Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2899/2024 08.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Böyük Britaniyanın «X2 (Caspian) Limited» Şirkətinin «X12» filialı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyə üçüncü şəxs qismində cəlb etməklə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-2899/2024 (Açar sözlər: sığorta müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi və sığorta ödənişinin ödənilməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X5 və X3 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Böyük Britaniyanın «X2 (Caspian) Limited» Şirkətinin «X12» filialı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyə üçüncü şəxs qismində cəlb etməklə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «sığorta müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi və sığorta ödənişinin ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3933/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 08 may 2024-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçının həyat yoldaşı Hüseynov Rasim Hüseyn oğlu xx.xx.2011-ci il tarixdə «X2 (Caspian) LTD» şirkəti tərəfindən baş mühafizəçi vəzifəsinə işə götürülmüş və o, xx.xx.2014-cü il tarixdə işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələrdən icbari qaydada sığortalanmışdır. xx.xx.2014-cü il tarixdə saat 23:30 radələrində Hüseynov Rasim Hüseyn oğlu generator üçün dizel yanacağı almaq məqsədilə şəxsi avtomaşınla yanacaq doldurma məntəqəsinə getmiş, yanacağı almış iş yerinə qayıdan zaman idarə etdiyi avtomobildə ağır tonnajlı yük maşını ilə toqquşmuşdur. Həmin yol-nəqliyyat hadisəsi zamanı Rasim Hüseynov ağır xəsarətləri almış və həmin xəsarətlərdən hadisə yerində vəfat etmişdir.
2. Hazırda iddiaçı «X2 Caspian LTD» ilə Cavabdeh Sığorta şirkəti arasında bağlanmış istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından xx.xx.2014-cü il tarixli icbari sığorta müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsinin, sığorta ödənişinin həyata keçirilməsinin və 153.599,57 manat pulu ona ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Böyük Britaniyanın «X2 (Caspian) Limited» Şirkətinin «X12» filialı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyə üçüncü şəxs qismində cəlb etməklə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «sığorta müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi və sığorta ödənişinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ramana kəndində anadan olmuşdur. İqtisad Universitetində oxuduğu zaman öz qrup yoldaşı mərhum Hüseynov Rasim Hüseyn oğlu ilə xx.xx.2001-ci ildə ailə həyatı qurmuşdur. Nikahlarından 3 azyaşlı övladları var. Həyat yoldaşı Hüseynov X6 rayonunda anadan olub. Hüseynov Rasim Hüseyn oğlu 1-ci Qarabağ müharibəsində torpaqların erməni işğalçılarından azad olması üçün gedən döyüşlərdən iştirak etmişdir. Hərbi xidməti başa vurduqdan sonra yenə əlavə artıq xidmət etmişdir. Müharibə veteranıdır. Rasim Hüseynovla ailə qurduqları vaxtdan, yəni 2001-ci ildən o, «X12 LTD» şirkətində baş mühafizəçi vəzifəsində işləmişdir. Hüseynov Rasim Hüseyn oğlu xx.xx.2014-cü il tarixdə növbəsində olarkən generatora dizel yanacağı almaq üçün rəhbərliyin tapşırığı ilə yaxınlıqda olan Badamdar yolunda «Lukoil» yanacaq doldurma stansiyasına öz şəxsi «VAZ-21041» markalı avtomobili ilə getmişdir. Bu vaxt Rasim Hüseynov travmatik şok keçirmiş, Rasim Hüseynov özündə olmadığı halda ayağı maşının əylacində sıxılmış halda qarşıda dayanan TİR maşınına dəymiş və orada da dünyasını dəyişmişdir. Rasim Hüseynovun geri qayıtmadığını görüb iş yerindən onun arxasınca gəliblər, Rasim Hüseynovun sükanın arxasınca rəhmətə getdiyini görmüşlər. İddiaçının həyat yoldaşı Hüseynov Rasim Hüseyn oğlu ilə «X2 Caspian LTD» arasında xx.xx.2011-ci il tarixdə əmək müqaviləsi bağlanmış, o, baş mühafizəçi vəzifəsinə işə qəbul edilmişdir. «X2 Caspian LTD» ilə Cavabdeh Sığorta şirkəti arasında bağlanmış istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından ATE14021068 saylı, xx.xx.2014-cü il tarixli icbari sığorta müqaviləsi bağlanmışdır. Həyat yoldaşı Hüseynov Rasim Hüseyn oğlu Cavabdeh Sığorta şirkəti arasında bağlanmış İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmuşdur. «X2 Caspian LTD» şirkətinin baş mühafizəçisi Hüseynov Rasim Hüseyn oğlunun xx.xx.2014-cü il tarixdə saat 23.30 radələrində yol-nəqliyyatı hadisəsi zamanı ölümü ilə nəticələnmiş tədqiqat aktından görünür ki, Hüseynov Rasim Hüseyn oğlunun ölümü Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 27 saylı Qərarı ilə təsdiq edilmiş «istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları»nın 1.2-ci bəndinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisə hesab edilərək «İZ» formalı aktla rəsmiləşdirilməli və «X2 Caspian LTD» şirkətində uçota alınmışdır. «X2 Caspian LTD» şirkəti tərəfindən («İZ» forması) İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında 01 saylı akt tərtib olunmuşdur. İddiaçı dəfələrlə Cavabdeh Sığorta şirkətinə müraciət edərək «X2 Caspian LTD» ilə Cavabdeh Sığorta şirkəti arasında bağlanmış İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından ATE14021068 saylı, xx.xx.2014-cü il tarixli icbari sığorta müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi ilə əlaqədar İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmuş Hüseynov Rasim Hüseyn oğluna sığorta ödənişinin verilməsini xahiş etmişdir. Lakin Cavabdeh Sığorta şirkəti heç bir əsas olmadan sığorta ödənişini ödəməkdən imtina etmiş, «X2 Caspian LTD» ilə Cavabdeh Sığorta şirkəti arasında bağlanmış İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından ATE14021068 saylı, xx.xx.2014cü il tarixli icbari sığorta müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmişdir. Qanunvericiliyin mənasına görə icra müddəti təyin edilməmiş, habelə bu müddəti təyin etmək mümkün olmayan öhdəliyi borclu ağlabatan müddətdə icra etməlidir. Burada ağlabatan müddət öhdəliyin mahiyyətindən, həcmindən, mürəkkəbliyindən asılı olaraq müəyyən edilir. «X2 Caspian LTD» ilə «Atəşgah Həya» Sığorta şirkəti arasında bağlanmış İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından ATE14021068 saylı, xx.xx.2014-cü il tarixli icbari sığorta müqaviləsi üzrə cavabdeh üzərinə düşən öhdəliyi 9 ildən artıq müddət ərzində icra etməməsi müqavilənin ağlabatan müddətdə icra edilməməsi kimi hesab edilməlidir. Göstərilənlərə əsasən «X2 Caspian LTD» ilə Cavabdeh Sığorta şirkəti arasında bağlanmış İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından ATE14021068 saylı, xx.xx.2014-cü il tarixli icbari sığorta müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsinin, sığorta ödənişinin həyata keçirilməsinin və iddiaçıya ödənilməsinin təmin edilməsinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
5. Daha sonra, İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək «X2 Caspian LTD» ilə Cavabdeh Sığorta şirkəti arasında bağlanmış istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından ATE 14021068 saylı, xx.xx.2014-cü il tarixli icbari sığorta müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsinin, sığorta ödənişinin həyata keçirilməsinin və 153.599,57 manat pulu ona ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Cavabdehin nümayəndəsi iddia müddətinin tətbiqi barədə ərizə və iddiaya etiraz ilə məhkəməyə müraciət edərək iddianın rədd edilməsini xahiş etmişdir.
7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3933/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsi ilə (hakim Ramin Xəlilov) iddia rədd edilmişdir.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2, 375.1, 375.2, 377.1, 922.1, 922.2, 926.1-ci, «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.9-cu, 2.0.10, 2.0.12, 5.1.2.3-cü, 10.1.1-ci maddəsinə, «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanunu 1-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş «İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması» Qaydalarının 1.8, 2.6-cı bəndinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
10. Apelyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, Mülki Məcəllənin 384.0.3-cü maddəsinə əsasən fiziki şəxsin həyat və sağlamlığına vurulmuş zərərə görə verilmiş tələblər üzrə iddia müddəti tətbiq olunmur. İddiaçı dəfələrlə cavabdeh təşkilata sığorta müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmələrini desə də, sonuncu buna əməl etməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edərək, dəlillərinə uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdi.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apelyasiya şikayətini müdafiə edərək, dəlillərinə uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdi.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini etiraz edərək, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası prosesə gəlməyən tərəfin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
16. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
17. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
18. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
19. Maddə 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.
20. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
21. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
22. Maddə 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.
23. Maddə 928. Şəxsi sığorta üzrə sığorta ödənişi onu almaq hüququ olan şəxsə sosial sığorta, həmçinin icbari və ya könüllü sığortalar üzrə nəzərdə tutulan ödənişlərdən asılı olmayaraq icbari sığorta qanunlarında və ya sığorta müqaviləsində müəyyən olunmuş qaydada ödənilməlidir.
24. Maddə 1122.1. Ailə başçısının itirilməsi ilə əlaqədar zərərin əvəzinin ödənilməsinə hüququ çatan şəxslərə zərərin əvəzi ölənin bu Məcəllənin 1119-cu maddəsinin qaydalarına əsasən müəyyənləşdirilmiş qazancının (gəlirinin) o hissəsi miqdarında ödənilir ki, həmin hissəni onlar ölənin sağlığında öz dolanacaqları üçün alırdılar və ya almaq hüququna malik idilər. Həmin şəxslərə ödənilən zərərin əvəzi müəyyənləşdirilərkən ölənin gəlirinin tərkibinə qazanc (gəlir) ilə yanaşı onun sağlığında aldığı pensiya və digər bu cür ödənclər də daxil edilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 113.1. İddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır.
28. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
29. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
32. İddiaçı tərəfindən tam mübahisələndirilərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
34. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tərtib olunmuşdur və qətnamənin ləğvinə və ya dəyişdirilməsinə hər hansı hüquqi əsas yoxdur.
35. Belə ki, iş materiallarında olan «X2 (Caspian) Limited» şirkəti tərəfindən tərtib edilmiş istehsalatda baş vermiş bədbəxt hadisə haqqında 01 nömrəli aktın (İZ forması) surətindən görünür ki, xx.xx.2014-cü il tarixdə saat 23.30 radələrində «X2 (Caspian) Limited» şirkətində Baş Mühafizəçi vəzifəsində işləyən Rasim Hüseynov generator üçün dizel yanacağı almaq məqsədi ilə yanacaq doldurma məntəqəsinə getmiş, yanacağı alıb iş yerinə qayıdan zamanı idarə etdiyi avtomobildə ağır tonnajlı yük maşını ilə toqquşmuş, aldığı ağır xəsarətlər nəticəsində yerindəcə vəfat etmişdir.
36. Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ElmiTəcrübi Tədris Birliyi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Komissiyanın sədrinə ünvanlanmış xx.xx.2014-cü il tarixli məktubun surətindən görünür ki, mərhum Hüseynov Rasim Hüseyn oğlunun ölümünə səbəb hemotravmatik şok. Döş qəfəsi sümüklərinin çoxsaylı sınıqları. Hər iki aşağı ətraf, bud-baldır sümüklərinin sınıqları olmuşdur. Onun meyidindən götürülmüş qanun məhkəmə-kimyəvi tədqiqatında etil spirti və narkotik maddələr aşkar edilməmişdir
37. «Sığortaçı» qismində Cavabdeh Sığorta Şirkəti ASC ilə sığortalı qismində «X2 (Caspian) Limited» şirkəti arasında bağlanılmış xx.xx.2014-cü il tarixli ATE14021068 saylı istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin surətinə əsasən sığortalının qanunvericiliklə müəyyən edilmiş müvafiq sığorta tarifləri əsasında hesablanan və bu müqavilədə razılaşdırılmış müvafiq sığorta haqqını ödəməsi müqabilində onunla bağlanmış əmək və ya mülki-hüquqi müqavilə əsasında işlər və ya xidmətin həyata keçirilməsinə cəlb edilmiş fiziki şəxslərin (bundan sonra müqavilənin mətni üzrə «sığorta olunanlar») həyatına və sağlamlığına istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından dəyən zərərlə əlaqədar onların peşə əmək qabiliyyətinin itirilməsinə və ya ölümünə görə Sığortaçı qanunvericilikdə müəyyən edilmiş qaydada sığorta ödənişinin verilməsi öhdəliyi götürür.
38. Kollegiya ilk növbədə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq qeyd edir ki, iddiaçının həyat yoldaşının ölümü bədbəxt hadisə nəticəsində olduğundan və bu hadisə sığortalı (mərhum) Rasim Hüseynovun istehsalatda və əmək funksiyasını yerinə yetirərkən baş verdiyindən iddiaçı sığorta ödənişinin həyata keçirilməsini məhkəmə qaydasında tələb etməkdə haqlı olmuşdur. Bundan əlavə isə iddiaçının həyat yoldaşı ilə işəgötürən arasında xx.xx.2011-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əlavədən görünür ki, “tələb edilən əlavə tapşırıqları yerinə yetirmək” kimi məsuliyyətə (iltizama) imza edilmişdir. Bu isə onu deməyə əsas verir ki, işçinin işdən kənar gedərək iş yerinin sağlamlığının yaxşılaşdırılması məqsədilə yanacağın alınması onun əmək funksiyalarına tam uyğun olmuşdur.
39. Lakin məhkəmə kollegiyası iddiaçının iddia müddətinin tətbiq edilməməsi ilə bağlı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, iddiaçı öz şikayətində hazırki mülki iş üzrə tələbinin həyat və sağlamlığa dəymiş zərərin ödənilməsi ilə bağlı olduğunu və qanunvericiliyə görə həmin tələblərə iddia müddətiin tətbiq edilməməli olduğunu bildirmişdir. Buna münasibətdə kollegiya qeyd edir ki, Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Yəni bu o deməkdir ki, öhdəliyin yaranma əsası o halda dəymiş zərərin ödənilməsi ilə bağlı ola bilər ki, tərəflərin arasında bu öhdəliyin yaranmasını şərtləndirən müqavilə olmasın və zərər birbaşa ödənilməsini tələb edilən şəxs tərəfindən (və ya təqsirsiz məsuliyyət qaydasında) törədilmiş olsun.
40. Hazırki iş üzrə iddiaçı tələbinin həyat və sağlamlığa dəymiş zərərin ödənilməsi ilə bağlı olduğunu qeyd etsə də, nəzərə almamışdır ki, iddiaçının irəli sürdüyü iddia tələbinin qanuni əsası kimi iddiaçının mərhum ərinin çalışdığı «X2 (Caspian) Limited» şirkəti ilə Cavabdeh Sığorta Şirkəti ASC arasında bağlanmış icbari sığorta müqaviləsindən irəli gələn öhdəliklərin icra edilməsi təşkil etmişdir. Hazırki iş üzrə tələbin hüquqi əsası o halda həyat və sağlamlığa vurulmuş zərərin ödənilməsi ilə bağlı ola bilərdi ki, iddiaçının mərhum həyat yoldaşının həyatını itirməsi məhz cavabdehin təqsiri ucbatından və ya işəgötürən olaraq təqsirsiz məsuliyyət qaydasında vurulmuş olar və cavabdehin öhdəliyinin yarandığı hər hansı müqavilə mövcud olmazdı. Lakin hazırda cavabdehin sığorta ödənişinin edilməsi ilə bağlı öhdəliyi birbaşa onunla bağlanılan müqavilədən irəli gəlmişdir.
41. O cümlədən hazırki iddiaçının hazırki tələbinin ailə başçısını itirməyə görə dəymiş zərərin ödənilməsi ilə bağlı olmasına dair mülahizəsinə münasibətdə də kollegiya qeyd edir ki, Mülki Məcəllənin 1121-ci maddəsi ilə tənzimlənən ailə başçısının ölümü nəticəsində zərər çəkmiş şəxslərə zərərin əvəzinin ödənilməsi məhz maddi zərərin qarşılanması məqsədli olub müvəqqəti əvəzləşdirici xarakter daşıyır. Kollegiya bildirir ki, bu maddə ailə başçısının ölümü nəticəsində maddi zərərə uğramış həmin maddədə qeyd edilən şəxslərin dəymiş maddi ziyanın ödənilməsi hüququnu əks etdirir. Həmin Məcəllənin 1122.1-ci maddəsində isə ailə başçısının ölümü nəticəsində yaranmış maddi ziyanın nədən ibarət olması təsbit edilərək göstərilmişdir ki, ailə başçısının itirilməsi ilə əlaqədar zərərin əvəzinin ödənilməsinə hüququ çatan şəxslərə zərərin əvəzi ölənin bu Məcəllənin 1119-cu maddəsinin qaydalarına əsasən müəyyənləşdirilmiş qazancının (gəlirinin) o hissəsi miqdarında ödənilir ki, həmin hissəni onlar ölənin sağlığında öz dolanacaqları üçün alırdılar və ya almaq hüququna malik idilər. Lakin hazırki işdən də göründüyü kimi iddiaçı mərhum ərinin sağlığında hazırki tələb etdiyi pulu almamış və alması da mümkün olmamışdır. Çünki həmin məbləğin verilməsini şərtləndirən hadisənin özü elə iddiaçının mərhum ərinin vəfat etməsi anında əmələ gəlmişdir.
42. Göstərilənlər bir daha təsdiq edir ki, hazırki iş üzrə iddiaçı mərhum həyat yoldaşının ölümü nəticəsində ona dəymiş maddi ziyanı deyil, sığorta müqaviləsində nəzərdə tutulmuş sığorta ödənişinin verilməsini tələb edir.
43. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, hazırki iş üzrə iddia müddətinin tətbiqi ilə bağlı məsələyə məhz müqavilədən irəli gələn öhdəliklərə dair müddətləri tənzimləyən hüquq normaları nəzərdən keçirilməlidir.
44. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Qeyd edilən Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır.
45. E.Həkimovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 noyabr 2008-ci il tarixli qərarında göstərmişdir ki. iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyekiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif faktorun mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir.
46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Qərarında göstərilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.
47. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq və iddiaçının həyat yoldaşı R.Hüseynovun xx.xx.2014-cü il tarixli icbari sığorta müqaviləsi üzrə sığorta olunmasını, sığorta olunanın xx.xx.2014-cü ildə yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etməsini və iddiaçının sığorta müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı iddianın xx.xx.2023-cü il tarixdə məhkəməyə verilməsini nəzərə alaraq qeyd edir ki, iddiaçı qanunda nəzərdə tutulmuş 3 illik müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. İş materialları və iclas protokollarının tədqiqi zamanı da iddiaçının 2014-cü ildən sığorta ilə bağlı məlumatın olmasını bildirdiyi görünür.
48. Beləliklə, kollegiya qeyd edir ki, iddiaçı tərəfindən sığorta müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı 3 illik iddia müddəti bitdikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət edilmiş və bununla da qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddəti ötürülmüş, müddətin ötürülməsinin üzrlü hesab edilməsi ilə bağlı iddiaçı tərəfindən hər hansı bir əsaslı sübut məhkəməyə təqdim edilməmişdir.
49. Qeyd olunmalıdır ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.
50. Odur ki, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunduğundan apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
51. Kollegiya həmçinin bir məsələni də qeyd etməyi zəruri hesab edir ki, mülki iş materiallarından göründüyü kimi iddiaçı tərəfindən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd və ya qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət əlavə edilməmiş və ərizədə qeyd edilmişdir ki, iddiaçının mərhum həyat yoldaşı müharibə veteranı olduğundan iddiaçı şikayətin verilməsi üçün nəzərdə tutulan dövlət rüsumu ödəməkdən azaddır.
52. Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanununun 9.1.20-ci maddəsinə görə məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumunun ödəməkdən azad olunurlar.
53. Məhkəmə kollegiyası bununla bağlı diqqətə çatdırır ki, qanunvericiliyin qeyd olunan müddəasından da göründüyü kimi yalnız şəhid ailəsinin üzvlərinə münasibətdə bu güzəşt tətbiq edilir, maddədə qeyd edilən digər şəxslər, yəni müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər isə yalnız özləri məhkəmədə verilən iddialar üzrə dövlət rüsumu ödəməkdən azad olunurlar. Başqa sözlə, sözügedən maddədə təsbit edilmiş güzəşt müharibə veteranlarının, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, qaçqınlar və məcburi köçkünlərin, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslərin ailə üzvlərinə şamil olunmur.
54. Beləliklə, kollegiya tərəfindən iddiaçının iddia ərizəsi verərkən dövlət rüsumu ödəməsindən azad edilməsi üçün heç bir əsas müəyyən edilməmişdir.
55. Mülki Prosessual Məcəllənin 113.1-ci maddəsinə əsasən iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır.
56. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, iddia qiymətinə və qanunvericiliyin tələblərinə uyğun olaraq iddia ərizəsinin verilməsi üçün ödənilməli olan 443,60 manat məbləğində dövlət rüsumu iddiaçıdan alınaraq dövlət büdcəsinə ödənilməlidir.
57. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
58. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
59. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
60. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
61. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3933/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddia ərizəsinin verilməsi üçün ödənilməli olan 443,60 (dörd yüz qırx üç manat altmış qəpik) manat məbləğində dövlət rüsumu iddiaçıdan alınaraq Dövlət Büdcəsinə ödənilsin. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova