Məhkəmə qərarları › İş №2(103)-2882/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2882/2024

01.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2882/2024 01.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı iş üzrə (Açar sözlər:sığorta ödənişinin verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, İddiaçı2 və cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X3 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-363/24 saylı iş üzrə 23 yanvar 2024-cü il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 01 may 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. 08.08.2023-cü il tarixdə saat 17:00-da X4 tərəfindən idarə olunan “Toyota Pirius (hibrid) minik” markalı, 99UP578 dövlət qeydiyyat nişanlı avtomaşınla İddiaçı2 tərəfindən idarə olunan “Toyota Camry minik” markalı 90RG717 dövlət qeydiyyat nişanlı avtomaşının Bakı şəhəri, Bülbül prospekti ilə Z.Əliyeva küçəsinin kəsişməsində toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş vermiş, X4 təqsirli bilinərək İXM-nin 327.1-ci maddəsinə əsasən 40 manat cərimə edilmiş və nəticədə iddiaçılara maddi ziyan dəymişdir.

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X2 və Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən ona məxsus “Toyoto Camry” markalı, 90RG717 dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyana görə 4498 manat sığorta məbləğinin, eləcə də 450 manat dəbbə pulunun, ümumilikdə 4948 manat pul vəsaitinin tutulub iddiaçılara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

3. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin təqdim etdiyi avtomobilə baxış keçirilməsinin nəticələrinə dair xx.xx.2023-cü il tarixli qiymətləndirmə aktından müəyyən edilmişdir ki, “Toyoto Camry” markalı **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobilə yolnəqliyyat hadisəsi nəticəsində ümumilikdə 5982 manat maddi ziyan dəymişdir. Qiymətləndirmə aktına görə, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli hesab-fakturaya əsasən 100 manat məbləğində pul vəsaiti ödəmişdir. Sığorta qanunvericiliyinin tələblərinə uyğun olaraq, sığorta tələbi SS**********AZ və SS**********AZ nömrəli sifarişi poçt göndərişi ilə cavabdeh Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətinə göndərilmiş, işə əlavə edilmiş xəbərnamələrdən görünür ki, sığorta şirkəti xx.xx.2023-cü il tarixdə göndərişləri almış, lakin sığorta ödənişini hazırki tarixədək etməmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının mülkiyyətində olan nəqliyyat vasitəsinə dəymiş maddi ziyanla bərabər, əmlakına vurulmuş ziyanla bağlı eyni zamanda iddiaçıya mənəvi ziyan dəymişdir. Əmlakına vurulmuş ziyan, o cümlədən bir müddət ondan istifadə edə bilməməsi səbəbindən iddiaçı mənəvi iztirablar keçirmişdir. Bu mənəvi iztirabların aradan qaldırılması və həyat eşqinin yüksəldilməsi üçün 700 manat məbləğində pul vəsaitinin ödənilməsi ilə mümkünlüyü müəyyən edilmişdir. Bundan əlavə avtomobillərin onlayn satışınını təklif edən turbo.az və avtomobil.az internet portallarında aparılmış təhlillərlə müəyyən edilmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində nəqliyyat vasitəsinə vurulmuş ziyanla bağlı onun təmir-bərpa edilməsindən sonra da öz əvvəlki bazar dəyərini 2500 manat məbləğində itirmişdir.

4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-363/24 saylı iş üzrə 23 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakim A.İbadzadə) iddia təmin edilmişdir.

5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, tərəflər sığorta hadisəsinin baş verdiyini mübahisələndirmir. Tərəflərin arasındakı mübahisə yalnız sığorta ödənişinin məbləği barədədir. Məhkəmə hesab etmişdir ki, hadisə nəticəsində dəymiş zərərin əvəzi olaraq ekspert rəyi ilə müəyyən edilən 4498 manat sığorta ödənişi cavabdehdən tutularaq iddiaçılara ödənilməlidir.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 883.1, 922.2, 926.1-ci, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 52.1, 56.1.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ekspert vermiş olduğu rəyində yalnız "xxxx" MMC tərəfindən verilmiş 5982 (beş min doqquz yüz səksən iki) manat məbləğində qüsur aktına istinad etmiş, Şirkət tərəfindən təqdim olunmuş qüsur aktına isə hər hansı münasibət bildirməmişdir. Belə ki, ekspert cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarında olan Şirkətin tərtib etdiyi qüsur aktına hər hansı münasibət bildirməmiş, yalnız iddiaçının təqdim etdiyi qaimə fakturalara istinad etməklə zərər məbləğini müəyyənləşdirmişdir. Hesab edirlər ki, ekspert Etimad Həbibov məhkəməyə dəvət edilməli və verdiyi rəydə qeyd etdiyi ehtiyat hissələrin dəyişdirilməsini nə üçün vacib hesab etdiyini, ümumiyyətlə belə bir zərurət olub-olmaması sualına cavab verməlidir. Əvvəlcə hansı detalların dəyişdirilməli olduğu, hansılarının təmir edilə biləcəyi müəyyən edilməli, daha sonra buna müvafiq olaraq qiymətləndirmə keçirilməlidir. İddiaçının nümayəndəsi də məhkəməyə ekspertiza keçirilməsi ilə bağlı vəsatətlə müraciət edəndə bu sualın ekspert qarşısında qoyulmasını xahiş etmiş, lakin ekspert tərəfindən bu sual cavablandırılmamışdır. Əlavə olaraq iddiaçı iddia edir ki, qeyd olunan ehtiyat hissələr artıq dəyişdirilmiş və təmir işləri görülmüşdür. Lakin, bu iddianın sübut olunması üçün məhkəməyə hər hansı sübutedici sənəd (ödəniş qəbzi və s.) təqdim etməmişdir. Qeyd olunan nüanslar məhkəmə mübahisəsinin həllində qeyd olunan ekspert rəyinin mötəbər sübut kimi qiymətləndirilə bilməyəcəyinə dəlalət edir. Avtomobilə dəymiş zərərin müəyyənləşdirilməsi məqsədi ilə Şirkətin təqdim etdiyi “KİA MOTORS AZ” №-3 avtoservisin qüsur aktının da işə əlavə olunmaqla təkrar ekspertiza keçirilməsi xahiş olunmuşdur. Lakin məhkəmə tərəfindən müraciətə heç bir münasibət bildirilməmiş və qeyd olunan faktlar diqqətə alınmamış, beləliklə, iddia təqdim olunmuş ekspert rəyinə əsaslanaraq təmin edilmişdir. Halbuki, cavabdehin nümayəndəsi tərəfindən verilmiş izahatda da təkrar ekspertiza tələbinin təmin edilməli olmasına dair tərəfindən verilmiş izahatda da təkrar ekspertiza tələbinin təmin edilməli olmasına dair dəlillər yetərincə məhkəmənin nəzərinə çatdırılmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

11. İddiaçı2 məhkəmə kollegiyasının iclasında həm öz adından, həm də etibarnamə üzrə təmsil etdiyi digər iddiaçının adından izahat verərək apellyasiya şikayətinin rədd olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Maddə 922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.

13. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu

Maddə 52.1. Avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. Maddə 56.1.2. Üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri - üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat müəyyən edilir.

Apellyasiya baxışının hədləri

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

15. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən mübahisələndirildiyindən və iddia təmin edildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

16. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

17. Apellyasiya şikayətinin dəlilinə münasibətdə Kollegiya qeyd edir ki, iş üzrə təkrar, yaxud əlavə ekspertiza keçirilməsinə ehtiyac yoxdur. Belə ki, birinci instansiya məhkəməsində işə baxılarkən iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilmiş və ekspert tərəfindən tərtib olunmuş rəy kifayət qədər əsaslandırılmışdır. Apellyatorun istinad etdiyi dəlillər ekspert rəyinin mötəbərliyini şübhə altına almağa əsas vermir.

18. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları iddianın təmin olunan hissəsində sübuta yetirsə də, cavabdeh həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktları həmin hissədə sübut edə bilməmişdir.

19. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

20. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68).

21. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.

22. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmə tərəfindən sübutlar qiymətləndirilərkən yuxarıda göstərilən tələblərə əməl olunmuşdur.

23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.

24. Məhkəmə kollegiyası həmçinin izah edir ki, hazırkı iş üzrə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 23 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar