Məhkəmə qərarları › İş №2(103)-2890/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2890/2023

03.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2890/2023 03.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “elektrik enerjisinin dayandırılmasına görə dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Açar sözlər: (maddi zərər) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi),X9 və X1 ibarət tərkibdə, İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 fevral 2023-cü il tarixli, 2(006)-396/2023 saylı qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.”Azərişıq” ASC-nin əməkdaşları tərəfindən İddiaçı yaşadığı mənzilə elektrik enerjisinin verilməsi dayandırılmış və nəticədə iddiaçının soyuducuda saxladığı dərman vəsitələri yarasız vəziyyətə düşmüşdür. 2.İddiaçıcavabdehin hərəkətini qanunsuz hesab edərək, bunun nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “elektrik enerjisinin dayandırılmasına görə dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin əməkdaşı X13 tərəfindən ona vurulan 1.300 manat dəyərində maddi ziyanın cavabdeh "xxxx" ASC-dən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 4.İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami rayonu Azər Manafov 1, 220B ünvanda yerləşən və hazırda yaşadığı mənzil faktiki olaraq onun istifadəsindədir. Həmin ünvan abonent kodu **********10220 olmaqla cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən işıqla təmin olunmaqdadır. Həmişə verilən borc bildiriş xəbərdarlıqları onun tərəfindən vaxtaşırı ödənilməklə həmin ünvan elektrik enerjisi ilətəmin olunub. Yay ayları ərzində mənzilində olmadığından cavabdehin əməkdaşı tərəfindən xx.xx.2022-ci il tarixdə verilən bildirişi gec əldə etmişdir. "xxxx" ASC-nin Nizami rayon İdarəsinin əməkdaşı X13 xx.xx.2022-ci il tarixdə özü evdə yox ikən gəlib bina nəzatətçisi (X3) yanında onun mənzilinə verilən elektriki dayandırmışdır. Bundan 5 gün sonra, yəni xx.xx.2022-ci il tarixdə ona zəng vuraraq borcu olduğunu söyləmişdir. O da, sonuncuya “baş üstə, sabah ödəyəcəm” dedikdən sonra, xx.xx.2022-ci tarixdə olan borcu ödəmişdir. Bundan sonra evə gedəndə qorxunc bir mənzərə ilə qarşılaşmışdır. Soyuducudan dəhşətli bir qoxu gəlirdi. Qarşılaşdığı bu mənzərədən sonra şəkəri yüksəlmiş, uşaqları anaları üçün stres yaşamışlar. Belə ki, onun min bir əziyyətlə qış üçün topladığı, həmçinin övladlarının məktəb tədarükü məhv olmuşdur. Dərhal aşağı düşmüş, komendatla birlikdə işığı yandırmışlar. Komendant onunla birlikdə bütün dəymiş ziyana şahid olmuşdur. Soyuducuda müxtəlif qablarda saxladığı 10 kq (dana və hind toyuğu) ət və 6 kq toyuq məhsulu, qış üçün dondurulmuş moruqlar, gilaslar, sosiska-kolbasa məhsulları, süd məhsulları-süd, şor, qatıq, süzmələri tamamilə xarab olmuşdur. Hər şeydən əlavə, o, şəkərli diabet xəstəsidir və aylarla pulunu toparlayıb aldığı “Ozempic” adlı bir ədədi 233 manat 40 qəpik olan 4 ədəd dərmanı, övladlarının dərmanları istifadəyə yararsız hala gəlmişdir. Qeyd etmək istəyir ki, dana ətinin hazırkı bazar qiyməti bir kq üçün 17,50 manat, hind toyuğu ətinin qiyməti bir kq üçün 11 manat təşkil edir. Soyuducusundakı bütün meyvələr, ət, süd, dərman və digər bütün məhsullar xarab olmuşdur. Bunları gördükdən sonra dəhşətə gəlib, təcili şəkildə komendatdan işin necə baş verdiyini öyrənmişdir. Ailə üzvlərindən borc alıb xx.xx.2022-ci il tarixdə evimə gələn 56,08 manat borcu ödəmiş və cavabdeh bir neçə dəfə zəng vurduqdan sonra onun mənzilinin elektrik enerjisinin təmin olunmasını bərpa etmişdir. Bundan sonra o, min bir xahiş, yalvarışla X6 qanunvericiliklə nəzərdə tutulan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 9.12-ci və 9.13-cü bəndlərinə əsasən enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi elektrik enerjisinin sayğacla müəyyənləşən hesabı istehlakçıya enerji təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə; işıq enerjisi dayandırıla bilər” bəndini nəzərə almadan elektrik enerjisini dayandırıb və vurduğu ziyanı ödəməsini xahiş etmişdir. Sonuncu da öz səhvini qəbul etmiş və şəxsi yazışmalarda ona köməklik göstərəcəyini desə də, onun şəxsi kart hesabına 50 manat göndərdikdən sonra onu əngəlləmişdir. Daha sonra o, Nizami rayonu "xxxx" idarəsinə yazılı müraciət etsə də, sonuncular öz əməkdaşlarının heç bir qanun pozuntusuna yol vermədiyini ona bildirmişlər və o, son nəticədə hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməyə qərar vermişdir. Çünki artıq dərmanlarını almalıdır və onun isə heç bir maddi təminatı yoxdur. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, qanunla müəyyən edilmiş müddət gözlənilmədiyindən qanunsuz olaraq ona verilən elektrik enerjisi dayandırılmışdır. O, nikah münasibətlərində olub, ayrılmışdır. Bu nikah münasibətindən X7 adlı 7 yaşlı bir qızı və X8 adlı 5 yaşında bir oğlu var və o, uşaqlarını tək, ailəsinin azacıq yardımı ilə böyüdür. Özü şəkərli diabet xəstəsidir və xx.xx.2020-ci il tarixdən bəri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibb Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X16 tabeliyindəki Bakı Şəhəri Baş Səhiyyə İdarəsinin 8 nömrəli Şəhər Poliklinikasında “Şəkərli Diabet tip – 2” endroklonoji kabinetdə diaqnozlu dispanser kabinetində qeydiyyatdadır və sağ olsunlar ki, hər ay onlar tərəfindən “Metafarmin-1000” dərmanı ilə təmin olunur. Digər dərmanlarını isə özü alır. 5.İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, iddia ərizəsində xarab olmuş “Ozempic” adlı dərmanın 4 ədəd olduğu qeyd olunsa da, əslində 2 ədəd olmuşdur. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. 6.Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 izahat verərək bildirmişdir ki, iddiaçı tərəfindən avqust ayından öncə son ödəniş 20 iyul tarixində olmuşdur. 20 iyuldan sonra isə 2 sentyabr tarixində növbəti ödəniş həyata keçirilmişdir. Nəzarətçinin bu məsələdə heç bir səhvinin olmadığını bildirmişdir. İddiaçıya 8 avqust tarixində bildiriş göndərmişlər. 7.Bakı şəhəri NəsimiRayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 07 fevral 2023-cü il tarixli, 2(006)-396/2023 saylı qətnaməsi ilə (sədrlik edən-Səməd Cəfərov) iddia tələbi qismən təmin edilərək, elektrik enerjisi verilişi dayandırıldığından soyuducuda xarab olmuş (müalicəvi keyfiyyəti qalmamış) 2 ədəd “Ozempic” dərman preparatının hər birinin qiyməti 233 manat 40 qəpik olmaqla, cəmi 466 manat 80 qəpik pul vəsaiti cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. 8.İş materiallarına əsasən məhkəmə müəyyən etmişdir ki, iddiaçının yaşadığı mənzil elektrik enerjisi ilə təmin olunmaqla, müvafiq abunə kodu verilmiş, istifadə olunan elektrik enerjisinin hesabatının aparılması üçün sayğac quraşdırılmışdır. İddiaçıya elektrik enerjisinə görə vaxtaşırı göndərilən bildirişlər üzrə, iddiaçı vaxtı-vaxtında ödənişlər etmişdir. Mübahisəli hal yaranmamışdan öncəki dövrdə sonuncu ödəniş iddiaçı tərəfindən 20 iyul 2022-ci il tarixdə edilmişdir (56 manat). X11 tərəfindən son bildiriş xx.xx.2022-ci il tarixdə çap edilmişdir. İddiaçı bildirişdən vaxtında xəbər tutmaq imkanına malik olmamışdır. Çünki, həmin dövrdə mənzildə olmamışdır. Cavabdeh tərəfin əməkdaşları iddiaçıya heç bir xəbərdarlıq etmədən mənzilə elektrik enerjisi verilişini dayandırmışlar. Elektrik enerjisi verilişi dayandırılandan bir neçə gün sonra iddiaçıya zəng edərək, borcu olduğunu bildirmişlər. Halbuki, elektrik enerjisinə görə borcları mütəmadi olaraq ödəyən abonentə elektrik enerjisi verilişi dayandırılmamışdan öncə bu xəbər verilə, yaxud elektrik enerjisi verilişi dayandırılandan dərhal sonra məlumat verilməsi daha düzgün, məntiqli və qanunidir. Çünki, abonentlərin evlərində, mənzillərində və bu kimi sair yaşayış yerlərində elektrik enerjisi ilə işləyən məişət cihazlarının, o cümlədən soyuducuların olduğu hamıya məlumdur. 9.Məhkəmə qeyd etmişdir ki, enerji təchizatı müəssisəsinin əməkdaşları tərəfindən abonentin yaşadığı mənzilin elektrik enerjisi ilə təchizatı qanunsuz olaraq dayandırılmış və iddiaçıya ziyan vurulmuşdur. 10.Ziyanın həcminə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçının şəkərli diabet xəstəsi olması aşkardır, spesifik və bahalı dərman vasitələri və preparatlarla müalicə edilməsi şübhəsizdir. Soyuducuda saxladığı 2 ədəd “Ozempic” dərman preparatının hər birinin qiyməti 233 manat 40 qəpik olmaqla, cəmi 466 manat 80 qəpik təşkil edir. Həmin preparatın qiyməti mübahisəsizdir. Çünki tənzimləyici orqan tərəfindən sabit qiymət müəyyən edilmişdir. Dərman vasitəsinin istifadəsi üzrə təlimatda (bu cür təlimatlar Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Farmakoloji və X5 tərəfindən təsdiq edilir) dərman vasitəsinin soyuducuda saxlanılmalı olması barədə göstəriş mövcuddur. 11.Məhkəmə hesab etmişdir ki, iddiaçıya vurulmuş zərərə görə 466 manat 80 qəpik pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. 12.Soyuducuda yerləşən digər məhsulların xarab olub-olmaması, onların dəyəri və s. barədə mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyinə görə məhkəmə, iddia tələbini qalan hissədə təmin etməmişdir. 13.Məhkəmə öz mövqeyini“Elektrik enerjisindən istifadə Qaydaları”nın 9.13.2-ci bəndi: “İstehlakçıların hüquqlarının müdafıəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3, 18-ci maddəsinin 1 və 2-ci bəndlərinə; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1097, 1115;Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 77.1, 217.4, 216-220, 227, 233 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 14.Qətnamədən cavabdeh "xxxx" ASCapellyasiya şikayəti verərək, qətnamənin iddia tələbini təmin olunduğu hissədə ləğv edilməsini və iddianın tam təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 15.Apellyasiya şikayəti onunla əsaslandırılır ki, iddiaçı tərəfindən məhkəməyə sübut qismində təqdim olunmuş şəkillər harada və nə vaxt çəkilməsi məlum olunmamışdır. Təqdim olunan şəkillər məhkəmə tərəfindən sübut kimi qəbul olunmamalıdır. İddiaçı maddi ziyan dəyməsi hər hansı sübutla təstiq olunmamışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 16.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 17.Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etdi. 18.Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 19.Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 20.Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür 21.Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 22.Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 23.Maddə 1115.Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. 24.“Elektrik enerjisindən istifadə Qaydaları”nın 9.13.2-ci bəndinə əsasən enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi elektrik enerjisinin sayğacla müəyyənləşən hesabı istehlakçıya enerji təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə enerji təchizatı müəssisəsi istehlakçıya elektrik enerjisinin verilməsini dayandıra bilər. “İstehlakçıların hüquqlarının müdafıəsi haqqında” Azərbaycan Respublikasının Qanunu: 25.Maddə 3.Öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsiüçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır.

26. 18-ci maddəsinin 1-ci bəndi Dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Həmin maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 27.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 28.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

29.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 30.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın qismən təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki cavabdeh qətnaməni qeyd olunan hissədə mübahisələndirmiş, iddiaçı isə apellyasiya şikayəti verməmişdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31.Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 fevral 2023-cü il tarixli, 2(006)-396/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 32.Belə ki, “Elektrik enerjisindən istifadə Qaydaları”nın 9.13.2-ci bəndinə əsasən enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi elektrik enerjisinin sayğacla müəyyənləşən hesabı istehlakçıya enerji təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə enerji təchizatı müəssisəsi istehlakçıya elektrik enerjisinin verilməsini dayandıra bilər. 33.İş materiallarından görünür ki, cavabdeh tərəfindən qeyd olunan Qaydaların tələblərinə riayyət edilməmiş, "xxxx" ASC-nin əməkdaşı Dövlət Əliyev tərəfindən son bildiriş xx.xx.2022-ci il tarixdə çap edilmiş, iddiaçı evdə olmadığından bildirişdən məlumatlı olmamasına baxmayaraq qeyd olunan bir aylıq müddət gözlənilmədən mənzilə elektrik enerjisinin verilməsi dayandırılmışdır. 34.Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, enerji təchizatı müəssisəsinin əməkdaşları tərəfindən abonentin yaşadığı mənzilin elektrik enerjisi ilə təchizatının qanunsuz olaraq dayandırılması və bunun nəticəsində iddiaçıya ziyan vurulması ilə bağlı məhkəmə düzgün nəticəyə gəlmişdir. 35.İş materiallarına əlavə edilmiş “Bakı Respublika Endokrinoloji Mərkəz”-ə aid çıxarışın surətindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə İnsulindən asılı olmayan şəkərli diabet diaqnozu qoyulmuşdur. 36.Kollegiya hesab edir ki, məhkəmə tərəfindən cavabdehin hərəkətləri nəticəsində iddiaçıya vurulan zərərin həcmi düzgün müəyyə edilmişdir. 37.Belə ki, iş materiallarından görünür ki, soyuducuda olan 2 ədəd “Ozempic” dərman preparatının hər birinin qiyməti 233 manat 40 qəpik olmaqla, cəmi 466 manat 80 qəpik təşkil edir. Həmin preparatın qiyməti mübahisəsizdir. Çünki tənzimləyici orqan tərəfindən sabit qiymət müəyyən edilmişdir. Dərman vasitəsinin istifadəsi üzrə təlimatda (bu cür təlimatlar Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Farmakoloji və X5 tərəfindən təsdiq edilir) dərman vasitəsinin soyuducuda saxlanılmalı olması barədə göstəriş mövcuddur. 38.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 39.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 40.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 41.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 42.MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 43.Kollegiya həmçinin qeyd edir ki, mübahisələndirilən hissədə məbləğ 466,8 manat olduğundan, MPM-nin 402.1-ci maddəsinə əsasən qətnamədən kassasiya şikayəti verilə bilməz. 44.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 fevral 2023-cü il tarixli, 2(006)-396/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən Xəyal Sarıyev

Hakimlər Fuad Abdıyev

Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar