Məhkəmə qərarları › İş №2(103)-2857/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2857/2021

06.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2857/2021 06.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynli Gültəkin Xaliq qızının katibliyi , İddiaçı, onun nümayəndəsi və vəkili X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "kirayə müqaviləsinin ləğv edilməsi, evdən çıxarılma" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17.11.2020-ci il tarixli, 2(009)-2310/2020 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı kirayə müqaviləsinin ləğv edilməsi, evdən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evin mülkiyyətçisidir. Mülkiyyət hüquqları 13.10.2016-cı ildə DƏDRX tərəfindən qeydə alınıb və bu barədə müvafiq qeydlər edilməklə reyestrdən çıxarış verilib. Cavabdeh 2014-cü ildən həmin evdə kirayə yaşayır. 2016-cı ildə iddiaçı (mülkiyyətçi) həmin evi satmaq qərarına gəlir və bu barədə kirayəçisinə (cavabdehə) məlumat verir. Cavabdeh bildirir ki, evi özü almaq niyyətindədir. Evin qiymətini qarşılıqlı olaraq 330.000 manat dəyərləndirirlər və cavabdeh bundan sonra 3000 manat beh verir. Bir müddət sonra o, evin sənədləşməsi işlərinə başlayır, buna görə cavabdeh ona əlavə olaraq 5000 manat pul verir ki, sənədləşmə işləri sürətlə getsin və razılaşır ki, həmin məbləğ də gələcəkdə alqı-satqının ümumi dəyərindən çıxılacaqdır. 2016-cı ilin oktyabr ayında evin sənədləri tam hazır olur və alqı-satqının həyata keçirilməsinə hər hansı maneə qalmır. Lakin, cavabdeh həmin ərəfədə o qədər pulunun olmamasını bildirir, bir müddət gözləməyi xahiş edir. Aralarında 2-3 illik xoş münasibətləri, həmçinin cavabdeh tərəfindən ona artıq 8000 manat pulun verildiyini nəzərə alan iddiaçı etiraz etmir. Lakin bu “bu gün-sabah alacam” söhbətləri 2 il davam edir. Bununla yanaşı, cavabdeh iddiaçıdan daim xahiş edir ki, həmin evi kənar şəxsə satmasın, onun evi alacağından əmin olsun. 2018-ci ildə iddiaçı cavabdehə təklif edir ki, alqı-satqı etmədiyi təqdirdə, heç olmasa kirayə münasibətlərini rəsmiləşdirsin. Buna görə də, tərəflər arasında 11.09.2018-ci il tarixli kirayə müqaviləsi bağlanılır. Aylıq kirayə haqqı tərəflər arasında 1000 manat müəyyən edilir. 2020-ci ilin fevral ayında iddiaçı cavabdehə kirayə müqaviləsinin ləğv edilməsini, ondan aldığı pulun qaytarılmasını, mənzilin boşaldılmasını təklif edir. Lakin cavabdeh mənzili boşaltmaqdan imtina edir. Aylıq kirayə haqqını da son dəfə 2020-ci ilin fevral ayında ödəmişdir və son 8 ay hər hansı pul ödəmir, evi boşalmır, mənzili ona qaytarmır. Cavabdeh hərəkətlərini bununla izah edir ki, həmin mənzildə təmir işləri aparmışdır. O, bildirmişdir ki, onun mülkiyyətində olan əmlakın təmir edilməsinə hər hansı razılıq verməmiş, ümumiyyətlə təmirdən məlumatı olmamışdır. Cavabdehin sözlərinə görə cavabdeh həmin mənzili alacağını güman edərək təmir işlərinə özbaşına başlamışdır. Bundan əlavə qeyd olunmalıdır ki, cavabdeh ona bildirəndə ki, evi özü alır, həmin ərəfədə iddiaçı özünün yaşaması üçün yeni ev tapmış və cavabdehdən aldığı 3000 manat behi, özünün alacağı evə görə beh kimi vermişdir. Beləliklə, cavabdeh onun evini sonradan almaqdan imtina etdikdə, iddiaçının özü də öz növbəsində özünə ev almaqdan imtina etməli olmuşdur. Həmin 3000 manat isə beh kimi xərclənmişdir. Yəni cavabdehin təqsirli hərəkəti nəticəsində verdiyi vədə əməl etmədiyi üçün o, kənar şəxsə 3000 manat pul verməli olmuşdur. Hesab edir ki, məhkəmə tərəflər arasındakı kirayə müqaviləsinin pozulması, cavabdehin mübahisəli mənzildən çıxarılması və iddiaçının mülkiyyətdə olan əmlakın qanuni sahibinə qaytarılması barədə qətnamə qəbul etməlidir. Göstərilənləri nəzərə alaraq İddiaçı ilə Cavabdeh arasında bağlanmış 11.09.2018-ci il tarixli kirayə müqaviləsinin ləğv edilməsi, Cavabdeh əşyaları ilə birlikdə iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılaraq, həmin əmlakın iddiaçının (mülkiyyətçinin) sahibliyinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli 2(009)-2310/2020 saylı qətnaməsi ilə iddia təmin olunaraq İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 49C saylı fərdi yaşayış evinin kirayə verilməsinə dair Bakı şəhəri 28 saylı notariat kontorunda bağlanmış 11.09.2018-ci il tarixli kirayə müqaviləsinin ləğv edilməsi, cavabdehin həmin fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılması və həmin fərdi yaşayış evinin iddiaçıya təhvil verilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi cavabdehi mənzil kirayə müqavilsinin müddəti başa çatmadığı və müqavilənin şərtlərinin pozulmadığı halda mənzildə yaşamaq hüququndan məhrum etmişdir. Bakı şəhəri Səbail rayon məhkəməsi iddia tələbinə baxarkən MPM-nin 9.1-ci, 9.2-ci, 9.3-cü, 14.1-ci, 14.2-ci, 77.1-ci, 88-ci, 106.1-ci, 134-139-cu, 175.1-ci, 217-ci, 225-ci, 385.1-385.1.4-cü, 388-ci, 389-cu və 390-cı, maddələrinin tələblərini kobud şəkildə pozmaqla, onun iştirakı olmadan iddianın təmin edilməsi barədə əsassız və qanunsuz qətnamə qəbul etməklə hüquq və maraqlarını pozan nəticəyə gəlmişdir. Başqa sözlə, birinci instansiya məhkəməsi iddia tələbinə çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında baxmamışdır. Mübahisəyə işdə iştirak edən şəxs çağrılıb dindirilmədən baxmışdır. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməmiş və öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, sənədlərlə əsaslandırmamışdır. Məhkəmə qətnaməsini cavabdehi dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmamışdır. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımı şərait yaratmamışdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış və subütlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir. Məhkəmə işə baxarkən iş üzrə sübutları bilavasitə tədqiq etməyə, cavabdehin izahatını, şahidlərin ifadələrini dinləməli olduğu halda və işə baxması ilə əlaqədar digər hərəkətləri etməyə borclu olduğu halda bunları etməmişdir. Məhkəmə cavabdehi MPM-nin 134-139-cu maddələrində göstərildiyi kimi məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırmamışdır. Bundan başqa, hazırda Cavabdeh ümumi əsaslarla İddiaçı qarşı birinci instansiya məhkəməsində 40.000 manat pul, 10.000 manat əldən çıxmış fayda və 5.000 manat məbləğində zərər tələbinə dair iddia qaldırdığı qeyd edilmişdir. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 13.10.2016-cı il tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 49C saylı evi tam mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir. İş üzrə “Kirayəyə verən” qismində İddiaçı ilə “Kirayəçi” qismində Cavabdeh arasında Bakı şəhəri 28 saylı notariat kontorunda bağlanmış 11.09.2018-ci il tarixli mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi müqaviləsinə (kirayə müqaviləsinə) əsasən “Kirayəyə verən” İddiaçı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 228 kv.m olan fərdi yaşayış evinin tam mülkiyyət üzrə ona məxsus hissəsini “Kirayəçi” Cavabdeh kirayəyə vermişdir. Müqavilənin məzmunundan görünür ki, kirayə müddəti 11.09.2021-ci il tarixədək müəyyən edilir və onun bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə, icarə müddəti daha 1 il müddətinə uzadılmış hesab edilir. “Kirayəçi” Cavabdeh “Kirayəyə verən” İddiaçı aylıq 1000 manat kirayə haqqı ödəyir. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış pretenziya məktubundan görünür ki, İddiaçı kirayəçi Cavabdeh 2020-ci ilin fevral ayından başlayaraq kirayə pulu ödəmədiyini, nə mənzilini satmağa qoymadığını əsas gətirərək, aralarında olan müqaviləni ləğv etmək qərarına gəldiyini sonuncuya bildirmiş, məktubu alan gündən 10 gün ərzində onun mənzilini boşaldaraq ona təhvil verməsini, habelə yaşadığı müddət ərzində ödəmədiyi kirayə haqqını da ödəməsini xahiş etmişdir. Beləliklə, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlarla mübahisəsiz qaydada müəyyən edilmişdir ki, Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 3-cü massivdə yerləşən 49C saylı fərdi yaşayış evi 13.10.2016-cı ildə xüsusi mülkiyyət hüququ üzrə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınmışdır. Tərəflər arasında 11.09.2018-ci il tarixdə bağlanılmış kirayə müqaviləsinə əsasən iddiaçı mülkiyyətində olan fərdi yaşayış evini 11.09.2021-ci il tarixədək aylıq 1000 manat kirayə haqqı ödəməklə cavabdehə kirayə vermişdir. Cavabdeh 2020-ci ilin fevral ayından sonra kirayə haqqı ödəməmişdir. Mübahisəli fərdi yaşayış evi iddiaçının mülkiyyətində olsa da, cavabdeh kirayəçi kimi evi boşaldıb iddiaçıya təhvil verməkdən imtina edir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq birinci instansiya məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675-ci maddəsinə əsasən əmlak kirayə müqaviləsinə görə kirayə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 692.2.1-ci maddəsinə əsasən kirayəçi müqavilə öhdəliklərinin pozulmasına təqsirli olduqda kirayə verənin kirayə hüquq münasibətlərinə xitam vermək arzusu əsaslı sayılır. Qeyd edilən Məcəllənin 690.1-ci maddəsinə əsasən əmlak kirayə müqaviləsinin ləğvinə dair bildiriş yazılı formada verilməlidir. Əmlak kirayə müqaviləsinin ləğvinə dair bildirişdə müqavilənin ləğvi üçün əsaslar göstərilməlidir (maddə 690.2). İş materiallarından görünür ki, cavabdeh kirayə haqqını ödəmədiyi üçün iddiaçı tərəfindən ona müqavilə şərtinə riayət etməməsi ilə əlaqədar müqavilənin ləğv ediləcəyi barədə pretenziya məktubu göndərilmişdir. AR Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Qanunvericiliyin yuxarıda qeyd edilən maddələrində müqavilənin ləğv edilməsinin əsasları kimi tərəflərin razılaşması Mülki Məcəllə və ya müqavilədə müəyyən edilmiş hallar nəzərdə tutulmuşdur. Tərəflərin iradəsinə əsasən bağlanılmış müqavilə başlıca olaraq onların iradələrinə əsaslanan razılaşmaları ilə ləğv edilə bilər. Bu müddəa müqavilə azadlığı prinsipindən irəli gəlir. Belə ki, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda ləğv edilə bilər. Pozuntu o zaman əhəmiyyətli sayılır ki, bunun digər tərəfə vurduğu zərər müqavilə bağlayarkən onun ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. AR Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Şərh olunan maddədə göstərildiyi kimi, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımi icra edilməməsi anlaşılır. Öhdəliyin tamamilə icra edilməməsi yanaşı onun vaxtında icra edilməməsi, öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla icra edilməsi də aiddir. Borclunun öz öhdəliyini icra etməməsi üzrə davranışı müqavilənin və qanunvericiliyin müddəalarına tam cavab verməlidir. Əks təqdirdə öhdəlik pozulmuş olar və öhdəliyin icra edilməməsi baş verir ki, bu da ciddi hüququ nəticələrə səbəb olur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyətçinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 1 saylı protoklunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, səmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən mərhum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətindən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cü maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İİ hissəsinə əsasən, mülkiyyət hüququ, o cumlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququna Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə təminat verməklə yanaşı, bu hüquqa «İnsan hüquqları və X2 haqqında» 1950-ci il Avropa Konvensiyasına aid Protokolun (Paris 20.İİİ.1952) 1-ci maddəsilə təminat verilir. Konvensiyaya aid Protokolun (bu Protokol qeyri rəsmi olaraq 1 saylı Protokol da adlandırılır) 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Göründüyü kimi, istər Azərbaycan Respublikası Konstitusiyası, istərsə də Konvensiyaya aid 1 saylı Protokolun 1-ci maddəsi hər kəsin mülkiyyət hüququna təminat verməklə, hər kəsin qanunla nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilməsini qadağan etmişdir. AR Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci madədsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər Beləliklə iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, iş materiallarında olan məhkəmə bildirişlərindən görünür ki, cavabdehin ünvanına (apellyasiya şikayətində cavabdehin poçt ünvanı kimi qeyd etdiyi ünvana) birinci instansiya məhkəməsi tərəfindən mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq, məhkəmə iclaslarının vaxtı və yeri barədə bildirişlər göndərilmişdir. Bundan bağqa, kollegiya qeyd edir ki, cavabdeh bağlanmış kirayə müqaviləsi üzrə iddiaçıya hər ay kirayə pulu ödəməli olmasına dair vəzifələrin daşıyıcısıdır. Tərəflər arasında borc münasibətlərinin olması onu müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmək vəzifəsindən azad etmir. Cavabdehin 2020-ci ilin fevral ayından sonra kirayə haqqı ödəməməsi nəticəsində iddiaçı, müqavilə bağlanarkən hər ay əldə edəcəyini ümid etdiyi 1000 manat kirayə haqqından məhrum olmuşdur. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmiş və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17.11.2020-ci il tarixli, 2(009)-2310/2020 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar