Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2875/2021 14.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlunun və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1134/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsində yerləşən 63 saylı evin 2 otaqdan, 41,71 kv.m ümumi, 29,01 kv.m yaşayış sahəsindən ibarət olan 91 saylı mənzilinin açıq hərracdan satılması ilə bağlı cavabdeh “xxxx” MMC-nin “Hərracın nəticələri haqqında, 43/02 nömrəli, xx xxxx 2019-cu il tarixli protokolun və onun əsasında dövlət reyestrindən verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1134/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermiş və şikayətin dəlilləri ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmişdir. Odur ki, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi, əlavə olaraq bildirdi ki, iddiaçı bu məsələ ilə bağlı başqabaşqa iddia ərizələri ilə məhkməyə müraciət edir, hər dəfə də uduzur. Məqsədi isə işi uzatmaqdır. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2 tərəfindən İddiaçı 35.000 ABŞ dolları məbləğində pul borc qismində verilmişdir. Həmin müqavilədən irəli gələn öhdəliyin təminatı olaraq İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 63 saylı evin, 91 saylı mənzilini Cavabdeh2 qarşısında ipoteka ilə yüklü etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-583/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə X1 Cavabdeh2 xeyrinə 35.000 ABŞ dolları məbləğində pulun tutulması, tutmanın Cavabdeh2 qarşısında ipoteka ilə yüklü edilmiş İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 63 saylı evin, 91 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin 65.000 manata açıq hərracdan satılması və əldə edilmiş pul hesabına borcun ödənilməsi qət edilmişdir. Həmin qətnamədən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5988/2017 saylı, xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-583/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin 2(1020-3107/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı ilə təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5988/2017 saylı, xx xxxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh “xxxx” MMC tərəfindən iddiaçıya pasport qeydiyyatı üzrə (iddia ərizəsində göstərilən ünvana) ünvana hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, habelə özündə qanunvericiliklə müəyyən edilmiş digər məlumatları əks etdirən sifarişli poçt bildirişləri göndərilmişdir. Hüquqi əsaslandırma: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, borclu İddiaçı və Cavabdeh2 arasında yaranmış öhdəlik münasibətləri ilə bağlı tərəflərin arasında mübahisə məhkəmə qaydasında həll edilmiş, əmlaka tutma yönəldilməsi haqqında məhkəmə qətnaməsi qəbul edilmişdir. Qətnamə əsasında verilmiş icra vərəqəsinin icrası ilə bağlı hərrac təşkil edilmişdir. Lakin əmlak “xxxx” MMC tərəfindən keçirilmiş birinci (xx.xx.2018-ci il) və ikinci (xx.xx.2018ci il) hərracdan satılmamış, nəticədə hərrac baş tutmamış elan edilmiş və bu barədə müvafiq məlumat dərc edilməklə əmlak ipoteka saxlayana, yəni Cavabdeh2 təklif edilmişdir. Həmin ərəfədə İddiaçı “xxxx” MMC-yə qarşı “əmlakın qiymətləndirilməsi” tələbinə dair iddia qaldırılmış və bu mülki iş çərçivəsində qəbul edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-9210/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə İddiaçı iddianı təmin etmə tədbiri barədə ərizəsi təmin edilmiş, işə baxıb müvafiq qətnamə qəbul edilənədək Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 63 saylı evin, 91 saylı mənzilinin hərracda satılması “xxxx” MMC-yə qadağan edilmişdir. Bu qərardaddan verilmiş şikayət Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə ləğv edilmiş, İddiaçı iddianı təmin etmə tədbiri barədə ərizəsi təmin edilməmişdir. Həmin iş üzrə qəbul edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1133/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı “xxxx” MMC-yə qarşı “əmlakın qiymətləndirilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Bundan sonra Cavabdeh2 ilə “xxxx” MMC arasında xx xxxx 2019-cu il tarixdə bağlanmış hərracın yekunları barədə 43/02 saylı protokola əsasən Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 63 saylı evin, 91 saylı mənzilini 41.437,50 manata almış və onun mənzilə dair mülkiyyət hüququ dövlət qeydiyyatına alınaraq ona bu barədə müvafiq çıxarış verilmişdir. İddiaçı apellyasiya şikayətində həmin hərrac barədə ona məlumat verilməməsini, bununla da hərracda iştirak etmək və əmlakı almaq imkanından məhrum edildiyini, eyni zamanda, təkrar hərrac baş tutmamış elan edildikdən sonra ipoteka predmetinin əldə edilməsi üçün müəyyən edilmiş 30 günlük müddətin pozulduğunu bildirmişdir. Kolegiya iddiaçının hərrac barədə məlumatlı olmaması və hərracın ondan xəbərsiz keçirilməsi barədə dəlilləri ilə bağlı qeyd edir ki, cavabdeh “xxxx” MMC tərəfindən iddiaçıya pasport qeydiyyatı üzrə (iddia ərizəsində göstərilən ünvana) ünvana hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, habelə özündə qanunvericiliklə müəyyən edilmiş digər məlumatları əks etdirən sifarişli poçt bildirişləri göndərilmişdir Məhkəmə Kollegiyası, apellyasiya şikayətinin cavabdehin, yəni ipoteka saxlayanın təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməməsi barədə dəlilləri ilə bağlı isə rayon məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, qeyd edir ki, bu cavabdehin təqsiri üzündən baş verməmişdir. Belə ki, xx.xx.2018-ci il tarixdə keçirilmiş təkrar hərracda ipoteka predmetini əldə edən olmadığından hərrac baş tutmamış elan edilmiş və bu barədə qəzetdə elan dərc edilməklə xx.xx.2018-ci il tarixdə “xxxx” MMC tərəfindən tərəflərə, o cümlədən Cavabdeh2 məktub ünvanlanaraq, ipoteka predmeti haqqında qəbul edilmiş son qərar barədə məlumat verilməsi xahiş edilmişdir. Lakin həmin ərəfədə iddiaçı “xxxx” MMC-yə qarşı “əmlakın qiymətləndirilməsi” tələbinə dair iddia qaldırılmış və bu mülki iş çərçivəsində qəbul edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-9210/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə İddiaçı iddianı təmin etmə tədbiri barədə ərizəsi təmin edilmiş, işə baxıb müvafiq qətnamə qəbul edilənədək Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 63 saylı evin, 91 saylı mənzilinin hərracda satılması “xxxx” MMC-yə qadağan edilmişdir. Bu qərardaddan verilmiş şikayət Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə ləğv edilmiş, İddiaçı iddianı təmin etmə tədbiri barədə ərizəsi təmin edilməmişdir. Bununla belə, həmin əmlakın Cavabdeh2 tərəfindən xx.xx.2018-ci il tarixdən xx xxxxxx 2019-cu il tarixədək məhz bu, xx.xx.2019-cu il tarixədək (hərracın yekunları barədə protokolun imzalanması tarixi) isə mülki işə baxılması və bununla bağlı aidiyyəti prosedurların keçirilməsi səbəbdən əldə edilməsi qeyri-mümkün olmuşdur. AR MPM-in 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. MPM-in 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə düzgün qənaətə gəldiyindən, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə mahiyyət etibarı ilə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apelyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1134/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-2875/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2875/2021
14.04.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver