Məhkəmə qərarları › İş №2(103)-2891/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2891/2025

13.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2891/2025 13.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdeh Zamır Alıevə qarşı ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması tələbinə dair icraat üzrə QƏTNAMƏSİ (Açar sözlər: “ödənilmiş sığorta ödənişinin əvəzi olaraq zərər məbləğinin ödənilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, Qaradağ Rayon Məhkəməsinin 2(002)-813/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı "xxxx" ASC cavabdeh Zamır Alıevə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Zamır Alıendən 510 manat məbləğində zərər və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun (cəmi 540 manat) alınaraq iddiaçı "xxxx" ASC-in hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi belə əsaslandırılmışdır ki, “Mercedes Benz 410” markalı, **-BO-*** dövlət nömrə nişanlı yük avtomobili xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək "xxxx" ASC-in icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2021-ci il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2021-ci il noyabrın 01-də cavabdeh Zamır Alıev idarəetmə hüququ olmadan idarə etdiyi “Mercedes Benz 410” markalı, **-BO-*** dövlət nömrə nişanlı yük avtomobili ilə Bakı şəhəri, Xətai rayonu, Babək prospektində “Mercedes Benz C220” markalı, **-FV-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Bakı DYP-in xx.xx.2022-ci il tarixli, TP 491680 nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən cavabdeh Zamır Alıev Azərbaycan Respublikası İXM-in 332.2-ci maddəsi ilə təqsirli bilinmişdir. Vurulmuş zərərin məhz cavabdehin təqsirli əməli nəticəsində baş verməsi inzibati xəta ilə müəyyən edilərək, təsdiqini tapmışdır. "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixində verilmiş 3656 nömrəli qiymətləndirmə aktına əsasən hadisə nəticəsində “Mercedes Benz C220” markalı, **-FV-*** dövlət nömrə nişanlı avtomobilə 510 manat məbləğində ziyan dəymişdir. İddiaçı xx.xx.2021-ci il tarixində 510 manat məbləğində sığorta ödənişi zərərçəkmiş şəxs X2 ödəmişdir. Bütün bunları nəzərə alaraq, tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 1096.1, 1096.2, 1108.1, 936.1-ci maddələrinə istinad edilərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

3. Qaradağ Rayon Məhkəməsinin 2(002)-813/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi (hakim G.Aslanova) ilə iddia tələbi təmin edilməmişdir.

4. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri:

5. İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş və şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, qanunverciliyin tələbləri düzgün təsvir edilməmişdir. Məhkəmə nəzərə almamışdır ki, subroqasiya hüququnun yaranmasına əsas cavabdeh Z.Alıevin avtomobili idarə etmək üçün sürücülük hüququnun olmaması olmuşdur. Məhkəmə nəzərə almamışdır ki, İXM-də nəqliyyat vasitəsinin etibarnamə olmadan (332.1-ci maddə) və nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə edilməsinə görə məsuliyyət (332.2-ci maddə) 332-ci maddənin ayrı-ayrı bəndində nəzərdə tutulmaqla, müstəqil normalar kimi çıxış edir. “Yol Hərəkəti haqqında” Qanunun tələblərinə əsasən nəqliyyat vasitəsini idarə etməyə hüququ olan şəxs kimi, sürücülük vəsiqəsi ilə yanaşı, həmçinin “nəqliyyat vasitəsini idarə etmək hüququnu” şərtləndirən etibarnamənin də olmasını tələb edilir. Məhkəmə isə bunu düzgün qiymətləndirməmişdir. Bu səbəbdən, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. Tərəflərin izahatı:

6. Məhkəmə kollegiyasının iclasında cavabdeh Z.Alıev apellyasiya şikayətinə etiraz edərək rədd edilməsini xahiş etdi.

7. Məhkəmə kollegiyasının iclası barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, iddiaçı tərəf məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

8. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:

9. Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin icbari sığorta şəhadətnaməsindən görünür ki, **-BO-*** dövlət qeydiyyat nömrə nişanlı, “Mercedes Benz 410” markalı avtomobil xx.xx.2021-ci il tarixdə "xxxx" ASC tərəfindən icbari sığorta olunmuşdur.

10. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X6 xx.xx.2021-ci il tarixli İXP ******* №li inzibati xəta haqqında protokolun məzmunundan görünür ki, X3 barəsində İXM-nin 327.1 və 332.2-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə protokol tərtib edilmiş, X4 tərəfindən imza edilmişdir.

11. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli Sığorta Aktınınməzmunundan görünür ki, sığortalanmış **-BO-*** dövlət qeydiyyat nömrə nişanlı, “Mercedes Benz 410” markalı avtomobil, zərərin ümumi həcminin 510 manat, sığortaödənişinin 5105 manat olduğu qeyd olunmuşdur.

12. "xxxx" ASC tərəfindən təqdim edilmiş cari hesabdan çıxarışa əsasən xx.xx.2021-ci il tarixdə "xxxx" ASC tərəfindən 510 manat X1 hesabına ödəniş həyata keçirilmişdir.

13. "xxxx" avtomobile services tərəfindən tərtib edilmiş qiymətləndirmə aktına əsasən, **-FV-*** dövlət qeydiyyat nömrə nişanlı, “MERCEDES BENZ C220” markalı avtomobilə 510 manat xərc çəkilmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

14. 163.1-ci maddəsinə görə, sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur.

15. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.

16. 926.1-ci maddəsinə əsasən, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.

17. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.

18. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının sığortalıya və (və ya) sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

23. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

24. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

25. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

26. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

28. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

29. 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

30. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

31. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

32. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

33. Məhkəmə kollegiyası cavabdehin fikrini dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

34. Mülki işin araşdırmaları ilə müəyyən edilmişdir ki, Zamır Alıev **-BO-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz 410” markalı avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə “Mercedes Benz C220” markalı, **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Həmin sığorta hadisəsi nəticəsində “Mercedes Benz C220” markalı, **-FV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə maddi ziyan dəymişdir. Z.Alıev Azərbaycan Respublikası İXM-nin 332.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə cərimə edilmişdir. İddiaçı tərəfindən tərtib edilmiş qüsur aktı əsasında həmin avtomobilə dəymiş zərər 510 manat məbləğində müəyyən edilərək, zərərçəkən şəxsə ödənilmişdir. Bundan sonra sığorta şirkəti subroqasiya qaydasında iddia irəli sürmüşdür və iddianın əsasını “İcbari Sığorta haqqında” Qanunun 25-ci maddəsi təşkil edir.

35. İddia tələbini təmin etməyən rayon məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, avtomobilin icbari sığortası ilə bağlı mübahisələr üzrə şəxsin əşyaya sahiblik və istifadəsinin qanuniliyi qiymətləndirilərkən maşını sürmək üçün notarial etibarnamənin olmaması meyar kimi qəbul edilə bilməz. Çünki, belə sənədin yoxluğu, mövcud qanunvericiliyə görə inzibati xəta münasibətlərində məsuliyyətə səbəb olsa da, sığorta münasibətləri baxımından bu hal şəxsin avtomobili istifadə etmək hüququ olmayan sayılmasına əsas vermir. Nəzərə alınmalıdır ki, “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsi yazılı etibarnamənin deyil, əşyadan istifadə hüququnun olmamasını nəzərdə tutur. Şəxsin əşyaya sahiblik və istifadə hüququnun olub-olmaması mülki hüquq normaları ilə müəyyən olunur.

36. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan Məhkəmə kollegiyası bildirir ki, nəqliyyat vasitələri, o cümlədən də avtomobillər yüksək təhlükə mənbəyi hesab olunduğundan, onların qanunvericiliklə müəyyən olunmuş qaydada qeydiyyata alınması, habelə əməli və ya etibarnaməli idarəçiliyə və ya istifadəyə verilməsinin də müvafiq qaydada qeydə alınması yalnız ictimai maraqlar baxımından əhəmiyyət kəsb edir və bu məqsəd ilə həyata keçirilir.

37. Burada məqsəd yüksək təhlükə mənbəyi tərəfindən üçüncü şəxslərin həyat və sağlamlığına, habelə onların əmlakına vurulan zərərə görə məsülliyyət daşıyan şəxsin (həm qanuni, həm də faktiki sahibin) kimliyinin müəyyən olunmasından, həmin şəxsinmülki, inzibat və cinayət məsuliyyətinin labüdlüyünün təmin edilməsindən ibarətdir.

38. Təsadüfi deyildir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 21 maddədən ibarət xüsusi Fəsil (XXİX Fəsil) nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 332-ci maddəsində etibarnamə olmadan avtomobiliin idarə olunması inzibati xəta kimi nəzərdə tutulmuşdur. Bununla belə, hətta həmin maddənin dispozisiyasına diqqət yetirdikdə məlum olur ki, inzibati xəta haqqında qanunvericilik də nəqliyyat vasitəsinə sahiblik etmək hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halı istisna kimi müəyyən olunmuşdur, yəni nəqliyyat vasitəsinin sahibi avtomobildə olduqda, həmin nəqliyyyat vasitəsini idarə edən üçüncü şəxsə etibarnamə verilməsi zəruri deyildir. Qanunvericinin bu mövqeyi olduqca məntiqli və anlaşılandır.

39. Azərbaycan Respublikası Cinayət Məcəlləsində də «Hərəkət təhlükəsizlik və nəqliyyat vasitələrinin istismarı əlehinə olan cinayətlər» adlı xüsusi Fəsil (XXİX Fəsil) nəzərdə tutulmuşdur.

40. Həmin Fəsildə …yol hərəkəti qaydalarını və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozulmasının nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ağırlaşdırıcı hal kimi xüsusi normada (maddə, 263-1.1.) nəzərdə tutulmuşdur.

41. Qeyd olunanlardan da məlum olur ki, nəqliyyat vasitəsinə dair üçüncü şəxslərə etibarnamə verilməsi müstəsna olaraq mülkiyyətçi və ya buna səlahiyyəti olan mükəlləfiyyətli şəxsin subyektiv hüququ ilə bağlı olub, yalnız etibar edənlə onun adından çıxış edən etibar olunan arasındakı mülki münasibətləri tənzimləyir, həmin etibarnamələrin müvafiq qaydada qeydə alınması isə yalnız ictimai maraqlarla bağlı olub, həmin yüksək təhlükə mənbələrinin vurduqları istənilən (mülki, inzibati, cinayət) zərərə görə məsul olan şəxsin kimliyinin müəyyənləşdirilməsinə xidmət edir və bu məsələnin sığorta, eləcə də könüllü sığorta qanunvericiliyi ilə tənzimlənən münasibətlərə hər hansı aidiyyatı yoxdur.

42. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Nəticə:

43. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

45. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir.

46. Prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

47. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

İddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Qaradağ Rayon Məhkəməsinin 2(002)-813/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir, qanunvericilikdə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar