Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2889/2023 31.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “X2” ASC-yə qarşı “kredit müqaviləsinin və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə hakimlər X1 (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi ilə İddiaçı cavabdeh "xxxx" Kommersiya Bankı ASC-yə qarşı «kredit müqaviləsinin və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-453/2023 saylı qətnaməsindən iddiaçının apellyasiyasının mümkünlüyünü yoxlayaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh "xxxx" Kommersiya Bankı ASC-yə qarşı «kredit müqaviləsinin və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 25B8/14 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2019-cu il tarixli 25B8/14-2 saylı kredit müqaviləsinin və xx.xx.2014-cü il tarixli 25Bİ8/14-2 saylı İpoteka müqaviləsinə əlavə olan xx.xx.2019-cu il tarixli sazişin etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)- 453/2023 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir.
3. Qətnamə ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayətləri verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq
4. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır; Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddət keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onu vermiş şəxsə qaytarılır; Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; Maddə 363.1.3. Apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, şikayət birinci instansiya məhkəməsi tərəfindən qaytarılır; Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir; Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər; Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir; Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
5. İşdə olan xx.xx.2022-ci il tarixli etibarnamədən görünür ki, İddiaçı vəkil Nümayəndə 3 il müddətinə məhkəmə icraatı ilə bağlı bütün məhkəmə aktlarını və sənədləri almaq, məhkəmə aktlarından şikayət vermək (imzalamaq) və digər səlahiyyətləri etibar etmişdir.
6. İşdən görünür ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi xx.xx.2023-cü il tarixdə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirilməklə iddiaçıya rəsmi qaydada çatdırılmış, lakin iddiaçının apellyasiya şikayəti həmin nümayəndə və vəkilin elektron kabinet vasitəsilə xx.xx.2023-ci il tarixdə göndərilmiş, bununla da qətnamədən şikayət verilməsi üçün qanunla nəzərdə tutulan 1 aylıq prosessual müddət ötürülmüşdür.
7. İş üzrə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişdir.
8. Birinci instansiya məhkəməsi mülki-prosessual qanunvericliyin məcburi tələblərini nəzərə almamış, müəyyən olunmuş müddət keçdikdən sonra verilmiş apellyasiya şikayətini qaytarmalı olduğu halda, iş materialları ilə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir.
9. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mülki prosessual qanunvericiliyin müddətlə bağlı tələbləri pozulmaqla verildiyi və bu səbəbdən apellyasiyanın mümkünlüyü əsasları müəyyən olunmadığı üçün qeyri-mümkün sayılmalı və apelyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir.
10. Göstərilənlərə əsasən və MPM-in 361, 363, 366 və 402, 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-453/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apelyasiya qeyrimümkün hesab edilsin və apelyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Hakimlər: Məhəmməd Rüstəmli Akif İsgəndərov Vahid Sadıqov