Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-289/2022 08.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Nərmin Nəzər qızının katibliyi, İddiaçı Binəqədi rayon Binəqədi Bələdiyyəsinin nümayəndəsi X2, Cavabdeh nümayəndəsi (vəkili) Vəkil1 iştirakı ilə, İddiaçı Bakı şəhəri Binəqədi rayon Binəqədi Bələdiyyəsinin Cavabdeh qarşı «torpaq sahəsinə digərlərinin hüquqlarının pozulmasının aradan qaldırılması, vurulmuş zərərlərin tutulması» tələbinə dair, həmçinin İddiaçı2 Cavabdeh qarşı «mülkiyyətin müdafiəsi» tələbinə dair birləşdirilmiş mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2(001)-389/2021 saylı qətnaməsindən Bakı şəhər Binəqədi rayon Binəqədi Bələdiyyəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Birinci mülki iş üzrə, iddiaçı Bakı şəhər Binəqədi rayon Binəqədi Bələdiyyəsi Cavabdeh qarşı «torpaq sahəsinə digərlərinin hüquqlarının pozulmasının aradan qaldırılması, vurulmuş zərərlərin tutulması» tələbinə dair iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) məhkəməyə müraciət etmişdir. İkinci mülki iş üzrə, İddiaçı2 Cavabdeh və üçüncü şəxs Bakı şəhər Binəqədi rayon Binəqədi Bələdiyyəsinə qarşı «mülkiyyətin müdafiəsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən özbaşına tutulmuş Binəqədi rayonu, 7-ci mkr, 151 saylı uşaq bağçasının yanında yerləşən 100 kv.m torpaq sahəsinin onun sahibliyinə qaytarılması, cavabeh tərəfindən qanunsuz işa edilmiş tikilinin öz vəsaiti hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 sentyabr 2020-ci il tarixli qərardadı ilə hər iki mülki iş bir icraatda birləşdirilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2(001)- 389/2021 saylı qətnaməsi ilə (hakim İlkin Əliyev) iddia tələbləri rədd edilmişdir. İddiaçı Bakı şəhər Binəqədi rayon Binəqədi Bələdiyyəsi qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ona aid hissədə ləğv olunmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı Binəqədi rayon Binəqədi Bələdiyyəsinin nümayəndəsi iddiadan imtina barədə 07.02.2022-ci il tarixli ərizə təqdim edərək, hazırkı iş üzrə irəli sürülmüş iddia tələbinin davam etdirilməsi zərurəti aradan qalxdığından iddiadan imtina etdiklərini, iddiadan imtinanın nəticələrinin onlara aydın olduğunu bildirmiş və qətnamənin ləğv edilərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi (vəkili) iddiadan imtina ilə əlaqədar iş üzrə icraata xitam verilməsinə etiraz etməmişdir. Məhkəmə kollegiyası, iddiadan imtina barədə ərizəni nəzərdən keçirərək, həmçinin tərəflərin fikrini öyrənərək hesab edir ki, qətnamə Bakı şəhər Binəqədi rayon Binəqədi Bələdiyyəsinin iddiasının rədd olunması hissəsində ləğv olunmalı, iddiadan imtina olunması ilə əlaqədar həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 52-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. İddiaçının iddiadan imtina etməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə bu hərəkəti qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Kollegiya, həmçinin vurğulayır ki, iddiaçının iddiadan imtina etməsi onun cavabdehə qarşı irəli sürdüyü maddi-hüquqi tələbdən və bu tələbin məhkəmədə müdafiəsi hüququndan imtina etməsidir. Məhkəmədə mülki işlərin başlanması məhkəməyə müraciət etmiş şəxsin bilavasitə iradəsinin ifadəsi olduğuna görə, onun öz tələbindən imtina etməsi işin icraatının davam etdirilməsini lüzumsuz edir. Ona görə də, qanunvericilik iddiaçının iddiadan imtina etməsini və bu imtinanın məhkəmə tərəfindən qəbul ediləcəyi təqdirdə iş üzrə icraatın xitam edilməsinin əsası kimi nəzərdə tutmuşdur. Baxılan işdən görünür ki, iddiaçının iddia tələbindən imtina etməsi barədə iradə ifadəsi yazılı formada tərtib edilərək (imtina bələdiyyənin sədri tərəfindən imzalanmış və möhürlə təsdiq edilmişdir) məhkəməyə təqdim etdiyi ərizədə əks olunmuşdur və onun iddiadan imtina etməsi qanuna zidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. MPM-in 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. MPM-in 391-ci maddəsinə əsasən, bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Beləliklə, məhkəmə kollegiyası, hesab edir ki, iddiaçı Bakı şəhər Binəqədi rayon Binəqədi Bələdiyyəsinin iddiadan imtina etməsi qəbul edilməli, mübahisəyə dair çıxarılmış birinci instansiya məhkəməsinin qətnaməsi həmin iddiaya aid hissədə ləğv edilməklə, mülki işin icraatına bu hissədə xitam verilməlidir. Məhkəmə kollegiyası, həmçinin məhkəmə xərclərinə də hüquqi qiymət verərək, qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində 50 manat məbləğində ekspertiza xərci (məhkəmə xərci) mövcud olmuşdur ki, həmin məhkəmə xərci iddiadan imtina olunduğuna görə iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 261, 263-264, 357-358, 391, 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli 2(011)- 3264/2021 saylı qətnaməsi “Bakı şəhəri Binəqədi rayon Binəqədi Bələdiyyəsinin iddiasının rədd olunması” hissədə ləğv edilsin. Mülki işin icraatına iddiaçı Bakı şəhəri Binəqədi rayon Binəqədi Bələdiyyəsinin Cavabdeh qarşı «torpaq sahəsinə digərlərinin hüquqlarının pozulmasının aradan qaldırılması, vurulmuş zərərlərin tutulması» tələbinə dair hissədə Bakı şəhəri Binəqədi rayon Binəqədi Bələdiyyəsi tərəfindən iddiadan imtina olunması ilə əlaqədar xitam verilsin. Məhkəmə xərci iddiaçı Bakı şəhəri Binəqədi rayon Binəqədi Bələdiyyəsinə aid edilsin. İddiaçıdan aparılmış ekspertizanın dəyəri olan 50 (əlli) manat tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə (ekspertiza xərclərinə dair bildirişlərə əsasən xərcin keçiriləcəyi hesab – X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-289/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-289/2022
08.02.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver