Məhkəmə qərarları › İş №2(103)-2885/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2885/2022

26.04.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2885/2022 26.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli 2(001)-627/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X3 Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-yi tərəfindən ona məxsus **********00000 saylı abonent hesabına qanunsuz hesablanmış 324 manat məbləğində cərimə borcunun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İB tərəfindən ona məxsus ünvan 1 ünvanında **********00000 saylı abonent hesabında qaz itkisinin yarandığı müəyyən edilmiş, 3240 kub.m həcmində dəymiş ziyan hesablanmışdır. Buna görə də Cavabdeh İB tərəfindən ondan 324 manat məbləğində borcun ödənilməsi tələb edilir. Fiziki şəxs olan istehlakçının qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi Cavabdeh İB daşıdığı halda qaz sayğacında yaranmış qüsura görə 324 manat məbləğində borcun hesablanmasına əsas olmuş hallar tamamilə qanunsuz və əsassız olduğu üçün həmin borc məbləği silinməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli 2(001)- 627/2022 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iş materiallarında olan abonentə dair saldoda yer almış məlumatları araşdırmamış, nəticədə sayğaca cavabdehin müdaxilə etməsi faktını rəqəmlərlə təsdiqləyən avtomatlaşdırılmış proqramlar üzrə iş materiallarında yer alan, mübahisələndirdikləri qətnamədə də öz əksini tapan və məhkəmənin istinad etdiyi sübutlar iddia tələbinin təmin edilməsinə yox, iddia tələbinin tam rədd edilməsinə əsasdır. İş materiallarında olan cavadeh tərəfindən tərtib edilmiş yazılı sübutlar iddia tələbinin rədd edilməsi üçün əsaslardır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli 2(001)-627/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh İB-nin qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 22 may 2010-cu il tarixli ******* saylı aktdan görünür ki, X1 ünvanında İtron tipli, G-6 markalı, ******* nömrəli sayğac yeni sayğacla əvəz edilmişdir. Sayğac üzərində qırılan plomb aşkar edilməmişdir. Sayğacın (plombun) çıxarılma səbəbi sayğacın istismar müddətinin bitməsi olmuşdur. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 27.10.2020-ci il tarixli ******* saylı aktdan görünür ki, X2 məxsus ünvanda yerləşən sayğaca ümumi baxış keçirilmiş, sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzildiyi və daxili qulaqcıqlarında əzik, cızıq izlərinin olduğu müəyyən edilir. Bakı Regional Qazın Satışı Departamenti İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən tərtib edilən 31 oktyabr 2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, X2 məxsus ünvan 1 ünvanında yerləşən və abonent kodu **********00000 olan sayğacda Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının qaz sayğacının yoxlanılması barədə 26.10.2020ci il tarixli 29/1710-01663-1 №-li aktına əsasən G-6 markalı ******* №-li sayğacın hesablama mexanizminin qoruyucu qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarda əzik, cızıq var. Nəticədə 31.10.2020-ci il tarixli ******* saylı akta əsaslanmaqla dəymiş ziyan 3240 kub.m məbləğində hesablanmışdır. Abonent saldosundan görünür ki, verilən qaz xətti üzrə abonent kodu **********00000 olan X1 qaz sərfiyyatına görə 2020-ci il üçün 309,90 manat qalıq borcu vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. İş materiallarından görünür ki, cavabdehin əməkdaşları tərəfindən akt tərtib edilən zaman sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzildiyi və daxili qulaqcıqlarında əzik, cızıq izlərinin olduğu aşkar edilsə də, zədənin abonentin təqsirli hərəkətləri nəticəsində əmələ gəlmiş olmasına dair hər hansı xəbərdarlıq edilməmiş, sadəcə müşahidə edilmiş faktı təsdiq etmişlər. Lakin sonradan həmin zədənin nəticəsi olaraq, sanki abonentin təqsirinin sübuta yetirildiyinə görə ona cərimə borcu hesablamışlar. Göründüyü kimi sayğacın zədələnməsində və bunun nəticəsində qaz itkisinin baş verməsində istehlakçının təqsiri müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianı təmin etmişdir. Apellyasiya şikayəti formal mülahizələrdən ibarət olmaqla əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iddia tələbinin qiyməti 5000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli 2(001)- 627/2022 saylı qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh İB-yə aid edilsin. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar