Məhkəmə qərarları › İş №2(103)-2890/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2890/2021

10.02.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2890/2021 10.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(004)-1135/2021 saylı qərardadından Cavabdeh tərəfindən verilən şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, M.Əliyev küçəsi, 45C nömrəli evin 14-cü mənzili barədə onunla Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını etmişdir. İddiaçı həmçinin ərizə ilə məhkəməyə müraciət edərək, mübahisə predmeti olan Bakı şəhəri, Yasamal rayonu, M.Əliyev küçəsi, 45C nömrəli evin, 14 saylı mənzilinin üzərinə həbs qoyulması və mənzilin özgəninkiləşdirilməsinin cavabdehə və üçüncü şəxslərə qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh əvvəl onun mülkiyyətində olan həmin mənzili aldadaraq öz adına keçirmışdir. Mülkiyyətində olan əmlakı sata, başqasının adına keçirə bilər. Bu hal isə gələcəkdə qəbul edilə biləcək qətnamənin icrasını mümkünsüz edə bilər. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)-1135/2021 saylı qərardadı ilə ərizə təmin edilmiş, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, M.Əliyev küçəsi, ev 45C, 14 saylı mənzilin üzərinə həbs qoyulması təmin edilərək, mənzilin özgəninkiləşdirilməsi cavabdehə və üçüncü şəxslərə qadağan edilmişdir. Cavabdeh tərəfindən Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(004)-1135/2021 saylı qərardadından şikayət verilmiş, həmin şikayət məhkəmənin xx xxxxxx 2021ci il tarixli qərardadı ilə təmin edilməmiş və şikayət iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətdə qeyd olunur ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2020-ci il tarixdə daşınmaz əmlaka dair alğı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə uyğun olaraq bağlanmışdır. Alğı-satqı rəsmi olaraq qanunun tələblərinə uyğun olaraq, notariat hərəkətlərinin aparılması haqqında təlimata uyğun aparılmışdır. İddiaçının necə aldadıldığını və nə vaxtdan aldadıldığını, kim tərəfindən aldadıldığını belə iddia ərizəsində əsaslandıra bilməməsi, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sübutlardan göründüyü kimi, iddiaçı alğı-satqı müqaviləsindən əmələ gələn hərəkətlər nəticəsində Dövlət Büdcəsinə belə vergi ödəmişdir. Eyni zamanda, əməliyyat aparılan Bankdan aldığı məktublardan belə məlum olur ki, iddiaçı ciddi hesabat blankı hesab edilən Bank çekinə imza etməklə satdığı mənzilin vəsaitini almışdır. İddiaçının xarakterindən belə görünür ki, adama 1 manat belə borc verənə oxşamır, o ki qaldı onun aldadılması. Məhkəmə kollegiyasının iclasında Cavabdeh şikayəti müdafiə edərək, onun təmin edilməsini və hazırki iş üzrə Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadının ləğv edilərək, ərizənin təmin edilməməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən, onun iştirakı olmadan işə baxılmasını mümkün saydı. Məhkəmə kollegiyası cavabdehi dinləyib, şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(004)-1135/2021 saylı qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra-MPM) müvafiq olaraq hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir (maddə 157). İddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq kimi tədbirlər görülə bilər (maddə 158.1.1). İddianı təmin etmək üçün müəyyən hərəkətləri etmək cavabdehə qadağan edilə bilər (maddə 158.1.2). İddianı təmin etmək üçün mübahisə predmetinə aid müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan edə bilər (maddə 158.1.3). İddianı təmin tədbiri institutu özünün mahiyyəti etibarı ilə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Öz təbiəti etibarilə iddianı təmin tədbirləri məhkəmə müdafiəsi hüququnun ayrılmaz ünsürü olan qəbul edilən məhkəmə aktının icrasının təmin edilməsinə xidmət edir. Belə ki, iddianın təmin olunması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi özlüyündə pozulmuş subyektiv hüququn bərpasının elanıdırsa, qətnamənin icrası isə həmin subyektiv hüququn real bərpası deməkdir. Ona görə də, pozulmuş hüquqların real bərpasına, başqa sözlə iddianı təmin etmiş qətnamənin icrasına nail olmaq baxımından iddianı təmin tədbirləri mühüm prosessual vasitələr kimi çıxış edirlər. Beləliklə, iddianı təmin etmə tədbiri prosessualhüquqi tədbirdir, müvəqqəti xarakter daşıyır, işi qabaqcadan mahiyyəti üzrə həll etmir və onun prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. İddianı təmin tədbirinin seçilməsi məsələsinin əsaslılığına iddianın özünün əsaslılığı nəzərə alınmaqla qiymət verilmir. Bu mənada iddianı təmin tədbirləri öz təbiətləri etibarilə qaçılmaz olaraq proses iştirakçılarından birinin hüquqlarına toxuna, onların həyata keçirilməsində müəyyən məhdudiyyətlər yarada bilər. Belə hallar bu institutun bilavasitə mahiyyətindən irəli gəlir. Təsadüfi deyildir ki, qanunvericilik bunu nəzərə almaqla iddianın təmin edilməsi nəticəsində vurulmuş zərərin əvəzinin tələb edilməsinin mümkünlülüyünü (MPM-in 164-cü maddəsi) nəzərdə tutmuşdur. Lakin, iddianı təmin tədbiri seçilərkən həm də qarşılıqlı rəqabətdə olan iki maraq - qətnamənin gələcəkdə icrasına nail olunmasına dair iddiaçının marağı və cavabdehin hüquqlarının həddən artıq məhdudiyyətlərə məruz qoyulmaması marağı - arasındakı ədalətli tarazlığa nail olunmalıdır. Belə ki, hüquqi müdaxilə müdafiə olunan maraqlar arasında ədalətli tarazlığa nail olunması baxımından mütənasib olmalıdır. Həmin maraqlar məhkəmədən tələb edir ki, tətbiq etdiyi iddianı təmin tədbirlərini mütənasiblik prinsipi baxımından ciddi şəkildə dəyərləndirsin. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı dəyişdirilmədən saxlanmalı, şikayətin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayəti təmin edilməsin. Hazırki iş üzrə Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(004)-1135/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar