Məhkəmə qərarları › İş №2(103)-2896/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2896/2023

18.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2896/2023 18.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İB-yə qarşı iş üzrə (Açar sözlər: borcun silinməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-273/2023 saylı 20 fevral 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 18 aprel 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh tərəfindən tərtib olunmuş: xx.xx.2022-ci il tarixli, ******* nömrəli; xx.xx.2022-ci il tarixli, ******* nömrəli; xx.xx.2022-ci il tarixli, ******* nömrəli; xx.xx.2022-ci il tarixli, ******* nömrəli; xx.xx.2022-ci il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlara görə, İddiaçı məxsus ünvan üzrə “abonentin sayğacsız qeyri-qanuni təbii qazdan istifadə etməsi” nöqsanı qeyd edilmiş, dəymiş ziyanın hesablanması tələb edilmişdir.

2. 21 sentyabr 2022-ci il tarixli “Abonent Saldosu”na görə İddiaçı məxsus **********00080 saylı abonent hesabına “Qalıq və aktlar” əsasında 02/2022-ci il üzrə 984,96 manat, 03/2022-ci il üzrə 1114,56 manat, 04/2022-ci il üzrə 293,76 manat, 05/2022-ci il üzrə 293,76 manat, 06/2022-ci il üzrə 293,76 manat olmaqla, cəmi 2980,80 manat borc hesalanmışdır. Sayğac tipi Zenner G4T Smart-dır, quraşdırılma tarixi xx.xx.2022-ci ildir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun **********00080 saylı istehlakçı hesabına əsassız olaraq yazılmış 2980,80 manat borcun cavabdeh tərəfindən silinməsi üçün qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ailəsi ilə birlikdə Binəqədi rayonu, Binəqədi DYP-nin aşağı hissəsində yerləşən fərdi yaşayış evində yaşayır, evdə uzun müddətdir ki, təbii qazdan istifadə edir. 2022-ci ilin fevral, mart, aprel, may və iyun aylarında cavabdehin əməkdaşları heç bir əsas olmadan onun ünvanına gələrək qaz xətlərinə texniki baxış həyata keçirmək adı ilə onun ünvanında olan qaz cihazlarının siyahısını yazıb götürmüş, bir müddət sonra ona 2980,80 manat borc yazıldığı müəyyən olunmuşdur. Qeyd edilən borc məbləğinin hesablanmasına əsas olan aktlarda guya qaz sayğacından kənar qaz xətti vasitəsilə qazdan istifadə etdiyi qeyd edilmişdir, tələbnamələrdə aparılmış hesabatlar 24 saat üçün nəzərdə tutulmuşdur, lakin heç kim dörd gözlü qaz peçindən gün ərzində 24 saat istifadə etməz.

5. İddiaçı ərizə verərək, iddia tələbi üzrə 2980,80 manat məbləğdən 280 manat ödəməyə razı olduğunu, iddia tələbinin 2780,80 manat məbləğində qəbul edilməsini xahiş etmişdir.

6. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 3/1593 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan zədə aşkar edilməmişdir.

7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 20 fevral 2023-cü il tarixli 2(011)-273/2023 saylı qətnaməsi ilə (hakim Şəhriyar Əliyev) iddia təmin edilmiş, İddiaçı **********00080 saylı abonent koduna Cavabdeh tərəfindən hesablanmış 2700,80 manat 80 borcun silinməsi, Cavabdehndən 47 manat dövlət rüsumunun alınaraq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilməsi, ekspertiza tədqiqatının dəyərini təşkil edən 65 manat məbləğində pulun Cavabdehndən alınaraq Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməsi qət edilmişdir.

8. Məhkəmə göstərmişdir ki, iddiaçı tərəfindən təbii qazdan qeyri-qanuni istifadə olunmasına dair hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir.

9. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 560.1, 560.3.5.2, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 115, 124.1 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri

10. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apelyasiya şikayətində göstərilmişdir ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən özünə sərf etdiyi tərzdə təbii qazdan sayğacsız istifadə etməklə təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarda rəsmiləşdirilmişdir.

b)Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

13. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq tərəflər (nümayəndə) məhkəmə iclasında gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu

14. Maddə 3. İstehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər.

15. Maddə 18. İstehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir.

16. Maddə 26. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir.

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu

17. Maddə 6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

18. Maddə 8. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz (xx.xx.2022-ci il tarixdək qüvvədə olan redaksiyda).

19. xx.xx.2022-ci il tarixdən qüvvədə olan 13-cü maddəsinin 8-1-ci bəndi. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”

20. 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir.

21. 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir.

22. 2.5-ci bəndinə əsasən qaz qurğuları istismara qəbul olunduqdan və qazpaylayıcı şəbəkəyə qoşulduqdan sonra 5 (beş) iş günü müddətində qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə imzalanır və həmin andan etibarən istehlakçıya qazın verilməsi müqaviləyə uyğun təmin edilir.

23. 2.12-ci bəndinə əsasən istehlakçılar qaz qurğularının “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar.

24. 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir;

25. 6.6-cı maddəsinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir;

26. 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

27. 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.

28. 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

32. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apelyasiya baxışının hədləri

33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

35. Cavabdeh tərəfindən tam mübahisələndirilərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

37. İddiaçıya yaşadığı evə baxış keçirilərkən sayğacdan kənar xətt aşkarlanması səbəbi ilə aktlar tərtib olunmuş, həmin aktlar əsasında iddiaçının abonent hesabına itirilmiş qazın bərpası üzrə borc hesablanmışdır. Bununla belə, iddiaçının sayğacdan kənar qeyri-qanuni qaz xəttindən istifadə etməsi halı müəyyən edilməmişdir. Belə ki, cavabdehin əməkdaşlarının tərtib etdiyi akt iddiaçı tərəfindən imzalanmamış, həmin akt təşkilatın əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş, tərtib edilməsinə hal şahidləri cəlb edilməmişdir. Bundan əlavə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində təbii qaz şəbəkəsinə qoşulmaqla ondan istifadə edilməsi vurulmuş ziyanın məbləğindən asılı olaraq inzibati və cinayət məsuliyyəti yaradır. Tərtib edilmiş aktların bir nüsxələrinin cavabdeh tərəfindən iddiaçıya təqdim edilməsi, habelə ondan vurulmuş zərərin tələb edilməsi barədə sübutlar məhkəməyə təqdim edilməmişdir.

38. Məhkəmə haqlı olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçının sayğaca müdaxilə etməsi halları müəyyən edilmədiyindən, iddia tələbi təmin edilməli və borc silinməlidir.

39. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:

Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-273/2023 saylı 20 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar