Məhkəmə qərarları › İş №2(103)-2883/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2883/2021

12.04.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2883/2021 12.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Cavabdeh İqtisadiyyat Nazirliyi yanında X2 Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(011)-4616/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında X2 Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə iddiaçı arasında olan xx xxxx 2019-cu il tarixli 7154 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(011)-4616/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və işi mahiyyyəti üzrə araşdıraraq yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz olduğundan ləğv edilməlidir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, iddiaçı alqı-satqı müqaviləsi üzrə 40000 manat ödəyib, lakin məsuliyyətsizliyi səbəbindən müqaviləni imzalamağa gəlmir. Amma bu sənəd müqavilə kimi qəbul edilməlidir. Müqavilənin etibarsızlığı barədə iddianı əsassız hesab edir. İddiaçının əsas dəlili qeyri-yaşayış binasına xx xxxxxxxx 2016-cı il tarixli hərracda 47500 manat qiymət qoyulması ilə bağlıdır. Ancaq iddiaçı həmin vaxt qeyri-yaşayış binasının altındakı torpaq nəzərə alınmadan hərraca çıxarıldığını, hazırda isə ona müqavilədə də göstərildiyi kimi altındakı 252 kv. metr torpaq sahəsi ilə birlikdə satıldığına görə qiymətin 60000 manat olmasını qəbul etmək istəmir. Vahid əmlak kimi torpaq da satılır. Torpaq sahəsi də alqı-satqının predmetidir. İddiaçı torpaq sahəsinin də ona satılmasını qəbul etmək istəmir. İşə baxılması vaxtı və yeri haqqında iddiaçıya lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişdir. Apellyasiya instansiyası məhkəməsi, işə onun iştirakı olmadın baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən qənaətini belə əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixli müqavilə İddiaçı tərəfindən imzalanmadığı üçün müqavilə bağlanmamış hesab edilməlidir. Odur ki, mövcud olmayan müqavilə etibarsız hesab edilə bilməz və iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İddiaçının nümayəndəsinin izahatına görə satılan obyektin qiyməti 40000 manat olmalı idi, digər tərəf isə həmin obyektin qiymətinin 60000 manat olmasını qeyd etmişdir. Sadalanan qanunvericilik normalarına və iş materiallarına əsasən, məhkəmə hesab edir ki, daşınmaz əmlakın alğı-satqı müqaviləsinin mühüm şərti olan qiyməti barədə tərəflər arasında hər hansı bir razılaşma olmadığından, tərəflərin iradə ifadəsinin və onun bildirilməsinin vahidliyi mövcud olmadığından, alğı-satqı müqaviləsi alıcı İddiaçı tərəfindən imzalanmadığından, həmin müqavilə məhkəmə tərəfindən bağlanmış hesab edilə bilməz. Apellyasiya isntansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxx 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Belə ki, iddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini göstərsə də, şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni iddianın təmin edilməyən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Hazırki iş üzrə, iddia tələbinin faktiki əsası(faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə mahiyyət etibarı ilə düzgün olmuşdur. Əvvəla, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Yəni, müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur. İkincisi, iddiaçı şikayətində qətnamənin qanunsuz olduğunu bildirsə də, bu qanunsuzluğun nədən ibarət olması yaxud nədə ifadə olunması barədə şikayətində heç bir dəlil göstərməmişdir. Apellyasiya baxışında da iştirak edib nə istədiyini və bu tələblə nəyə nail olmaq istədiyini məhkəmənin diqqətinə çatdırmaq istəməmişdir. Belə ki, iddiaçı bir tərəfdən qiymətlə razılaşmadığı üçün müqaviləni imzalamadığını bildirir, digər tərəfdən isə onun etibarsızlığını tələb edir. Müqavilənin etibarsızlığı məhkəmə qaydasında təsdiq ediləcəyi halda bununla nəyə nail olmaq istədiyi də bəlli deyildir. İşdən bəlli olan yeganə hal ondan ibarətdir ki, iddiaçı almaq istədiyi qeyriyaşayış sahəsinin təklif olunan qiyməti ilə razılaşmır, başqa sözlə obyektin altındakı 252 kv. metr torpaq sahəsi ilə birlikdə baha qiymətə, yəni 60000 manata almaq istəmir, daha ucuz qiymətə alınmasına nail olmaq istəyir. Bu arzusunu reallaşdırmaq üçün seçdiyi vasitə(yol) isə düzgün olmamış, yəni müqavilənin etibarsızlığı təsdiq olsa belə həqiqi istəyinə bununla nail olacağı onsuzda mümkünsüzdür. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(011)- 4616/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar