Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2898/2022 16.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Bakı şəhər Nizami rayon Məhkəməsinin 24 yanvar 2022-ci tarixli, 2(007)-276/2022 saylı qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Hyundai Elantra” minik markalı **-XX- *** dövlət qeydiyyat nişanlı və “Mercedes-350” minik markalı **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobillərə dair bağlanılmış alğı-satqı müqavilələrini etibarsız hesab edib, onların əsasında verilən qeydiyyat şəhadətnamələrini ləğv edib, 11000 ABŞ dolları 5030 manat məbləğində pul vəsaitinin tutulmasının sözügedən avtomobillərə yönəlməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, İddiaçı iddianın təmini tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə yekun məhkəmə qətnaməsi qəbul edilənədək “Hyundai Elantra” minik markalı, **-XX-*** dövlət qeydiyyat nişanlı və “Mercedes-350” minik markalı, **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli, 2(007)- 4212/2021 saylı qərardadı ilə, İddiaçı iddianın təmini tədbiri barədə ərizəsi təmin edilmiş, “Hyundai Elantra” minik markalı **-XX-*** dövlət qeydiyyat nişanlı və “Mercedes-350” minik markalı **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması qərara alınmış, qərardadın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinə həvalə edilmişdir. İş üzrə 19 oktyabr 2021-ci il tarixə hazırlıq iclası təyin edilmiş və həmin tarixdə mülki işin məhkəmə baxışı 10 noyabr 2021-ci il tarixə təyin edilmişdir. 19 oktyabr 2021-ci il tarixdə Cavabdeh1 məhkəmənin dəftərxanası vasitəsi ilə qarşılıqlı iddia ərizəsi vermiş, qeyd olunan ərizə 20 oktyabr 2021-ci il tarixdə icraata daxil olmuşdur. Həmin ərizəsində Cavabdeh1, İddiaçı iddiasının rədd olunması və Bakı şəhəri Nizami rayon Məhkəməsinin 8(007)-4647/2018 saylı qətnaməsində cavabdehlər Cavabdeh1, X1, X2 müştərək qaydada tutulması qət edilən 11000 ABŞ dolları və 5030 manat pul vəsaitindən onun payına düşən borc məbləğinin konkret müəyyən edilməsi və həmin məbləğin hüdudlarında əmlakı üzərinə həbs qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli, 2(007)-276/2022 saylı qərardadı ilə qarşılıqlı iddianın məhkəmənin icraatına qəbul edilməsindən imtina edilmişdir. Cavabdeh1 tərəfindən Bakı şəhəri Nizami rayon Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli, 2(007)-276/2022 saylı qərardadından verilmiş şikayət məhkəmənin 07 fevral 2022-ci il tarixli qərardadı ilə dəyişdirilmədən saxlanılmış, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılır ki, ərizə qəbul edildikdən 5 gün ərzində yəni, 23.10.2021-ci il tarixədək, hətta 24.01.2022-ci il tarixədək qarşılıqlı iddia qaytarılmayıb və ya ondan imtina edilməyib. Prosessual qanunvericiliyə görə nöqsanlarla verilmiş iddia ərizəsinin qaytarılması barədə MPM-nin 152.2-ci maddəsinə əsasən hakim tərəfindən qərardad çıxarılır, həmçinin ərizənin yolverilməzliyinə görə də MPM-nin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır və yenə MPM-nin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilmələdir. Sadalanan prosessual qanun normalarına əsasən hər iki halda qarşılıqlı iddia ərizəsinin qaytarılması və ya qəbulundan imtina edilməsi barədə qərardad çıxarılmalı və ərizəyə əlavə edilən sənədlərlə birlikdə rəsmi olaraq cavabdehə verilməli idi. Nizami rayon Məhkəməsi 24.01.2022-ci il tarixdə keçirdiyi hazırlıq iclasında qarşılıqlı iddianı müzakirə edərək, müşavirə otağına getmədən, yerində müşavirə edərək qarşılıqlı iddianı qəbul etməkdən imtina barədə şifahi qərardad çıxardı. MPM-nin 263.4-cü maddəsinə əsasən, yalnız mürəkkəb olmayan məsələləri məhkəmə iclasında həll etdikdə bu prosessual hərəkəti etmək olar. Nizami rayon məhkəməsi isə qarşılıqlı iddianı mürəkkəb olmayan məsələlər kateqoriyasına aid etməklə MPM-nin 263.4-cü maddəsinin də tələblərini pozmuşdur. Bu günədək qarşılıqlı iddianın qəbulundan imtina barədə qərardad və ərizəyə əlavə edilən sənədlər cavabdehə verilməmişdir. Cavabdeh ancaq növbəti məhkəmə prosesinin 07.02.2022-ci ilə təyin olunması barədə 24.01.2022-ci il tarixli məhkəmə bildirişini almışdır. Halbuki, bu qərardad çıxarıldıqdan sonra 5 gün müddətində, yəni 24.01.2022-ci il tarixdə çıxarıldığı üçün 30.01.2022-ci il tarixədək rəsmi qaydada cavabdehə verilməli idi (MPM maddə 266.1). Nizami rayon məhkəməsi bu qərardadı çıxarmaqla MPM-nin 151.3-cü, 153.3-cü, 153.4-cü, 263.4-cü və 266.1-ci maddələrinin tələblərini kobud surətdə pozmuşdr. Beləliklə, Nizami rayon Məhkəməsinin qarşılıqlı iddianın qəbulundan imtina edilməsi barədə 24.01.2022-ci il tarixli qərardadı qanunvericiliyin ziddinə olduğu üçün ləğv olunmalıdır. Nizami rayon məhkəməsi bu iddia ərizəsi üzrə icraat zamanı artıq neçənci dəfədir ki,prosessual normaları kobud surətdə pozur. Kollegiya qeyd edir ki, məhkəmə qarşılıqlı iddianın məhkəmənin icraatına qəbul edilməsindən imtina edərkən qeyd etmişdir ki, hazırkı icraatda olan iddianın predmetinə nəzərən izah edilməlidir ki, İddiaçı iddia tələbinin əsası “Hyundai Elantra” minik markalı **-XX-*** dövlət qeydiyyat nişanlı və “Mercedes-350” minik markalı **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobillərə dair bağlanılmış alğı-satqı müqavilələrini etibarsız hesab edib, onların əsasında verilən qeydiyyat şəhadətnamələrini ləğv edib, 11000 ABŞ dolları 5030 manat məbləğində pul vəsaitinin tutulmasının sözügedən avtomobillərə yönəlməsi ilə bağlıdır. Cavabdeh1 iddia tələbinin əsası isə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-4647/2018 saylı qətnaməsində cavabdehlər Cavabdeh1, X1, X4 oğlundan müştərək qaydada tutulması qət edilən 11000 ABŞ dolları və 5030 manat pul vəsaitindən onun payına düşən borc məbləğinin konkret müəyyən edilməsi və həmin məbləğin hüdudlarında əmlakı üzərinə həbs qoyulması ilə bağlıdır. O cümlədən qeyd edilməlidir ki, qarşılıqlı iddia tələbindən göründüyü kimi, Cavabdeh1 öz xahişində artıq hüquqi qiymət verilməklə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcud olduğu halda, sözügedən qətnaməni apellyasiya və kassasiya qaydasında mübahisələndirmək əvəzinə həmin qətnamə ilə artıq öz həllini tapmış məsələ barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan əlavə, qarşılıqlı iddianın verilməsi üçün gətirilən əsaslar qarşılıqlı iddianın qəbul edilməsi şərtlərini müəyyən edən MPM-nin 156-cı maddəsinin tələblərinə də cavab vermir, yəni qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlməmişdir, qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırmır, qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə yoxdur və onlara birlikdə baxılması mübahisələrə heç də daha tez və düzgün baxmaqla nəticələnməyəcəkdir. Kollegiya birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşsa da, qarşılıqlı iddianın məhkəməyə daxil olmasından sonra 5 gün müddətində qarşılıqlı iddianın qaytarılması və ya qəbul edilməsindən imtinasına qiymət verilməməsini prosessual pozuntu kimi hesab edir. Belə ki, sözügedən qarşılıqlı iddia ərizəsi məhkəmənin dəftərxanası vasitəsilə hakimin icraatına 20 oktyabr 2021-ci il tarixdə daxil olsa da, 5 gün müddətində buna münasibət bildirilməmişdir. 28 oktyabr 2021-ci il tarixdə Cavabdeh1 Bakı şəhəri Nizami rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli, 2(007)-4212/2021 saylı qərardadından şikayəti məhkəməyə daxil olmuş, məhkəmənin 01 noyabr 2021-ci il tarixli qərardadı ilə Cavabdeh1 şikayəti təmin edilməmiş və şikayət mülki işin materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 dekabr 2021-ci il tarixli qərardadı ilə, Cavabdeh1 şikayəti təmin edilmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 08 oktyabr 2021ci il tarixli, 2(007)-4212/2021 saylı qərardadı ləğv edilmişdir. Mülki iş məhkəməyə 29 dekabr 2021-ci il tarixdə daxil olmuş, məhkəmə baxışı 24 yanvar 2022-ci il tarixə təyin edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. Həmin Məcəllənin 155.3-cü maddəsinə əsasən qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. Həmin Məcəllənin 151.2-ci maddəsinə əsasən zəruri hallarda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər. Həmin Məcəllənin 151.3-cü maddəsinə əsasən məhkəmə iddia ərizəsini (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılan iddia ərizələri istisna olmaqla), daxil olmasından 5 gün müddətində qaytarmayıbsa və ya onu qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Göründüyü kimi, qarşılıqlı iddia ərizəsi hakimin icraatına 20 oktyabr 2021-ci il tarixdə daxil olduqdan sonra, mümkünlüyünə baxılması üçün təyin edilməmiş (MPM151.2), bundan əlavə 5 gün müddətində qaytarılması və ya qəbul edilməsindən imtina etməmişdir. Həmçinin, məhkəmə MPM-nin 269-cu maddəsinə əsasən şikayətə baxarkən, MPM-nin 151.3-cü maddəsi ilə bağlı şikayətin dəlilinə qiymət verməmişdir. Belə olduğu təqdirdə, məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, yuxarıda qeyd olunan hallar nəzərə alınmaqla, mülki iş materialları qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün, birinci instansiya məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2, 399, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 24 yanvar 2022-ci tarixli, 2(007)- 276/2022 saylı qərardadı ləğv edilsin, qarşılıqlı iddia ərizəsinin mümkünlüyü məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-2898/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2898/2022
16.03.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver