Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2887/2022 07.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh və onun nümayəndəsi (vəkili) X5 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması və alimentin əvvəlki dövr üçün tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə nikahının 21.06.2013-cü il tarixli qətnamə əsasında pozulduğunu, nikahlarından doğulmuş 18.02.2009-cu il təvəllüdlü Məryamın və 17.08.2010-cu il təvəllüdlü Nəzrinin onun himayəsinə verildiyini, boşandıqdan sonra kifayət qədər imkanı və qazancı olan cavabdehin məişət zorakılığını davam etdirərək uşaqların saxlanılmasında iştirak etməkdən boyun qaçırdığı üçün aliment ödənilməsi barədə iddia qaldırdığını, cavabdehin özü haqqında məlumatları, yəni qazancı və gəliri barəsində məlumatları gizlətməsi səbəbindən məhkəmə prosesinin 10.01.2013-cü il tarixindən 08.05.2014-cü il tarixinədək uzandığını, nəhayət Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08.05.2014-cü il tarixli qətnaməsi ilə hər uşağa görə 175 manat aliment tutulmasının müəyyənləşdirildiyini, cavabdehin həmin qətnamədən verdiyi apellyasiya şikayətinin təmin edilmədiyini, lakin Ali Məhkəmənin 06.04.2015-ci il tarixli qərarı ilə aliment məbləğinin hər uşaq üçün 103 manat məbləğinə azaldıldığını, 2017-ci ildə uşaqlar üçün yaşayış minumumu 136,60 manat müəyyənləşdirildiyindən 31.01.2017-ci il tarixdə alimentin artırılması barədə yenidən məhkəməyə müraciət etdiyini və hər uşağa görə 136,60 manat alimentin, habelə əlavə xərclərə görə 70 manatın cavabdehdən tutulmasını istədiyini, Nərimanov Rayon Məhkəməsinin 03.03.2017-ci il tarixli qətnaməsi ilə iddiasının qismən təmin olunduğunu və cavabdehdən hər uşaq üçün 136,60 manat aliment tutulmasının qərara alındığını, 19.01.2018-ci il tarixdə alimentin artırılması barədə yenidən iddia qaldırdığını, Nərimanov Rayon Məhkəməsinin 16.02.2018-ci il tarixli qətnaməsi ilə aliment məbləğinin hər uşaq üçün 154 manat müəyyənləşdirildiyini, həmin məhkəmənin 08.02.2019-cu il tarixli qətnaməsi ilə isə alimentin hər uşaq üçün 160 manata artırıldığını, 2021-ci ildə cavabdehin 01.02.2017-ci il tarixdən işlədiyi və 4166,67 manat maaş alması barədə məlumat əldə etdiyini, beləliklə cavabdehin həm onu, həm də məhkəmələri aldadaraq işləmədiyini bildirməklə qanunvericiliklə müəyyənləşdirilmiş məbləğdən az aliment ödəməyə nail olduğunu irəli sürmüş, buna görə də Cavabdeh cinayət xarakterli hərəkətlərinə hüquqi qiymət verilərək barəsində xüsusi qarardad qəbul edilməsi, 18.02.2009-cu il təvəllüdlü X3 və 17.08.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün Nərimanov Rayon Məhkəməsinin 08.02.2019-cu il tarixli qətnaməsi ilə təyin olunmuş sabit pul məbləğində alimentin miqdarının dəyişdirilərək cavabdehin əmək haqqının (4166,67 manat) və digər gəlirlərinin 1/3 hissəsi miqdarında aliment təyin edilməsi, cavabdeh 01.02.2017-ci il tarixindən işləməklə 4166,67 manat məbləğində əmək haqqı aldığını gizlətdiyi və məhkəməyə saxta sənəd təqdim etdiyi üçün Nərimanov Rayon Məhkəməsinin 03.03.2017-ci il tarixli qətnaməsi ilə müəyyənləşdirilən 273,0 manat sabit pul məbləğində tutulan alimentin miqdarının dəyişdirilərək əvvəlki dövr üçün, yəni cavabdehin işlədiyi 01.02.2017-ci il tarixindən əmək haqqının (4166,67 manat) və digər gəlirlərinin 1/3 hissəsi miqdarında hesablanıb cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbləri qismən təmin edilmiş, həmin məhkəmənin 08 fevral 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilməsi, 18.02.2009-cu il təvəllüdlü X3 və 17.08.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin tutularaq İddiaçı verilməsi, 03.03.2017-ci il tarixdən hesablanmaqla Cavabdeh onun qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında tutulmalı olan aliment məbləğindən məhkəmə qətnamələri ilə tutulmuş sabit pul məbləğində müəyyən edilmiş aliment məbləği çıxılmaqla, qalan aliment məbləğinin İddiaçı ödənilməsi, alimentin tutulmasının qətnamənin qanuni qüvvəsini aldığı tarixdən hesablanması, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun qismən, yəni “03.03.2017ci il tarixdən hesablanmaqla ondan qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında tutulmalı olan aliment məbləğindən məhkəmə qətnamələri ilə tutulmuş sabit pul məbləğində müəyyən edilmiş aliment məbləği çıxılmaqla, qalan aliment məbləğinin İddiaçı ödənilməsi” hissəsində ləğv olunmasını xahiş etmiş, şikayətini, məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğu, ondan əvvəlki dövr üçün aliment tutulması ilə bağlı qanunvericilikdə müəyyənləşdirilmiş əsas olmadığı halda qanunu səhv tətbiq etdiyi, iddiaçının özünün əvvəllər sabit pul məbləğində aliment tələb etdiyini və onun, işləməsi barədə məlumat vermək öhdəliyi daşımadığını nəzərə almadığı arqumentləri ilə əsaslandırmışdır. Apellyator göstərmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21.06.2013-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuş, uşaqları analarının yanında saxlanılmış, həmin vaxt heç yerdə işləmədiyi üçün uşaqlarına ödəməli olduğu aliment sabit pul məbləğində müəyyən edilmişdir. Aliment tələbi barədə iddia ərizəsi hələ nikah pozulmazdan əvvəl, yəni 10.01.2013-cü il tarixdə məhkəməyə təqdim edilmiş, bu səbəblə aliment tutulması barədə qətnamə 08.05.2014-cü il tarixdə qəbul edilsə də, alimentin hesablanması və tutulması iddianın məhkəməyə təqdim edildiyi 10.01.2013-cü il tarixdən başlanmışdır. 2017-ci ildən etibarən sonrakı illərdə hər təqvim ili başlayan kimi iddiaçı alimentin artırılması barədə iddialar vermiş, 31.01.2017-ci il tarixli iddia ərizəsi üzrə Nərimanov Rayon Məhkəməsinin 03.03.2017-ci il tarixli, 09.01.2018-ci il tarixli iddia ərizəsi üzrə 16.02.2018-ci il tarixli, 10.01.2019-cu il tarixli iddia ərizəsi üzrə 08.02.2019-cu il tarixli qətnamələri ilə aliment məbləği artırılmışdır. Həmin iddialarında iddiaçı özü sabit pul məbləğində aliment tələb etmiş, o isə məhkəmənin müəyyənləşdirdiyi alimenti vaxtlı-vaxtında ödəmişdir. Cavabdeh məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) X8 apellyasiya şikayətini müdafiə edərək izahatında həmçinin göstərmişdir ki, Ailə Məcəlləsinin 100.3-cü maddəsinin tətbiq olunması üçün aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması faktı müəyyən edilməlidir, halbuki təmsil etdiyi şəxs aliment ödəməkdən yayınmamışdır. Məhkəmə həmçinin nəzərə almamışdır ki, hətta keçmiş dövrə görə alimentin tutulması üçün kifayət qədər əsas olmuş olsa idi belə, bu müddət 3 ildən artıq ola bilməzdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh da nümayəndəsi ilə eyni fikirdə olduğunu bildirərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verməklə apellyasiya şikayətinin əsassız olduğunu bildirmiş, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin “03.03.2017-ci il tarixdən hesablanmaqla Cavabdeh onun qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında tutulmalı olan aliment məbləğindən məhkəmə qətnamələri ilə tutulmuş sabit pul məbləğində müəyyən edilmiş aliment məbləği çıxılmaqla, qalan aliment məbləğinin İddiaçı ödənilməsi” hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni iddiaçı mübahisələndirməmiş, cavabdeh isə yalnız qeyd edilən hissə ilə bağlı apellyasiya şikayəti vermişdir. Başqa sözlə, qətnamənin iddianın təmin olunmaması, eləcə də “Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 fevral 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilməsi, 18.02.2009-cu il təvəllüdlü X3 və 17.08.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin tutularaq İddiaçı verilməsi” ilə bağlı hissələri hazırkı apellyasiya baxışının predmeti deyildir. Qeyd olunan kontekstdə məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarında toplanmış sübutları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilərək iddiaçının “Nərimanov Rayon Məhkəməsinin 03.03.2017-ci il tarixli qətnaməsi ilə müəyyənləşdirilən 273,0 manat sabit pul məbləğində tutulan alimentin miqdarının dəyişdirilərək əvvəlki dövr üçün, yəni cavabdehin işlədiyi 01.02.2017-ci il tarixindən əmək haqqının (4166,67 manat) və digər gəlirlərinin 1/3 hissəsi miqdarında hesablanaraq cavabdehdən tutulması” tələbi təmin edilməməlidir. İşin müəyyən olunmuş hallarına görə, tərəflər 24.06.2008-ci il tarixdə rəsmi nikaha daxil olmuş, nikahlarından 18.02.2009-cu il tarixdə Məryam, 17.08.2010-cu il tarixdə Nəzrin adını verdikləri uşaqları doğulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21.06.2013-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuş və uşaqlar analarının himayəsinə verilmiş, İddiaçı 10.01.2013-cü il tarixdə cavabdehdən aliment tutulması barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi təqdim etmiş, həmin məhkəmənin 08.05.2014-cü il tarixli qətnaməsi ilə Cavabdeh 11.01.2013-cü il tarixdən hesablanmaqla hər uşağa görə 175 manat aliment tutulması qət olunmuş, Ali Məhkəmənin 06.04.2015-ci il tarixli qərarı ilə aliment məbləği dəyişdirilərək hər uşaq üçün 103 manat müəyyənləşdirilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03.03.2017-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası qismən təmin olunaraq aliment məbləği hər uşaq üçün 136,60 manata, həmin məhkəmənin 16.02.2018-ci il tarixli qətnaməsi ilə 154 manata, 08.02.2019cu il tarixli qətnaməsi ilə isə hər uşaq üçün 160 manata artırılmışdır. Yuxarıda qeyd olunduğu kimi iddiaçı, Nərimanov Rayon Məhkəməsinin 03.03.2017ci il tarixli qətnaməsi ilə xeyrinə tutulan alimentin miqdarının cavabdehin əmək haqqının (4166,67 manat) və digər gəlirlərinin 1/3 hissəsi miqdarına dəyişdirilərək bu məbləğin 01.02.2017-ci il tarixindən etibarən tutulmalı olduğunu irəli sürmüş, birinci instansiya məhkəməsi isə tərəflər arasında alimentlə bağlı çoxsaylı məhkəmə mübahisələrinin olduğunu, Cavabdeh daimi iş yerinin olmasını gizlətməsi səbəbilə alimentin sabit pul məbləğində tutulduğunu vurğulayaraq, 03.03.2017-ci il tarixdən hesablanmaqla ondan qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında tutulmalı olan aliment məbləğindən məhkəmə qətnamələri ilə tutulmuş sabit pul məbləğində müəyyən edilmiş aliment məbləği çıxılmaqla, qalan fərq məbləginin İddiaçı ödənilməli olduğu nəticəsinə gəlmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi həmin qənaətə gələrkən tətbiq etdiyi maddi hüquq normasını yanlış tövsif etmiş, müəyyən etdiyi hallardan düzgün nəticə çıxarmamışdır. Belə ki, Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə görə, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 100.2-ci maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur; 100.3-cü maddəsinə görə isə, məhkəmə, iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Göründüyü kimi, alimentin əvvəlki dövr üçün tutulması imkanı, aliment almalı olan şəxsin məhkəməyə müraciət edənədək tədbirlər gördüyünün, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığının müəyyən edilməsinə bağlıdır; hazırkı işdə isə belə hal mövcud deyildir. Əksinə, işin müəyyən olunan hallarından görünür ki, iddiaçı cavabdehdən 11.01.2013-cü il tarixindən etibarən aliment almağa başlamış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03.03.2017-ci il tarixli qətnaməsinin çıxarılmasına əsas təşkil edən iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən cavabdehdən alimentin sabit pul məbləğində tutulmasını istəmiş, cavabdeh isə həm həmin qətnamə ilə müəyyənləşdirilən aliment məbləğini ödəmiş, həm də sonrakı illərdə artırılmış aliment öhdəliyini icra etmişdir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun müvafiq iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-678/2022 saylı iş üzrə 17 yanvar 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni “03.03.2017-ci il tarixdən hesablanmaqla Cavabdeh onun qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında tutulmalı olan aliment məbləğindən məhkəmə qətnamələri ilə tutulmuş sabit pul məbləğində müəyyən edilmiş aliment məbləği çıxılmaqla, qalan aliment məbləğinin İddiaçı ödənilməsi” hissəsində ləğv olunsun. İddiaçı “Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03.03.2017-ci il tarixli qətnaməsi ilə müəyyənləşdirilən 273,0 manat sabit pul məbləğində tutulan alimentin miqdarının dəyişdirilərək əvvəlki dövr üçün, yəni cavabdehin işlədiyi 01.02.2017-ci il tarixindən əmək haqqının (4166,67 manat) və digər gəlirlərinin 1/3 hissəsi miqdarında hesablanaraq cavabdehdən tutulması” tələbi təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-2887/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2887/2022
07.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver