Məhkəmə qərarları › İş №2(103)-2916/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2916/2021

28.04.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2916/2021 28.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və Əhmədov Həsən Hüseyn oğlundan ibarət tərkibdə, Bayramova Fidan Rafiq qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə2 oğıunun, Cavabdeh1 nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 46 saylı Notariat Kontoruna qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 noyabr 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, Cavabdeh1 ilə arasında bağlanmış 27.11.2018-ci il tarixli ünvan 1 ünvanında yerləşən 71 saylı mənzilə dair bağışlama müqaviləsinin etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə iddia rədd olunmuşdur. İddiaçı, apelyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, cavabdeh və iddiaçının qardaşı Cavabdeh3 arasında mütəmadi olaraq Sumqayıt şəhəri Novxanı bağ massivi ünvanında yerləşən 3484C saylı bağ evi və uşaqların alimenti ilə bağlı mübahisə yarandığından və bu mübahisələr tez-tez hüquq mühafizə orqanlarının işə qarışması ilə nəticələndiyindən birgə nikahdan olan uşaqların daha sağlam mühitdə yetişməsi və davamlı olaraq baş verən mübahisələrə son qoyulması məqsədi ilə iddiaçı Cavabdeh1 ilə görüşmüş və onun xahişini nəzərə alaraq bağ evindəki hissəsindən və alimentdən imtina qarşılığında ona müstəqil bir mənzil verilməsinə razılıq vermişdir. Cavabdeh mübahisəli mənzilin öz adına keçirilmədiyi müddətcə ora köçməyəcəyini bildirdiyi üçün iddiaçı, 2012-ci il təvəllüdlü Elif Mirzəyevanın məktəbə getməsi yubanmasın deyə cavabdehin ümumi birgə payından imtinasını gözləmədən mübahisəli mənzili bağışlamışdır. Bu məqsədlə 27.11.2018-ci il tarixdə İddiaçı 46 saylı notariat kontorunda mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 71 saylı mənzili bağışlama müqaviləsi əsasında cavabdehə bağışlamış, Cavabdeh1 isə dərhal Yasamal rayon İcra və Probasiya şöbəsinə gedərək alimentdən imtina etdiyi barədə ərizə yazmışdır. Cavavdeh ½ hissəsi mülkiyyətində olan bağ evini bağışlanması ilə bağlı isə iddiaçıya bildirmişdir ki, həm bağ evinin sənədləri anasının evindədir, həm də indi o, bağışlamanın rəsmiləşdirilməsi üçün əmlak vergisini ödəmək iqtidarında deyil, lakin qısa müddətə bağışlama edəcəkdir. Tərəflərin münasibəti çox yaxşı olmuş və bir-birinə qarşılıqlı etimad etmişlər. Bu səbəbdən də o, məsələnin qısa zamanda həll edilməsi üçün israr etməmiş və məsələnin üstünə ciddi düşməmişdir. Lakin cavabdehin 2019-cu ilin iyul ayında Nizami Rayon Məhkəməsinə müraciət edərək alimentin artırılmasını tələb etdiyini və məhkəmənin qətnaməsi ilə iddia təmin edilərək icraya yönəldiyini öyrəndikdən sonra üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyini görərək, bağ evi üzərindəki hissəsi ilə bağlı bağışlama müqaviləsinin bağlanmısını təklif etmiş, lakin rədd cavabı almışdır. Onlar arasında müxtəlif vaxtlardakı danışıqlarda cavabdeh bağ evi üzərindəki payını iddiaçıya verəcəyini, iddiaçının qardaşının hərəkətləri səbəb ilə onları cəzalandırmaq məqsədi ilə ümumi birgə paydan imtina etdiyini bildirmişdir. Həmçinin, məhkəmə iclas bitdikdən dərhal sonra iddiaçıya qətnamə tam halda təqdim edilmiş, hakim tərəflərin izahatını dinləməmiş, mövqeyini dəqiqləşdirmiş və məhkəmə prosesi başlamamışdan qabaq qətnamə yazılmışdır. Bakı Apelyasiya Məhkəməsinin 18 fevral 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilərək, Səbail Rayon Məhkəməsinin 21 noyabr 2019-cu il tarixli qətnaməsi ləğv, iddia təmin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli qərarı ilə, cavabdehin anın kasasiya şikayəti qismən təmin edilərək, Bakı Apelyasiya Məhkəməsinin 18 fevral 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi, apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətinin təmin olunmasını xahiş etdilər. Cavabdehin nümayəndəsi isə, apelyasiya şikayətinə etiraz edərək, çikayətin rədd olunmasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kollegiya, tərəfləri dinləyib, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. İşdə olan sənədlərdən görünür ki, iddiaçının qardaşı Cavabdeh3lə Cavabdeh1 20.11.2009-cu il tarixdə nikaha daxil olmuş, birgə nikahlarından 17.12.2012-ci il tarixdə Elif, 23.12.2014-cü il tarixdə Uğur adlı uşaqları dünyaya gəlmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29.04.2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh1 iddiası qismən təmin olunaraq nikahlarının pozulması, uşaqların analarının yanında qalmaları, yetkinlik yaşına çatanadək onların saxlanılmaları üçün Cavabdeh3 hər ay sabit pul məbləğində (hər uşaq üçün 117 manat) alimentin tutulması, habelə Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında yerləşən 3484C saylı bağ evinin üzərində Cavabdeh1 1/2 hissədə pay hüququnun müəyyən olunması qərara alınmışdır. 23.10.2017-ci il tarixdə Cavabdeh1, ərizə ilə Yasamal rayon İcra və Probasiya şöbəsinə müraciət edərək, razılaşma əldə etdikləri üçün alimentdən imtina etdiyini və icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri 46 saylı notariat kontorunun xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş 27 noyabr 2018-ci il tarixli “daşınmaz əmlakın bağışlanması müqaviləsi”nə əsasən isə İddiaçı tam mülkiyyət hüququ əsasında özünə məxsus ünvan 5 ünvanında yerləşən 111 saylı mənzili Cavabdeh1 bağışlamışdır. Bundan sonra Cavabdeh1 “aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin 06.08.2019cu il tarixli qətnaməsi ilə Yasamal Rayon Məhkəməsinin 13 iyun 2017-ci il tarixli qətnaməsi dəyişdirilərək Cavabdeh3 qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 160 manat olmaqla cəmi 320 manat alimentin Cavabdeh1 xeyrinə tutulması qət edilmişdir. Hazırda iddiaçı, mülkiyyətçisi olduğu mənzili məhz Novxanı bağ massivi ünvanında yerləşən 3484C saylı bağ evinin Cavabdeh1 məxsus 1/2 hissənin bağışlanması, habelə alimentdən imtinanın qarşılığında cavabdehə hədiyyə etdiyini bildirərək, aralarında bağlanmış 27.11.2018-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsini tələb edir. Cavabdeh isə mübahisəli mənzilin hər hansı bir şərt əsasında bağışlanmadığını, bu halın bağışlama müqaviləsindən də aydın şəkildə göründüyünü, habelə iddiaçının cavabdehin uşaqlarının əmisi olması səbəbindən mənzilin heç bir şərt olmadan hədiyyə edilməsinin normal bir hal olduğunu bildirməklə iddiaya etiraz edir. Ali Məhkəmə, işi yeni apelyasiya baxışına göndərərkən 27.10.2020-ci il tarixli qərarında vurğulamışdır ki, hazırkı halda, cavabdehin bağaşlama müqaviləsinə əsasən üzərinə hər hansı öhdəlik götürməsi, habelə iddiaçının sözügedən mənzili cavabdehə məhz Novxanı bağ massivində yerləşən 3484 “C” saylı bağ evinin ona məxsus olan 1/2 hissəsini ona bağışlaması, habelə qardaşı Cavabdeh3 qarşı olan “aliment tələbindən” imtina etməsi şərti ilə bağışlaması açıq-aşkar mülki iş materialları ilə təsdiq olunmur. Belə ki, cavabdeh 23 oktyabr 2017-ci il tarixdə Yasamal rayon İcra və Probasiya şöbəsinə müraciət edərək, aliment tələbinə dair icra sənədi üzrə icraata xitam verilməsini xahiş etdiyi halda, iddiaçı mənzili 27 noyabr 2018-ci il tarixdə, yəni sözügedən ərizənin verilməsindən 1 il, 1 ay sonra cavabdehə bağışlamışdır. Digər tərəfdən, mənzil cavabdehə bağışladığı halda, iddiaçının ötən 10 ay müddət ərzində Novxanı bağ massivində yerləşən 3484 “C” saylı bağ evinin cavabdehə məxsus olan 1/2 hissəsini onun adına keçirməsi barədə məhkəmədə hər hansı mübahisə açmaması, hazırki iddia tələbi ilə məhkəməyə yalnız 30 sentyabr 2019-cu il tarixdə müraciət etməsi də iddianın əsaslı olması qənaətinə gəlməyə əsas vermir. Eyni zamanda, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə, məsələn: notarial qaydada təsdiq edilmiş bağışlama müqaviləsi; hüquqların dövlət qeydiyyatı haqqında çıxarışla təsdiq edilməli olan hazırki işin halları başqa sübutlarla, o cümlədən şahid ifadələri, “Whatsapp” yazışmaları, səs yazıları və sair ilə təsdiq oluna bilməz. Bundan başqa, apelyasiya instansiyası məhkəməsi, iddiaçının bağışlama müqaviləsi bağlanması məqsədilə cavabdeh tərəfindən aldadıldığını göstərsə də, gəldiyi nəticəni qətnamədə kifayət qədər əsaslandırmayıb. Kollegiya, kassasiya instansiya məhkəməsinin mövqeyini nəzərə alaraq, mübahisənin hüquqi həlli ilə bağlı qeyd edir ki, iddia tələbi bağışlama müqaviləsinin etibarsızlığı ilə bağlı olduğundan müqavilələrin, ümumilikdə isə əqdlərin bağlanması və etibarsızlığı ilə əlaqədar qanunvericilik müddəalarının təhlilinin aparılması zəruridir. Belə ki, Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələrinə əsasən əqd, mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bağışlama müqaviləsi ikitərəfli əqdin bir növü olmaqla, əmlaka mülkiyyət hüququnun və ya bəzi əmlak hüquqlarının hədiyyə verəndən hədiyyə alana keçməsində ifadə olunur. Bir qayda olaraq, bağışlama müqaviləsini bağlamaq niyyəti hədiyyə verən və hədiyyə alan arasında yaranmış şəxsi münasibətlərin təsiri altında yaranır. Həmin Məcəllənin 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 670.1-ci və 670.3-cü maddələrinə əsasən, bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yerilməsindən asılı edilə bilər. Bağışlama müqaviləsinə uyğun olaraq hədiyyə verən və ya onun vərəsələri məhkəməyə o, vaxt iddia verə bilərlər ki, hədiyyə alan müqavilə üzrə götürdüyü öhdəliyi icra etməsin və ya lazımınca icra etməsin. Mülki Məcəllənin 337.1-ci və 339-cu maddələrinə əsasən, qanunvericiliklə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən suiistifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər. Həmçini, Kollegiya qeyd edir ki, Mülki Məcəllənin 404.1-ci maddəsinə görə, müqavilə şərtlərini təfsir edərkən təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Mülki Məcəllənin 404.2-ci maddəsinə görə isə, bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Baxılan işin faktiki hallarından görünür ki, tərəflər arasında bağlanmış 27.11.2018-ci il tarixli müqavilədə hər hansı bir qeyd-şərt nəzərdə tutulmuş olmasa belə, bir şəxsin öz əmlakını qardaşının əvvəlki (boşanmış olduğu) arvadına bağışlaması məntiqli deyildir; əksinə tərəflər arasında həmin müqaviləyə qədərki danışıqlar və yazışmalar, onların qarşılıqlı münasibətləri və tərəflərin sonrakı hərəkətləri təhlil edildikdə mənzilin şərtə (öhdəliyə) bağlı olaraq bağışlandığı və məhz həmin şərtin iddiaçının iradəsinin formalaşmasına təsir etdiyi, başqa sözlə onu yanıltdığı nəticəsinə gəlmək mümkündür. Mübahisələndirilən bağışlama müqaviləsinin bağlandığı Bakı şəhəri 46 saylı notariat kontorunun notariusu Tamilla Kərimova da əvvəlki apelyasiya icraatında məhkəməyə ünvanladığı, eyni zamanda 27.04.2021-ci tarixli X/476 saylı məktubunda bildirmişdir ki, İddiaçı ona yaxınlaşaraq Cavabdeh1 Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 3484C saylı bağ evinin ona məxsus hissəsindən imtina etməsi müqabilində ona öz mənzilini bağışlamaq istədiyinin demiş, onlara bu iki şərtin bir müqavilədə əks olunmasının mümkün olmadığını, mənzilin bağışlamasının və bağ evindəki paydan imtinanın iki ayrı müqavilə şəklində rəsmiləşdiriləcəyini bildirmiş, tərəflər bununla razılaşmış, bağ evi ilə bağlı sənədlərin tam olmaması, həmçinin əmlak vergisinin ödənilməsinin tələb olunması səbəbilə sadəcə mənzilin bağışlanması rəsmiləşdirilmiş, bağ evindəki hissənin bağışlanması daha sonraya qalmışdır. Həmçinin “Whatsapp” şəbəkəsi üzərindən tərəflər arasında aparılan yazışmalar və səs yazıları ilə cavabdehin “bağda gözüm yoxdur”, “mən sənə söz vermişəm bağı verəcəm sizə”, “Allah da bilir mən bağ istəmirəm, mənim niyyətim qardaşını cəzalandırmaqdır” yazmış olduğu, onun (Cavabdeh1) anasının iddiaçıya göndərdiyi “Whatsapp” mesajından isə mənzilin Nigarın bağ evindən imtina qarşılığında bağışlandığı və bu şəkildə hərəkət etməsinin doğru olmadığını Nigara bildirdiyini ifadə etdiyi müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçı cavabdehin bağ evi üzərindəki payını ona hədiyyə etməyəcəyini bilsə idi, 27.11.2018-ci il tarixli bağışlama müqaviləsini bağlamayacağından Mülki Məcəllənin 339.2-ci maddəsinə görə həmin əqdi mübahisələndirməkdə haqlı olmuşdur. Mülki Məcəllənin 339.2-ci və 339.6-cı maddələrinə görə, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Birinci instansiya məhkəməsi isə yuxarıda qeyd edilən halları nəzərə almadan, maddi və prosessual hüquq normalarını pozaraq iddia tələbinin təmin olunmaması barədə əsassız qətnamə çıxarmışdır. Ona görə də, iddiaçının apelyasiya şikayəti təmin olunmaqla, qətnamə ləğv edilərək, iddia təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2886/2019 saylı iş üzrə 21 noyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin olunsun. ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 63.73 m2 olan mənzilə dair İddiaçı ilə Cavabdeh1 arasında 27 noyabr 2018-ci il tarixində bağlanmış, reyestrdə 4Ə-522 nömrəsi ilə qeydə alınmış “Daşınmaz əmlakın bağışlanması müqaviləsi” etibarsız hesab edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar