Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2877/2025 05.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlundan (məruzəçi), X2 və X1 ibarət tərkibdə, İlkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh2 MTK-ya və Cavabdeh1 qarşı “mənzilin təhvil verilməsi tələbinə dair”, qarşlıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh2 MTK-ya və İddiaçı qarşı “sahiblik və istifadə hüququnun tanınması və mənzilin təhvil verilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-350/2025 nömrəli 11 mart 2025-ci il tarixli qərardadından ilkin iddia üzrə cavabdehqarşlıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 MTK-ya və Cavabdeh1 qarşı “mənzilin təhvil verilməsi” dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanda 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok 12-ci mərtəbəsində ümumi sahəsi 167 kvadrat metrdən ibarət olan 3 otaqlı 72 nömrəli mənzilin rəsmi olaraq İddiaçı təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi, xx.xx.2018-ci il tarixli müqaviləyə və eyni tarixli maliyyə arayışına əsasən 174000.0 (bir yüz yetmiş dörd min) manat tam ödənilməklə sifariş edilmiş ünvan 2 ünvanında 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 12-ci mərtəbəsində 3 otaqlı ümumi sahəsi 145 m2 olan 72 saylı mənzil üzərində Cavabdeh1 sahiblik və istifadə hüququnun tanınması və həmin mənzilin ona təhvil verilməsi öhdəliyinin Cavabdeh2 MTKnın üzərinə qoyulması, mənzilin girişinə qanunsuz quraşdırılmış giriş qapısının öz hesabına sökülərək çıxarılması öhdəliyinin hazırkı iddia üzrə cavabdeh İddiaçı üzərinə qoyulması, habelə hazırkı iddia üzrə ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutularaq Cavabdeh1 ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-350/2025 nömrəli 11 mart 2025ci il tarixli qərardadı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan 1(101)- 1128/2023 nömrəli iş üzrə çıxarılacaq yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək, İddiaçı cavabdehlər Cavabdeh2 MTK-ya və Cavabdeh1 qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair ilkin, Cavabdeh1 Cavabdeh2 MTK-ya və İddiaçı qarşı “sahiblik və istifadə hüququnun tanınması və mənzilin təhvil verilməsi” tələbinə dair qarşılıqlı iddia tələbinə dair mülki işin icraatı dayandırılmışdır. Bundan narazı qalan Cavabdeh1 şikayətlə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 mart 2025-ci il tarixli qərardadının ləğv edilməsini və işin baxılmasının davam etdirilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-350/2025 nömrəli 02 aprel 2025ci il tarixli qərardadı ilə ilkin iddia üzrə Cavabdeh1 şikayətinin təmin edilməməsi, şikayətə baxılması üçün mülki işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şikayət belə əsaslandırılmışdır ki, Cavabdeh2 Mənzil Tikinti Kooperativinin məsul şəxsi X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178 4, 193-1.3 2, 308 2 və 313-cü, Cavabdeh2 Mənzil Tikinti Kooperativinin rəhbəri Şahid Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.2 və 313-cü maddələri ilə təqsirləndirilmələrinə və hüquqi şəxs Cavabdeh2 Mənzil Tikinti Kooperativinin barəsində Cinayət Məcəlləsinin 308.2 və 313-cü maddələrinə münasibətdə cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinə dair 1(101)-1128/2024 nömrəli cinayət işi hazırda məhkəmənin icraatındadır, yekun məhkəmə aktı qəbul edilməmişdir. Məhkəmə hazırlıq iclasında ilkin iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə bildirdi ki, hazırda oxşar mübahisələr üzrə məhkəmə icraatı Bakı Ağır Cinayətlər Məhkəməsində cavabdeh MTK-nın rəhbəri N.Hacıyev barəsində aparılan cinayət işi üzrə icraat başa çatanadək dayandırılmışdır. Bu səbəbdən, məhkəmədən hazırki mülki iş üzrə icraatın da eyni əsasla dayandırılmasını xahiş etmiş, həmin vəsatət qanunsuz olaraq məhkəmə tərəfindən AR MPM-in 254.1.4 maddəsinə istinad edilərək təmin edilmiş, xx.xx.2025-ci il tarixli iş üzrə icraatın dayandırılması barədə qərardad çıxarılmışdır. Həmin qərardad Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarına, eləcə də MPM-in uyğun münasibətləri tənzimləyən 82.4, 254, 255-ci maddələrinə tamamilə zidd olaraq qəbul edilmişdir. Mülki işə baxılmasının hazırkı mərhələsində preyudisiallıq halı müəyyən edilmədiyi halda, məhkəmə səhv olaraq belə bir hal olması qənaətinə gəlmişdir. Mülki Prosessual Məcəllənin 82.4 maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Hazırkı mülki işə baxılarkən müəyyən olunmuş hesab edilən fakt ondan ibarətdir ki, Cavabdeh2 Mənzil Tikinti Kooperativinin məsul şəxsi X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178 4, 193-1.3 2, 308 2 və 313-cü, Cavabdeh2 Mənzil Tikinti Kooperativinin rəhbəri Şahid Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.2 və 313- cü maddələri ilə təqsirləndirilmələrinə və hüquqi şəxs - Cavabdeh2 Mənzil Tikinti Kooperativinin barəsində Cinayət Məcəlləsinin 308.2 və 313-cü maddələrinə əsasən cinayət işinin məhkəmə istintaqı gedir. Bu faktın mövcudluğu mülki mübahisəyə baxılmasının dayandırılmasına heç bir halda səbəb ola bilməz. Həm də nəzərə alınmalıdır ki, hazırkı iddiaya uyğun olaraq Cavabdeh1 tərəfindən ibtidai İstintaqa ifadə verilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməlidir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyini əsaslı saymır. Birinci instansiya məhkəməsinin sorğusuna cavab məktubundan görünür ki, Cavabdeh2 Mənzil Tikinti Kooperativinin məsul şəxsi X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178 4, 193-1.3 2, 308 2 və 313-cü, Cavabdeh2 Mənzil Tikinti Kooperativinin rəhbəri Şahid Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.2 və 313-cü maddələri ilə təqsirləndirilmələrinə və hüquqi şəxs - Cavabdeh2 Mənzil Tikinti Kooperativinin barəsində Cinayət Məcəlləsinin 308.2 və 313-cü maddələrinə münasibətdə cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinə dair 1(101)-1128/2024 nömrəli cinayət işi hazırda Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatındadır, yekun məhkəmə aktı qəbul edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cinayət işi üzrə çıxarılacaq məhkəmə aktı hazırki mülki işin nəticəsinə bilavasitə təsir edir, bu səbəbdən də həmin işə baxılıb yekun vurulanadək hazırki işin icraatı dayandırılmalıdır. Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsinin tələbinə görə Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa iş üzrə icraat dayandırılmalıdır. Qeyd edilməlidir ki, qanunverici Mülki Prosessual Məcəllədə məhkəmənin üzərinə iş üzrə icraatı dayandırmaq vəzifəsi qoyan (MPM-nin 254-cü maddəsi) və məhkəməyə belə hüququ verən (MPM-nin 255-ci maddəsi) konkret hallar müəyyən edərək, icraatın dayandırılması hallarını məcburi və qeyri-məcburi növlərə ayırır. İcraatın dayandırılmasının məcburi hallarından biri Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulan Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işin baxılmasının mümkün olmamasıdır. Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasın. Əks halda mülki iş üzrə başlanılmış məhkəmə prosesi, mübahisə öz həllini tapanadək, təxirəsalınmadan davam etdirilməlidir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarı). Göründüyü kimi, işlərin istənilən deyil, yalnız elə bir qarşılıqlı bağlılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması, ümumiyyətlə, mümkün olmasın. Əks halda mülki iş üzrə başlanılmış məhkəmə prosesi, mübahisə öz həllini tapanadək, təxirəsalınmadan davam etdirilməlidir. İş materiallarında olan 16 dekabr 2024-cü il tarixli məhkəmə iclasının protokolundan görünür ki, Cavabdeh1 nümayəndəsi-vəkili ona verilən suallara cavab olaraq bildirir ki, “Cavabdeh1 cinayət işi üzrə zərərçəkmiş deyil.” Həmin prosesdə sədrlik edən icratın dayandırlmasına zərurət olub-olmaması barədə tərəflərin fikrini soruşduqda, hər iki tərəf birmənalı olaraq icraatın dayandırılmasına ehtiyac olmadığını bildirmiş, cavabdehin vəkili-nümayəndəsi əlavə olaraq fikrini həm də onunla əsaslandırmışdır ki, mübahisəli mənzillə bağlı nə iddiaçı, nə də Cavabdeh1 zərərçəkmiş şəxs kimi tanınmamışdır. Kollegiya qeyd edir ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə baxılarkən məhkəmə üçün yalnız hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Yəni, cavabdehin cinayət hadisəsinə aidiyyəti və təqsirlilik məsələsinə mülki işə baxan məhkəmə qiymət verə bilməz. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarın preyudisial əhəmiyyəti prosessual qanunvericiliklə müəyyən edilmiş subyektiv və obyektiv hədlərdə mümkündür. Preyudisiallığın subyektiv həddi şəxslərin dairəsi ilə, obyektiv həddi isə hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsi ilə müəyyən edilir ("xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 10 iyun 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarı). Məhkəmə hazırki işə baxılmasının mümkün olmamasının nədən ibarət olmasını göstərməmişdir. Məhkəmə nəzərə almamışdır ki, lüzumsuz yerə icraatın dayandırılması əsassız olaraq uzun müddət işə baxılmasına mane ola bilər. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyətinə malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-350/2025 nömrəli 11 mart 2025ci il tarixli qərardadı ləğv edilsin və mülki işə baxılması üçün iş həmin məhkəməyə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2877/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2877/2025
05.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver