Məhkəmə qərarları › İş №2(103)-2919/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2919/2023

03.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2919/2023 03.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı mülki iş üzrə (Açar sözlər: aktın və həmin akt əsasında hesablanmış borcun abonə koduna köçürülməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-562/2023 saylı, 15 fevral 2023-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları

1. İş materiallarında olan "xxxx" ASC-nin R № 257255 saylı, 12 sentyabr 2022ci il tarixli aktından görünür ki, "xxxx" ASC-nin əməkdaşlarının iştirakları ilə Bakı şəhəri, Badamdar qəsəbəsi, 9-cu Badamdart, mənzil 2 ünvanında yerləşən evində quraşdırılmış elektrik sayğacına baxış keçirən zaman məlum olmuşdur ki, sayğaca müdaxilə ehtimalı olmuşdur.

2. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş bildirişdən görünür ki, abonent Həsən İsmayılovun ümumilikdə 838,76 manat borcu yaranmışdır.

3. İş materiallarında olan "xxxx" ASC-nin R № 257255 saylı, 12 sentyabr 2022ci il tarixli aktında qeyd olunmuşdur ki, sayğacın daxili sxemi dəyişdirilərək sayğaca müdaxilə olunub, sayğacın seriya nömrəsi A ********* nömrəli sayğac olduğu halda optik gözlə oxunarkən A ********* nömrəli sayğac kimi qeyd edilmişdir.

4. İş materiallarında olan "xxxx" ASC-nin R № 257255 saylı, 12 sentyabr 2022ci il tarixli aktı əsasında tərtib edilmiş 007401 nömrəli protokolda qeyd edilmişdir ki, sayğacın 330737 nömrəli qırmızı dövlət möhürü və 959472 nömrəli sarı alt qapaq möhürü pozulub.Sayğacın daxili sxemi dəyişdirilərək sayğaca müdaxilə olunub, sayğacın seriya nömrəsi A ********* nömrəli sayğac olduğu halda optik gözlə oxunarkən A ********* nömrəli sayğac kimi qeyd edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «aktın ləğv edilməsi və borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Badamdar qəsəbəsi, 9-cu Badamdart, mənzil 2 ünvanında yaşayır. Yaşadığı evin sayğacında bu günə kimi bir problem olmamışdır. Hər ay "xxxx" ASC Səbail Rayon Elektrik Şəbəkəsi işçilərinin verdiyi bildirişə əsasən yaranan işıq borcunu vaxtı-vaxtında ödəmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçının yaşadığı ünvana yəni ünvan 1Azərişıq” ASC-nin nümayəndələri gəlib köhnə sayğacı açıb yeni elektron tipli sayğacla əvəz etmişlər.Bu barədə iddiaçının iştirakı olmadan 257255 saylı akt tərtib edilmişdir, lakin sonradan laborotoriya nəticələrinin cavablarına guya iddiaçı tərəfindən sayğaca müdaxilə edildiyindən "xxxx" ASC ididaçıya 838,76 manat cərimə yazmışdır. Halbu ki, iddiaçı həmin sayğaca heç bir müdaxilə etməmişdir. Həmin sayğac nəzarətçilər tərəfindən vaxtı-vaxtında yoxlanılmışdır. Həmin sayğacın plombuna müdaxilə olunsa idi bunu nəzarətçilər qeydə alardılar. Cavabdeh heç bir qanuni əsas olmadan borc hesablamışdı və iddiaçı tərəfindən bu borcun ödənilməsi cavabdehin əsassız varlanmasına səbəb ola bilər. "xxxx"ASC-nin xx.xx.2022-ci il tarixli 257255 saylı aktın ləğv edilməsi və məcburi şəkildə ödənilmiş 838,76 manat pulun geri qaytarılması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

7. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət "xxxx"ASC-nin xx.xx.2022-ci il tarixli 257255 saylı aktın ləğv edilməsi və məcburi şəkildə ödənilmiş 838,76 manat pulun onun abonə koduna köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

8. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirmişdir ki, hazırda "xxxx" ASC-də çalışır. 1 sentyabrdan etibarən şirkətə baş idarədən yeni texnologiya cihazlar verilmişdir. Həmin cihazlar optik gözlə sayğacı oxuyur və bununla da onun düzgün işləyib-işləmədiyi bəlli olur. 2022-ci ilin sentyabr ayında hazırki mülki iş üzrə iddiaçının mənzilində sayğaca optik gözlə baxış keçirilərkən sayğacın düzgün işləmədiyi və onda yazılan kodla sistemdəki kodun uyğun gəlmədiyi bəlli olmuşdur. Nəticədə akt tərtib olunmuş və iddiaçının mənzilinə yeni sayğac quraşdırılmışdır. Həmin sayğaca həqiqətən müdaxilə olunub-olunmadığını demək mümkün deyildir.

9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-562/2023 saylı, 15 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ramin Xəlilov) iddia tələbinin təmin edilməsi, cavabdeh "xxxx" ASC tərəfindən 12 sentyabr 2022-ci il tarixdə tərtib edilmiş R № R № 257255 saylı aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış 838,76 (səkkiz yüz otuz səkkiz manat, yetmiş altı qəpik) manat pulun İddiaçı abonə hesabına (abonə kodu **********10002) köçürülməsi qət edilmişdir.

10. Məhkəmə gəldiyi nəticəni «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə, 17-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.6 və 7.11 bəndlərinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları abonent İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən yaşayış evinin quraşdırılmış elektrik sayğacına baxış keçirmiş, baxış zamanı mənzilə məxsus elektrik sayğacın daxili sxemi dəyişdirilərək sayğaca müdaxilə edilməsi müəyyən edilmişdir. xx.xx.2022- ci il tarixli R 257255 saylı müvafiq akt tərtib olunmuşdur. Akt "xxxx" ASC-nin əməkdaşları tərəfindən imzalanmışdır. Həmin sayğac demontaj olunaraq, ”Azərişıq” ASC-nin Laboratoriya Mərkəzinə təqdim edilmişdir. ”Azərişıq” ASC-nin Laboratoriya Mərkəzi tərəfindən 2022-ci il tarixli 007401 saylı sayğacların və transformatorların yoxlanması haqqında akt-protokolda qeyd edilmişdir ki, sayğacın 330737 nömrəi qırmızı dövlət möhürü və 959472 nömrəi sarı alt qapaq möhürü pozulub, sayğqcın daxili sxemi dəyişdirilərək sayğaca müdaxilə olunub, sayğac A ********* nömrəli oduğu halda, “optik ğözlə” oxunarkən A ********* nömrəli sayğac kimi qeyd edilmişdir "xxxx" ASC-nin Akt komissiyasının Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblərə dair qərarına əsasən xx.xx.2022-ci il tarixli R 257255 saylı akt üzrə itirilmiş elektrik enerjisinin dəyəri 838,76 manat məbləğində müəyyən edilməklə abonentin abunə haqqında məlumatına daxil edilmiş və yaranmış borcun ödənilməsi üçün abonentin ünvanına müvafiq bildiriş göndərilmişdir və iddiaçi tərəfindən 838,76 manat ödənilmişdir. Hesab edir ki, qeyd edilən akt qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmiş və akta əsasən hesablanmış itirilmiş elektrik enerjisinin dəyəri iddiaçı tərəfindən ödənilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

14. Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

15. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

16. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır.

17. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.6-cı bəndinə əsasən Enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçınmın, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.11-ci bəndinə əsasən yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerji təchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

23. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

26. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin tamamilə ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-562/2023 saylı, 15 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

28. Belə ki, yuxarıda istinad edilən qaydaldan da müəyyən edilir ki, yaşayış binalarının girişində quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

29. İşin mübahisəsiz hallar ondan ibarət olmuşdur ki, cavabdeh tərəfindən hər ay iddiaçıya təqdim edilmiş bildiriş əsasında iddiaçı elektrik sərfiyyatı üzrə ödəniş etmişdir. Cavabeh tərəfindən iddiaçının bugünə qədər hər hansı borcunun olmadığı da qəbul olunur.

30. Kollegiya qeyd edir ki, hesablaşma dövrü 1 ay qəbul olunduğu istinad edilən qaydalarla müəyyən olunur. Bu halda sayğaca kənar müdaxilə olunması halı cavabdeh təşkilatın hər ay üzrə yoxlaması zamanı müəyyən edilməli idi. Bu cavabdehin qanunla üzərinə qoyulan vəzifəsidir. Hazırkı işdə dövrü yoxlamalar zamanı sayğaca müdaxilə olunması müəyyən olunmamışdır. Tərtib edilən akta əsasən həqiqətən də sayğaca müdaxilə edilmişdirsə, bu müdaxilənin məhz iddiaçı tərəfindən edildiyini sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür.

31. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, iddiaçıya məxsus ünvanda cavabdehin əməkdaşları tərəfindən sayğacda pozuntu halının mövcudluğunu və bu pozuntunun məhz istehlakçının təqsiri üzündən yarandığını təsdiq edən sübut təqdim edilməmişdir. Cavabdeh tərəfin bununla bağlı təqdim etdiyi onun mənafeyinə uyğun yeganə sübut tərtib olunmuş aktdır. Həmin akt isə qüsurlu olduğundan qanuni hesab oluna bilməz. Belə ki, tərtib olunan № 257255 saylı, 12 sentyabr 2022-ci il tarixli akt qüsurlu olmaqla, cavabdehin ehtimalına əsaslanmışdır. Habelə, onun tərtibi istehlakçının hüquqlarının pozulmasına səbəb olmuşdur.

32. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək haqlı olaraq hesab etmişdir ki, cavabdeh "xxxx" ASC tərəfindən 12 sentyabr 2022ci il tarixdə tərtib edilmiş R № 257255 saylı akt ləğv edilməli və həmin akt əsasında hesablanmış və iddiaçı tərəfindən ödənimiş 838,76 (səkkiz yüz otuz səkkiz manat, yetmiş altı qəpik) manat məbləğində pul İddiaçı abonə hesabına (abonə kodu **********10002) köçürülməlidir.

33. 28.07.2022-ci il tarixli 028276 nömrəli akt əsasında hesablanmış borcun əsassız olaraq hesablanmış olduğu qənaətinə gəldiyindən, həmin aktın hüquqi qüvvəsinin olmaması kimi qiymətləndirilməlidir.

34. Ona görə də kollegiya hesab edir ki, apelyasiya şikayətinin dəlilləri yuxarıda göstərilənlərə əsasən formal mülahizələr olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

35. Məhkəmə kollegiyası həmçinin izah edir ki, cavabdehin apellyasiya şikayəti ilə mübahisələdirdiyi hissə 5000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-562/2023 saylı, 15 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar