Məhkəmə qərarları › İş №2(103)-2862/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2862/2021

23.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2862/2021 23.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Xəyalə Cəmilova və Emin Mehdiyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “hərracın nəticələri haqqında yekun protokolunun etibarsız hesab olunması barədə” iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin 30.09.2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: Gəncə Apellyasiya Məhkəməsi tərəfindən 2(104)-701/2018 №-li mülki iş üzrə verilmiş 22.10.2018-ci il tarixli icra vərəqəsinə görə kredit alan Əhmədov Abdulla Ələddin oğlundan kredit verən “xxxx” ASC-nin (hazırkı iş üzrə üçüncü şəxsin) xeyrinə cəmi 246.108,49 ABŞ dolları pul tutulmalı, tutma ipoteka predmeti olan, İddiaçı (hazırkı iş üzrə iddiaçıya) məxsus, Göygöl rayonu, Qızılqaya qəsəbəsi, 0,08 ha torpaq sahəsində yerləşən, 9 girişli, ümumi sahəsi 732,5 kv.m, əsas sahəsi 673,6 kv.m, köməkçi sahəsi 58,9 kv.m təşkil edən 1 mərtəbəli qeyri-yaşayış binasına yönəldilməli, həmin bina ilkin satış qiyməti 255.000 manat olmaqla hərracda satılmalıdır. Göygöl Rayon İcra və Probasiya Şöbəsinin sifarişi əsasında cavabdeh “xxxx” MMC əmlakın satılması üzrə hərrac keçirib. “Hərracın yekunları barədə” 20.11.2019-cu il tarixli, 57/07 №-li protokol əsasında “xxxx” ASC əmlakı 162.562,5 manata əldə edib. Tələb və onun həlli: İddia ərizəsində tələb olunub ki, hərracın nəticələri haqqında protokol etibarsız hesab edilsin. Qətnamə ilə qət olunub ki, iddia rədd olunsun. Şikayət və izahatlar: Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Qətnamənin yoxlanılması: İddianın 2 əsası var: 1) əmlakın qiyməti həddindən artıq aşağı müəyyən olunub; 2) hərracın keçirilməsi barədə iddiaçıya məlumat verilməyib. 1-ci əsasla bağlı məhkəmə qeyd edir ki, əmlakın ilkin satış qiyməti məhkəmə qətnaməsində 255.000 manat müəyyən olunub, buna müvafiq olaraq icra vərəqəsində həmin qiymət əks olunub. Əmlak hərraca məhz bu qiymətlə çıxarılıb, daha sonra ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə (216.750 manata) təkrar hərraca çıxarılıb, təkrar hərrac baş tutmadığına görə hərracın təşkilatçısı banka təklif edib ki, əmlakı təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz aşağı qiymətə (162.562,50 manata) alsın. Bank bu təklifi qəbul etmiş, hərracın təşkilatçısı isə 20.11.2019-cu il tarixdə protokol tərtib etməklə bunu rəsmiləşdirmişdir. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Əgər iddiaçı ilkin satış qiymətini (255.000 manatı) düzgün qiymət hesab etmirsə qətnamədən şikayət verməklə bunu mübahisələndirə bilərdi. Qətnamədə göstərilmiş ilkin satış qiyməti iddia verilməklə mübahisələndirilə bilməz. 2-ci əsasla bağlı məhkəmə qeyd edir ki, hərracın təşkilatçısı hərracın keçirilməsi barədə ipoteka qoyanı məlumatlandırmalıdır. Bu qayda “İpoteka haqqında” Qanunun 42.1ci maddəsindən və Mülki Məcəllənin 415.2-ci maddəsində irəli gəlir. Əmlakın satılması üzrə birinci hərrac 14.10.2019-cu il tarixə, təkrar hərrac isə 30.10.2019-cu il tarixə təyin olunub. İddiaçının (ipoteka qoyanın) ünvanına ilk hərrac barədə bildiriş 08.10.2019-ci il tarixdə, təkrar hərrac barədə bildiriş isə 25.10.2019-ci il tarixdə çatdırılıb, bunu təsdiq edən poçt xəbərnamələri iş materiallarına əlavə edilib (iş v. 78, 79). Həmin xəbərnamələrdə bildirişi alan şəxs “şəxsən” qrafasında imza icra edib, habelə imzadan sonra “Əhmədov” soyadı yazılıb. İddiaçının vəkili və nümayəndəsi Nümayəndə bildirir ki, imzalar iddaçıya məxsus deyil, belə ki, iddiaçı bildirişlərin göndərdiyi ünvanda yaşamır. Müəyyən olunur ki, bildirişlər ünvan 1 ünvanına göndərib. İcra sənədində həmin ünvan iddiaçının yaşadığı ünvan kimi göstərilib. O cümlədən hazırkı iddia ərizəsində iddiaçı həmin ünvanı özünün ünvanı kimi göstərib. Ona görə də hesab olunur ki, hərrac təkilatı iddiaçını məlumatlandırıb. Beləliklə, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin 30.09.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar