Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2861/2024 06.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Əliheydər oğlunun cavabdeh “ Azəriqaz” İB-nə qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər: (borcun silinməsi) hakimlər X1, İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi ilə, İddiaçı, Cavabdeh İB-nin nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “ Azəriqaz” İB-nə qarşı “ borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 433/2024 saylı işi üzrə 06 fevral 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: 1.İddiaçı Cavabdehnə qarşı - ünvan 1 ünvanında quraşdırılmış qaz sayğacı (abonent kodu: **********00000) ilə bağlı Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş akta görə iddiaçıya itirilmiş qaz sərfıyyatının bərpa edilməsi məqsədi ilə hesablanmış 2073 manat 60 qəpik məbləğində borcun silinməsi tələbinə dair iddiası Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-433/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə təmin edilmiş, ünvan 1 ünvanı üzrə İddiaçı (abonent kodu **********00000 olan) hesablanmış 2073,60 manat məbləğində borcun silinməsi, Cavabdehndən 40,74 manat dövlət rüsumunun alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi, 65 manat məbləğində ekspertiza tədqiqatlarının dəyərinin Cavabdehndən alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. 2.Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 448.2; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2, 4.6, 4.7, 4.8, 4.9, 5.2, 6.5, 6.7; “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 8-1, 13-cü maddəsinin 8-ci hissəsi; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 119.2, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, İddiaçı yaşadığı ünvanda qaz sayğacına yoxlanış keçirilən zaman ona akt tərtib olunmuş və itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 2073,60 manat məbləğində borc tələb edilmişdi. Lakin, məhkəmə iclasında iddiaçı tərəfindən qaz xəttinə qaz sayğacından kənar qeyri-qanuni xətlə qoşulması halı öz təsdiqini tapmadığından, həmin aktlar qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyindən mötəbər sübut kimi qəbul edilməməlidir. Cavabdehin iddiaçıdan X2 pozulmasına görə birbaşa X2 pozulmasına görə dəymiş zərəri tələb etməsi də qanuna uyğun deyil. İşdən görünür ki, zərərin tələb edilməsinə əsas olmuş qanunla müəyyən edilmiş qaydaya cavabdeh tərəfindən əməl edilməmiş, aktın bir nüsxəsi nə iddiaçıya, nə də təqsirlilik məsələsinin müəyyən edilməsindən ötrü müvafiq dövlət orqanlarına təqdim edilməmişdir (yaxud bununla bağlı cavabdeh məhkəməyə sübut təqdim etməmişdir). Bu halda, iddiaçının X2 pozulmasında təqsirli olması müəyyən edilməmiş olur. Qanunvericilik isə borclunun öz öhdəliklərinin təqsirli pozuntusu üçün məsuliyyət daşımasını müəyyən etmişdir. Cavabdehin nümayəndələri tərəfindən itirilmiş qazın dəyəri hesablanarkən hər hansı bir normativ hüquqi akta, hansısa qaydalara da istinad edilməmişdir. Bu cür hesablama üsulu nəinki iddiaçının, ümumiyyətlə, hansısa şəxsin cavabdehə hansı miqdarda maddi ziyan vurmasını müəyyən etmək mümkünsüzdür. Sayğacın göstəricilərinə əsasən iddiaçı tərəfindən qazın istehlakına görə hər ay az məbləğdə qaz sərf edildiyi halda ödəniləcək məbləğin 2073,60 manat məbləğində hesablanmasını ağlabatan hesab edilmir. İddiaçının yaşadığı evdə quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən qazın dəyəri düzgün hesablanmadığından, cavabdeh tərəfindən yol verilmiş səhvə görə iddiaçı məsuliyyət daşımadığından, iddiaçı qeyd edilən ünvanda istehlak olunmuş təbii qaza görə cavabdeh qarşısında məsuliyyət daşımır. Odur ki, cavabdehin iddiaçıdan itirilmiş qazın bərpasına görə hesablanmış borcun tələb etməsi qanunsuz və əsassızdır.
3. İşin icraatı zamanı müəyyən edilmişdir ki: xx.xx.2022-ci il tarixli “Təbii X2 pozulması haqqında” ******* saylı AKT-ın surətinə əsasən, abonent təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edildiyi aşkarlanmışdır;- Abonent saldosuna əsasən, iddiaçıya 2022-ci il tarixdə 2073,60 manat məbləğində borc hesablanmışdır;- Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6978/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə trasoloji ekspertizası təyin olunmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3- 16-16/2 3/1892 nömrəli ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilən borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmiş və qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: 4.Cavabdeh apellyasiya şikayəti verərək, Xətai Rayon Məhkəməsinin 2(011)-433/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096, 1097.1; “Qaz təchizatı haqqında” qanunun 6.2; Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5; Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında” 29 iyun 2000-ci il tarixli 356 saylı Fərmanın 9-cu bəndi; “Əhalinin təbii qazdan istifadə üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə” 29 dekabr 2009-cu il tarixli 207 saylı Fərmanın 3-cü bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77, 88, 217.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə mübahisələndirdiyimiz qətnamənin ləğv edilməsinə əsasdır. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən istehlakçı İddiaçı məxsus evə baxış keçirilərkən abonentə məxsus sayğaca vizual müdaxilə video çəkilişlə təsdiq olunmuşdur. Belə ki, tərtib edilmiş Təbii X2 pozulması haqqında” aktla müəyyən edilir ki, mənzilə təbii qazdan sayğacdan kənar qeyri-qanuni olaraq xətt çəkilmiş və istifadə olunmuşdur. Həmin akt əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamə təsdiq olumuşdur (iş materiallarında vardır). Həmin Tələbnaməyə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həcminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi istehlakçı İddiaçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni sayğacdan kənar qeyri-qanuni xətt çəkməklə və həmin xətdən istifadə etməklə cavabdehə ziyan vurmuşdur. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
5. İddiaçı Əliheydər oğlu cavabdehin apellyasiya şikayətinə yazılı etiraz təqdim etmiş, etirazda qeyd edilmişdir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi ona məxsusdur. "Azəriqaz” İB-nin əməkdaşlarının ona qarşı hərəkətləri onu məyus edir. Özü uzun zamandır ki, şəkər və ürək xəstəsidir, həyat yoldaşı onkoloji xəstədir və uzun müddətdir ki, müalicə alır. Özü və həyat yoldaşı işləmir. Belə bir vəziyyətdə əsassız olaraq hesablanmış 2073.60 manat vəsaitlə bağlı böyük sarsıntı içindədirlər. Bu ədalətsizliyə etiraz edir. Vaxtı-vaxtında ona aid qaz sayğacından qanuna uyğun formada istifadə edilmişdir. Evdə quraşdırılmış qaz sayğacı onun adına rəsmiləşdirilmişdir. Cavabdeh İB-nin əməkdaşları onun məlumatı olmadan guya həmin ünvana baxış keçirmiş, guya həmin ünvanda təbii qazdan qeyri-qanuni istifadə edilməsini aşkar etmişdirlər. Buna görə akt tərtib edilmiş, ona 2073,60 manat məbləğində əsassız borc yazmışlar. Ona məxsus qeyd olunan ünvanda təbii qazdan qeyri-qanuni istifadə etmə halı olmadan Birliyin əməkdaşları ona məlumat vermədən akt tərtib etmiş, bu akt əsasında əsassız borc yazmışlar. Başqa sözlə sözügedən ünvanda təbii qazdan qeyri-qanuni istifadə halı mövcud olmamışdır. Birliyin əməkdaşları tərəfindən aparılmış hesablamalarla da razı deyil. Belə ki, Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş tələbnamədə ona məxsus ünvana borc hesablayarkən qaz sayğacının nominal saatlıq qaz sərfinin 4 kub metr, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün qəbul edilməklə hesabat aparılmışdır. Hər hansı bir qaz cihazının 360 gün ərzində 24 saat fasiləsiz işləməsi mümkün deyildir. Bu hal həmin cihazların istehsalçıları tərəfindən də qadağan olunur. Digər tərəfdən isə sözügedən ünvanda 360 gün ərzində eyni həcmdə qaz sərfiyyatının olması heç bir halda ağlabatan deyildir. Belə ki, bütöv bir il ərzində qaz cihazlarından eyni qaydada istifadə etmək zərurəti olmur. Çünki 360 günün böyük əksəriyyəti ilin isti vaxtlarına təsadüf etdiyi üçün həmin dövrlərdə istilik cihazlarından istifadə etmək zərurəti yaranmır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Təbii X2 pozulması haqqında'’ ******* saylı AKT-ın surətindən görünür ki, abonent təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edildiyi aşkarlanmışdır. İş materiallarında olan abonent saldosundan görünür ki, iddiaçıya 2022-ci il tarixdə 2073,60 manat məbləğində borc hesablanmışdır Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011 )-6978/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə trasoloji ekspertizası təyin olunmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2 3/1892 nömrəli ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilən borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmiş və qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir. Sözügedən akt onun iştirakı olmadan tərtib olunmuş və yalnız Birliyin əməkdaşları tərəfindən imzalanmışdır. 6.Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Əliheydər oğlu apellyasiya şikayətini əsassız hesab etdiyini, etiraza uyğun izahat verərək 30 ildən çoxdur ki, həmin həyət evində yaşadığını, kommunal ödənişləri vaxtı-vaxtında etdiyini, belə borcun olması barədə qabaqcadan ona hər hansı rəsmi xəbərdarlıq edilmədiyini həmçinin tərtib edilmiş aktdan da məlumatlı olmadığını, yalnız Cavabdeh İB-nin yaşadığı ərazi üzrə nümayəndəsi tərəfindən borcunun olması barədə məlumat verildikdən sonra məlumatlı olduğunu və bundan sonra məhkəməyə müraciət etdiyini qeyd etmiş, apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir.
7. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh İB-nin nümayəndəsi vəkil Nümayəndə apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsində keçirilmiş ekspert rəyində təqdim olunan boruda tədqiqat aparıldığı qeyd edilsə də, iddiaçı tərəfindən ekspertə hansı borunun təqdim olunduğunun naməlum olduğunu, qeyd edilənlər baxımdan və ekspertiza keçirilən zaman nümayəndələrinin iştirak etməməsi səbəbdən də ekspert rəyi ilə razı olmadığını, iddiaçının təbii qazdan qeyri-qanuni istifadə etməsi ilə bağlı Cavabdeh İB-nin əməkdaşları tərəfindən 2022-ci ilin noyabr ayının 30-da akt tərtib olunduğunu, iddianın isə təqribi olaraq 9 ay sonra verildiyini, bu müddət ərzində iş yükünün çoxluğu səbəbindən Cavabdeh İB tərəfindən heç bir tədbir görülmədiyini, akt tərtib edildiyi zaman və ondan sonra iş yükünün çoxluğu səbəbi ilə və akt tərtib edən əməkdaşların kifayət qədər hüquqi biliyi olmadığından iddiaçıya məlumat verilmədiyini bildirmiş və dediklərini nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya baxışının hədləri: 8.“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
9. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən:6.2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. 6-1.1. Qaz paylayıcısı tərəfindən müayinə və texniki xidmət məlumatları üzrə reyestr (bundan sonra – Reyestr) yaradılır. Reyestrə daxil edilmiş məlumatlar müvаfiq icrа hаkimiyyəti оrqаnının müəyyən etdiyi orqan (qurum) və istehlakçılar üçün açıq olmalıdır. Reyestrin aparılması və ondan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. 2. Qaz paylayıcısı müayinə və texniki xidmətlə bağlı məlumatları müayinənin və ya texniki xidmətin keçirildiyi vaxtdan 5 (beş) iş günündən gec olmayaraq Reyestrə daxil etməlidir. 6-2.1. Qaz paylayıcısının işçiləri istehlakçıya 5 (beş) iş günü əvvəl sifarişli poçt göndərişi və ya istehlakçının əvvəlcədən razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə bildiriş təqdim etməklə (göndərməklə), bu Qanunun 6-2-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulan hallar istisna olmaqla, ildə bir dəfə (hər il noyabrın 1dək) müayinə keçirilməsini təmin etməli, nəticəsi barədə müvafiq icra hakimiyyəti оrqаnının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi formada 2 (iki) nüsxədə müayinə aktını istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktın bir nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir. Müayinə zamanı nöqsan və (və ya) pozuntular aşkar edildikdə müayinə aktında texniki xidmətin qaz paylayıcısı, ixtisaslaşmış podratçı və ya məişət abonenti olmayan istehlakçının müvafiq ixtisaslı işçi heyəti tərəfindən bir aydan çox olmayan müddətdə həyata keçirilməsi barədə istehlakçının seçimi qeyd edilməlidir.Müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş tədbirlər görülür.Qaz paylayıcısı tərəfindən müayinənin keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. 6-3.1. Qazpaylayıcı şəbəkəyə texniki xidmət qaz paylayıcısı tərəfindən həyata keçirilir. 6-3.2. Müayinə aktında istehlakçının qaz qurğularına və qaz xətlərinə texniki xidmətin qaz paylayıcısı tərəfindən həyata keçirilməsi nəzərdə tutulduqda, o, bu Qanunun 6-2-ci maddəsinin 1-ci hissəsinə əsasən müayinə aktını tərtib etdikdən sonra 2 (iki) iş günü müddətində istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) texniki xidmətin göstərilməsi ilə bağlı müqaviləni sifarişli poçt göndərişi və ya istehlakçının razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə təqdim etməlidir (göndərməlidir). İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) müqavilə şərtləri ilə razı olduqda 3 (üç) iş günü müddətində müqaviləni imzalayaraq qaz paylayıcısına onun təqdim edildiyi (göndərildiyi) üsulla təqdim edir, razılaşmadıqda isə həmin müddətdə seçdiyi ixtisaslaşmış podratçı və ya məişət abonenti olmayan istehlakçının müvafiq ixtisaslı işçi heyəti barədə məlumatı bu Qanunun 6-3-cü maddəsinin 3-cü hissəsində nəzərdə tutulan qaydada qaz paylayıcısına təqdim etməlidir. Tüstü bacalarına, habelə havalandırma və havadəyişmə xətlərinə texniki xidmət bu Qanunun 6-3-cü maddəsinin 7-ci hissəsinə uyğun olaraq yaşayış evlərinə münasibətdə istehlakçının seçdiyi ixtisaslaşmış podratçı, digər tikinti obyektlərinə münasibətdə isə bu Qanunun 6-3-cü maddəsinin 6-cı hissəsinə uyğun olaraq ixtisaslaşmış podratçı və ya məişət abonenti olmayan istehlakçının müvafiq ixtisaslı işçi heyəti tərəfindən həyata keçirilir. 13.6. Qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandırır: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; istehlakçı qaz paylayıcısının işçilərini müayinə keçirilməsi üçün onun mülkiyyətində və ya istifadəsində olan tikinti obyektinə daxil olmasına maneə törətdikdə və ya müayinənin keçirilməsinə şərait yaratmadıqda; istehlakçı qaz paylayıcısının işçiləri tərəfindən tərtib edilmiş müayinə aktında qeyd olunmuş nöqsan və (və ya) pozuntuların aradan qaldırılması üçün bu Qanunun 6-2-ci və 6-3cü maddələrinin tələblərini yerinə yetirmədikdə; məhkəmənin qərarı ilə; dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda, həmin əməliyyatın aparılma zonasında, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanın göstərişi əsasında. 13.7. İstehlakçıya qazın verilməsinin dayandırılması (dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması ilə əlaqədar dayandırma halı istisna olmaqla) yalnız fərdi qaydada həyata keçirilir. Qazın dəyərini vaxtında ödəməyən istehlakçıya qazın verilməsinin dayandırılması, qazın dəyərini vaxtında ödəyən digər istehlakçıların hüquqlarının pozulması ilə nəticələnməməlidir. Qaz xətlərinin qanunsuz olaraq kəsilməsi və ya istehlakçıya yazılı bildirişin göndərilməsi tələb olunan hallarda yazılı bildiriş göndərilmədən qazın verilməsinin dayandırılması qadağandır. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirildikdən sonra 1 (bir) gün müddətində qazın verilməsi bərpa edilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. 13.8.Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smartkart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. 13.8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.
10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə Təsdiq edilmiş X2 tələbələrinə əsasən:3.1. Qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı aşağıdakı vəzifələri yerinə yetirməlidir: 3.1.2. istehlakçını qazın alqı-satqı müqaviləsində göstərilən keyfiyyətdə və həcmdə, habelə dövlət standartlarının tələblərinə uyğun qazla təmin etməli; 3.1.3. qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalı; 3.1.5. istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməli; 3.1.6. bu Qaydaların 3.2.7-ci və 3.2.9cu yarımbəndlərində nəzərdə tutulmuş hallarda məlumat daxil olduqda, dərhal zəruri tədbirlər görməli, 3.2.10-cu yarımbəndində nəzərdə tutulmuş halda məlumat daxil olduqda isə istehlakçının qaz qurğularını dəmir örtüklü qapaqla və ya tıxacla xətdən ayırmalı; 3.1.7. qazpaylayıcı şəbəkədə qəza hallarının qarşısını almalı və nəticələrini aradan qaldırmalı; 3.1.8. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-2-ci maddəsinə uyğun olaraq müayinəni həyata keçirməli;3.1.9. qazpaylayıcı şəbəkəyə texniki xidməti həyata keçirməli;3.1.10. bu Qaydaların 2.11- 1-ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir;3.1.11. qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədilə qaz paylayıcısı tərəfindən müəyyən edilən, lakin bu Qaydaların 3.1.10-cu yarımbəndində nəzərdə tutulan qaydada və müddətlərdə şəbəkəyə baxış keçirməli və nəticəsini aktla rəsmiləşdirməlidir.4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.5.1. Qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir.5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Qazın dəyəri barədə ödəniş hesabının nümunəsi bu Qaydaların 4 nömrəli əlavəsində göstərilmişdir.5.3. İstifadə olunan qazın dəyəri yalnız bank və ya poçt şöbələri vasitəsilə ödənilir.5.4. Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır.5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.5.6. Qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə).6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.5-1. İstehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. 6.5-2. İstehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-3. İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-4. Qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. 6.6. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirildikdən sonra 1 (bir) gün müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməli və aktın 1 (bir) nüsxəsi istehlakçıya təqdim edilməlidir. 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
11. İstehlakçıların Hüquqlarının Müdafiəsi haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən (3 və 8-ci maddə): Azərbaycan Respublikası ərazisində istehlakçılar aşağıdakı hüquqlara malikdir:malların (işlərin, xidmətlərin) və onların istehsalçısının, icraçısının və satıcısının sərbəst seçilməsinə;istehlak etdikləri malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətdə olmasına;malların (işlərin, xidmətlərin) təhlükəsizliyinə;malların (işlərin, xidmətlərin) miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etməyə;qanunvericilikdə nəzərdə tutulan hallarda, lazımi keyfiyyəti olmayan, habelə insanların sağlamlığına, həyatına təhlükəli olan malların (işlərin, xidmətlərin) vurduğu zərərin ödənilməsinə;öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə;ictimai təşkilatlarda (istehlakçılar birliyində) birləşməyə. Bazarda hökmran mövqe tutan istehsalçı və ya icraçı (onun nizamnamə fəaliyyətindən, yaxud istehsal imkanlarından kənara çıxdığını sübut etdiyi hallar istisna olmaqla) istehlakçı ilə işlərin icra edilməsi və xidmət göstərilməsi üçün qeyri-bərabər şərt təklif etmədən müqavilə bağlamağa borcludur. Bu halda o, öz istehsalat, yaxud digər təsərrüfat fəaliyyətini elə təşkil etməlidir ki, əhalinin ehtiyacları lazımi səviyyədə və fasiləsiz təmin edilsin. İcraçının əsassız olaraq, müqavilə bağlamaqdan imtina etməsi nəticəsində o, işlərin yerinə yetirilməsindən və xidmətlərin göstərilməməsindən istehlakçıya dəyən ziyanın əvəzini ödəməyə borcludur. 12.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1, 560.2 və 560.3.4-ci maddələrinə əsasən: Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi xüsusən hüquqdan sui-istifadə kimi nəzərdə tutulmuşdur. Məcəllənin 1096.1-1096.2 əsasən: Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 13.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.3 və 14.2-ci maddələrinə əsasən, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məcəllənin 77.1 və 81-ci maddəsinə əsasən: hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məcəllənin 106.1-106.2-ci maddələrinə müvafiq: işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. 14.Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən: İ. Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. İİ. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İİİ. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. İV. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. V. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. 15.Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissələrdə tədqiq edən məhkəmə kollegiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin “X2 təsdiq edilməsi haqqında” xx.xx.2011-ci il tarixli 80 saylı qərarına; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2, 189-1, 314-4; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 279, 280, 282, 542; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 324, 385-388, 560, 1096-1098, 1128-1131; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 76, 77, 80-82, 89, 106.2, 119, 217.4, 220.5, 385-390-cı maddələrinə istinadən hesab edir ki, cavabdehin apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri formal mülahizə xarakteri daşıdığından, əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin bu əsaslarla dəyişdirilməsi üçün əsas ola bilməz. Belə ki, iddiaçının pozuntu törətməsi (qazı talaması) qanunvericiliklə nəzərdə tutulmuş cinayət və ya inzibati xəta əməlinin törədilməsində əsaslı şübhələr müəyyən etsə də, təqdim edilən aktlara uyğun ehtimal edilən pozuntularla və yaranmış borcla rəsmi tanış edilərək rəsmi xəbərdarlıq edilməsi, müvafiq tədqiqatların aparılması, qərarların qəbul edilməsi və vaxtında tələblərin irəli sürülməsi üçün müvafiq tədbirlər həyata keçirilməmişdir. Mötəbərliyi dayanıqlı sübutlarla təmin edilməyən şikayətin dəlillərinə qiymət verilməsi isə hüquqdan (dispozitiv imkandan və diskression səlahiyyətlərdən) suiistifadəyə şərait yaradan hal kimi mülki mühakimə icraatı qaydasında mübahisəlidir və müzakirəyə çıxarılan sübutlar təkzibediləndir. Cavabdehin (vəzifəli şəxslərinin) tərtib etdiyi aktların nəticəsiz qalması onların şübhələrdən kənar sübut növü kimi qəbulu üçün əsaslar müəyyən etmir. Kollegiya hesab edir ki, təqdim edilmiş aktlar üzrə peşəkar struktur təsisata malik olan cavabdeh (vəzifəli şəxsləri) tərəfindən mülki mühakimənin əsaslarını təşkil edən istehlakçı tərəfindən yol verilmiş pozuntulara dair sübutetmə vəzifələrinə formal yanaşılmışdır (talama faktı üzrə nəzarəti qanunla həvalə edilmiş müvafiq icra hakimiyyətinə və ya müvafiq hüquq-mühafizə orqanlarına aidiyyəti müraciətlər edilməmişdir). İddiaçının mülki hüquq pozuntusunun mövcudluğu məhz onun və ya digər şəxslərin hüquqazidd hərəkətlərindən (hərəkətsizliyindən) irəli gəlməsi üçün təqsirsizlik prezumpsiyasının mahiyyəti və cavabdehin iddia etdiyi davam edən pozuntuya susması aspektindən anlaşılan deyil. Qeyd edilən müstəvidə mülki münasibətlərin səciyyəsi, deliktin mövcudluğu və onun kim tərəfindən törədilməsi, müqavilə öhdəliklərinin yerinə yetirilməməsi, bunun səbəbləri və ya digər xüsusatların əsasları mübahisə edilən hissədə müəyyən edilmir.
16. Diqqətə çatdırılmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsindən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci isə (şikayətin əsassızlığı nəzərə alınaraq) onu ödəyən şəxsə aid edilməlidir.
17. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 433/2024 saylı iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.