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Bankın iddiası qismən təmin edilərək cavabdehlərdən müştərək qaydada 500 ABŞ dolları məbləğində cərimə borcunun tutulması qət edilmiş, qətnamədən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Qətnamə ilə müəyyən edilmiş cərimə məbləği tam ödənilmişdir. Beləliklə, müvafiq borc borcalan tərəfindən tam ödənilmişdir. Bundan başqa, "xxxx" İKB ASC ilə X25 arasında bağlanmış xx.xx.2011-ci il tarixli kredit müqaviləsinə əsasən borcalana 835000 ABŞ dolları məbləğində kredit verilmiş, borcun təminatı olaraq yuxarıda göstərilən əmlaklar bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bu müqavilə üzrə əsas borc ödənilmiş, bankın iddiası əsasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə ödənilməmiş faiz və cərimə borcunun (cəmi 190801.48 ABŞ dolları) borcalandan Bankın xeyrinə tutulması, tələbin ipoteka predmetlərinə yönəldilməsi qət edilmişdir. Bundan sonra, X28 və Cavabdeh1 müraciəti əsasında Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə izah verilmiş, qətnamə ilə müəyyən edilmiş 500 ABŞ dolları məbləğində borc ödənildiyi təqdirdə "xxxx" İKB ASC ilə X28, X25 və X27 arasında bağlanmış xx.xx.2011-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipotekaya qoyulmuş qeyri-yaşayış binası və "xxxx" İKB ASC ilə Cavabdeh1, X25 və X27 arasında bağlanmış xx.xx.2011-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipotekaya qoyulmuş fərdi yaşayış evi ipotekadan azad edilmişdir. Bank tərəfindən qərardaddan verilmiş şikayət Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qərardadı ilə təmin edilməmiş, qərardad dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardad əsasında hər iki əmlak üzərində olan yüklülük DƏDRX tərəfindən götürülmüşdür. Bundan sonra, fərdi yaşayış evi xx.xx.2019-cu il tarixli, qeyriyaşayış binası isə xx.xx.2019-cu il tarixli bağışlama müqavilələri əsasında Cavabdeh2 mülkiyyətinə keçmişdir. Sonradan Cavabdeh2 X6 əvvəlcə 300000 (üç yüz min), daha sonra 100000 (dörd yüz min) manat olmaqla, cəmi 400000 (dörd yüz min) manat məbləğində borc pul almış, aralarında notariat qaydasında təsdiq edilmiş kredit müqaviləsi bağlanmış və borc öhdəliyinin təminatı olaraq fərdi yaşayış evi X14 xeyrinə ipoteka ilə yüklü edilmişdir. Qeyri-yaşayış binasına gəldikdə isə bina bağışlama müqaviləsi ilə Cavabdeh2 mülkiyyətinə keçdikdən sonra xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən Cavabdeh3 MMC-yə 700000 (yeddi yüz min) manata satılmışdır. Cavabdeh3 MMC həmin əmlakı X13 lizinqə vermiş, tərəflər arasında daxili lizinq müqaviləsi bağlanmış, lizinq obyekti lizinq alanın istifadəsinə verilmişdir. Kassasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, mübahisəli əmlakların bankla bağlanmış 2-ci kredit müqaviləsi (hansıki 190801.48 ABŞ dolları pulun tutulması barədə qanuni qüvvəyə minmiş qətnamə mövcudur) üzrə dövlət qeydiyyatına alınması ilə əlaqədar bankın sübutlar təqdim edə bilməməsi ilə bağlı Apellyasiya Məhkəməsinin gəldiyi qənaət əsaslı deyil. Beləki, həmin əmlakların ipoteka ilə yüklü olması və tutmanın həmin əmlaklara yönəldilməsinə dair qanuni qüvvəsini almış məhkəmə qətnaməsi var (iddiaçı tərəfindən təqdim edilib və mülki iş materiallarındadır), hazırkı mübahisənin başlanması əsası qeyd olunan qətnamənin mövcudluğu ilə bağlıdır və əmlakların yüklü olması həmin qətnamə ilə təsdiq olunur. Bu hal MPM-nin 82.3. maddəsinə əsasən preyudisial əhəmiyətli fakt olmaqla yenidən sübut olunmasına zərurət yoxdur. Ona görə əmlakların ipoteka ilə yüklü edilməsinə dair iddiaçının üzərinə əlavə sübutlar təqdim etmək öhdəliyinin qoyulması əsaslı deyil. Bundan başqa, işin məhkəmələr tərəfindən müəyyən edilən faktiki halları ondan ibarətdir ki, əmlakları ipoteka ilə yüklü etmiş Cavabdeh1 həmin əmlaklara tutmanın yönəldilməsi barədə qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin olduğunu bilə-bilə əmlakların ipotekadan azad edilməsinə nail olmaqla onları bağışlama yolu ilə öz doğma oğlu Cavabdeh2 adına keçirmiş, bundan dərhal sonra yeni mülkiyətçi əmlakın birini (qeyri-yaşayış sahəsini) lizinq şirkətinə satmış, digərini isə (fərdi evi) başqa şəxslə tez-tələsik bağladığı borcun təminatı olaraq ipoteka ilə yüklü etmişdir. İddaçı həmin bağışlama müqavilələrinin etibarsızlığını tələb etdiyi üçün işə baxan məhkəmələrə lazım gəlirdi ki, ilk növbədə həmin müqavilələrin etibarlı müqavilə olub-olmamasına qiymət versinlər. Çünki, mübahisələndirilən müqavilələrin əmlakların ipotekadan yayındırmaq (tutmanın yönəlodilməsindən qaçmaq) üçün həyata keçirildiyi işin faktiki halları ilə təsdiq olunur. Əmlakların yüklü olmasını bağışlayan və əmlakı qəbul edən də bilirdi. Onlar doğma ata və oğullardır və uzun illərdir ki, həmin mübahisə məhkəmələrin icraatında olmaqla əmlaklar 2011-ci ildən ipoteka ilə yüklü edilmişdir. Apellyasiya Məhkəməsi əmlakların bağışlanması müqavilələrinin etibarsız hesab olunması tələbinin əqdlərin etibarsızlığına dair maddi hüquq normalının dispozisiya şərtlərinə uyğunluğu kontekstində yoxladıqdan sonra digər əqdlərin (Lizinq şirkəti ilə bağlanmış alğı-satqı və X22 ilə bağlanmış ipoteka müqavilələrinin) hüquqi nəticələri ilə bağlı dəyərləndirmə aparmalıydı. Bağışlama müqavilələrinin etibarsızlığı halında, məhkəmə bundan sonra bağlanmış əqdlərdə vicdanlılıq (alıcının, ipoteka saxlayanın vicdanlı olması) məsələsinə qiymət verə bilərdi. Hazırkı işdə bağışlama müqavilələrinin etibarlılığı şərti hüquqi əhəmiyyət kəsb edir. Çünki, həmin əqdlər etibarlı əqdlər hesab olunmadığı təqdirdə bankın qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icra edilməsinin mümkün olmadığı üçün delikt törətmiş şəxslərə qarşı (əqdləri bağlayan ata və oğlua qarşı) vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ yaranır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kollegiya kassasiya instansiyası məhkəməsinin göstərişlərini və apellyasiya şikayətinin dəlillərinə əsasən aşağıdakıları qeyd edir: İşin faktiki halları ilə müəyyən olunur ki, əmlakları ipoteka ilə yüklü etmiş Cavabdeh1 həmin əmlaklara tutmanın yönəldilməsi barədə qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin olduğunu bilə-bilə əmlakların ipotekadan azad edilməsinə nail olmaqla onları bağışlama yolu ilə öz doğma oğlu Cavabdeh2 adına keçirmişdir. Göründüyü kimi, bağışlama müqavilələri əmlakların ipotekadan yayındırmaq (tutmanın yönəldilməsindən qaçmaq) məqsədi ilə bağlanmışdır. Belə ki, əmlakların yüklü olmasını bağışlayan Cavabdeh1 və əmlakı qəbul edən Cavabdeh2 da bilirdi. Onlar doğma ata və oğullardır və uzun illərdir ki, həmin mübahisə məhkəmələrin icraatında olmaqla əmlaklar 2011-ci ildən ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. MM-nin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. MM-nin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. MM-nin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. MM-nin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Kollegiya hesab edir ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Rafiq Alıcanov küçəsi, 5E saylı fərdi yaşayış evinə dair 24 saylı notariat ofisində 4ə-109 reyestr nömrə ilə qeydə alınmış Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli bağışlama müqaviləsi və ünvan 1 ünvanında yerləşən qeyri yaşayış binasına dair 9 saylı notariat ofisində 4ə- 1057 reyestr nömrə ilə qeydə alınmış Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019cu il tarixli bağışlama müqaviləsi görünüş üçün bağlanılmış, uydurma əqd olmaqla, əhəmiyyətsizdir. Yəni, Cavabdeh1 ilə Cavabdeh2 qeyd olunan əmlaklarla bağlı bağışlama müqaviləsini bağlamaq niyyəti daşımamış, sırf hüquqi görünüş yaratmaq üçün özlərini bağışlama müqaviləsini bağlamış kimi göstərmişlər. Buna görə də, bağışlama müqavilələri ilə bağlı hissədə iddia əsaslı olduğu üçün təmin edilməlidir. Kollegiya hesab edir ki, Cavabdeh2 ilə Cavabdeh3 MMC arasında alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı hissədə iddia əsassızdır. Belə ki, daşınmaz əşya üzərində əşya hüquqlarının qeydiyyatını dövlət özü aparır və qəbul etdiyi qanunlar vasitəsilə də şəxsləri özünün apardığı bu qeydiyyata görə hərəkət etməyə vadar və məcbur edir. Bu səbəbdən də mülki hüquq subyektləri dövlət tərəfindən aparılan bu qeydiyyata arxayın olaraq daşınmaz əşya ilə bağlı əşya hüquqlarını əldə etdiklərini güman etməkdə tam haqlı hesab olunurlar (“N.Hacıyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarı). Konstitusiya Məhkəməsi Plenumunun bu mövqeyi hazırkı işə tətbiq edildikdə qeyd edilməlidir ki, iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş X2 Kamran Rauf oğluna vermiş olduğu 400000 manat məbləğində borc pulun təminatı olaraq mübahisə predmeti olan fərdi yaşayış evinin öz xeyrinə ipoteka ilə yüklü edilməsinə dair müqavilə bağlayarkən, Cavabdeh3 MMC mübahisə predmeti olan qeyri-yaşayış binasını iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş X13 lizinqə vermək üçün alğısatqı müqaviləsi əsasında alarkən və eyni zamanda, X18 həmin əmlakı istifadəsinə götürüb lizinq verənlə daxili lizinq müqaviləsi bağlayarkən daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın doğruluğuna güman etməyə, buna güvənməyə tam haqlı olmuşlar. X30 həmçinin qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsi, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 18 iyul tarixli Qərarı). Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir (Konstitusiya Məhkəməsi Plenumunun S.N.Məmmədovanın şikayəti üzrə 2004-cü il 27 oktyabr tarixli Qərarı). MM-nin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyridəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. MM-nin 148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları qorunmalıdır. MM-nin 271.1-ci maddəsinə əsasən əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi ola bilər. Mülkiyyətçi olmayan şəxsdən ipoteka (girov) hüququnun əldə edilməsinin hüquqi nəticələri bu Məcəllənin 140-cı və 182-ci maddələrinin müddəalarına uyğun olaraq müəyyən edilir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, kollegiya hesab edir ki, hər iki daşınmaz əmlak üzərində olan yüklülüyün tam götürülməsi ilə daşınmaz əmlakın dövlət reyestrində yanlış qeyd aparılmış olsa da, bundan sonra bağlanmış alğı-satqı müqaviləsi etibarsız hesab edilə bilməz. Bu 700000 manat məbləğində pul verib obyekti lizinqə vermək üçün alan, lizinq müqaviləsi bağlayaraq obyekti istifadəyə götürən, aylıq lizinq ödənişləri edən şəxslərin hüquqlarının qəbuledilməz dərəcədə pozulması deməkdir. Həmçinin dövlət reyestrinin həqiqiliyinə güvənərək bu əmlaklarla bağlı müqavilə bağlayan, 400000 manat məbləğində borc pul verib borcun təminatı kimi obyekti ipoteka saxlayan X14 hüquqlarının pozulması deməkdir. Kollegiya qeyd edir ki, istər alğı-satqı, istərsə də, ipoteka müqavilələrin uydurma və ya yalan əqd olması inandırıcı deyil. Belə ki, göstərilən məbləğlər kifayət qədər yüksək məbləğlərdir və hər biri notariusun depozit hesabına köçürülərək ödənilmiş, bu barədə sənədlər iş materiallarına əlavə edilmişdir. Kollegiya bağlanmış alğı-satqı müqaviləsinin etibarsızlığını obyektin real bazar dəyərindən çox aşağı qiymətə satılması ilə əlaqələndirən iddiaçı tərəfin dəlilinə münasibətdə qeyd edir ki, qanunvericilik baxımından satıcının satış qiymətini özü üçün müəyyənləşdirmək azadlığı vardır”.(“N.Hacıyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MülkiKollegiyasının 7 avqust 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarı). Kollegiya iddiaçının alğı-satqı müqaviləsinin görünüş üçün bağlanması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, mülki işin hallarından görünür ki, Cavabdeh2 və Cavabdeh3 MMC arasında bağlanmış olan müqavilə üzrə tərəflər öz öhdəliklərini yerinə yetirmişlər. Yəni satıcı qismində çıxış edən Cavabdeh2 satış predmeti olan obyekti alıcı Cavabdeh3 MMC-nin mülkiyyətinə vermiş, Cavabdeh3 MMC isə bunun müqabilində müqavilədə nəzərdə tutulan pul məbləğini ödəmişdir. Bu isə tərəflərin alğı-satqı müqaviləsi üzrə yaranacaq nəticə ilə bağlı hüquqi niyyətlərinin və iradə ifadələrinin mövcudluğunu göstərir. Hər hansı müqavilənin sırf görünüş üçün bağlanması ilə bağlı nəticəyə gəlinməsi üçün isə zəruri olan hal tərəflərin müqaviləyə uyğun nəticələrin yaranması ilə bağlı hüquqi niyyətlərinin olmamasıdır (Mülki Məcəllənin 340.1-ci maddəsi). Hüquq ədəbiyyatında əqdlərin etibarlı olması üçün dörd qrup şərtin (tələbin) olması göstərilir. Bu şərtlər qanunda nəzərdə tutulmuşdur: əqdin subyekt tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticəni doğurur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Mülki qanunvericilik əqdlərin etibarsızlığı haqqında vacib və prinsipial əhəmiyyətə malik olan ümumi hüquqi prinsip müəyyən edir: “Mülki Məcəllənin tələblərinə uyğun gəlməyən və ya bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, əgər bu Məcəllədə bu cür əqdin puç (əhəmiyyətsiz) olduğu müəyyənləşdirilməyibsə və ya pozuntunun digər nəticələri nəzərdə tutulmayıbsa, etibarsızdır. Konkret mülki-hüquqi mübahisəni həll edən məhkəmə göstərilən qaydadan kənara çıxa bilməz. Məhkəmələr əqdin etibarlı olması şərtlərinə cavab verən, lakin qanunun tələblərinə zidd olan əqdi etibarlı əqd saya bilməzlər”. Etibarsız əqdlər elə hüquqazidd hərəkətlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən heç olmazsa birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Bu cür əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnmir. Mübahisə edilən (nisbi etibarsız) əqd odur ki, bu əqd avtomatik yox, yalnız məhkəmə tərəfindən müvafiq qərar qəbul edildiyi halda etibarsız sayılır. Hazırkı işdən görünür ki, iddianın predmetini təşkil edən alğı-satqı müqaviləsinin etibarsız sayılması üçün qanunda əqdin etibarsız sayılması ilə bağlı nəzərdə tutulan imperativ şərtlərdən heç biri mövcud deyil. Beləliklə, müəyyən olunur ki, Cavabdeh3 MMC vicdanlı alıcıdır. X1 vicdanlı ipoteka saxlayandır. Kollegiya hesab edir ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Rafiq Alıcanov küçəsi, 5E saylı fərdi yaşayış evi üzərində vicdanlı ipoteka saxlayan X7 ipoteka hüquqları saxlanılmalıdır. Kollegiya əmlaklar üzərində ipoteka yüklülüyünün bərpası ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kassasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, eyni bir əşya ipoteka ilə bir neçə dəfə yüklü edilə bilər. Yüklü edilmənin növbəliyi ipotekanın dövlət qeydiyyatı anı ilə müəyyənləşdirilir. Əgər bir neçə ipoteka saxlayan vardırsa, ipoteka ilə yüklü edilmiş obyektin satışından götürülmüş xalis gəlirdən ipoteka saxlayanların tələbləri onların hüquqlarının qeydiyyat növbəliyinə uyğun ödənilir. Əgər növbəlik və ya ixtiyarlı şəxslərdən hər birinə mənsub məbləğ mübahisəlidirsə, onların növbəliyi və ya ipoteka saxlayanlardan hər birinə çatası məbləğ müəyyənləşdirilənə qədər ödəniş həyata keçirilmir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Eyni zamanda kollegiya qeyd edir ki, ipoteka və tələb yeni ipoteka saxlayana köhnə ipoteka saxlayan üçün olduğu qaydada keçir. Daşınmaz əmlakın dövlət reyestrində və ya daşınar əmlakın rəsmi reyestrində qeydə alınmış məlumatlar ipoteka saxlayanın mənafeləri əsas götürülməklə düzgün hesab edilir. Bu halda ipoteka verən tələbin mövcud olmadığına istinad edə bilməz. Əgər yeni ipoteka saxlayan reyestrdəki yanlış qeydlərdən xəbərdar olmuşdursa, bu qayda tətbiq edilmir. MM-nin 310-cu maddəsinə əsasən eyni bir əşya ipoteka ilə bir neçə dəfə yüklü edilə bilər. Yüklü edilmənin növbəliyi ipotekanın dövlət qeydiyyatı anı ilə müəyyənləşdirilir. MM-nin 320-ci maddəsinə əsasən əgər bir neçə ipoteka saxlayan vardırsa, ipoteka ilə yüklü edilmiş obyektin satışından götürülmüş xalis gəlirdən ipoteka saxlayanların tələbləri onların hüquqlarının qeydiyyat növbəliyinə uyğun ödənilir. Əgər növbəlik və ya ixtiyarlı şəxslərdən hər birinə mənsub məbləğ mübahisəlidirsə, onların növbəliyi və ya ipoteka saxlayanlardan hər birinə çatası məbləğ müəyyənləşdirilənə qədər ödəniş həyata keçirilmir. Qalıq satılmış əşyanın mülkiyyətçisinə ödənilir. MM-nin 314-cü maddəsinə əsasən ipoteka və tələb yeni ipoteka saxlayana köhnə ipoteka saxlayan üçün olduğu qaydada keçir. Daşınmaz əmlakın dövlət reyestrində və ya daşınar əmlakın rəsmi reyestrində qeydə alınmış məlumatlar ipoteka saxlayanın mənafeləri əsas götürülməklə düzgün hesab edilir. Bu halda ipoteka verən tələbin mövcud olmadığına istinad edə bilməz. Əgər yeni ipoteka saxlayan reyestrdəki yanlış qeydlərdən xəbərdar olmuşdursa, bu qayda tətbiq edilmir. Kollegiya hesab edir ki, iddia tələbi əmlaklar üzərində ipoteka yüklülüyünün bərpa edilməsi hissəsində qismən təmin edilməli, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Rafiq Alıcanov küçəsi, 5E saylı fərdi yaşayış evi üzərində X14 vicdanlı ipoteka saxlayan kimi hüquqları nəzərə alınmaqla, İddiaçı ASC-nin ipoteka yüklülüyü ilə bağlı hüquqları bərpa edilməlidir. Kollegiya iddiaçının qanuni mənafeyinin müdafiəsi məqsədilə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 149.2-ci maddəsinə əsasən, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Göründüyü kimi, cavabdehin və üçüncü şəxsin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqların saxlanıldığı bu maddədə də qeyd olunsa da daşınmaz əmlakın dövlət reyestrində aparılmış yanlış qeydiyyata görə dəymiş zərərin əvəzinin ödənilməsinin iddiaçı tərəfindən tələb edilməsi istisna edilməmişdir. Odur ki, iddiaçı bu cür tələblə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumunun 5 manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.1.1, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Götərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(010)- 143/2021 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Rafiq Alıcanov küçəsi, 5E saylı fərdi yaşayış evinə dair 24 saylı notariat ofisində 4ə-109 reyestr nömrə ilə qeydə alınmış Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli bağışlama müqaviləsi və ünvan 1 ünvanında yerləşən qeyri yaşayış binasına dair 9 saylı notariat ofisində 4ə-1057 reyestr nömrə ilə qeydə alınmış Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli bağışlama müqaviləsi etibarsız hesab edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Rafiq Alıcanov küçəsi, 5E saylı fərdi yaşayış evi ilə bağlı Cavabdeh2 adına verilmiş çıxarış ləğv edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Rafiq Alıcanov küçəsi, 5E saylı fərdi yaşayış evi üzərində vicdanlı ipoteka saxlayan X7 hüquqları nəzərə alınmaqla, İddiaçı ASC-nin ipoteka yüklülüyü ilə bağlı hüquqları bərpa edilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 10 (on) manat dövlət rüsumunun 5 (beş) manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar