Məhkəmə qərarları › İş №2(103)-2891/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2891/2024

02.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2891/2024 02.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: təbii qazın təchizatı, təbii qazdan istifadə qaydalarının pozulması, əsassız hesablanmış borc, borcun silinməsi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh İB-nə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Sulu-təpə qəsəbəsi, R. Allahverdiyev küçəsində yerləşən yaşayış evi üzrə 2019-cu ilin may ayından etibarən Cavabdeh abonentidir və ona **********00032 saylı abonent kodu verilmişdir.

2. İddiaçı yaşadığı həmin evin təbii qazla təchizatı üçün xx.xx.2022-ci il il tarixdə “Zenner G-4T Smart” markalı qaz sayğacı quraşdırılmışdır.

3. Sözügedən ünvanda 2019-cu ilin may ayından 2022-ci ilin iyun ayına qədər ümumilikdə 35 ədəd akt tərtib olunmuş, abonentin təbii qazdan sayğacdan kənar qeyriqanuni istifadə etdiyi göstərilməklə həmin aktlar əsasında ona cəmi 12 500,36 manat borc hesablanmışdır.

4. 2019-cu ilin may ayından 2022-ci ilin iyun ayına qədər olan müddətdə İddiaçı tərəfindən qaz istehlakına görə heç bir ödəniş aparılmamışdır.

5. Bakı şəhəri, Binəqədi rayonu, Sulu-təpə qəsəbəsi, R. Allahverdiyev küçəsində yerləşən yaşayış evində təbii qazdan istifadəyə görə 2022-ci ilin iyun ayından 2023-cü ilin oktyabr ayına qədər olan müddətdə İddiaçı tərəfindən 187,5 manat ödəniş həyata keçirilmişdir.

6. İddiaçı aid abonent saldosundan görünür ki, onun evində qaz işlədiicisi olaraq 4 gözlü qaz plitəsi (PQ-4) istifadə olunur.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

7. İddiaçı (iddiaçı) Cavabdehnə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdeh tərəfindən abonent hesabına aktlar əsasında hesablanmış ümumilikdə 12 173,40 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, Sulu-təpə qəsəbəsi, R. Allahverdiyev küçəsində yerləşən yaşayış evində yoxlama aparılarkən akt tərtib olunmuş və qazdan sayğacsız istifadə edildiyi göstərilməklə 12 173,40 manat cərimə yazılmışdır. Halbuki nə o, nə də ailə üzvləri qazadan qeyri-qanuni istifadə etməmişlər, buna görə həmin cərimə məbləği silinməlidir.

9. İşə məhkəmədə baxılarkən iddiaçı ərizə verərək göstərmişdir ki, 2020-ci ilin oktyabr ayından 2022-ci ilin may ayına qədər olan dövrdə kənar xətdən istifadə etdiyini qəbul edir.

10. Məhkəmə iclasında verdiyi izahatında iddiaçı bildirmişdir ki, abunə koduna Cavabdeh İB tərəfindən 12 500 cərimə yazılıb, həmin cərimənin əsassız hesab edilərək silinməsini xahiş edir. Qaz sayğacından 2 il istifadə etdiyi müddətdə evdə ancaq qaz sobası və 4 gözlü qaz piltəsindən istifadə etmişdir. Cavabdeh İB-nin yerli orqanlarına müraciət etmiş, lakin cavab gəlmədiyindən 2020-ci ilin oktyabr ayından 2023-cü ilin may ayına qədər kənar xətdən istifadə etməli olmuşdur. Sonradan ona yeni sayğac qoşulmuş, sayğaca pul vuran zaman 12 500 manat məbləğində cərimə borcunun olduğu məlum olmuşdur. Kənar xəttən istifadə etdiyini qəbul edir, lakin cərimə məbləği həddən artıq çoxdur, cərimə məbləğinin azaldılmasını xahiş edir.

11. Cavabdehin nümayəndəsi iddiaya etiraz etmiş, iddianın əsaslı olmadığını bildirmişdir.

12. Birinci instansiya məhkəməsinin 15 yanvar 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh tərəfindən İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Sulu-təpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən **********00032 saylı abunə koduna hesablanmış 11 626,53 (on bir min altı yüz iyirmi altı manat əlli üç qəpik) manat məbləğində borcun silinməsi, Cavabdehndən 124,88 (yüz iyirmi dörd manat səksən səkkiz qəpik) manat dövlət rüsumunun alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

13. Məhkəmə iş üzrə xüsusi qərardad da çıxarmış və Cavabdeh İB-nin əməkdaşlarının əməllərində cinayət əlamətlərinin olub-olmamasının yoxlanılması məqsədilə xüsusi qərardadı Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərmişdir.

14. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

14.1. İddiaçının yaşadığı ünvanda yoxlama keçirilmiş, təbii qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib edilmiş və itirilmiş qazın bərpası üçün hesablanmış məbləğ iddiaçıdan tələb edilmişdir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İddiaçının abonent saldosundan görünür ki, 2019-cu ilin may ayından 2022-ci ilin iyul ayına qədər “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 35 akt tərtib edilmiş, aktlarda "sayğacdan kənar xətt aşkar olundu” qeyd edilmiş, lakin qaz qurğusunda qüsurun istehlakçının qəsdi və ya səhlənkarlığı nəticəsində baş verməsini sübut edən hər hansı bir dəlil göstərilməmiş, kənar xətt ləğv edilməmiş, yalnız mütəmadi akt tərtib edilməklə kifayətlənilmişdir. Lakin məhkəmə iclasında iştirak edən iddiaçı 2020-ci ilin oktyabr ayından 2022-ci ilin may ayına qədər kənar xəttin mövcud olduğunu etiraf etmiş, borcun azaldılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı bu faktın etirafını həm şifahi izahında, həm də yazılı ərizədə ifadə etmişdir. 14.2. Məhkəmə təbi qazdan kənar xətt vasitəsiylə istifadə nəticəsində itirilmiş qaz sərfiyyatına görə iddiaçıya hesablanmış borcun hesablanması üçün tətbiq edilmiş hesabat müddəti və borc məbləği ilə razılaşmır və hesab edir ki, iddia kənar xətdən istifadə nəticəsində hesablanmış 11 626,53 manat borcun silinməsi hissəsində qismən əsaslıdır. 14.3. Belə ki, cavabdeh qaz sayğaclarının saz vəziyyətdə saxlanılması vəzifəsini daşıyır. Bu vəzifəsinin yerinə yetirilməsinə görə cavabdeh istehlakçılar tərəfindən qaz itkisinə səbəb ola biləcək halların qarşısının alınması üçün nəzarət funksiyalarını mütəmadi həyata keçirməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011 -ci il tarixli qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları”nın 3.2.1 -ci bəndinə əsasən qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməsi və həmin Qaydaların 3.2.2-ci bəndinə əsasən qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etməsi qazdan istifadə edən istehlakçıların vəzifələri olaraq nəzərdə tutulmuşdur. 14.4. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən itirilmiş qaz sərfiyyatının hesabatı düzgün aparılmamışdır. Məhkəmə həmin hesabatın iddiaçının aylıq ödənişləri üzrə orta məbləğ üzərindən aparılmasını ədalətli hesab edir. İstehlakçı istehlak etdiyi qazın dəyəri tam ödəməyə borcludur. Mülki iş materiallarına əlavə edilmiş 30 iyun ******* aktından görünür ki, sayğacsız qeyri-qanuni birləşmə ləğv edilmişdir, həmin tarixdən də iddiaçının abonent kodundan ödənişlərin qeydə alındığı görünür. 14.5. Qeyd edilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, abonentin saldosuna əsasən, 2022-ci ilin iyun ayından 2023-cü ilin oktyabr ayına qədər iddiaçının orta aylıq qaz sərfiyyatı 15,62 manat məbləğindədir. İddiaçıya 2019-cu ilin may ayından 35 akt tərtib edilmiş və buna görə də iddiaçıya (15,62x35=546,87) 546,87 manat məbləğində cərimə yazılmalıdır. 14.6. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməli, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 35 akt üzrə cavabdeh tərəfindən iddiaçının **********00032 saylı abunə koduna hesablanmış 11626,53 manat (12173,40 manat - 546,87 manat = 11626,53 manat) məbləğində borc silinməlidir.

15. Gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 614.3-cü, 1096.1-ci, 1096.2-ci, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3-cü, 18-ci, 26-cı, “Qaz təchizatı haqqında” Qanunun 11.6-cı, 13.8-ci və 13.9-cu maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 3.2.2-ci, 4.2-ci, 4.6-cı, 4.7-ci, 4.8-ci 4.9-cu bəndlərinə, Mülki Prosessual Məcəllənin 5.1-ci, 5.4-cü, 14.2-ci, 14.3-cü və 77.1-ci maddələrinə istinad etmişdir.

16. Həmin qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, məhkəmənin sübutlara düzgün qiymət vermədiyi, iddiaçının təbii qazdan sayğacsız istifadə etdiyinin sübuta yetirildiyini nəzərə almadığı, maddi hüquq normalarını düzgün tətbiq etmədiyi arqumentləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinə qarşı etiraz

17. Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.

Apellyasiya baxışı, izahat

18. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh İB nümayəndəsini məhkəməyə göndərməmiş, məhkəmə iclasında iştirak edən iddiaçı isə şikayətin əsassız olduğunu bildirmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

19. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

20. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

21. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

22. Maddə 1091. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

23. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

“Qaz təchizatı” haqqında Qanun

24. Maddə 13 (bənd 8). Qaz paylaycısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylaycısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylaycısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz (01 may 2022-ci il tarixədək qüvvədə olmuş redaksiyada).

25. Maddə 13 (2022-ci ilin may ayından qüvvədə olan 8-1-ci bənd). Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” (25 iyun 2023-cü il tarixədək qüvvədə olmuş redaksiyada)

26. Bənd 4.2. Qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir.

27. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

28. Bənd 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Şurasının 14 mart 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması” Qaydaları

29. Bənd 3. İstehlakçılar tərəfindən təbii qazın alqı-satqı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata müvafiq olaraq, axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya iddia müddəti ərzində (3 ilə qədər) qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatının hesablanma hesabatına ödənilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

33. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

36. Kollegiya qeyd edir ki, hazırki apellyasiya baxışının həddini qətnamənin iddianın qismən təmin olunması ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnamədən iddiaçı şikayət verməmiş, cavabdeh isə faktiki olaraq qətnamənin qeyd olunan hissəsini mübahisələndirmişdir. Bu o deməkdir ki, iddia tələbinin təmin edilməmiş hissəsi apellyasiya baxışının predmeti deyildir.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

37. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

38. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

39. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar.

40. İddiaçının irəli sürdüyü faktiki hal ondan ibarətdir ki, cavabdeh tərəfindən qazdan qeyri-qanuni xətt vasitəsilə istifadə etdiyi irəli sürülərək barəsində aktlar tərtib olunmuş, həmin aktlar əsasında onun abonent hesabına ümumilikdə 12 500 manat məbləğində borc yazılmışdır.

41. Birinci instansiya məhkəməsi iddiaçının etirafını əsas götürməklə onun təbii qazdan qeyri-qanuni istifadə etdiyini qəbul etmiş, bununla belə, hesablanmış borcun şişirdilmiş olması qənaətinə gələrək vurğulamışdır ki, 2022-ci ilin iyun ayından 2023-cü ilin oktyabr ayına qədər iddiaçının orta aylıq qaz sərfiyyatının 15,62 manat olduğu nəzərə alınaraq ona hesablanmalı borc məbləği 546,87 manat (15,62x35=546,87) hesablanmalı, buna görə də 11 626,53 manat (12173,40 manat - 546,87 manat = 11 626,53 manat) məbləğində borc silinməlidir.

42. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçıya aktlar əsasında hesablanmış borcun reallığa uyğun olmadığı barədə düzgün nəticəyə gəlsə də, borcun hesablanmasında özü də səhvə yol vermiş, zərərin hesablanması üçün hesabat müddətini niyə görə məhz 2022-ci ilin iyun ayından 2023-cü ilin oktyabr ayına qədər götürməsini əsaslandırmamış, 2019-cu ilin may ayından qaz istehlak edən iddiaçının 2022-ci ilin iyun ayına qədər ümumiyyətlə ödəniş etmədiyini, onun evindəki qaz işlədicilərinin gücünü və müxtəlif mövsümlərdə müxtəlif həcmdə sərfiyyat olacağını nəzərə almamışdır.

43. Qeyd olunmalıdır ki, cavabdeh yazılı etirafında 2020-ci ilin oktyabr ayından 2022-ci ilin may ayına qədər qazdan qeyri-qanuni istifadə etdiyini bildirsə də, onun, 2019cu ilin may ayından sonrakı dövrdə tərtib olunmuş 35 akt əsasında hesablama aparan məhkəmənin qətnaməsindən şikayət verməməsi, faktiki olaraq məhz həmin dövrdə də (yəni 2019-cu ilin may ayından sonrakı dövrdə) qaz xəttinə qanunsuz qoşulduğunu etiraf etməsi mənasına gəlir.

44. İddiaçıya məxsus evlə bağlı təchizatçı şirkətin tərtib etdiyi və iddiaçının da mübahisələndirmədiyi saldo adlanan sənədə əsasən, onun yaşadığı evdə 4 gözlü qaz plitəsi (PQ-4) vardır; birinci instansiya məhkəməsində verdiyi izahatında iddiaçı həmçinin evdə qaz sobasının da olduğunu bildirmişdir.

45. Beləliklə, işin müəyyən olunan halına görə, iddiaçının evində 2019-cu ilin may ayından sayğac olmadığı müəyyənləşdirildiyi halda, Cavabdeh İB tərəfindən 2022-ci ilin iyun ayına qədər oraya sayğac quraşdırılmamış, qazdan sayğacdan kənar (sayğacsız) istifadə olunmasına bilavasitə şərait yaradılmışdır.

46. Nəzərə alınmalıdır ki, Nazirlər Kabinetinin yuxarıda qeyd olunan qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na əsasən, fiziki şəxs olan istehlakçını qaz sayğacı ilə təchiz etmək bilavasitə qaz paylayıcısının vəzifəsidir və qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamaqla hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir); həm bu müddəanın mənasına, həm də bilinən işgüzar praktikaya görə qaz təchizatçısı ayda ən az bir dəfə istehlakçının sayğacının vəziyyətini yoxlamalı və sayğac göstəricisini müəyyənləşdirməli, əgər sayğacda problem varsa, yaxud sayğac yoxdursa, onu işlək sayğacla əvəz etməli (sayğac quraşdırmalı), habelə qanunsuz istifadənin qarşısını almalıdır.

47. Buna görə də kollegiya hesab edir ki, mübahisənin həllinə məhz bu kontekstdən yanaşılmalı, iddiaçının barəsində tərtib olunmuş aktlar əsasında hesablanmış məbləğlərin düzgün olub-olmadığına qiymət verilməlidir.

48. Başqa sözlə, iddiaçının qazdan sayğacsız istifadə etdiyi dövr üçün ödəməli olduğu pulun məbləği ağlabatan mühakimə və hər kəsin qəbul etdiyi işgüzar adətlər kontekstində təsbit oluna bilər. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Şurasının 14 mart 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması” Qaydalarının yuxarıda qeyd olunan bəndinin mənasına görə, belə hesablama zamanı evdəki qaz işlədicilərinin gücü nəzərə alınmalı, hesablama alqı-satqı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata uyğun aparılmalıdır.

49. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçıdan 2019-cu ilin may ayından 2022-ci ilin iyun ayınadək olan dövr üçün (3 il) 4 gözlü qaz plitəsinin (PQ-4) və qaz sobasının gücünə əsasən hesablanmış orta günlük sərfiyyata uyğun pul vəsaiti tələb oluna bilər; bundan əvvəlki, eləcə də müvafiq dövrdə iddiaçı daha çox qaz istehlak etmişdirsə, bunun məsuliyyəti onun qazdan sayğacsız istifadə etməsinə şərait yaradan, yəni öz vəzifələrini lazımi qaydada icra etməyən Cavabdeh İB-nin əməkdaşlarına aid olunmalıdır.

50. Nəzərə alınmalıdır ki, tələb olunan borcun real, həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğu sübuta yetirilməlidir və bu halda sübutetmə yükü təchizatçının üzərinə düşür. Məhz qaz təchizatçısı, hesablanmış borcun həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğunu sübuta yetirməlidir.

51. 4 gözlü qaz plitəsinin (PQ-4) orta hesabla (yay və qış mövsümündə), qaz sobasının isə qış mövsümündə (3 illik dövrdə sobadan istifadə olunacaq təxminən 15 ay üçün) orta hesabla günlük 8 saat işlədilə biləcəyini nəzərə alaraq kollegiya hesab edir ki, müvafiq dövr (3 il) üçün cavabdehin qaz istehlakına görə ödəməli olduğu vəsait kimi 2911,6 manat (qaz plitəsinin maksimal saatlıq qaz sərfi olan 1,2 m3 x 8 saat x 36 ay (1080 gün) = 10 368 m3; dəmir peçin maksimal saatlıq qaz sərfi olan 1,4 m3 x 8 saat x 15 ay (450 gün) = 5040 m3 – yəni ümumilikdə 15 408 m3. Həmin sərfiyyatın 1700 m3-i 10 qəpikdən hesablanmaqla 170 manat (1700 m3 x 0,10 manat = 170 manat), 13 708 m3-i 20 qəpikdən hesablanmaqla 2741,6 manat (13 708 m3x 0,20 manat = 2741,6 manat)) qəbul oluna bilər və aktlara əsasən hesablanmış borc məbləğinin qalan hissəsi onun abonent hesabından silinməlidir.

52. Şərh olunanları nəzərə almaqla kollegiya hesab edir ki, qətnamə yoxlanılan hissədə dəyişdirilməli, iddiaçının abonent hesabından silinməli olan məbləğ 9588,76 (doqquz min səkkiz yüz səksən səkkiz manat 76 qəpik) manat (12 500,36 – 2911,6 = 9588,76) olaraq müəyyənləşdirilməlidir.

53. Kollegiya, birinci instansiya məhkəməsinin məhkəmə xərcinin bölüşdürülməsi üzrə gəldiyi nəticə ilə razılaşır; belə ki, iddiaçının müvafiq iddianı irəli sürməsinə Cavabdeh İB-nin hesabladığı əsassız borc məbləği hesablaması səbəb olmuşdur; bununla yanaşı, mütənasibliyi təmin etmək üçün hesab edir ki, apellyasiya şikayəti vermək üçün Cavabdeh İB tərəfindən ödənilmiş dövlət rüsumunun məbləği iddiaçıdan alınıb ona ödənilməlidir. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

54. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ: Cavabdeh nümayəndəsinin apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-514/2024 saylı iş üzrə 15 yanvar 2024-cü il tarixli qətnaməsi Cavabdeh tərəfindən İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Sulu-təpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən **********00032 saylı abunə koduna hesablanmış 11 626,53 (on bir min altı yüz iyirmi altı manat əlli üç qəpik) manat məbləğində borcun silinməsi” hissəsində dəyişdirilsin. Cavabdeh tərəfindən İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Sulu-təpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən **********00032 saylı abunə koduna hesablanmış 9588,76 (doqquz min səkkiz yüz səksən səkkiz manat 76 qəpik) manat məbləğində borc siliinsin. Qətnamə mübahisələndirilən digər hissədə, yəni Cavabdehndən 124,88 (yüz iyirmi dörd manat səksən səkkiz qəpik) manat dövlət rüsumunun alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi” hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 64 (altmış dörd) manat İddiaçı alınıb Cavabdehnə ödənilsin. Qətnamədən Cavabdeh tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar