Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2911/2025 01.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “lizinq ödənişlərinin, dəbbə pulunun, əldən çıxmış faydanın ödənilməsi və lizinq obyektinin qaytarılması” tələbinə dair iddia mülki iş üzrə (Açar sözlər: şikayət vermə müddətinin bərpası barədə ərizə təmin edilməmişdir) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1356/2016 saylı, xx.xx.2025-ci il tarixli qərardadından Cavabdeh3 tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. İddiaçı MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “lizinq ödənişlərinin, dəbbə pulunun, əldən çıxmış faydanın ödənilməsi və lizinq obyektinin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 09 iyun 2016-cı il tarixli, 2(009)-1356/2016 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış 6 aprel 2012-ci il tarixli 65/L-12 saylı lizinq müqaviləsi üzrə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 107746 (yüz yeddi min yeddi yüz qırx altı) manat əsas borc, 7497 ( yeddi min dörd yüz doxsan yeddi) manat normal faiz (mükafat) borcu və 2700 (iki min yeddi yüz) manat cərimə olmaqla, cəmi 117943 (yüz on yeddi min doqquz yüz qırx üç) manat borc və ödənilməmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat, ümumilikdə 117973 (yüz on yeddi min doqquz yüz yetmiş üç) manat məbləğində pul vəsaiti müştərək qaydada tutularaq İddiaçı xeyrinə ödənilməsi, **-JT-*** dövlət qeydiyyat nişanlı, mühərrik nömrəsi YMZ-236H2, şassi nömrəsi 432000B13800101, buraxılış ili 2011 olan, boz rəngli “Ural” 43** KC ***13-3 markalı avtokranın İddiaçınə təhvil verilməsi qət edilmişdir.
3. Bakı Apellyasiya Məhkəməsinin 23 noyabr 2016-cı il tarixli, 2(103)-8472/2016 saylı qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 09 iyun 2016-cı il tarixli, 2(009)-1356/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
4. Qətnamə xx.xx.2017-ci il tarixdə qanuni qüvvəyə minmiş və icra edilməsi üçün göndərilmişdir.
5. Cavabdeh3 apellyasiya şikayəti verərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 09 iyun 2016-cı il tarixli, 2(009)-1356/2016 saylı qərarının ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 yanvar 2025-ci il tarixli, 2(009)- 1356/2016 saylı qərardadı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 09 iyun 2016-cı il tarixli, 2(009)-1356/2016 saylı qətnaməsindən verilən şikayətin geri qaytarılması qərara alınmışdır.
7. Cavabdeh3 şikayət verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 1356/2016 nömrəli iş üzrə 10 yanvar 2025-ci il tarixli qərardadının ləğv edilərək apellyasiya şikayətinin icraata qəbul edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir.
8. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli, 2(009)- 1356/2016 saylı qərardadı ilə şikayət qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 yanvar 2025-ci il tarixli, 2(009)-1356/2016 saylı qərardadı ləğv edilmişdir.
9. Cavabdeh3 Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1356/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin buraxılmasını üzrlü hesab edib bərpa edilməsini xahiş etmişdir.
10. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən xx.xx.2016-cı il tarixində qəbul edilmiş 2(009)-1356/2016 saylı qətnamə qəbul edilmişdir. Bu qətnamə ilə Cavabdeh1 və Cavabdeh2 ilə birlikdə "xxxx" MMC-yə qarşı cavabdeh olduğu qət edilib. Lakin sözü gedən qətnamə haqqında tərəfinə bir xəbərdarlıq edilməmiş, hətta məhkəmə prosesi haqqında da bildiriş göndərilməmişdir. Göstərilən qətnamə əsasında ona qarşı icra işi başladılmış, xx.xx.2024 tarixində icra hərəkətləri ilə bağlı bildiriş göndərilmişdir. Ancaq bundan sonra haqqında yuxarıda sözü gedən qətnamənin qəbul edildiyini icra məmurlarından şifahi qaydada məlumat almışdır. Həmçinin sözü gedən qətnamə rəsmi qaydada tərəfinə indiyədək təqdim edilməmişdir. İcra hərəkətləri ilə bağlı bildiriş aldıqdan sonra xx.xx.2024-cü il tarixində yazılı qaydada apellyasiya şikayəti vermişdir. Ancaq apellyasiya şikayətinin e-kabinet vasitəsilə verilməli olduğu məlumatını aldıqdan sonra qanuna uyğun olaraq xx.xx.2024-cü il tarixində apellyasiya şikayətini təkrar e-kabinet vasitəsilə vermişdir. Ancaq ondan asılı olmayan texniki səbəblərlə bu şikayəti işə baxan hakimin e-kabinetində görünməmişdir. Dolayısıyla o, qanuna uyğun olaraq etməli olduğu prosessual hərəkətləri etmiş, müddəti buraxmamışdır. Yuxarıda yazılanlara əsaslanaraq məhkəmənin diqqətinə çatdırır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1356/2016 saylı qərarından apellyasiya şikayəti vermə müddəti mülki iş üzrə cavabdeh şəxsdən asılı olmayan səbəblərdən faktiki olaraq ötürülmüş kimi görünsə də, bu hal obyektiv-tərəfdən asılı olmayan səbəblərdən baş vermişdir və buna görə də şikayət vermə müddətinin buraxılması üzrlü hesab edilməlidir. 11.Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 fevral 2025-ci il tarixli, 2(009)-1356/2016 saylı qərardadı ilə ərizənin təmin edilməməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 09 iyun 2016-cı il tarixli, 2(009)-1356/2016 saylı qətnaməsindən Cavabdeh3 tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş müddətin bərpasından imtina edilməsi qərara alınmışdır.
Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:
12.Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1356/2016 saylı, xx.xx.2025-ci il tarixli qərardadından Cavabdeh3 tərəfindən verilmiş şikayət həmin məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə təmin edilməmiş, işlə bilikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. 13.Şikayət onunla əsaslandırılmışdır ki, qanunla müəyyən edilmiş apellyasiya şikayəti müddəti görünüşdə keçmiş kimi görünsə də o, qeyd olunan qətnamədən və ardınca başladılan icra işindən xəbərdar olmamışdlr. Bu səbəblə şikayət müddəti tərəfindən ötürülməmişdir. Ancaq o, yenə də şikayət ərizəsində müddətin bərpasını da tələb etdi. İşə baxan məhkəmə isə müddətin bərpası tələbini təmin etməmişdir Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1098/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1098/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş şikayətin təmin edilməməsi, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sözü gedən qətnamə və barəsində icraatına başladılan icra işindən cavabdeh xəbərdar edilməmişdir. Məhkəmənin qərardadında qeyd etdiyi xx.xx.2018-ci il tarixdən xx.xx.2025ci il tarixədək əmək haqqından tutulmaların da bu işlə bağlı olduğunu bilmirdi. Çünkü barəsində başqa icra işinin icraatı davam etməkdə idi və o, əmək haqqından tutulmanın həmin icra işi ilə bağlı olduğunu hesab edirdi. Bu işlə bağlı ona xx.xx.2024-cü il tarixində bildiriş göndərilmişdir və cavabdeh bu bildirşlə xəbərdar olmuşdur. 1 aylıq müddət axımının başlaması üçün qətnamənin məhkəmə tərəfindən rəsmi qaydada ona verilməsi lazım idi. Ancaq ona qətnamə verilməyib. Bundan başqa, bir icra bildirişi də almamışdır ki, qətnamədən xəbərdar olsun. Bu səbəblə 1 aylıq müddət axımı başlamayıb və o, bu müddəti ötürməmişdir. Onu da qeyd edir ki, haqqında apellyasiya şikayəti verdiyi qətnamə 2016 tarixlidir və e-kabinetində görsənmir. Bu iş ilə bağlı heç bir sənədi e-kabinet vasitəsilə görə bilmir. Qərardad qəbul edilməsi, qərardadın e-kabinetə yüklənməsi haqda bildiriş gəlir, ancaq heç bir sənəd açılmır.
14. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
15. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları:
16. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 135.6.-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
17. Həmin Məcəllənin 135.5-cı maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 18.Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.
19. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 128.1-cı maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir.
20. Həmin Məcəllənin 130.1-ci maddəsinin tələblərinə görə, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
21. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
22. Mülki Prosessual Məcəllənin 133.2-ci maddəsinə əsasən buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.) (Maddə 133.3)
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
24. Belə ki, iş materiallarından göründüyü kimi Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(009)-1356/2016 saylı qətnaməsi xx.xx.2017-ci il tarixdə qanuni qüvvəyə minmiş və icra edilməsi üçün müvafiq icra şöbəsinə göndərilmişdir. Hesabdan çıxarışdan görünür ki, xx.xx.2018-ci il tarixdən xx.xx.2025-ci il tarixədək Cavabdeh3 əmək haqqından kredit borcuna görə tutulmalar olmuşdur.
25. Cavabdeh3 isə apellyasiya şikayətinin verilməsi üçün müddətin bərpa edilməsinə dair ərizə ilə 7 ildən artıq vaxt keçdikdən sonra (2024-cü ildə) məhkəməyə müraciət etmişdir. 26.Kollegiya məhkəmənin mövqeyini əsaslı hesab edərək qeyd edir ki, xx.xx.2018-ci il tarixdən xx.xx.2025- ci il tarixədək Cavabdeh3 əmək haqqından kredit borcuna görə tutulmalar olmuş, bununla da cavabdehin məhkəmə qətnaməsinən məlumatlı olması öz təsdiqini tapmışdır.
27. “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.
28. Avropa Məhkəməsi də qərarlarında dəfələrlə vurğulamışdır ki, prosessual müddət ötürüldükdən sonra şikayət vermiş şəxs xüsusi diqqətlə, yəni mübahisələndirilən qərardan xəbərdar olduğu andan dərhal hərəkət etməlidir (Avropa Məhkəməsinin “Raihani – Belçikaya qarşı”, “Məmmədov və digərləri Rusiyaya qarşı” işlərdəki mövqeyi).
29. Avropa İnsan Hüquqları Məhkəməsinin “Maraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” işi üzrə 25 yanvar 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdır.
30. Beləliklə, üzürlü səbəblər müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyrimümkün edən elə hallardır ki, onların mövcudluğu tərəfə nəzərdə tutduğu prosessual hərəkəti etməyə imkan vermir və ya əhəmiyyətli dərəcədə çətinləşdirir. Odur ki, elə obyektiv və ya subyektiv halların mövcudluğu üzürlü səbəblər kimi qəbul edilə bilər ki, onların mövcudluğu şəxsə müvafiq prosessual hərəkəti etməyə mane olsun. Bir qayda olaraq şəxsin özünün və ya yaxın ailə üzvünün prosessual hərəkətin həyata keçirilməli olduğu dövr ərzində xəstə olması, xidməti ezamiyyətdə olma və s. kimi hallar üzürlü səbəblər kimi qəbul edilir.
31. Hazırki işin halları baxımından isə belə hallar mövcud deyildir. Belə ki, xx.xx.2018-ci il tarixdən xx.xx.2025-ci il tarixədək, 6 ildən çox müddət ərzində Cavabdeh3 əmək haqqından kredit borcuna görə tutulmaların olması cavabdehin mübahisələndirilən qətnamədən məlumatlı olmasını göstərir. Halbuki, cavabdeh qətnamdən apellyasiya şikayəti vermək üçün 1 aylıq müddəti ötürərək 2024-cü il tarixdə- 7 il sonra apellyasiya şikayəti ilə məhkəməyə müraciə etmişdir. Buna görə də kollegiya hesab edir ki, cavabdehin ərizəsində göstəridiyi dəlillər müddətin ötürülməsinin üzürlü səbəbləri hesab edilə bilməz. 32.Cavabdehin əmək haqqından tutulmaların bu işlə bağlı olmasını bilməməsi, haqqında başqa icra işinin olması ilə bağlı dəlillərini əsassız hesab edən kollegiya hesab edir ki, qeyd olunan hal hər hansı bir mötəbər sübutla öz təsdiqini tapmadığından mülahizə xarakterli olmaqla əsaslı hesab edilə bilməz.
33. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticəni qanuni və əsaslı hesab edərək qeyd edir ki,qətnamədən apellyasiya şikayəti verilməsi üçün müəyyənləşdirilmiş 1 aylıq müddət heç bir üzürlü səbəb olmadan ötürülmüş, cavabdeh tərəfindən ərizədə göstərilmiş hallar müddətinin ötürülməsinin üzürlü səbəbi kimi qəbul oluna bilməz.
34. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
35. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə R A R A A L D İ:
Şikayət təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1356/2016 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Fərrux Qasımov Musayeva Cəmilə