Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2915/2023 26.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ünvan Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-2915/2023 (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X6 və X4 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, Cavabdeh3un nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ünvan Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli 2(008)-807/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 26 aprel 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsi ilə Bakı şəhəri Zabrat-2 qəsəbəsi, Məmmədyarov küçəsi, 4A saylı evin yan tərəfindəki 2000 kv metr torpaq sahəsinə X3 mülkiyyət hüququ tanınaraq həmin torpaq sahəsinin onun adına sənədləşdirilməsi qət edilmiş, qətnamə icraya yönəldilmiş, lakin bu günədək icra edilməmişdir. X5 xx.xx.2015-ci il tarixdə ölmüşdür (751211 №-li ölüm haqqında şəhadətnamə). Onun oğlu, hazırki iş üzrə iddiaçı olan İddiaçı Bakı şəhəri 39 saylı notariat kontoruna etdiyi müraciəti əsasında vərəsəlik işi açılmış, İddiaçı atasının vərəsəsi kimi tanınmış, adıçəkilən torpaq sahəsinə dair Çıxarışın verilməsi üçün notarius tərəfindən DƏDRX-yə müraciət edilmişdir (notariusun xx.xx.2017-ci il tarixli, 286 №-li məktubu). Çıxarış bu günədək verilməmişdir. İddiaçını inzibati qaydada başqa bir məhkəmə çəkişməsi olmuşdur. Belə ki, İddiaçı cavabdeh Sabunçu rayon İcra Hakimiyyətinə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldlıraraq, həmin torpaq sahəsində inşa edilmiş tikililərin cavabdeh tərəfindən sökülməsi nəticəsində kompensasiyanın ödənilməsini istəmişdir. Bakı İnzibati Məhkəməsin xx.xx.2021-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir, həmin qərar Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmış, sonuncu qərar Azərbaycan Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ünvan Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Zabrat-2 qəsəbəsi, Məmmədyarov küçəsi, 4A saylı evin yan tərəfindəki 2000 kv metr torpaq sahəsinə dair Cavabdeh3 istifadəsinə verilməsinə dair müqavilənin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında verilmiş Çıxarışın ləğv edilməsi, eyni zamanda Cavabdeh3 ilə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi, cavabdehlərin mübahisəli torpaq sahəsindən və qeyriyaşayış sahələrindən məcburi qaydada öz hesablarına çıxarılması və iddiaçının həmin sahəyə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Zabrat-2 qəsəbəsi, Məmmədyarov küçəsi, 4A saylı evin yan tərəfindəki 2000 kv metr torpaq sahəsi Bakı şəhəri İcra Hakimiyyəti X2 ilə iddiaçının mərhum atası X5 arasında bağlanmış “Stasionar xidmət obyektinin təşkili haqqında” xx.xx.2006-cı il tarixli müqavilə əsasında 10 il müddətinə atasının icarəsinə verilmiş və Sabunçu rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2006-cı il tarixli qətnaməsi ilə atasının həmin torpaq sahəsinə mülkiyyət hüququnun tanınmaqla torpaq sahəsinin atasının adına rəsmiləşdirilməsi qət edilmişdir. Lakin atası həmin qətnamə əsasında 2000 kv metr torpaq sahəsinə mülkiyyət hüququna dair çıxarışı almamış vəfat etmişdir. X9 qeyd edilən torpaq sahəsində dəmir məmulatları istehsalı sexləri tikdirmiş və dövlət vergi orqanlarında qeydiyyatda dayanmaqla sahibkarlıq fəaliyyəti göstərmişdir. Eyni zamanda həmin torpaq sahəsinin yanındakı ərazidə rayon icra hakimiyyətinin rəhbərliyinin razılığı ilə əlavə olaraq sahəsi 74 kv metr, 21 kv.metr olan dəmir məmulatları istehsal edən digər sexlər tikdirmiş və həmin sexlərdə də sahibkarlıq fəaliyyəti göstərmişdir. Atam xx.xx.2015-ci ildə vəfat etmiş və iddiaçı vərəsəlik şəhadətnaməsi almaq üçün Bakı şəhəri 39 saylı notariat kontoruna müraciət etmiş və vərəsəlik işi açılmışdır. Eyni zamanda, Sabunçu rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsi icra edilməsi üçün Nərimanov rayon İcra Şöbəsinə göndərilmişdir. Yuxarıda qeyd edilən dəmir məmulatları sexlərini atası vəfat etdikdən sonra iddiaçı işlətmişdir. Vərəsəlik işi ilə bağlı olaraq notarius tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirlyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə sorğu verilsə də bu qurum cavab verməkdən imtina etmişdir. Eyni zamanda məhkəmə qərarının icrası həmin quruma göndərilsə də, bu qurum belə bir öhdəlik müəyyən edilmədiyi səbəbini əsas gətirməklə qərarın icrasından yayınmışdır. Hal-hazırda Reyestr Xidmətinin arayış verməməsi nəticəsində iddiaçı sözü gedən torpaq sahəsinə dair vərəsəlik hüququnu rəsmiləşdirə və faktiki olaraqaq mülkiyyət hüquqlarını qeydiyyata aldıra bilmir. Bu azmış kimi faktiki olaraq da öz mülkiyyətindən məhrum edilir. Belə ki, Sabunçu rayon icra Hakimiyyəti tərəfindən məhz zor güc işlədilməklə iddiaçıya məxsus qeyri-yaşayış sahələrindən çıxarılmışdır. Sonradan ona məlum olmuşdur ki, qeyd edilən torpaq sahəsi heç bir səbəb olmadan Cavabdeh3 ayrılmışdır. Bu zaman torpaq sahəsinin üzərində olan obyketlərə iddiaçının mülkiyyət hüququnun olması nəzərə alınmamışdır. Eyni zamanda Cavabdeh3 sonradan bu ərazini digər Cavabdeh1 satmışdır. Halbuki torpaq üzərində iddiaçının obyektrlərinin olması bu sahənin üçüncü şəxslərə deyil, ona verilməsi ilə bağlı iddiaçının üstünlük hüququm vardır
4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-807/2023 saylı, 26 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakim Tahirə Əsədova) iddia rədd edilmişdir.
5. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Torpaq Məcəllənin 67-ci maddəsinin 1-ci bəndi, 68-ci maddəsi, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
6. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.
7. Apelyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmışdır
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
9. Apellyasiya baxışında iştirak edən Cavabdeh3 nümayəndəsi-vəkili apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdi.
10. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdehlər məhkəmə iclasına gəlmədiklərindən işə onlarən iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Torpaq Məcəlləsi
11. Maddə 67. 1-ci bənd. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır, 3-cə bəndinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir, 4-cü bəndinə əsasən Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.
12. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
13. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
14. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
15. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
16. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
19. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
21. Məhkəmə Kollegiyası iş üzrə sübutlara, müəyyən edilmiş hallara qiymət verərək, iddianı rədd edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.
22. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçının iddia etdiyi 2000 kv metr torpaq sahəsinə dair yalnız məhkəmə qətnaməsi olmuşdur, həmin qətnamədə torpaq sahəsinə iddiaçının atasının mülkiyyət hüququ tanınmış və torpaq sahəsinin atasının adına rəsmiləşdirilməsi qət edilmişdir. Həmin mülki iş üzrə cavabdeh Sabunçu rayon İcra Hakimiyyətinin X1muşdur. «Torpaq sahəsinin X3 adına rəsmiləşdirilməsi» qət edilərkən, həmin torpaq sahəsinin cavabdeh X2 tərəfindən hansı qaydada rəsmiləşdirilməsi qət edilməmişdir. Qeyd edildiyi kimi, adıçəkilən qətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeyd aparılmamış və mülkiyyət hüququna dair Çıxarış verilməmişdir. Bunun əksi olaraq, Cavabdeh3 0,29 ha torpaq sahəsinə dair olan icarə hüququ dövlət qeydiyyatına alınmış və torpaq sahəsinin plan və ölçüsü tərtib edilmişdir. Bundan başqa, iddiaçının iddia etdiyi torpaq sahəsinin ünvanı «ünvan 1v metr torpaq sahəsi», Cavabdeh3 0,29 ha torpaq sahəsinin ünvanı «Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat- Maştağa yolu, sağ tərəfində 0,29 ha torpaq sahəsi» kimi qeyd edilmişdir. Həmin torpaq sahələrinin eyni sahə olmasının müəyyən edilməsi qeyri-mümkündür. Belə ki, iddiaçı iddia etdiyi torpaq sahəsini mücərrad ünvanı var, cavabdehə isə ayrılmış torpaq sahəsinin koordinatları göstərilməklə səlahiyyətli orqan tərəfindən bölgü sxemi tərtib edilmişdir.
23. Bundan başqa iş materiallarından görünür ki, İddiaçı cavabdeh Sabunçu rayon İcra Hakimiyyətinə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldlıraraq, həmin torpaq sahəsində inşa edilmiş tikililərin cavabdeh tərəfindən sökülməsi nəticəsində kompensasiyanın ödənilməsini istəmişdir. Bakı İnzibati Məhkəməsin xx.xx.2021-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir, həmin qərar Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmış, sonuncu qərar Azərbaycan Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. İddiaçının iddiasının məhkəmələr tərəfindən rədd edilməsinin hüquqi əsası ondan ibarət olmuşdur ki, iddiaçı iddia etdiyi torpaq sahəsinə olan hüququnu təsdiq edə bilməmişdir.
24. Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “11. Məhkəmədə işin faktiki halları və qeyd edilən sənədlər araşdırılarkən müəyyən edilmişdir ki, iddiaçı həqiqətən də X3 varisidir, lakin iddia ərizəsində göstərilən sexlərin yerləşdiyi torpaq sahəsi nə iddiaçının, nə də iddiaçının atası mərhum X3 qanuni istifadəsində və ya mülkiyyətində, o cümlədən icarəsində olmamışdır, habelə belə bir hüququn gözləntisi yoxdur. Belə ki, Bakı şəhəri, Zabrat-2 qəsəbəsi, Məmmədyarov küçəsi, 4A saylı evin yanında yerləşən 2000 kv metr torpaq sahəsinə X3 mülkiyyət hüququ tanınaraq həmin torpaq sahəsinin onun adına sənədləşdirilməsinin qət edilməsi haqqında Sabunçu rayon məhkəməsinin 2-1140/2006 nömrəli, xx.xx.2006-cı il tarixli qətnaməsi vaxtilə qəbul edilsə də, sonradan Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə həmin qətnamə ləğv edilmiş, Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(102)-7518/2018 nömrəli qərarı ilə apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həm apellyasiya instansiyası məhkəməsinin, həm də Azərbaycan Respublikasının Ali Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, Bakı şəhəri İcra Hakimiyyətinin X2nin iddia ərizəsində göstərilən torpaq sahəsi üzərində hər hansı bir sərəncam vermək, yaxud həmin torpağı kiminsə mülkiyyətinə vermək hüququ olmamışdır. Yəni iddiaçının torpaqla bağlı hüquqlarına cavabdehin hər hansı bir qanunsuz müdaxilə faktı müəyyən olunmur.
25. Beləliklə, iş materiallarında olan sənədlərin tədqiqi və işin faktiki halları ilə mübahisəli torpaq sahəsinin iddiaçıya məxsus olması təqdim olunmuş sübutlarla birmənalı şəkildə təsdiq olunmamışdır.
26. Məhkəmə kollegiyası qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
27. Eyni zamanda, kollegiya hazırki iş üzrə icraatın dayandırılması barədə iddiaçının vəsatəti əsassız hesab edərək ona münasibətdə qeyd edir ki, qanunverici məhkəmənin üzərinə iş üzrə icraatı dayandırmaq vəzifəsi qoyan (MPM-nin 254-cü maddəsi) və məhkəməyə belə hüququ verən (MPM-nin 255-ci maddəsi) konkret hallar müəyyən edərək, icraatın dayandırılması hallarını məcburi və qeyri-məcburi növlərə ayırır. İcraatın dayandırılmasının məcburi hallarından biri Mülki Prosessual Məcəllənin 254.1.4cü maddəsində nəzərdə tutulan - Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işin baxılmasının mümkün olmamasıdır. Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması, ümumiyyətlə, mümkün olmasın.
28. Konstitusiya Məhkəməsi Plenumunun Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair 25 mart 2004-cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmə prosesi zamanı elə hallar meydana çıxır ki, onlar mübahisənin operativ və obyektiv həll olunmasına mane olur. İcraatın dayandırılması qanunda göstərilən əsaslarla və məhkəmə icraatının davam etməsinə mane olan halların meydana çıxması ilə mümkündür. Belə vəziyyətdə mübahisənin həll olunması üçün müvəqqəti mane olan hallara başqa bir icraatda aydınlıq gətirilənə qədər həmin iş üzrə icraat dayandırılır. İş üzrə icraatın dayandırılması - məhkəmə və ya inzibati orqan tərəfindən işə baxılmasının qeyri-mümkünlüyünün müəyyən edildiyi halda işin icraatının dayandırılması üçün başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir. İşə baxan bütün məhkəmələr tərəfindən hər hansı bir iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya hökmü ilə müəyyən edilmiş faktlar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır.
29. Yuxarıda qeyd olunduğu kimi hazırki mübahisədən qabaq da iddiaçı iddianın predmetini təşkil edən torpaq sahəsi ilə bağlı mübahisələr açmış və məhkəmələr tərəfindən yuxarıda qeyd olunan və hazırki işə birbaşa təsir edən hallar artıq müəyyən olunmuşdur.
30. Beləliklə, qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
31. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-807/2023 saylı iş üzrə 26 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumu məbəği onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Rafael Eyvazov Günay Axundova