Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2883/2020 30.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X11 oğlunun katibliyi, ilkin iddia ərizəsi üzrə iddiaçının nümayəndə və vəkilləri X1 və X2, ilkin iddia üzrə cavabdehin nümayəndəsi və vəkili X4 iştirakı ilə, İlkin iddia ərizəsi üzrə İddiaçı cavabdehlər Cavabdeh1 (MTK) MMC-yə və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi mənzil hüquqlarının müdafiəsi” tələbinə dair, qarşılıqlı iddia ərizəsi üzrə Cavabdeh2 cavabdehlər İddiaçı və Cavabdeh1 (MTK) MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi mənzilə mülkiyyət hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən qarşılıqlı iddiaçı Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MTK ilə xx.xx.2011-ci il tarixli alğı-satqı müqaviləsi və maliyyə arayışı əsasında dəyərini tam ödəməklə aldığı 179 saylı mənzilə sahiblik və istifadə hüququnun tanınması, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MTK arasında bağlanmış 179 saylı mənzilə dair xx.xx.2012-ci il tarixli alğı-satqı müqaviləsinin və maliyyə arayışının etibarsız hesab edilməsi, Cavabdeh2 onun mənzilindən çıxarılması, mənzilə köçürülmə, mənzilin və onun açarlarının ona təhvil verilməsi öhdəliyinin Cavabdeh1 MTK və Cavabdeh2 üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2019-cu il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh2 Cavabdeh1 MTK və İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 MMC ilə İddiaçı arasında Bakı şəhəri Xətai rayonu M.Hadi küçəsi 2337-ci məhəllədə yerləşən 179 saylı mənzilə dair bağlanmış xx.xx.2011-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, onunla Cavabdeh1 MMC arasında həmin mənzilə dair bağlanmış xx.xx.2012-ci il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqaviləyə əsasən mülkiyyət hüququnun tanınması faktının təsdiq edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(011)- 8196/2019 saylı qətnaməsi ilə ilkin iddia tələbi təmin edilərək Cavabdeh2 ilə "Cavabdeh1" MTK arasında bağlanmış xx.xx.2012-ci il tarixli alğı-satqı müqaviləsi və maliyyə arayışı etibarsız hesab edilmiş və mənzilin cavabdehlər tərəfindən ilkin iddiaçıya təhvil verilməsi, qarşılıqlı iddia tələbinin isə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən ilk iddia üzrə Cavabdeh2 apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(011)-8196/2019 saylı qətnaməsinin ləğv edilməsini, ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin isə təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki,Cavabdeh2 xx.xx.2012-ci il tarixdə "Cavabdeh1" MTK-nın direktoru X3 ilə bağladığı yaşayış binasında mənzil tikintisi haqqında müqaviləyə əsasən, həmin MTK-nın inşa etdiyi Bakı şəhəri Xətai rayonu M.Hadi küçəsi 2337-ci məhəllədə yerləşən binadan 133.000 manat vəsaiti birdəfəyə ödəməklə, 3 otaqlı 147,4 kv.m sahəsi olan 179 №-li mənzil almışdır. Həmin mənzilin alğı-satqı müqaviləsinə və mənzilin ümumi dəyərinə görə ödəmiş olduğu məbləği MTK-nın sədri C.H.Alışovun imzası və kooperativin möhürü ilə təsdiq edilmiş xx.xx.2012-ci il tarixli maliyyə arayışı da sübut edir. Mənzil təhvil veriləndən bugünə qədər Cavabdeh2 ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır. Lakin, xx.xx.2019-cu il tarixdə ünvanına göndərilmiş Xətai rayon məhkəməsinin qərardadından ona məlum olmuşdur ki, halhazırda yaşadığı mənzil ondan bir il əvvəl xx.xx.2011-ci il tarixli alğı-satqı müqaviləsi ilə həmin vaxt kooperativin direktoru olmuş Baxışov Xaləddin Vəkil oğlu tərəfindən İddiaçı satılmışdır. Daha sonra, məhkəmə proseslərinə mahiyyəti üzrə baxılması davam etdirilmiş və sözügedən məhkəmə qətnaməsi qəbul edilmişdir. İş materiallarında əlavə edilən və təqdim edilən alğı-satqı müqaviləsi və maliyyə arayışları kserosurətdən ibarətdir. Qeyd edilən sənədlərin ekspertizasının keçirilməsi barədə vəsatət qaldırılsa da, təmin edilməmişdir. Məhkəmə iclasında Xaləddin Bağırov adlı şəxsin gah cavabdehin nümayəndəsi, gah da şahid kimi iştirak edərək izahatlar verməsinə məhkəmə qətnaməsi ilə hüquqi qiymət verilməmişdir. Eyni zamanda, həmin şəxsin bütün məhkəmə iclaslarında iştirak edərək məhkəmə tərəfindən şahid kimi dindirilməsi həm anlaşılan deyil, həm də mülki prosessual qanunvericilik baxımından qanunsuzdur. Qətnamədə həmin şəxs haqqında heç bir fikir bildirilməməklə bərabər, cavabdeh "Cavabdeh1" MTK-nın məhkəmə iclaslarında iştirak etmədiyi də bildirilmişdir. Buna görə də, iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsi iş materiallarının hərtərəfli və sübutların düzgün araşdırılmaması səbəbindən əsaslı olmadığı üçün ləğv edilməli və ilkin iddia tələbi tamamilə rədd edilməlidir. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdehin nümayəndəsi və vəkili X6 apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia ərizəsi üzrə iddiaçının nümayəndəsi və vəkilləri apelyasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişlər. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh1 (MTK) MMC səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İş materiallarında olan “xxxxxxxxxx” MTK ilə İddiaçı arasında bağlanan xx.xx.2011ci il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqavilənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, “xxxxxxxxxx” MTK Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən tikilməkdə olan yaşayış binasında 179 saylı mənzili İddiaçı verməyi, o isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtı-vaxtında ödəməyi öhdəsinə götürmüşdür, qeyd edilən mənzilin ümumi dəyəri 73.700 manat təşkil etmişdir. İş materiallarında olan xx.xx.2011-ci il tarixli maliyyə arayışının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337-ci məhəllədə yerləşən, ümumi sahəsi 147.4 kv.m olan 3 otaqlı, 179 saylı mənzilin 73700 manat məbləğində dəyəri İddiaçı tərəfindən ödənilmişdir. İş materiallarında olan “xxxxxxxxxx” MTK ilə Cavabdeh2 arasında bağlanan xx.xx.2012-ci il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqavilənin surətindən görünür ki, “xxxxxxxxxx” MTK Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən tikilməkdə olan yaşayış binasında 179 saylı mənzili Cavabdeh2 verməyi, o isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtlı-vaxtında ödəməyi öhdəsinə götürmüşdür, qeyd edilən mənzilin ümumi dəyəri 133.000 manat təşkil etmişdir. İş materiallarında olan xx.xx.2012-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337-ci məhəllədə yerləşən, ümumi sahəsi 147.4 kv.m olan 3 otaqlı, 179 saylı mənzilin 133.000 manat məbləğində dəyəri Cavabdeh2 tərəfindən ödənilmişdir. İş materiallarında olan AR VN-in Milli Gəlirlər Baş X5 Dövlət Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə dövlət reyestrindən çıxarış etibarsız hesab edildiyindən xx.xx.2008-ci il tarixdən xx.xx.2014-cü il tarixədək cəmiyyətin qanuni təmsilçilik funksiyasına malik direktoru Bağışov Xaləddin Vəkil oğlu olmuşdur. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar olduğu “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın xx xxxx 1952-ci il tarixli Protokolunun (1 saylı Protokolun) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlarına müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin 2-ci hissəsinə görə Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqlar Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. X10 Hüquqları Məhkəməsi “Önər Yıldız Türkiyəyə qarşı” işi üzrə xx xxxxxx 2004-cü il tarixli qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. “Van Marle və başqaları Niderlanda qarşı” iş üzrə qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, maddi dəyəri olan hər hansı hüquq 1-ci maddədə ifadə olunmuş “əmlak” anlayışı ilə əhatə olunur. Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” qərarında eyni mövqedən çıxış edərək, ərizəçinin mənzilə olan hüququnun müvafiq qeydiyyata alınmaması onu mülkiyyət kimi tanınması üçün maneə hesab etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, həmin Məcəllədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 452.1-ci maddəsinə əsasən fərdimüəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Məhkəmə kollegiyası hesab edir ki, ilkin iddia üzrə İddiaçı ilə “xxxxxxxxxx” MTK arasında “Yaşayış binasında mənzil tikintisi haqqında” xx xxxx 2011-ci il tarixli müqavilə bağlanılaraq, MTK-nın səlahiyyətli şəxsi tərəfindən imzalanması və təsdiq edilməsi xüsusatı iş materialları ilə müəyyən edildiyindən, həmin müqavilə bağlanılarkən hər hansı şəxsin (o cümlədən, hazırki iş üzrə cavabdehin) hüquqları pozulmadığından və iddiaçı tərəfindən həmin müqavilə üzrə öhdəlikləri tam icra edildiyindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 452.1-ci maddəsinə əsasən mübahisələndirilən mənzillə əlaqədar iddiaçı üstün hüquqlara malikdir. Belə ki, iş materiallarından da görünür ki, İddiaçı ilə bağlanan müqavilə Cavabdeh2 ilə bağlanan müqavilədən bir il öncəyə aiddir. Bu səbəbdən də, eyni mənzillə bağlı qarşılıqlı iddiaçı Cavabdeh2 ilə digər cavabdeh “xxxxxxxxxx” MTK arasında xx.xx.2012-ci il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqavilənin bağlanması qanuni hesab edilə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsas deyildir. Belə ki, apellyasiya şikayətində MTK-nın təsisçisi olmuş Xaləddin Bağırovun bütün məhkəmə iclaslarında gah cavabdehin nümayəndəsi kimi, gah da şahid kimi iştirak etməsi qeyd edilsə də, nə qətnamədən, nə də iş materiallarında olan məhkəmə iclas protokollarından bu hal müəyyən edilmir, həmçinin ilkin iddia üzrə cavabdeh tərəfindən protokola dair bu barədə qeydlər verilməmişdir. Bundan başqa, apellyasiya şikayətində iş materiallarına əlavə edilmiş ilk iddiaçıya məxsus alğı-satqı müqaviləsinin və maliyyə arayışının kserosurətdən ibarət olması göstərilmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin sənədlərin iş materiallarında olan surətləri notarial qaydada təsdiq olunduğundan, onların məhkəmə tərəfindən sübut kimi qəbul edilməsi qanun pozuntusu hesab edilə bilməz. Belə ki, Mülki Prosessual Məcəllənin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(011)- 8196/2019 saylı qətnaməsi verilmiş apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-2883/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2883/2020
30.07.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver