Məhkəmə qərarları › İş №2(103)-2906/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2906/2023

05.04.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2906/2023 05.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Sarıyevin sədrliyi ilə, X2 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 yanvar2023-cü il tarixli, 2(006)-74/2023 saylı qətnaməsindən iddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər "xxxx" MMC və Cavabdeh2 qarşı "müqavilənin etibarsızlığı, yeni müqavilələrin bağlanması və pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2la Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli eyni müqavilələrin bağlandığı andan etibarsız hesab edilməsini, ünvan 1 ünvanında yerləşən 4 otaqlı ümumi sahəsi 127 kv.m olan evin yerində inşa edilən hündürmərtəbəli yaşayış binasında yerləşən 80,0 kv.m mənzil sahəsinə dair Cavabdeh1 MMC ilə iddiaçılar arasında müqavilə bağlanması öhdəliyinin Cavabdeh1 MMC-yə həvalə edilməsini, Cavabdeh2 verilmiş aylıq 9600,0 manat mənzil kirayə haqqının ½ hissəsi olan 4800,0 manat pul vəsaitinin Cavabdeh2 alınaraq onlara verilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli, 2(006)-74/2023 saylı qətnaməsiilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən iddiaçılar İddiaçı2 və İddiaçı1tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətini nəzərdən keçirib hesab edir ki, hazırki iş üzrə İddiaçı1 nümayəndəsi Vəkil1 Zülfüqr oğlu tərəfindənverilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkündür. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 357-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər (maddə 357.1.). Həmin Məcəllənin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. İş materiallarından görünür ki, İddiaçı1 adından apellyasiya şikayətini onun nümayəndəsiVəkil1 imzalasa da, onun həmin apellyasiya şikayətini imzalamaq hüququ yoxdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69.1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Həmin Məcəllənin 69.1-1-ci maddəsinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. İş materiallarından görünür ki, apellyasiya şikayəti İddiaçı1 özü tərəfindən imzalanmamış, onun adından nümayəndəsi Vəkil1 tərəfindən imzalanmışdır. Vəkil1 İddiaçı1adından apellyasiya şikayətini imzalamaq, apellyasiya şikayəti verməyə səlahiyyətinin olmasını təsdiq edən sənəd-etibarnamə və order iş materiallarına əlavə edilməmişdir.. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, apellyasiya şikayəti onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalandığından apellyasiya İddiaçı1 münasibətdə qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.1-ci maddəsinə əsasən apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsas yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 363.1.1, 366, 402, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli, 2(006)-74/2023 saylı qətnaməsindən iddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya İddiaçı1 münasibətdə qeyri-mümkün hesab edilsin. Qərardadda göstərilən nöqsanlar aradan qaldırılmaqla, ağlabatan müddətdə, hüquqdan sui-istifadə hallarına yol verilmədən yenidən apellyasiya şikayəti ilə müraciət oluna bilər. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar