Məhkəmə qərarları › İş №2(103)-2919/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2919/2021

07.05.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2919/2021 07.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, İddiaçı vəkili Vəkil, cavabdeh ləğv prosesində olan “xxxx” ASC-nin nümayəndəsi X3, 3-cü şəxs “xxxx” ASC-nin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdehlər “xxxx” Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh2 qarşı (3-cü şəxs “xxxx” ASC cəlb edilməklə) “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbi barədə” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin, 2(004)-4360/2019 saylı, 19.08.2019 tarixli qətnaməsindən cavabdeh “xxxx” ASC-nin və müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” ASC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin halları: İş üzrə iddiaçı, iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh “xxxx” ASC ilə Cavabdeh2 arasında bağlanmış 23.06.2014-cü il tarixli 100.CL.230614.00001/i və 100.CL.230614.00001/j saylı “İpoteka müqavilələrinin” etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh2 ilə 22 may 2004- cü ildə rəsmi nikahdan keçərək ailə həyatı qurmuşdur. Hal-hazırda da bir ailədə yaşayaraq, birgə təsərrüfatı idarə edirlər. Birgə nikah dövründə əldə etdikləri ünvan 1 ünvanda yerləşən 0,13 ha torpaq sahəsi olan 1 mərtəbəli, 3 otaqlı, 57,6 kv.m yaşayış, 120,5 kv.m köməkçi sahəsi olan bağ evini ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla tam mülkiyyət hüququ ilə 18 may 2008-ci il tarixdə almışlar. Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 94, mənzil 44-də yerləşən 46,75 yaşayış sahəsi, 59,75 kv.m ümumi sahəsi olan 2 otaqlı mənzili 25 may 2007-ci il tarixdə almışlar. Həyat yoldaşı Cavabdeh2 onun xəbəri və iştirakı olmadan onun mülkiyyətində olan yuxarıda göstərilən xüsusi mülkləri, cavabdehin “xxxx” ASC-nin bağladığı 23.06.2014-cü il tarixli 100LN**********00001 saylı kredit müqaviləsi üzrə öhdəlikləri yerinə yetirilməsi məqdəsi ilə 100CL********** ipoteka müqaviləsi ilə yüklü etdirmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 may 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, X2 və “X9" MMC-yə qarşı kreditin qaytarılması və tələbin girov predmetlərinə yönəldilməsinə dair iddiası qismən təmin edilərək, 164.388,88 manat əsas borc, müqavilə müddəti üçün 14.585,34 manat faiz borcu və 100 manat cərimə borcu, cəmi 179.074,22 manat və dövlət rüsumunun ödənilməsi ilə əlaqədar məhkəmə xərcinə görə 30 manatın cavabdehlər Cavabdeh2, X2 və “X9” MMC-dən müştərək qaydada tutularaq iddiaçı banka ödənilməsi qət edilmişdir. Həmin qətnamə ilə tutma Cavabdeh2 məxsus Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 94 saylı evin 44 saylı mənzilinə və ünvan 1ndə olan 0.13 ha torpaq sahəsində yerləşən bağ evinə, habelə “X9" MMC-yə məxsus, 1 ədəd “Konkasar Dik Milli Kırıcı”, 1 ədəd “G09 Besleyici”, 1 ədəd “Kİ2 Jaw Crusher”, 1 ədəd “X7” və 1 ədəd “Kİ2 Jaw Crusher” maşınlarına yönəldilərək, ipoteka və girov predmetlərinin açıq hərracdan satılması, mənzilin ilkin satış qiymətinin 105.000 manat, bağ evinin ilkin satış qiymətinin isə 410.000 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Qətnamədən qətnamə icraya yönəldikdə xəbəri olmuş, onun qanunla qorunan mülkiyyət hüququnun pozulması baş vermişdir. Həyat yoldaşı Cavabdeh2 ilə onun birgə mülkiyyətində olan Bakı şəhəri, A.M.Şərifzadə küçəsi, ev 94, mənzil 44- də yerləşən mənzil və ünvan 1ndə yerləşən bağ evini onun razılığı və iştirak olmadan ipoteka müqaviləsi ilə yüklü etməsi və müqavilə bağlaması qanunsuz olduğundan etibarsız hesab edilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin, 2(004)-4360/2019 saylı, 19.08.2019 tarixli qətnaməsi ilə iddia təmin edilmiş, “xxxx” ASC ilə Cavabdeh2 arasında bağlanmış 23.06.2014-cü il tarixli 100.CL.230614.00001/i saylı və 23.06.2014-cü il tarixli 100.CL.230614.00001/i saylı ipoteka müqavilələrinin etibarsız hesab edilməsi, ödənilmiş 10 (on) manat dövlət rüsumunun 5 (beş) manatının “xxxx” ASC-dən, 5 (beş) manatının isə Cavabdeh2 tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir (Sədirlik edən: Günay Axundova). Qətnamədən cavabdeh “xxxx” ASC-nin və müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” ASC ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin, 2(004)-4360/2019 saylı, 19.08.2019 tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişlər. Apellyasiya şikayətləri və dəlilləri: Cavabdeh “xxxx” ASC-nin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsi iş üçün əhəmiyyət kəsb edən bir çox faktiki halları araşdırmamış, nəticədə qeyri-obyektiv və qərəzli qətnamə qəbul etmişdir. Cavabdeh2 23.06.2014-cü il tarixdə Cavabdeh1 ASC tərəfindən 450.000 manat kredit verilmiş və həmin tarixdə mübahisəli əmlaklara dair ipoteka müqavilələri bağlanmışdır. 2004-cü ildən birgə nikahda olan, eyni ünvanda yaşayan ər-arvadın bir-birindən xəbərsiz iri məbləğli kredit götürməsindən, əmlaklarını ipotekaya qoymasından iddiaçının məlumatsız olması absurddur və həqiqətə uyğun deyil. Bundan başqa, borcun tutulması və tutmanın ipoteka əmlaklarına yönəldilməsi tələbinə dair Yasamal Rayon Məhkəməsinin icraatında olan iş üzrə keçirilmiş məhkəmə iclasları barədə dəfələrlə arvadı ilə birgə yaşayan iddiaçının qeydiyyat ünvanına bildirişlər göndərilmişdir. Bundan əlavə, məhkəmə tərəfindən qiymətləndirmə ekspertizası təyin edilmiş, 14.02.2018-ci il tarixdə ekspert ipoteka əmlaklarının yerləşdiyi ünvanlarda, o cümlədən iddiaçının faktiki yaşadığı bildirilən bağ evində olmuş, əmlakın fotoşəkillərini çəkmişdir. 21.05.2018-ci il tarixdə isə Yasamal Rayon Məhkəməsi tərəfindən qətnamə qəbul edilərək iddiaçının ünvanına göndərilmişdir. Bundan sonra işə Bakı Apellyasiya Məhkəməsində və Ali Məhkəmədə baxılmışdır. İddiaçı bildirir ki, Ali Məhkəmənin qərarı onların faktiki yaşadığı Abşeron rayonundakı bağ evinin yerləşdiyi ünvana gəldikdən sonra əmlaklarının ipoteka qoyulmasından məlumatı olub. Bütün məhkəmə bildirişlərinin bu şəxsin qeydiyyat ünvanına, lakin Ali Məhkəmənin qərarı isə faktiki yaşadıqları bağ evinin ünvanına göndərilməsi inandırıcı deyil. Hazırki iddia uydurmadır və öhdəliklərin icrasından yayınmaq məqsədi daşıyır. İpoteka müqaviləsi bağlanarkən iddiaçının razılıq ərizəsinin alınmamasının səbəbi bu olmuşdur ki, Cavabdeh2 subay olduğu qeyd olunan etibarsız şəxsiyyət vəsiqəsi təqdim etmiş, notariusda ərizə verərək subay olduğunu bildirmiş və evli olduğunu qəsdən gizlətmişdir. Göründüyü kimi saxta sənəddən istifadə etdiyi üçün Cavabdeh2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320-ci maddəsinin tərkib əlamətləri vardır. Odur ki, Rayon Məhkəməsi işə obyektiv baxmamış, işin hallarını tam araşdırmamış, qərəzli qətnamə qəbul etmiş və maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” ASC-nin apellyasiya şikayəti və ona əlavəsi onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsi tərəfindən iş üzrə tam və hərtərəfli araşdırma aparılmamışdır. İddiaçı ilə Cavabdeh2 birgə nikahda olmaları dəqiq deyil. Rayon Məhkəməsinin iddiaçının təqdim etdiyi 2004-cü il tarixli nikah şəhadətnaməsinin surətinə əsaslanaraq tərəflərin bugünədək fasiləsiz nikahda olmalarını müəyyən etməsi əsaslı sayıla bilməz. Belə ki, onlar 2004-cü ildə nikaha daxil olub 2014-cü ildə ipoteka müqaviləsi bağlanmazdan əvvəl boşana da bilərdilər. 23.06.2014-cü il tarixdə ipoteka müqavilələri bağlanarkən bu şəxslərin birgə nikahda olmaları barədə notariat işlərində heç bir sübut yoxdur. Lakin Rayon Məhkəməsi bu halın aydınlaşdırılması üçün müvafiq qurumlara sorğular verilməsi barədə vəsatətlərə baxmamış, kifayət qədər əsas olmadan təkcə nikah şəhadətnaməsinin surətinə əsaslanaraq tərəflərin nikahda olmasını müəyyən etmişdir. Halbuki, notariat işində olan sənədlərdən görünür ki, Cavabdeh2 subay olması faktı notariat qurumunun vəzifəli şəxsi tərəfindən elektron qaydada yoxlanaraq onun imzası ilə təsdiq edilmişdir. Notariusun Cavabdeh2 subay olması barədə məlumatı əsasında hərəkət edən Bank vicdanlı alıcı (ipoteka saxlayan) sayılır. Həmçinin “xxxx” ASC 2016-cı ildə bağlanmış müqaviləsi əsasında Cavabdeh2 qarşı pul və ipoteka tələbini Cavabdeh1 ASC-dən alarkən ipoteka müqaviləsinin mümkün qanunsuzluğundan xəbərsiz idi. Bundan əlavə, Rayon Məhkəməsi, Cavabdeh2 və ipoteka müqaviləsinin etibarsızlığına səbəb olmuş vəzifəli şəxslərin əməlinə heç bir hüquqi qiymət verməmişdir. Cavabdeh2 əməlində dələduzluq cinayətinin əlamətləri vardır. Həmçinin birgə nikah faktını gözardı etmiş notariat ofisinin və Cavabdeh2 “subay” statusu ilə şəxsiyyət vəsiqəsi vermiş Yasamal RPİ-nin vəzifəli şəxslərinin də əməlində cinayətin əlamətləri vardır. Əlavə olaraq, “xxxx” ASC, Cavabdeh2 və başqalarına qarşı məhkəməyə müraciət edərək 23.06.2014-cü il tarixli kredit müqaviləsi üzrə borcun cavabdehlərdən tutulması və tutmanın Cavabdeh2 məxsus mənziləl və bağ evinə yönəldilməsini xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin 21.05.2018-ci il tarixli qətnaməsi ilə bankın iddiası təmin edilmiş, borcun yuxarıda qeyd olunan ipotekalar satılmaqla ödənilməsi qət edilmişdir. Həmin qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən qüvvədə saxlanılmışdır. Qeyd olunan məhkəmə aktları və orada müəyyən olunmuş hallar hazırki iş üzrə preyudisial əhəmiyyət daşıyır. Həmin qətnamələrdə 23.06.2014-cü il tarixli ipoteka müqavilələri məhkəmə baxışının predmeti olmuş, nəticədə müqavilələr qanuni və mötəbər sənəd sayılaraq həmin müqavilələrin predmeti olan ipoteka predmetlərinə tutma yönəldilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1383/2020 saylı, 28 fevral 2020-ci il tarixli qətnaməsi ilə, apellyasiya şikayətlərinin təmin edilməsi və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin, 2(004)- 4360/2019 saylı, 19.08.2019 tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən: Məmməd Məmmədov, hakimlər: Şeyda Məhrrəmova, Elşad Şamayev). Həmin qətnamədən 3-cü şəxs “xxxx” ASC kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1383/2020 saylı, 28 fevral 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5274/2020 saylı, 24 noyabr 2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1383/2020 saylı, 28 fevral 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır (Sədrlik edən: Vüqar Həsənov, hakimər: Əhməd Əhmədov, İlqar Dəmirov). Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən İddiaçı vəkili Vəkil apellyasiya şikayətlərinin dəlillərinə etiraz edərək, şikayətlərinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kollegiya iclasında iştirak edən cavabdeh ləğv prosesində olan “xxxx” ASC-nin nümayəndəsi Ü.Xəlilova apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Kollegiya iclasında iştirak edən 3-cü şəxs “xxxx” ASC-nin nümayəndəsi S.Qasımov apellyasiya şikayətini müdafiə edərək, qətnamənin ləğv edilməsini xahiş etdi. İşə baxılasının vaxtı və yeri barədə digər Cavabdeh2 lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin şəxs kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən digər cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, cavabdeh “xxxx” ASC-nin və müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” ASC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməli, iddia tələbi rədd edilməlidir. Sübutların tədqiqi: Belə ki, “xxxx” ASC ilə Cavabdeh2 arasında bağlanmış 23.06.2014-cü il tarixli, 100.LN.2105.230614.00001 saylı “Kredit müqaviləsinə” əsasən, kreditor olan “xxxx” ASC tərəfindən borcalana olan Cavabdeh2 450.000 manat məbləğində kredit ayrılmış, borcalan isə həmin kreditə görə illik 22% olmaqla hər ayın 23-dən gec olmayaraq kreditora faizləri ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan 23.06.2014-cü il tarixli, 100.LN.2105.230614.00001 saylı kredit müqaviləsinə 1 saylı əlavəyə əsasən, kreditor (“xxxx” ASC) tərəfindən borcalana (Cavabdeh2) illik 22% olmaqla hər ayın 23-dən gec olmayaraq ödəmək şərtilə 24 ay müddətinə 450.000 manat məbləğində kredit ayrılmış, 450.000 manat məbləğində əsas məbləğ, 110.284,07 manat məbləğində faizlər, ümumilikdə isə 560.284,07 manat məbləğində ödəniş müəyyən edilmişdir. İş materiallarında olan 23.06.2014-cü il tarixli, 100.CL.230614.00001/i saylı “İpoteka müqaviləsinə” əsasən, tərəflər arasında bağlanmış 23.06.2014-cü il tarixli, 100.LN.2105.230614.00001 saylı kredit müqaviləsinin icrasını təmin etmək məqsədilə qeyd olunan ipoteka müqaviləsinə 1 saylı əlavədə göstərilən mənzili ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. 23.06.2014-cü il tarixli, 100.CL.230614.00001/i saylı “İpoteka müqaviləsinə əlavədən” görünür ki, həmin mənzil mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 25.05.2007-ci il tarixdə qeydiyyata alınmışdır. “xxxx” ASC ilə Cavabdeh2 arasında bağlanmış 23.06.2014-cü il tarixli, 100.CL.230614.00001/j saylı “İpoteka müqaviləsinə” əsasən, tərəflər arasında bağlanmış 23.06.2014-cü il tarixli, 100.LN.2105.230614.00001 saylı kredit müqaviləsinin icrasını təmin etmək məqsədilə qeyd olunan ipoteka müqaviləsinə 1 saylı əlavədə göstərilən bağ evini ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Hüquqi dəyərləndirmə: “xxxx” ASC ilə Cavabdeh2 arasında bağlanmış 23.06.2014-cü il tarixli, 100.LN.2105.230614.00001 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 bankdan kredit götürmüş və “xxxx” ASC ilə Cavabdeh2 arasında bağlanmış 23.06.2014-cü il tarixli, 100.CL.230614.00001/i saylı ipoteka müqaviləsinə əsasən, tərəflər arasında bağlanmış 23.06.2014-cü il tarixli, 100.LN.2105.230614.00001 saylı kredit müqaviləsinin icrasını təmin etmək məqsədilə qeyd olunan ipoteka müqaviləsinə 1 saylı əlavədə göstərilən Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində istifadədə olan 0,0764 ha. torpaq sahəsində yerləşən 94 nömrəli, 5 mərtəbəli binada 59,75 kv.m. ümumi, 46,75 kv.m. yaşayış sahəsindən ibarət 44 nömrəli mənzil bank qarşısında ipoteka ilə yüklü edilmişdir. 23.06.2014-cü il tarixli, 100.CL.230614.00001/i saylı ipoteka müqaviləsinə əlavəyə görə, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 94, 44 nömrəli mənzil mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 427 nömrəli reyestr kitabının 39668 nömrəli vərəqində 25 may 2007-ci il tarixdə qeydiyyata alınmışdır. “xxxx” ASC ilə Cavabdeh2 arasında bağlanmış 23.06.2014-cü il tarixli, 100.CL.230614.00001/j saylı ipoteka müqaviləsinə əsasən, tərəflər arasında bağlanmış 23.06.2014-cü il tarixli, 100.LN.2105.230614.00001 saylı kredit müqaviləsinin icrasını təmin etmək məqsədilə qeyd olunan ipoteka müqaviləsinə 1 saylı əlavədə göstərilən ünvan 1ndə mülkiyyətində olan 0,13 ha. torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 57,6 kv.m. yaşayış, 120,5 kv.m. köməkçi sahədən ibarət bağ evi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Kassasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qərarında göstərilmişdir ki, «İşə ittiham aktının əlavə olunmasına baxmayaraq apelyasiya instansiya məhkəməsi həmin cinayət işi və ya iş üzrə qəbul olunmuş yekun məhkəmə aktını tələb edərək öyrənməmiş və bununla da faktiki olaraq iddianın təmin olunmasının əsasları kimi yalnız iddiaçı tərəfin mülahizələrinə əsaslanmışdır». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. İşə yenidən apellyasiya qaydasında baxılarkən kasassiya instansiyası məhkəməsinin göstərişlərinə müvafiq araşdırma zamanı sözügedən cinayət işi üzrə yekun məhkəmə aktı nəzərdən keçirilmişdir. 1(101)-151/2020 saylı, 05.08.2020-ci il tarixli hökmdən və iş materiallarında olan ittiham aktında olan təqsirləndirilən şəxs X1 ifadəsindən (i.v. 225) görünür ki, «… İkinci dəfə isə 2017-ci ilin qış ayında Türkiyə Respublikasına getmiş və orada şirkət yaradaraq restoran açaraq təmir işlərinə başlamışdır. Həmin ərəfədə Şadiyyə xanım əri ilə ora gəlmiş və o da onları qarşılayaraq otelə yerləşdirmiş və Şadiyyə xanım onun təmir apardığı restoranına gələrkən xeyri–dua vermişdir.». Qeyd edilən hallara əsasən, kollegiya hesab edir ki, mübahisələndirilən müqavilələrin 2014-cü ildə bağlanması nəzərə alındıqda və 2017-ci ildə iddiaçının öz həyat yoldaşı ilə birlikdə Türkiyə Respublikasına gedərək istinad olunan şəxslə görüşməsi və iddiaçının həyat yoldaşı ilə (Cavabdeh2) T.Bayraməliyev arasında pul mübahisələrinin olması halında iddiaçının hazırkı müqavilələrin mövcudluğundan məlumatlı olmaması inandırıcı deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə görə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Kollegiya həmçinin qeyd edilməsini zəruri hesab edir ki, hazırki işin hallarına əsasən, tərəflər birgə yaşayır və birgə təsərrüfat idarə edirlər. Belə olan halda isə birgə mülkiyyət olan və ipoteka müqaviləsi bağlanmış əmlakların ipotekaya qoyulmasından iddiaçının məlumatının olmaması inandırıcı hesab olunmur. Məhkəmə kollegiyası iddia müddətinin tətbiqi ilə bağlı qeyd edir ki, Mülki Məcəllənin 373-cü maddəsində nəzərdə tutulmuş iddia müddəti ilə, Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulmuş müddət tamamilə fərqli anlayışlardır. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bu isə onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü kimi, qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1. və 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 388-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının birgə nikah dövründə əldə edilmiş əmlakın ipoteka ilə yüklü edilməsini bilməsi sübuta yetirildiyindən, cavabdehin və üçüncü şəxsin ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətləri təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh “xxxx” ASC-nin və müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” ASC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin, 2(004)-4360/2019 saylı, 19.08.2019 tarixli qətnaməsi ləğv edilsin. İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar