Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2865/2025 23.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə3, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, iddiaçı “Professor Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün Vərəm və X1 Sanatoriyası” publik hüquqi şəxsin cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi barədə” iddiasına dair mülki iş üzrə Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(003)-315/2025 nömrəli qətnaməsindən cavabdehin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.Mübahisə elektrik enerjisindən istifadəyə görə hesablamanın 10 qəpik və ya 11 qəpiklə aparılması barədədir. 2.Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının xx.xx.2021-ci il tarixli 14 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisinin ölkədaxili tarifləri”nə görə, qeyri-əhali sektorunda (bu Qərarın 8-ci bəndində göstərilən istehlakçılar istisna olmaqla) ticarət və xidmət sahələri üçün 1 kVts enerji 11 qəpk (4.2.1-ci bənd), digərləri üçün 10 qəpik (4.2.2-ci bənd) müəyyən edilib. Tarif (qiymət) Şurasının həmin qərarının qüvvədə olduğu dövrdə iddiaçının elektrik enerjisindən istifadə etməsinə görə hesablama 10 qəpikdən aparılmalı olduğu halda 11 qəpkdən aparılıb. 3.İddiaçı hesab edir ki, hesablama 11 qəpikdən aparılmalı deyil, çünki dövlət büdcəsindən maliyyələşən təşkilatdır, xidmət sahəsində fəaliyyət göstərmir, sahibkarlıq fəaliyyəti ilə məşğul olmur. 4.Cavabdeh hesab edir ki, hesablama 11 qəpikdən aparılmalıdır, çünki iddiaçı qeyrikommersiya təşkilatı olsa da faktiki olaraq əhaliyə sağlamlıq xidməti göstərdiyinə görə, xidmət sahəsi sayılmalı, hesablama xidmət sahəsinə aid tariflə aparılmalıdır. 5.Cavabdehin əməkdaşları iddiaçının barəsində xx.xx.2024-cü il tarixli 001041 nömrəli akt tərtib edib (iş v. 33). Aktda qeyd olunub ki, hesablama 1 kVts enerji üçün 10 qəpikdən aparılır, lakin iddiaçı xidmət sahəsində fəaliyyət göstərdiyi üçün hesablama 1 kVts enerji üçün 11 qəpikdən aparılmalıdır. Daha sonra həmin aktın əsasında xx.xx.2024-cü il tarixli icra vərəqi tərtib olunub, iddiaçıya keçmiş dövr üçün 6.171 manat borc hesablanıb (iş v. 32). Bundan başqa, növbəti aydan - 2024-cü ilin iyun ayından başlayaraq 2024-cü ilin sentyabr ayına qədər 11 qəpikdən hesablama aparılmaqla iddiaçıya 2.221,15 manatı artıq borc hesablanıb. Bundan sonra - xx.xx.2024-cü ildə iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət edib. Birinci instansiya məhkəməsində icraat 6.İddia ərizəsində tələb olunub ki, iddiaçının abonent hesabına cavabdeh tərəfindən əsassız olaraq hesablanmış 12.523,50 manat borc silinsin. 7.Xəzər Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia qismən təmin olunsun, iddiaçının abonent hesabına cavabdeh tərəfindən hesablanmış 8.392,15 manat borc silinsin, iddianın qalan hissəsi təmin edilməsin. 8.Qətnamə ilə silinməsi qət olunmuş 8.391,15 manatın tərkibinə 1 kVts enerji üçün 11 qəpik əsas götürülməklə artıq hesablanmış 6.171 manat və 2.221,15 manat daxildir (6.171 manat + 2.221,15 manat = 8.392,15 manat). Yuxarıda qeyd olunduğu kimi, 6.171 manat xx.xx.2024-cü il tarixli 001041 nömrəli akta əsasən hesablanıb, 2.221,15 manat isə 2024-cü ilin iyun-sentyabr aylarında hesablanıb. Apellyasiya instansiyası məhkəməsində icraat 9.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə iddianın təmin edilən hissəsində ləğv edilsin və iddia təmin edilməsin. 10.Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. 11.Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 12.Apellyasiya şikayətində qətnamənin bir hissəsi – iddianın təmin edilməsinə aid hissəsi mübahisələndirildiyinə görə, qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılmalıdır. Yoxlanılan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. 13.Elektrik enerjisindən istifadəyə görə hesablama 11 qəpikdən aparıla bilməz, çünki iddiaçı publik hüquqi şəxsdir. Elektrik enerjisinin ölkədaxili tarifləri baxımından, publik hüquqi şəxslərin fəaliyyəti xidmət sahəsinə aid edilmir. Belə ki, “Publik hüquqi şəxslər haqqında” Qanundan görünür ki, publik hüquqi şəxs ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur (maddə 2.2). Publik hüquqi şəxsin sahibkarlıq fəlaiyyəti ilə məşğul olmsı mümkündür. Belə ki, “Publik hüquqi şəxslər haqqında” Qanundan görünür ki, publik hüquqi şəxslər sahibkarlıq fəaliyyəti ilə yalnız o hallarda məşğul ola bilərlər ki, bu fəaliyyət onların yaradılması zamanı və nizamnaməsində qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət etsin və bu məqsədlərə uyğun gəlsin (maddə 3.1). Lakin iddiaçı bildirir ki, o, sahibkarlıq fəaliyyəti ilə məşğul olmur. Cavabdeh isə iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu təsdiq edən sübut təqdim etməyib. 14.Beləliklə, məhkəmə Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının xx.xx.2021ci il tarixli 14 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisinin ölkədaxili tarifləri”nə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlib, qətnamənin mübahisələndirilən hissəsinin ləğv edilməsi üçün əsas yoxdur. 15.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(003)-315/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2865/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2865/2025
23.05.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver