Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2878/2023 26.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-2878/2023 (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), Eyvazov Rafael Əmir oğlu və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-783/2023 saylı 01 fevral 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 26 aprel 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh arasında 15 iyul 2021-ci il tarixli 03/2021 nömrəli Daşınar Əmlakın alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı 2005-ci il buraxılışlı Toyota Corolla markalı **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Müqavilə bağlanarkən cavabdeh 2300 manatın iddiaçıya vermiş, cavabdeh avtomobilin dəyərinin qalan hissəsini yəni 15000 manatı 25 ay hissə-hissə hər ay olmaqla, hər ayın müqavilə imzalandığı günü ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh avtonəqliyyat hadisəsi törətmiş, avtomobil xx.xx.2022-ci il tarixdə iddiaçı tərəfindən cərimə meydançasından götürülmüş, daha sonra iddiaçı tərəfindən satılmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarş pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,cavabdeh Məmməd Cavabdeh 3118 manat borcun, 4800 manat məbləğində avtomobilə dəymiş zərərin əvəzinə və 99,2 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
3. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixində 03/2021 saylı alqı-satqı müqaviləsi bağlanmış və həmin tarixli təhvil aktına əsasən Cavabdeh 17300 manat dəyərində Toyota Corolla markalı avtomobil əldə etmişdir. Müqavilənin şərtlərinə görə Cavabdeh avtomobili alan zaman 2300 manat ödəniş etmişdir və 25 ay müddətində hər ay 600 manat ödəniş edəcəyi barədə öhdəlik götrmüşdür. Cavabdeh 6 ay ödəniş etdikdən sonra (sonuncu dəfə xx.xx.2022) müqavilə şərtini kobud şəkildə pozaraq ödəniş etməmiş xx.xx.2022-ci il tarixdə qəzalı vəziyyətdə geri qaytarmışdır. Cavabdeh ilkin ödəniş 2300 manat və 9 ay 600 manat olmaqla İddiaçı 7700 manat vəsaiti ödəmişdir. Müqavilənin 11-ci bəndinə əsasən avtomobil geri alındıqda hər gün üçün avtomibilin ümümi dəyərinin 0.2% miqdarında amortizasiya xərci ödənilməlidir ki, bu da ümümilikdə 330 gün üçün 11418 manat təşkil edir (17300x0.2%=34.6 günlük amortizasiya). Həmin tarixə Cavabdeh İddiaçı müqavilənin 11ci bəndinə əsasən 3118 manat ödənilməmiş borcu və avtomobilin yararlı vəziyyətə gətirməsinə çəkilmiş xərc olan 4800 manat dəymiş ziyanla bağlı borcu yaranmışdır. Cavabdeh dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq bu günə kimi borcunu ödəməkdən boyun qaçırır.
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli e-2(004)- 783/2023 saylı qətnaməsi ilə (hakim Gülnar Babazadə) iddianın qismən təmin edilməsi, Cavabdeh 4800 manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilməsi, ödənilmiş dövlət rüsumunun 50 manatı cavabdehdən iddiaçının xeyrinə tutulması, qalan hissədə dövlət rüsumu iddiaçıya aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
5. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1, 600.4, 600.5. 1091.1, 1091.2, 1092.1, 1093.1, 1096.1, 1097.1, 1108.1, 1115-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2. 88. 119.1, 217.1, 218.1, 218.3, 220.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
6. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək onun ləğv edilməsini, apellyasiya şikayətinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Apellyasiya şikayətində göstərilmişdir ki, avtomobilə iddiçının dediyinə görə o qədər də zərər dəyməyib, çünki iddiaçı öz xeyrinə özəl yerdə avtomaşına qüsur aktı almışdır. Bundan əlavə olaraq, işə baxan məhkəmə işi tam araşdırmamış, işin hallarına nə hüquqi, nə də faktiki hallarına qiymət vermədən qanuna uyğun olmayan qətnamə qəbul etmişdir. Əslində işə baxan məhkəmə, iş üzrə avto-texniki və əmtəəşünasliq ekspertizaları təyin etməli, ekspertin qarşısında müəyyən suallar qoymalı idi. İşə baxan məhkəmə isə bunlara əməl etmyərək, bir başa işə baxaraq qətnamə qəbul etmişdir. Bu da, qanunun qanunun tələbinin pozulması deməkdir. Qeyd etmək istərdim ki, məndən əwəl sözügedən avtomobil taksidə sürülmüş avtomobil imiş, avtomobilin yan qapıları vuruq imiş, bundan başqa, maşın qismən yararsız vəziyyətdə idi. O, avtomobilə görə qabaqcadan 2300 manat, hissə-hissə isə hər ay 600 manat olmaqla 9 ay ödəniş etmiş, 9 ayın pulu 5400 manat təkil edir, ümumiyyətlə 7700 manat pul ödənişi etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
9. Məhkəmə baxışında iştirak edən iddiaçı apellysiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir.
10. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
11. Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın
12. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
13. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
14. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
15. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.
16. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
17. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
21. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apelyasiya baxışının hədləri
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
24. Cavabdeh tərəfindən qətnamənin təmin olunan hissəsi mübahisələndirildiyindən qətnamənin həmin hissədə qanuniliyi və əsaslılığı yoxlanılır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
26. Belə ki, iş materiallarında olan AD seriyalı 836984 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2005-ci il buraxılışlı “Toyota Corolla” markalı **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir.
27. 15 iyul 2021-ci il tarixli 03/2021 nömrəli Daşınar Əmlakın alqısatqı müqaviləsindən görünür ki, İddiaçı 2005-ci il buraxılışlı Toyota Corolla markalı **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobili alıcının mülkiyyətinə verməyi, Cavabdeh (alıcı) isə həmin daşınar əmlakın əvəzində 17300 manat pulu satıcıya verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2-ci bəndinə əsasən alıcı avtomobilin dəyərinin 2300 manatını müqavilə bağlanarkən alıcıya verir. Müqavilənin 3-cü bəndinə əsasən alıcı avtomobilin dəyərinin qalan hissəsini yəni 15000 (on beş min) manatı 25 ay hissə-hissə hər ay 600 (altı yüz) olmaqla, hər ayın müqavilə imzalandığı gün ödəməyi öhdəsinə götürmüşdür.
28. xx.xx.2021-ci il tarixli təhvil aktında qeyd olunur ki, satıcı buraxılış ili 2005-ci il olan Toyota Corolla markalı **-OB-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini alıcıya tam saz vəziyyətdə təhvil vermişdir. Alıcı satıcının iştirakı ilə avtomobilə baxış keçirmiş və avtomobilə dair heç bir etiraz və tələbi yoxdur.
29. “GOLD Auto servisin” xx.xx.2022-ci il tarixli qüsur aktından görünür ki, 2005-ci il buraxılışlı Toyota Corolla markalı **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 4800 manat zərər dəymişdir.
30. 27 sentyabr 2022-ci il tarixli İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış məktubdan görünür ki, Cavabdeh onunla bağlanmış 15 iyul 2021-ci il tarixli 03/2021 nömrəli müqaviləyə əsasən 3118 manat ödənilməmiş borcun və avtomobilin yararlı vəziyyət gətirilməsinə çəkilmiş xərc olan 4800 manat məbləğində dəymiş ziyanla bağlı borcu 3 gün müddətində ödəməsi barədə, əks təqdirdə, iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə cavabdeh xəbərdar edilmişdir.
31. Apellyasiya şikayətində ümumi ifadələrlə irəli sürülən, avtomobilə dəymiş zərərin məbləğinin düzgün hesablanmaması arqumenti ilə bağlı kollegiya qeyd edir ki, cavabdeh nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına bu arqumentinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
32. Əksinə, birinci instansiya məhkəməsində cavabdeh iddianı dəymiş ziyan hissədə, yəni 4800 manat hissədə qəbul etdiyini bildirmişdir. Yəni iddianı həmin hissədə qəbul etmişdir.
33. Qeyd olunanlar kontekstində məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi qətnamənin mübahisələndirilən hissələrində işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-783/2023 saylı iş üzrə 01 fevral 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Rafael Eyvazov Günay Axundova