Məhkəmə qərarları › İş №2(103)-289/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-289/2025

19.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-289/2025 19.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı mülki iş (Açar sözlər: « icbari sığorta üzrə sığorta hadisəsi ») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-39/2024 saylı, 17 may 2024-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: Masallı rayonu, Qəriblər kəndində 0,0215 ha torpaq sahəsində yerləşən 3 nömrəli, 2 mərtəbəli binanın 1-ci girişində, 1-2-ci mərtəbələrdə yerləşən 120,8 kv.metr ümumi, 57,6 kv.metr yaşayış sahəsindən ibarət 4 otaqlı 1 nömrəli mənzil İddiaçı adına mülkiyyət hüququ üzrə qeydə alınmışdır.

2. İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən əmlak təbii fəlakətlər-zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, leysan, sel, daşqın, yer sürüşməsi risklərindən "xxxx" ASC tərəfindən 15,000 manat məbləğində sığortalanmışdır. Azadolma məbləği isə 150 manat məbləğindədir

3. "xxxx" ASC-nin İddiaçı müraciətinə xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd edilib ki, ünvan 1 ünvanında yerləşən əmlakın divarında müxtəlif hissələrdəki çatlar şirkətə məlumat verilən hadisə tarixindən daha əvvəl də mövcud olmuşdur. Belə ki, sözügedən mənzilin divarındakı çatlar yarandıqdan sonra ən qısa müddət ərzində şirkətə məlumat verilməmişdir. Ona görə də baş vermiş hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olduğu üçün bu hadisə ilə bağlı sığorta ödənişindən imtina edir.

4. İddiaçı məxsus izahlı fakturanın surətindən görünür ki, 23 dekabr 2022, 05 yanvar 2023, 06 yanvar 2023, 08 yanvar 2023 və 01 fevral 2023-cü il tarixlərdə İddiaçı tərəfindən Atəşgah Sığorta Şirkətinin qaynar xəttinə (940 nömrəsi) zənglər edilmişdir.

5. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin xx.xx.2023-cü il tarixli məktubu ilə Cavabdeh sığorta şirkətinə göndərdiyi arayışda göstərilib ki, 23 dekabr 2022-ci il tarixdə Masallı rayonu, Qəriblər kəndinin ərazisində yağıntı qeydə alınmamışdır.

6. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin xx.xx.2023-cü il tarixli məktubu ilə İddiaçı göndərdiyi arayışda göstərilib ki, xx.xx.2022 - 07.12.və 9.12.2022 dekabr aralıqlarında Masallı rayonu, Qəriblər kəndinin ərazisində yağış, sulu qar, qar müşahidə olunmuşdur.

Birinci instansiya məhkəməsində icraat:

7. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı dəymiş zərərə görə sığorta ödənişinin verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 9178 manat dəymiş zərərin və 112 manat dövlət rüsumunun cavabdeh "xxxx" ASC-dən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. 8.Tələbdə göstərilib ki, Masallı rayonu, Qəriblər kəndində 0,0215 ha torpaq sahəsində yerləşən 3 nömrəli, 2 mərtəbəli binanın 1-ci girişində, 1-2-ci mərtəbələrdə yerləşən 120,8 kv.metr ümumi, 57,6 kv.metr yaşayış sahəsindən ibarət 4 otaqlı 1 nömrəli mənzili vardır. Mənzil cavabdeh şirkətdə xx.xx.2022-ci il tarixdə sığortalanmışdır. Ötən ilin dekabr ayında güclü yağışlar yağmış və bunun nəticəsində dekabr ayının 23-də evin divarında dərin çatlar əmələ gəlmişdir. Elə bir vəziyyət yaranmışdır ki, evdə yaşamaq təhlükəli həddə çatmışdır. Bununla bağlı dərhal cavabdeh şirkətin telefon nömrəsinə zəng edərək məlumat verilmişdir. Cavabdehin 23 yanvar 2023 cü il tarixli məktubunda hadisə baş verdiyindən ən qısa zamanda məlumat verilmədiyi göstərilmiş və sığorta ödənişi verilməsindən imtina edilmişdir. 9.Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-39/2024 saylı, 17may 2024-cü il tarixli qətnaməsi ilə (hakim İlkin Rüstəmli) iddianın qismən təmin edilərək "xxxx" ASC-də sığortalanmış və İddiaçı məxsus Masallı rayonu, Qəriblər kəndində yerləşən əmlakın təmir-bərpa xərci kimi 8,755 (səkkiz min yeddi yüz əlli beş) manat pul vəsaitinin və iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumunun 60 manat hissəsinin cavabdeh "xxxx" ASC-dən alınıb İddiaçı ödənilməsi; mütəxəssis rəyinin dəyərini təşkil edən və iddiaçı tərəfindən ödənilmiş 1073,20 manat pul vəsaitinin 500 manat hissəsinin cavabdehdən iddiaçının xeyrinə tutulması; Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 200 manat pul vəsaitinin 100 manat hissəsinin İddiaçı, 100 manat hissəsinin isə cavabdeh "xxxx" ASC-dən tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********; AZ34CTRE********************, X1, KOD 210005; VÖEN **********; müxbir Az41NABZ013601**********03944, S.W.İ.F.T. BİK: CTREAZ 22) köçürülməsi; iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi ilk öncə sığorta hadisənin mövcudluğuna münasibətdə qeyd etmişdir ki, hazırki işdə sığorta hadisəsi baş vermiş hesab edilməlidir. Belə ki, iddia ərizəsinin məzmunundan da görünür ki, iddiaçı ərizəsində məhz 23 dekabr 2022-ci il tarixdə olan yağıntı nəticəsində deyil, ümumiyyətlə 2022-ci ilin dekabr ayında olan güclü yağıntılar nəticəsində ona məxsus əmlakın zərər gördüyünü göstərir. İş materiallarında olan AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin tərəflərə ünvanladığı arayışlardan da görünür ki, 23 dekabr tarixinə kimi dekabr ayının təqribən 10 günü müddətində Masallı rayonu, Qəriblər kəndinin ərazisində yağış, sulu qar, qar müşahidə olunmuşdur. Bu səbəbdən sözügedən əmlaka dəymiş zərər məhz 23 dekabr 2022-ci il tarixdə baş vermiş yağıntı nəticəsində deyil, həmin tarixə kimi 10 gün müddətində davam edən yağıntı nəticəsində yaranmışdır. Göstərilənlərə əsasən, cavabdehin məhz 23 dekabr 2022-ci il tarixdə yağıntının olmamasına istinad edərək sığorta hadisəsinin olmamasına dair irəli sürdüyü dəlil əsassızdır. Qanunverici təqsirinin dərəcəsindən asılı olmayaraq mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsi ilə hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini ödəməsi vəzifəsini müəyyən etmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/7258 №-li məhkəmə ekspertizasının rəyində qeyd olunur ki, 23 dekabr 2022-ci il tarixdə baş vermiş yağıntı nəticəsində Masallı rayonu, Qəriblər kəndində yerləşən 3 saylı evin, 2 mərtəbəli binanın 1 saylı mənzilinin bünövrəsi ətrafında yığılmış atmosfer sularının təsiri nəticəsində mənzilin bünövrəsində çökmə əmələ gəlmiş və bunun nəticəsində mənzilin xaric və daxili divarlarında şaquli keçici çatlar əmələ gəlmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/825 №-li məhkəmə ekspertizasının rəyində qeyd olunur ki,Masallı rayonu, Qəriblər kəndində yerləşən 3 saylı evin 1 nömrəli mənzilindəyaranmış qüsurların aradan qaldırılması üçün görülmüş işlərə 8,755 manat məbləğində vəsaitinin sərf edilməsi müəyyən olunmuşdur.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və şikayətində qeyd etmişdir ki, birinci instansiya məhkəməsi hadisəni iddiaçının iddia ərizəsində qeyd etdiyinə əsasən sığorta hadisəsi kimi tanınmışdır. Məhkəmə prosesində cavabdehin nümayəndəsi tərəfindən bildirilmişdi ki, ümumiyyətlə, dekabr ayı ərzində həmin ərazidə yağan yağış təbii fəlakət hesab edilmir. Tərəflər arasında bağlanan daşınmaz əmlakın icbari sığortası müqaviləsində sığorta risklərində təbii fəlakətə daxil olan hallar sadalanıb. Təbii fəlakət dedikdə, yağıntı olaraq leysan qeyd edilmişdir. “İcbari sığortalar haqqında” qanunun 36.1.8-ci maddəsinə görə, təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi daşınmaz əmlakın icbari sığortası üzrə sığorta hadisəsi hesab olunur. Baxılan halda yağış təbii fəlakət deyil, normal atmosfer hadisəsidir. Baş vermə tezliyinə görə təsadüfi hadisə deyil. Yağışın tezliyi çox, yağması nəticəsində ciddiliyi az olur, yəni yağış tez-tez baş verə biləcək hadisədir və onun nəticəsində əmlaka ziyan dəyməsi qeyri-mümkündür. “Sığorta fəaliyyəti haqqında” Qanunun 1.1.18-ci maddəsinin məzmunundan aydın olur ki, sığorta riski dedikdə elə bir hadisə başa düşülür ki, onun baş verməsi nəticəsində sığorta obyekti zərər görsün. Mülki Məcəllənin 922.3-cü maddəsindən isə görünür ki, sığorta hadisəsi baş vermə ehtimalına görə təsadüfi olmalıdır. Məsələn yanğın, daşqın, leysan, və s. bu kimi təbii fəlakətlər baş vermə ehtimalına görə təsadüfiliyə malikdir və tezliyi az olsa da, ciddiliyi daha çoxdur. Yəni bu hadisələrin baş verməsi nəticəsində yaranan itki daha çox və daha ciddi olur. “İcbari sığortalar haqqında” Qanunun 36.1-ci maddəsindən aydın olur ki, yalnız sadalanan risklərin baş verməsi səbəbindən yaranan hal sığorta hadisəsi hesab edilir. Təbii fəlakətlərdən yalnız göstərilən risklər sığorta təminatına daxildir. Yağış sığorta riskinə aid olmadığı üçün, onun nəticəsində baş verən zərər sığorta hadisəsi kimi tanıına bilməz. Milli Hidrometerelogiya Xidməti tərəfindən verilən №3-14- 20/2-1901/2023 saylı arayış iş üçün mühüm əhəmiyyət kəsb edən, hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyən edən əsas sənəd olmasına baxmayaraq birinci instansiya məhkəməsi bunu nəzərə almamış, obyektiv qiymətləndirməmişdir. Halbuki bu arayış Tikintidə X2 Agentliyinin 2023-cü il 15 sentyabr tarixli mütəxəssis rəyinin və bu rəyə istinadən rəy vermis 3-16-16/2-10/7258 nömrəli tikinti-texniki ekspertizasının ekspert rəyinin əsassız olduğunu sübut etmişdir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

12. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın isə rədd edilməsini xahiş etdi.

13. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Maddə 884.6-1. Əmlak sığortası üzrə sığorta hadisəsi nəticəsində zərər dəymiş əmlakla bağlı sığorta marağı olan istənilən şəxs həmin əmlakın mülkiyyətçisi olubolmamasından asılı olmayaraq zərərçəkən sayılır. Maddə 898.1. İcbari sığorta qanunlarında və könüllü sığorta növləri üzrə sığorta müqavilələrində şərtli və ya şərtsiz azadolma məbləği, həmçinin gözləmə müddəti müəyyən oluna bilər. Maddə 898.2. Azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən zərər məbləğindən, qismən sığorta halında isə sığortaçının zərər məbləğindəki payından çıxılır. Maddə 898.3. Şərtli azadolma məbləğinin nəzərdə tutulması halında, sığorta hadisəsi nəticəsində dəyən zərərin həcmi həmin məbləğdən çox olduqda və ya sığorta müqaviləsində razılaşdırılmış hər hansı digər halın baş verməsi şərtilə azadolma məbləği tətbiq edilmir. Maddə 898.4. Şərtsiz azadolma məbləği nəzərdə tutulduqda həmin məbləğ hər bir halda tətbiq edilir. Maddə 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Maddə 923.1. Sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda, həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. Maddə 925.1. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Maddə 926.2. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Maddə 935.1 və 935.1.8. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı sığorta ödənişinin verilməsindən baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsinə görə imtina edir.

15. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 15.3. Zərər dəymiş əmlakın təmiri və ya bərpası üçün birbaşa çəkilən xərclər, zərər dəymiş əmlakın daşınması, habelə onun qalıqlarının yığılması və daşınması ilə bağlı xərclər və s. əmlaka dəyən zərərin məbləğinə aiddir. Maddə 16.2. Sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. Maddə 35.1. Daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Maddə 35.4. Yaşayış binalarının, yaşayış evlərinin və mənzillərin icbari sığortası onların konstruktiv elementlərinə, otaqlarına, o cümlədən şüşələr də daxil olmaqla qapı və pəncərə konstruksiyalarına, su, kanalizasiya və qaz təchizatına, habelə istilik sisteminə aid borulara, rabitə, elektrik və digər naqillərinə, bəzək elementlərinə, o cümlədən bütün növ xarici, yaxud daxili mala və suvaq işlərinə, divar, tavan və döşəməyə dəyən zərərlərə təminat verir. Maddə 36.1.Daşınmaz əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur: yanğın, ildırım düşməsi (36.1.1); məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı (36.1.2); elektrik naqillərində baş verən qısa qapanma (36.1.3); buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı (36.1.4); su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyriyaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma (36.1.5); hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri (36.1.6); yerüstü nəqliyyat vasitəsinin dəyməsi (36.1.7); təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi (36.1.8); üçüncü şəxslərin hərəkətləri (36.1.9). Maddə 39.3. Yaşayış evləri və mənzillərin icbari sığortası üzrə sığorta məbləğləri və şərtsiz azadolma məbləğləri aşağıdakı kimi müəyyən edilir: 39.3.1. Bakı şəhərində yerləşən daşınmaz əmlak üzrə sığorta məbləği 25.000 manat, azadolma məbləği 250 manat; 39.3.2. Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən daşınmaz əmlak üzrə sığorta məbləği 20.000 manat, azadolma məbləği 200 manat; 39.3.3. digər yaşayış məntəqələrində yerləşən daşınmaz əmlak üzrə sığorta məbləği 15.000 manat, azadolma məbləği 150 manat. Maddə 39.4. Bu Qanunun 39.3-cü maddəsində müəyyən edilən sığorta məbləğləri əmlakın bazar dəyərindən az olduğu hallarda da sığorta hadisəsi nəticəsində dəyən zərər sığorta məbləğindən artıq olmamaq şərtilə tam həcmdə ödənilir.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

17. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz.

18. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

20. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsi xahiş edilsə də, şikayətin məzmunundan görünür ki, iddia qismən təmin edildiyi üçün şikayətin obyektini qətnamənin bir hissəsi, yəni iddia tələbinin təmin edildiyi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

21. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

22. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından iddianı təmin etdiyi hissədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

23. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə təmin edildiyi hissədə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılır.

24. Belə ki, apellyasiya şikayətinin dəlillərinin yoxlanılması məqsədi ilə Masallı rayonu Qəriblər kəndi ərazisində 2022-ci ilin noyabr və dekabr ayları ərzində yağan yağıntıların (yağış, sulu qar, qar) leysan xarakterlisi olub-olmamasının, eləcə də evin (mənzilin) bünövrəsi ətrafında yığılmış atmosfer suları dedikdə konkret hansı suların nəzərə tutulduğunun müəyyən edilməsi üçün mütəxəssis rəyinin verilməsi barədə məhkəmə qərardadı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinə göndərilmişdir.

25. Məhkəmə qərardadını icra edən Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti tərəfindən verilmiş 3-14-20/2-1490/2024 saylı, xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində qeyd edilir ki, Masallı rayonu ərazisində hidrometeoroloji stansiya fəaliyyət göstərmədiyi üçün göstərilən tarixlərdə (xx.xx.2022-xx.xx.2022-ci il) Masallı rayonuna yaxın olan Yardımlı hidrometeoroloji və Göytəpə avtomat meteoroloji stansiyasında müşahidə edilmiş yağıntı haqqında məlumat Sizə təqdim edilmişdir. Yardımlı hidrometeoroloji stansiyasının verdiyi məlumatlara əsasən qeyd edilən tarixlərdə Yardımlı rayonu ərazisində leysan xarakterli yağıntılar müşahidə edilməmişdir. Leysan yağış, qəflətən başlayan və qısa müddət ərzində başa çatan, intensiv şəkildə yağan çoxsulu maye yağıntı növüdür. Leysan yağışının damcıları, davamlı yağışların damcılarından daha iri ölçülərə malikdir və bəzən minimal miqdarda yağıntı da verə bilər. Bu yağışlar yay aylarında güclü səth axınları yarada bilər. Qışda isə leysan yağışı, qısa müddət ərzində iri dənələri olan qar şəklində özünü göstərir. Həmçinin bildirmək istəyirik ki, ümumiyyətlə atmosfer suları dedikdə, atmosfer havasında su buxarı və ya asılı halda (damla, kristal) olan su nəzərdə tutulur. Hər hansı bir ərazidə su toplanması müxəlif səbəblərdən baş verə bilər. Bu hallar əsasən yağan intensiv yağışlar və ya qrunt sularının qalxması nəticəsində olur. Qeyd: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kollegiyasının 20 may 2024-cü il tarixli 3/01 nömrəli Qərarı ilə təsdiq edilmiş "Təhlükəli və təbii fəlakət törədə bilən təhlükəli hidrometeoroloji hadisələrin təsnifatı və meyarları haqqında Təlimaf'a əsasən qeyd edilən tarixlərdə müşahidə olunan meteoroloji hadisələr təhlükəli hesab edilmir.

26. Məhkəmə tərkibi hesab etdi ki, apellyasiya şikayətinin dəlillərinin yoxlanılması və həqiqətin müəyyən edilməsi məqsədilə mülki iş üzrə yenidən Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətindən əlavə mütəxəssis (ekspert) rəyi alınmaqla iş üzrə əlavə tikinti texniki ekspertiza təyin olunmalıdır. Belə ki, xx.xx.2023-cü il tarixli məhkəmə tikinti texniki ekspertizasının rəyi Tikintidə X2 Agentliyinin 2023-cü il 06 sentyabr tarixli rəyində göstərilənləri olduğu kimi köçürməklə, üstəlik tədqiqat obyektini görmədən iş materialları əsasında tərtib edilmişdir. Buna görə də ekspert rəyi aydın olmadığından əlavə tikinti-texniki ekspertiza təyin edilməlidir.

27. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4478/2024 saylı, 02 dekabr 2024-cü il tarixli qərardadının icrası ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti tərəfindən verilmiş 3-14-20/2-1971/2024 saylı, xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində qeyd edildi ki, Masallı rayonu ərazisində hidrometeoroloji stansiya fəaliyyət göstərmədiyi üçün göstərilən tarixlərdə(2022-ci ilin yanvar ayından həmin ilin oktyabr ayına kimi) Masallı rayonuna yaxın olan Yardımlı hidrometeoroloji stansiyasında müşahidə edilmiş leysan yağıntılar haqqında məlumatı təqdim edirlər:

Tarix Yağıntının başlama- Leysan bitmə vaxtı yağıntının miqdarı, mm xx.xx.2022 10:25-10:55 5.7 xx.xx.2022 14:45-14:55 0.9 18:15-19:15 xx.xx.2022 12:20-12:25 11.0 xx.xx.2022 20:05-21:10 2.1 xx.xx.2022 08:10-08:25 1.1 18:05-18:40 xx.xx.2022 12:38-12:45 3.4 xx.xx.2022 23:20-00:10 3.9 xx.xx.2022 22:40-22:55 0.0 xx.xx.2022 11:48-11:50 0.0 16:10-16:30 xx.xx.2022 05:45-06:10 5.6 06:30-07:00 07:00-07:40 07:50-09:10 xx.xx.2022 20:20-20:50 12.1 20:50-21:40 22:05-22:40 xx.xx.2022 20:40-22:15 2.3 17:30-17:45 xx.xx.2022 23:55-01:15 4.4 14:42-14:45 16:55-17:00 xx.xx.2022 20:20-21:10 0.4 xx.xx.2022 16:10-16:50 1.1 xx.xx.2022 08:55-10:05 5.4 11:50-11:55 xx.xx.2022 17:10-18:30 10.4 21:22-22:10 xx.xx.2022 21:25-21:40 17.1 22:55-00:05 xx.xx.2022 00:20-01:55 04:05-04:50

28. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 3-16-16/2- 10/9977/2024 saylı, xx.xx.2025-c il tarixli ekspert rəyində isə qeyd edilir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliy Tikintidə X2 Agentliyi "Azkommunlayihə" KLU-nun 15 sentyabr 2023-cü il tarixli mütəxəssis rəyinə əsasən, Masallı rayonu, Qəriblər kəndində yerləşən 3 saylı evin 2 mərtəbəli binanın 1-ci girişində, 1-2 ci mərtəbələrində yerləşən ümumi sahəsi 120.8 kv.m. olan 4 otaqlı 1 saylı mənzilinin bünövrəsi ətrafında yığılmış atmosfer sularının təsiri nəticəsində mənzilin bünövrəsində çökmə əmələ gəldiyi və bunun nəticəsində mənzilin xarici və daxili divarlarında şaquli keçici çatların əmələ gəldiyi müəyyən edilir.

29. Beləliklə, işin mübahisəsiz halıdır ki, iddiaçının mülkiyyətində olan sözügedən mənzil icbari sığorta müqavilə əsasında sığortalanmışdır. İddiaçı sığorta müqavilələrinin qüvvədə olduğu dövrdə sığorta hadisəsinin baş verdyinə görə cavabdehə müraciət etmiş, cavabdeh isə Mülki Məcəllənin 935.1.1-ci maddəsinə istinad edərək, yəni baş vermiş hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olduğu üçün bu hadisə ilə bağlı sığorta ödənişindən imtina etmişdir. Məhz bu imtina ilə bağlı iddiaçı tərəfindən cavabdehə qarşı hazırki iddia irəli sürülmüşdür. Birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi qənaət tam olaraq 10-cu paraqrafda da qeyd olundu. Ona görə də şikayətin əsaslılığının yoxlanılması üçün hadisənin sığorta hadisəsi olubolmamasının yoxlanılması üçün apellyasiya instansiyası məhkəməsi tərəfindən həqiqətə nail olmaq üçün yuxarıda qeyd olunan prosessual hərəkətlər yerinə yetirilərək cavablar alındı.

30. İlk növbədə icbari sığorta müqaviləsi üzrə qeyd olunur ki, həm Daşınmaz Əmlakın İcbari Sığortası Şəhadətnaməsində, həm də “İcbari Sığortalar Haqqında” Qanunun 36.1 və 36.1.7-ci maddəsinə əsasən daşınmaz əmlakın təbi fəlakətlər, o cümlədən leysan nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur. Qeyd olunduğu kimi, sığorta predmeti olan mənzilin zədələnməsi, yəni ona ziyan dəyməsi işin mübahisəsiz halıdır. Mübahisəli hal bu zərərin məhz sığorta hadisəsi sayılan hal nəticəsində yaranması ilə bağlıdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti tərəfindən verilmiş Masallı rayonu Qəriblər kəndi ərazisində 2022-ci ilin yanvar ayından həmin ilin oktyabr ayları ərzində yağan yağıntılardan leysan xarakterlisinin hansı tarixlərdə olmasına dair(konkret ayı, günü və saatı göstərməklə) xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində qeyd edildi ki, Masallı rayonu ərazisində hidrometeoroloji stansiya fəaliyyət göstərmədiyi üçün göstərilən tarixlərdə Masallı rayonuna yaxın olan Yardımlı hidrometeoroloji stansiyasında müşahidə edilmiş leysan yağıntılar haqqında məlumatı təqdim edirlə. Rəyə əlavə edilmiş cədvəldə də müəyyən edilir ki, sığorta müqaviləsinin qüvvəyə mindiyi vaxtdan başlayaraq sonuncusu xx.xx.2022-ci il olmaqla 6 dəfə qeyd olunan ərazidə leysan xarakterl yağıntılar olmuşdur. Demək ki, zərərin məhz leysan yağışlar nəticəsində yaranmış olduğu təsdiq olunur. 31.Düzdü, həm Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin, həm də tikinti texniki ekspertizaların rəyində mənzilinin bünövrəsi ətrafında yığılmış atmosfer sularının təsiri nəticəsində mənzilin bünövrəsində çökmə əmələ gəldiyi və bunun nəticəsində mənzilin xarici və daxili divarlarında şaquli keçici çatların əmələ gəldiyi göstərilmişdir. Deməli, qeyd olunan rəylərdə də göstərilən hallar hadisənin sığorta hadisəsi olmasını nəinki inkar etmir, əksinə çökmə prosesinin, həm də təbii fəlakətlərin, o cümlədən mənzilin bünövrəsi ətrafında yığılmış suların təsirindən yarandığı təsdiq olunur. Yəni, çökmə leysan nəticəsində yaranmış, qüsurlar da mənzilin xarici və daxili divarlarında çatın yaranmasından baş vermişdir. Ona görə də qeyd olunan normada sığorta hadisəsi kimi leysan nəzərdə tutulmuş, çökmənin sığorta hadisəsi kimi göstərilməməsi də hüquqi məntiqə söykənməyən bir yanaşmadır. Yəni, çökmə deyil, daşınmaz əşyanın zədələnməsi sığorta hadisəsi hesab edilir. Başqa sözlə çökmə nəticəni, yəni sığorta hadisəsini yaradan səbəbin (halın)leysanın nəticəsində, sığorta hadisəsi isə çökmənin nəticəsində baş vermişdir.

32. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki cavabdehin iddiaçıya sığorta ödənişini ödəməkdən tam imtina etməsi sığorta hüququnun ümumi prinsiplərinə zidd olmuşdur. Çünki bu imtina sığorta institutunun mahiyyətinə zidd olmaqla ədalətli hesab edilə bilməz. Bu cür münasibət ayrı-ayrı şəxslər tərəfindən sığorta institutlarına və sığorta təşkilatlarına olan inamın və etibarın itirilməsi ilə nəticələnə bilər. Nəticədə isə, bu inamın və etibarın itirilməsindən ən çox sığorta təşiklatları zərər çəkə bilər, eləcə də sığorta münasibətləri iflic vəziyyətə düşə bilər.

33. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-39/2024 saylı, 17 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri də cavabdehdən tutulmalıdırdır.

34. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

Cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-39/2024 saylı, 17 may 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri - 50 (əlli) manat cavabdeh "xxxx" ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar