Məhkəmə qərarları › İş №2(103)-2909/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2909/2024

09.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2909/2024 09.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "aktın etibarsız hesab edilməsi və cərimənin silinməsi" tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “aktın etibarsız hesab edilməsi və cərimənin silinməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iştirakı ilə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-575/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "aktın etibarsız hesab edilməsi və cərimənin silinməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ünvan 1 ünvanında İddiaçı adına qeydə alınmış **********40023 saylı abonent kodu üzrə elektrik enerjisindən istifadə üçün quraşdırılmış işıq sayğacına, köhnə işıq sayğacının alt qapaq möhüründə müdaxilə izlərinin göründüyü üçün xx.xx.2023-cü il tarixli, 034453 saylı 57221 №-li protokol əsasında əsassız hesablanmış 9453 (doqquz min dörd yüz əlli üç) manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti İddiaçı yaşadığı ünvan 1 ünvanına xx.xx.2023-cü il tarixdə xəbərdarlıq göndərərk xx.xx.2023-cü il tarixədək **********40023 saylı abonent kodu üzrə adına olan elektrik sayğacına hesablanmış 9453 (doqquz min dörd yüz əlli üç) manat qalıq pul borcunun ödənişini təmin etməyi bildirilmişdir. Xəbərdarlığı alan kimi iddiaçı Azərişığa müraciət edərək elektrik enerjisinin sərfiyyatına görə onun "xxxx" ASC-yə heç bir borcunun olmadığını bildirmişdir. Orada isə ona bildirilmişdir ki, xx.xx.2023-cü il tarixdə sayğac dəyişdirilən zaman adına olan **********40023 saylı abunə kodlu olan əvvəlki işıq sayğacının alt qapaq möhüründə müdaxilə izlərinin göründüyünü əsas götürərək xx.xx.2023-cü il tarixli, 034453 saylı 57221 №-li protokol əsasında köhnə sayğac yoxlanılması üçün labaratoriyaya göndərilmişdir. Elə həmin gün **********40023 saylı abunə kodlu işıq sayğacının alt qapaq möhüründə müdaxilə izlərinin görünməsini əsas gətirib 034453 №-li akt tərtib edilərək ona 9453 (doqquz min dörd yüz əlli üç) manat cərimə yazılmışdır. Buna görə də İddiaçı "xxxx" ASCyə qarşı iddia ərizəsi ilə Bakı şəhər Nəsimi rayon məhkəməsinə müraciət edərək"xxxx" ASC tərəfindən adına olan **********40023 saylı abunə kodlu işıq sayğacının alt qapaq möhüründə müdaxilə izlərinin göründüyünü əsas götürərək tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 034453 saylı aktın etibarsız hesab edilməsi, qanunsuz olaraq yazılmış akta əsasən hesablanmış 9453 (doqquz min dörd yüz ) manat cərimənin silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Çünki xx.xx.2023-cü il tarixdə cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən fərdi yaşayış evinə elektrik enerjisinin verilişi dayandırılmışdır. MTT barədə ərizə ilə Bakı şəhər Nəsimi rayon məhkəməsinə müraciət edilmiş, xx.xx.2023-cü il tarixdə ərizə təmin edilmişdir. Həmin MTT barədə qəbul edilmiş qərardadın icrası Bakı şəhər Nəsimi icra şöbəsinə həvalə edilmişdir. Lakin cavabdeh "xxxx" ASC elektrik enerjisinin verilməsini bərpa etməmişdir. Bakı şəhər Nəsimi rayon icra şöbəsi inzibati protokol tərtib edərək məhkəmə qərarını icra etməməyə görə cavabdeh "xxxx" ASC barəsində inzibati qaydada cərimə edilməsini xahiş etmişdir. Məlumat üçün bildirirəm ki, həmin MTT barədə ərizə əsasında qəbul edilmişdir qərardad müvəqqəti xarakterli olduğu üçün xx.xx.2023-cü il tarixə kimi qüvvədə olması bildirilmişdir. Ona görə də hesab edir "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ünvan 1 ünvanında İddiaçı adına olan **********40023 saylı abonent kodu üzrə elektrik enerjisindən istifadə üçün quraşdırılmış işıq sayğacına, köhnə işıq sayğacının alt qapaq möhüründə müdaxilə izlərinin göründüyü üçün xx.xx.2023-cü il tarixli, 034453 saylı 57221 №-li protokol əsasında hesablanmış 9453 (doqquz min dörd yüz əlli üç) manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməlidir. Bundan başqa məhkəmə prosesi bitənə qədər iddiaçının mənzilinə elektrik enerjisinin kəsilməsi ilə bağlı hərəkətlərin edilməsini cavabdehə qadağan edən müvəqqəti təminat tədbirinin tətbiqinə dair yenidən qərardad qəbul edilməsi üçün ərizə verilməlidir.

3. Nəsimi Rayon Məhkəməsinin 2(006)-575/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi (hakim Əfsanə Heydərova) ilə iddia qismən təmin edilmiş, xx.xx.2023-cü il tarixli akt əsasında Sabunçu rayonu, Maştağa qəsəbəsi (abonent kodu **********40023) ünvanına əsassız hesablanmış 9453 (doqquz min dörd yüz əlli üç) manat məbləğində cərimə borcunun "xxxx" ASC tərəfindən İddiaçı **********40023 saylı abunə hesabından silinməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

4. İddiaçı qətnaməni mübahisələndirməmişdir.

5. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri:

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə abonent İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən yaşayış fərdi evinin (abunə kodu: **********40023) quraşdırılmış elektrik sayğacına baxış keçirilmiş, baxış zamanı evinə və evinin 1-ci mərtəbəsində fəaliyyət göstərən şirniyyat bişirmə yerinə aid olan elektrik sayğacı dövrədən keçən yükü düzgün qeyd etmədiyini, sayğacın dövlət möhürünün igliyində, gurğuşunda və alt qapaq möhüründə müdaxilə izləri göründüyü müəyyən edilmişdir. "xxxx" ASC-nin əməkdaşlar tərəfindən, abonentin nümayəndəsinin (Hüseyn) iştirakı ilə xx.xx.2023-cü il tarixli NDM 034453 saylı müvafiq akt tərtib olunmuşdur və video çəkiliş aparılmışdır. Həmin sayğac xx.xx.2023-cü il tarixdə 572201 saylı protokola əsasən götürülərək müvafiq yoxlamaya təqdim edilmiş və xx.xx.2023-cü il tarixdə sayğacların və cərəyan transformatorlarının yoxlanması haqqında 017591 saylı tərtib olunmuş protokolda qeyd edilmişdir ki: 1. Elektrik sayğacın 59262 nömrəli dövlət möhürü və 778348 nömrəli alt qapağın möhürü pozulmuşdur; 2. Elektrik sayğacın “A” və “C” fazalarının cərəyan naqilləri kəsilərək daxili sxemə müdaxilə olunmuşdur. Bu səbəbdən elektrik sayğac istifadə olunan elektrik enerjisinin sərfiyyatini 66,5% xəta faizləri ilə az hesablamışdır. "xxxx" ASC-nin akt komissiyasının əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahələri üzrə və texniki sahələr üzrə tələblərə dair xx.xx.2023-cü il tarixli qərarına əsasən xx.xx.2023-cü il tarixli NDM 034453 saylı akt üzrə 72.726 kvts (12,6kvt- 0,74kvt*(0,7)*24saat*365gün) itirilmiş elektrik enerjisinin dəyəri 9.454 manat məbləğində müəyyən edilməklə abonentin (kod **********40023) abunə haqqında məlumatına daxil edilmiş və yaranmış borcun ödənilməsi üçün abonentin ünvanına müvafiq bildiriş göndərilmişdir. Qeyd edilən akt qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmiş və akta əsasən hesablanmış itirilmiş elektrik enerjisinin dəyəri iddiaçı tərəfindən ödənilməlidir. Apellyasiya şikayətinə etirazın dəlilləri:

7. İddiaçı apellyasiya şikayətinə etiraz təqdim edərək göstərmişdir ki, elektrik enerjisindən istifadə etdiyi sərfiyyata görə borcu olmayıb, çünki elektrik enerjisindən sərfiyyata görə sayğacda yaranan borcu vaxtında ödəmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Tərəflərin izahatı:

8. Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi C.Aslanov apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.

9. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir.

10. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübuların tədqiqi:

11. Mülki iş materiallarında olan CD-disklərdən görünür ki, "xxxx" ASC-nin əməkdaşı İddiaçı məxsus Sabunçu rayonu, Maştağa qəsəbəsi (abonent kodu **********40023) ünvan üzrə yerləşən elektrik sayğaca baxış keçirmişdir.

12. "xxxx" ASC-nin 034453 №-li 23 sentyabr 2023-cü il tarixli aktına əsasən abonent İddiaçı məxsus Sabunçu rayonu, Maştağa qəsəbəsi (abonent kodu **********40023) ünvan üzrə yerləşən evinə aid elektrik sayğaca baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, fərdi yaşayış evinə və həmin evin birinci mərtəbəsində fəaliyyət göstərən şirniyyat bişirilmə yerinə xidmət göstərən elektrik sayğacı dövrədən keçən yükü düzgün qeyd etmədiyi, sayğacın dövlət möhürünün igliyində, qurğusunda və alt qapaq möhüründə müdaxilə izləri göründüyü müəyyən edilmişdir. Həmin aktdan görünür ki, yoxlama zamanı abonent iştirak etməmişdir. Həmin akta əsasən İddiaçı (tarif (0.13 man)– 72726 kvts x 0,13 = 9454 manat cərimə yazılmışdır.

13. Xəbərdarlıq məktubundan görünür ki, İddiaçı xx.xx.2023 cü il tarixə 9453 manat borcu vardır. Borcun ödənilmədiyi halda elektrik enerjisinin xx.xx.2023-cü il tarixə saat 10:00 da dayandırılacaqdır.

14. "xxxx" ASC-nin “abunə haqqında” çıxarışından görünür ki, İddiaçın (abonent kodu **********40023) xx.xx.2024-cü il tarixinə 9.577,60 manat borcu var.

15. Hazırkı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)- 2909/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə mülki iş üzrə mütəxəssis (ekspert) rəyi alınması və rəyin verilməsi Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji X1 həvalə olunması qərara alınmışdır. Həmçinin rəy alınanadək iş üzrə icraat dayandırılmışdır.

16. Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin Tənzimləmə Agentliyi Bakı filialının 10 iyun 2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, təqdim olunan sənədlərdən abunə haqqında cədvələ əsasən məlum olmuşdur ki, vətəndaş İddiaçı fərdi yaşayış evində elektrik enerjisindən istifadəyə görə məişət abonenti kimi "Azərişıq” ASC tərəfindən **********40023 saylı abonent kod ilə qeydiyyata alınmışdır. "Azərişıq” ASC-nin nümayəndələri tərəfindən vətəndaş fərdi yaşayış evinə və evin birici mərtəbəsində yerləşən şirniyyat sexinə xidmət göstərən hesablaşma elektrik sayğacının sxemdən axan yükü düzgün qeyd etmədiyi, sayğacın dövlət möhürünün içliyində qurğuşununda, alt qapaq möhüründə müdaxilə izlərinin göründüyü barədə xx.xx.2023-cü il tarixli NDM 034453 nömrəli akt tərtib edilmiş və aktda sayğacın laboratoriyada yoxlanılması tələbi qoyulmuşdur. Aktda vətəndaşın nümayəndəsi tərəfindən imza olunmuşdur. Sayğac 542201 nömrəli protokola əsasən yeni sayğac quraşdırılmış və çıxarılan sayğac yoxlanılması üçün laboratoriyaya göndərilmişdir. "Azərişıq” ASC-nin laboratoriyada yoxlanılarkən sayğacın dövlət və alt qapaq möhürlərinin pozulduğu, sayğacın "A" və "C" fazalarının cərəyan naqillərinin kəsilərək daxili sxeminə müdaxilə edildiyi, və sayğacın 66,7% xəta ilə işləyərək sərfiyyatı az qeydə aldığı barədə xx.xx.2023cü il tarixli 017591 nömrəli akt prokol tərtib edilmişdir. Qeyd edilənlərə və laboratoriyada çıxarılan sayğacın yoxlama nəticəsinə əsasən sayğaca müdaxilə edildiyi məlum olur. Yuxarıda qeyd olunanlara əsasən sayğacın NDM 034453 nömrəli aktda göstərilən 94,12 xəta faizi nəzərə alınmaqla 365 gün müddətinə, 1 kVts sərfiyyatın dəyəri 0,13 manatdan və işləmə saatları nəzərə alınmaqla, ümumi dəyəri 9454 manat məbləğində hesabat aparılmış hesablanmış borc məbləği abonent hesabına daxil edilmişdir. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydaları"nın 8.17-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Tarif (Qiymət) Şurasının xx.xx.2021-ci il tarixli 14 nömrəli Qərarına əsasən əhali abonentləri üçün elektrik enerjisinin aylıq istehlak həcminin 200 kVts-ya qədər olan hissəsi 0,08 manatdan, 200 kVts-dan 300 kVts-ya qədər olan hissəsi 0,09 manatdan 300 kVtsdan çox olan hissəsi isə 0,13 manatdan hesablanır. Qeyd olunanlara əsasən məlum olur ki, hesabat aparılarkən laboratoriyada yoxlanma zamanı müəyyən edilmiş 66,7% xəta faizi nəzərə alınmamış, Qaydaların 8.17-ci bəndində göstərilən üç ay müddət nəzərə alınmayaraq hesabat 365 gün müddətinə aparılmış, eyni zamanda Tarif (Qiymət) Şurasının göstərilən qərarına əsasən tarif qiymətləri düzgün nəzərə alınmayaraq 1 kVts sərfiyyatın dəyəri birbaşa olaraq 0,13 manatdan hesablanmışdır. Laboratoriyada sayğacın 66,7 % xəta ilə işləyərək sərfiyyatı az qeydə aldığını, Qaydaların 8.17-ci bəndini və Tarif (Qiymət) Şurasının qeyd olunan Qərarını nəzərə alaraq hesabatın aşağıdakı formada aparılması məqsədə uyğun hesab olunur: 3 ay müddətində xəta faizi nəzərə alınaraq xx.xx.2023-cü il tarixindən sayğac dəyişdirilən xx.xx.2023-cu il tarixindək olan dövr üçün - 1) 33, 3% sərfiyatı qeyd edərək sayğac 1341 kVts sərfiyyat qeydə alıb, 2) 66,7% isə sərfiyyatı qeyd almayıb - X kVts, X=66,7%/33,3%x1341=2682. 3 ay üçün tarif qiymətlərini nəzərə alınsa 1) 600 kVts x 0,08 manat = 48 manat, 2) 300 kVts x 0,09 manat = 27 manat, 3) 2682 kVts (600 kVts + 300 kVts) = 1782 kVts, 4) 1782 kVts x 0,13 = 231,66 manat. 5) Ümumi olaraq hesablanmış məbləğ 48 manat + 27 manat +231,66 manat = 306,66 manat olmalıdır. Tətbiq edilən maddi hüquq normaları: «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun:

17. 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır.

18. 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə qaydaları»nın:

19. 4.1-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir.

20. 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində tabeliyindən, mülkiyyət formasından və maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, istehlakçılar, o cümlədən hüquqi və fiziki şəxslər tərəfindən elektrik enerjisinin istehsalı, saxlanılması, ötürülməsi, paylanması, satışı, istehlakı və enerji effektivliyi sahəsində, elektrik qurğularının layihələndirilməsində, tikintisində, yenidən qurulmasında, təmirində, həmçinin onların təhlükəsiz, qəzasız və etibarlı istismarında Azərbaycan Respublikasının qanunlarına, müvafiq qaydalara, təlimatlara və digər texniki normativ hüquqi aktlara əməl olunmasına dövlət nəzarətini Azərbaycan Respublikası Energetika Nazirliyinin X2 Agentliyi həyata keçirir.

21. 6.3-cü bəndinə əsasən dövlət enerji nəzarətinin həyata keçirilməsi dövlət elektroenergetika müəssisəsini, enerjitəchizatı müəssisələrini, müstəqil enerji istehsalçılarını, istehlakçıları onların və ya tabeliklərindəki struktur bölmələrinin sərəncamında olan elektrik qurğularının texniki vəziyyətinə və istismarına görə nəzarətdən azad etmir və onlar “Elektrik qurğularının quraşdırılması Qaydası”na, “Elektrik və istilik qurğularının texniki istismar Qaydası”na və “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”na, bu Qaydalara və digər normativ sənədlərə əməl olunmasına görə cavabdehlik daşıyırlar.

22. 6.4-cü bəndinə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin “Sənaye, elektrik və istilik enerjisindən istifadə qaydaları əleyhinə olan inzibati xətalar” fəslində X2 Agentliyinin səlahiyyətinə aid maddələrə uyğun olaraq, pozuntuya yol vermiş fiziki şəxslərə, vəzifəli şəxslərə və hüquqi şəxslərə qarşı X2 Agentliyi tərəfindən inzibati tənbeh növləri tətbiq edilir.

23. 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə qaydaları»nın əsasən elektrik paylayıcısı ilə ilə məişət elektrik istifadəçisi arasında elektrikin alqı-satqısı müqaviləsinin şərtləri müəyyən edilmişdir. Həmin müqavilənin 6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri məişət abonentinin hesablaşma elektrik sayğacına baxış keçirmək üçün sayğac quraşdırılmış yerə maneəsiz buraxılmalıdırlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri məişət abonentinin tələbi ilə xidməti vəsiqəni təqdim etməyə borcludurlar.

25. Həmin müqavilənin 6-1-ci bəndinə əsasən elektrik xətlərinin qanunsuz olaraq kəsilməsi və ya istehlakçıya “Elektrik enerjisindən istifadə Qaydaları”nın 9.13-cü bəndində nəzərdə tutulmuş hallarda (9.13.3-cü və 9.13.6-cı yarımbəndlərində nəzərdə tutulan hallar istisna olmaqla) yazılı bildiriş göndərilmədən elektrik və istilik enerjisi verilməsinin dayandırılması qadağandır.

26. Həmin müqavilənin 7-ci bəndinə əsasən tərəflər arasında elektrik enerjisindən istifadədə mübahisəli məsələlər yarandıqda, enerjitəchizatı müəssisəsi və ya məişət abonenti bilavasitə məhkəməyə müraciət edə bilər. Tətbiq edilən prosessual hüquq normaları:

22. Mülki Prosessual Məcəllə

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

30. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

31. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

32. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

33. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

34. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

35. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

36. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

37. 384.0.3. qətnaməni dəyişdirə bilər;

38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır Apellyasiya Məhkəməsinin baxışının hədləri:

39. Hazırkı halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən iddia tələbinin təmin edilən hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

40. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməklə, qətnamə cavabdehdən tutulmalı olan məbləğ hissəsində dəyişdirilməlidir.

41. Hazırkı iş üzrə iddiaçı bildirir ki, elektrik enerjisindən istifadə etdiyi sərfiyyata görə borcu olmayıb, çünki elektrik enerjisindən sərfiyyata görə sayğacda yaranan borcu vaxtında ödəmişdir.

42. Cavabdeh isə elektrik sayğacına müdaxilə edildiyini bildirməklə, qeyd edir ki, itirilmiş elektrik enerjisinin dəyərinin akta əsasən iddiaçıya 9454 manat cərimə yazılmışdır.

43. Rayon Məhkəməsi iddia tələbini qismən təmin etməklə qeyd etmişdir ki, elektrik enerjisi paylayıcısı ilə istehlakçı arasında bağlanmış müqavilədə də elektrik enerjisi paylayıcısının istehlakçı barəsində hər hansı cərimə və istehlakçının təqsirli hərəkətlərinə görə abunə hesabına əlavə borcun yazılması hüququ nəzərdə tutulmamışdır. Həmin müqavilədə elektrik enerjisi paylayıcısının istehlakçının hərəkətlərinə görə dəymiş ziyanın ödənilməsini tələb etmək hüququ müəyyən edilmişdir. Bu isə elektrik enerjisi paylayıcısına istehlakçının abunə hesabına əlavə borcun yazılması hüququnun olması anlamına gəlmir. Beləliklə akt əsasında iddiaçının abunə hesabına yazılmış borc qanunun tələbləri pozulmaqla yazıldığı üçün həmin borcun İddiaçı abunə hesabından silinməsi barədə tələb əsaslı hesab edilməli, 9453 manat borc iddiaçının abunə hesabından silinməlidir.

44. Belə olan halda apellyasiya baxışı zamanı ünvan 4 ünvanında İddiaçı adına qeydə alınmış **********40023 saylı abonent kodlu elektrik sayğacına kənar müdaxilənin olubolmamasının, eləcə də əgər müdaxilə olduğu müəyyən edildiyi halda, elektrik enerjisi sərfiyyatına görə hesablanmış cərimənin doğru olub-olmamasının müəyyən edilməsi üçün mütəxəssis (ekspert) rəyi alınması və rəyin verilməsi Energetika Nazirliyinin Enerji X1 həvalə olunması qərara alınmışdır.

45. Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin Tənzimləmə Agentliyi Bakı filialının 10 iyun 2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, sayğacın yoxlama nəticəsinə əsasən sayğaca müdaxilə edildiyi məlum olur. Həmçinin hesabat aparılarkən laboratoriyada yoxlanma zamanı müəyyən edilmiş 66,7% xəta faizi nəzərə alınmamış, Qaydaların 8.17-ci bəndində göstərilən üç ay müddət nəzərə alınmayaraq hesabat 365 gün müddətinə aparılmış, eyni zamanda Tarif (Qiymət) Şurasının göstərilən qərarına əsasən tarif qiymətləri düzgün nəzərə alınmayaraq 1 kVts sərfiyyatın dəyəri birbaşa olaraq 0,13 manatdan hesablanmışdır. Laboratoriyada sayğacın 66,7 % xəta ilə işləyərək sərfiyyatı az qeydə aldığını, Qaydaların 8.17-ci bəndini və Tarif (Qiymət) Şurasının qeyd olunan Qərarını nəzərə alaraq hesabatın aşağıdakı formada aparılması məqsədə uyğun hesab olunur: 3 ay müddətində xəta faizi nəzərə alınaraq xx.xx.2023-cü il tarixindən sayğac dəyişdirilən xx.xx.2023-cu il tarixindək olan dövr üçün - 1) 33, 3% sərfiyatı qeyd edərək sayğac 1341 kVts sərfiyyat qeydə alıb, 2) 66,7% isə sərfiyyatı qeyd almayıb - X kVts, X=66,7%/33,3%x1341=2682. 3 ay üçün tarif qiymətlərini nəzərə alınsa 1) 600 kVts x 0,08 manat = 48 manat, 2) 300 kVts x 0,09 manat = 27 manat, 3) 2682 kVts (600 kVts + 300 kVts) = 1782 kVts, 4) 1782 kVts x 0,13 = 231,66 manat. 5) Ümumi olaraq hesablanmış məbləğ 48 manat + 27 manat +231,66 manat = 306,66 manat olmalıdır.

46. Göründüyü kimi aparılmış araşdırmalar nəticəsində iddiaçının elektrik sayğacına müdaxilə edilməsi halı aşkar edildiyindən iddiaçıya ziyan dəyməsi sübut olunur.

47. Lakin cavabdeh tərəfindən hesabat aparılarkən laboratoriyada yoxlanma zamanı müəyyən edilmiş 66,7% xəta faizi nəzərə alınmamış, Qaydaların 8.17-ci bəndində göstərilən üç ay müddət nəzərə alınmayaraq hesabat 365 gün müddətinə aparılmış, eyni zamanda Tarif (Qiymət) Şurasının göstərilən qərarına əsasən tarif qiymətləri düzgün nəzərə alınmayaraq 1 kVts sərfiyyatın dəyəri birbaşa olaraq 0,13 manatdan hesablanmışdır.

48. Təqdim edilmiş mütəxəssis rəyində isə hesablanmış məbləğin 306.66 manat olması müəyyən edilmişdir.

49. Bununla belə cavabdeh 9453 (doqquz min dörd yüz əlli üç) manat məbləğində cərimə borcunun olması barədə əsaslı və şübhədənkənar sübutlar təqdim edə bilməmişdir.

50. Göründüyü kimi, cərimə məbləği cavabdeh tərəfindən düzgün hesablanmamışdır.

51. Kollegiya qeyd edir ki, cərimə borcunun məbləğinin 9453 (doqquz min dörd yüz əlli üç) manat təşkil etdiyini iddia edən cavabdeh tərəfindən bununla bağlı əsaslı və şübhədənkənar sübut təqdim edilmədiydən, mütəxəssis rəyi ilə isə cərimə məbləğinin 306.66 manat təşkil etdiyi müəyyən edildiyindən, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə cavabdehdən silinməli olan cərimə məbləği hissədə dəyişdirilməli, İddiaçı məxsus Sabunçu rayonu, Maştağa qəsəbəsi (abonent kodu **********40023) ünvanına əsassız hesablanmış 9146.34 (9453-306.66=9146.34) manat məbləğində cərimə borcu iddiaçının **********40023 saylı abunə hesabından silinməlidir.

52. MPM-nin 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

53. Həmin Məcəllənin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Nəticə:

54. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə silinməli olan cərimə borcunun məbləğ hissədə dəyişdirilməli, İddiaçı məxsus Sabunçu rayonu, Maştağa qəsəbəsi (abonent kodu **********40023) ünvanına əsassız hesablanmış silinməli cərimə borcunun məbləği 9146.34 (9453-306.66=9146.34) manat məbləğində müəyyən edilməlidir.

55. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

56. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir.

57. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Nəsimi Rayon Məhkəməsinin 2(006)-575/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi silinməli cərimə borcunun məbləği hissəsində dəyişdirilsin. İddiaçı məxsus Sabunçu rayonu, Maştağa qəsəbəsi (abonent kodu **********40023) ünvanına əsassız hesablanmış silinməli cərimə borcunun məbləği 9146.34 (9453- 306.66=9146.34) manat məbləğində müəyyən edilsin. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla cavabdeh tərəfindən ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar