Məhkəmə qərarları › İş №2(103)-2919/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2919/2025

20.05.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2919/2025 20.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (Bakı şəhəri 24 saylı notariat ofisi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) mülki iş üzrə (açar sözlər: müqavilənin etibarsızlığı, mənzildən çıxarılma) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X6 ibarət tərkibdə, Şadiyev Namiq Ənvər oğlunun katibliyi, Cavabdeh nümayəndəsi (vəkili) X7 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (Bakı şəhəri 24 saylı notariat ofisi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)-1262/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 148142 N-li qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4042/60-cı məhəllə, ev 2, saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi hüququ qeydiyyatdan keçirilmiş və bu barədə 174 saylı reyestr kitabında xx.xx.2003-cü il tarixində qeydiyyat aparılmışdır. Hədiyyə verən İddiaçı ilə hədiyyə alan Cavabdeh arasında xx.xx.2004-cü il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4042/60-cı məhəllə, 2 saylı evin 106 saylı mənzilini Cavabdeh bağışlamışdır. Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyi MKİS tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli arayışdan görünür ki, İddiaçı, X2, X3 Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4042/60-cı məhəllə, 2 saylı evin, 106 saylı mənzildə qeydiyyatdadırlar. Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 217175 N-li qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4042/60-cı məhəllə, ev 2, saylı mənzili Cavabdeh adına xüsusi mülkiyyət kimi hüququ qeydiyyatdan keçirilmiş və bu barədə 174 saylı reyestr kitabında xx.xx.2004-cü il tarixində qeydiyyat aparılmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh (üçüncü şəxs Bakı şəhəri 24 saylı notariat ofisi cəlb edilməklə) qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən onunla X4 arasında və 24 saylı Bakı şəhər Dövlət Notariat Kontorunda qeydiyyata alınmış bağışlama müqaviləsinin və həmin bağışlama müqaviləsi əsasında verilmiş qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi, həmin bağışlama müqaviləsi əsasında verilmiş qeydiyyat vəsiqəsinin ləğv edilməsi və onun adına yeni qeydiyyat vəsiqəsinin verilməsi, cavabdeh X1 Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4042/60, 2 saylı evin, 106 saylı mənzilindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia ərizəsinə dəqiqləşdirmə tədqim edərək Bakı şəhəri dövlət notariat kontorunda həmin mənzilə dair onunla Cavabdeh arasında bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab olunması və cavabdehin adına verilmiş Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4042/60, 2 saylı evin, 106 saylı mənzilinə dair verilmiş qeydiyyat vəsiqəsinin ləğv edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, (İddiaçı) xx xxxxxx 1943-cü ildə anadan olmuş, qeydiyyat şəhadətnaməsinə əsasən əvvəllər ona məxsus olan 3 otaqlı mənzildə yaşayır və qeydiyyatdadır. Göstərilən yaşayış yerində yaşamış və tək qeydiyyatda olmuşdur. Belə ki, əvvəllər ona 2004-cü ildə subay qadın kimi Bakı şəhəri, Suraxanı rayonu ünvanında yerləşən 3 otaqlı mənzilini vermişdir. Həmin şəxslər, Qaraçuxur, məhəllə 4042/60, bina 2, mənzil 106, qardaşı qızı: X5, 1957-ci il təvəllüdlü, Cavabdeh, 1982-ci il təvəllüdlü. Mənzilin mülkiyyət hüququnu Cavabdeh keçirərkən əmin olmuşdur ki, əvvəllər razılaşdırılmış münasibətlər müqaviləsi ciddi şəkildə yerinə yetiriləcəkdir. Buna görə də, əvvəlcə o, Cavabdeh təmizlik, yemək bişirmək, müalicə etmək, dərman almaq, otaq xidmətlərini ödəmək, yəni ümumiyyətlə ömürlük annuitet (yəni ilə müqavilə) şərtlərində nəzərdə tutulan hər şeylə bağlı heç bir tələb irəli sürməmişdir. Ona görə də qardaşı qızı onun mənzilinə 2004-cü ildə deyil, yalnız 2019-cu ildə köçmüşdür. Lakin hədiyyə müqaviləsini qeydiyyata alarkən gözlədiyi kimi, ona baxmaq vaxtı gəldikdə, Cavabdeh əvvəlcədən razılaşdırılmış qohumluq müqaviləsindən imtina etmişdir. Müqavilənin qeydə alındığına və mənzilin sahibi olduğuna əmin olan Cavabdeh ona qayğı göstərməkdən və ona kömək göstərməkdən qəti şəkildə imtina etmişdir. Evin ətrafında heç nə etməmişdir. Cavabdeh uzun müddət kommunal xərclərini ödəməmiş, onlardan istifadə etdiyi üçün tələb etdikdən sonra pul ödəməyə başlamışdır. Cavabdeh paltaryuyan maşından istifadə etməyi ona qadağan etmişdir. Belə ki, Cavabdeh özü atasının yanında Nərimanov rayonunda, anası isə mərhum ananın mənzilində qeydiyyatdadır. Son vaxtlar mütəmadi olaraq nalayiq təhqirlərə, bəzən hətta döyülməyə məruz qalmışdır. Onun daimi sözləri: "Nə vaxt öləcəksən" deyə onu təhqir etmişdir. Cavabdeh ilə aralarında bağlanmış və 24 saylı Bakı şəhər Dövlət Notariat Kontorunda qeydiyyatda olan ianə müqaviləsinə əsasən mənzili ona bağışlamışdır. Bu mənzildən başqa onun heç nəyi yoxdur. O, annuitet müqaviləsi bağlaya bilərmiş və dövlət tərəfindən saxtakarlıqdan qorunacaqdır. Belə olan halda o, ona etibar edərək ömürlük saxlama (annuitet) şərti ilə hədiyyə müqaviləsinin rəsmiləşdirilməsi üçün müvafiq sənədlərin hazırlanmasını qardaşı qızına yükləməmək üçün hədiyyə müqaviləsi bağlamışdır. Çünki ölümündən sonra mənzilin onun mülkü olması onun üçün vacib idi. Ona görə də məlum olmuşdur ki, əslində bir əməliyyatın arxasında hədiyyə müqaviləsi, başqa bir əməliyyat, ömürlük annuitet gizlənir. Bundan əlavə, mənzilini bacısı qızına köçürməyə təcili ehtiyac olmamışdır. Cavabdehin özü və xüsusən də anası onun ölümündə qanuni varisdir. Hədiyyə müqaviləsinin bağlanması onunla əlaqədar idi ki, hədiyyə müqaviləsinin qeydiyyatı zamanı onun artıq 60 yaşı var idi və buna görə də qocaldığını və kənardan köməyə ehtiyacının olacağını anlayaraq, hədiyyə müqaviləsi bağlamışdır. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsində qeyd etdiklərinə uyğun izahat verərək bildirmişdir ki, Cavabdeh onun bacısının nəvəsidir. Mübahisəli evi 2004-cü il tarixdə bağışlama müqavilə əsasında onun adına rəsmiləşdirmiş və onun bacıları evin bağışlanmasına etiraz etməmişlər. Lakin onun məqsədi ondan ibarət olmuşdur ki, Cavabdeh ahıl vaxtlarında onun qulluğunda durmalı və ona yardım göstərməli idi. Cavabdeh 2004-cü ildən 2016-cı ilə kimi Moskvada yaşamış və 2016-cı ildə o, Moskvadan qayıdaraq anası ilə birlikdə yaşamışdır. 2016-cı ildə Cavabdeh Bakı şəhərinə qayıtsa da, ona heç bir köməklik etməmiş, onun qayğısına qalmamış və mənzilin təmizlənməsində ona heç bir yardım göstərməmişdir. İddiaçıya yalnız onun qonşuları ona yardım göstərmişdir. Belə ki, cavabdeh beş il ərzində mənzilin pərdələrini yumamış, ondan yardım etməsini xahiş etsə də, cavabdeh onu ələ salmış, hətta onu vurmuşdur. Lakin bununla bağlı polis orqanına heç bir müraciət etməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmənin iclasında dindirilən Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkili) X8 izahatında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, hazırda mübahisələndirilən müqavilə 2004-cü ildə bağlanmışdır. İddiaçı həmin müqaviləni bağlayan zaman fəaliyyət qabiliyyətli olmuş və azərbaycan dilində bağlanmasını bildirsə də, onun digər bacıları da notariat orqanına rus dilində ərizə verərək mənzilin cavabdehə bağışlanmasına heç bir etirazlarının olmamasını bildirmişlər. İddiaçı müqavilənin notariat orqan tərəfindən ona verilmədiyini bildirsə də, dövlət rüsumunun ödənilməsi barədə ceki götürdüyünü qeyd etmişdir. Bundan əlavə cavabdehin iddiaçını söyməsi və təhqir etməsi iş materiallarından sübut olunmur. Qeyd olunanlara əsasən iddia müddəti ötürüldüyündən və iddiaçı tərəfindən qaldırılan iddia tələbi əsassız olduğundan rədd olunmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)-1262/2024 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı (üçüncü şəxs Bakı şəhəri 24 saylı notariat ofisi cəlb edilməklə) “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və mənzildən çıxarılma” tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, işin mübahisəsiz hallarından müəyyən olunur ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4042/60-cı məhəllə, 2 saylı evin, 106 saylı mənzilinin mülkiyyətçisi olmuş və həmin evi xx.xx.2004-cü il tarixli müqaviləyə əsasən Cavabdeh bağışlamışdır. İddiaçının izahatına görə cavabdeh iddiaçının bacısının nəvəsidir. İddiaçı və onun bacıları 2004-cü ildə notarial qaydada ərizə təqdim edərək mübahisəli mənzilin Cavabdeh bağışlanmasına etiraz etməmişlər. Lakin iddiaçının verdiyi izahata görə o mənzili ahıl vaxtlarında onun qulluğunda durması, ona köməklik etməsi və yardım göstərməsi məqsədilə Cavabdeh bağışlamışdır. Onlar arasında müqavilə bağlanan zaman Cavabdeh Moskvada yaşamış və 2016-cı ildə o, Moskvadan qayıdaraq anası ilə birlikdə yaşamışdır. 2016-cı ildən artıq ona məlum olmuşdur ki, Cavabdeh onun qulluğunda durmaq və ona yardım göstərmək istəmir. Məhkəmə hesab edir ki, iddiaçı öz mülkiyyətində olan mənzili cavabdehə bağışlamasında olan niyyəti ahıl vaxtlarında ona yardım göstərməsi ilə əlaqələndirsə də, müqavilədə bununla bağlı heç bir qeyd aparılmamışdır. Bundan əlavə iş materiallarından tərəflərin (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar) yaxın qohumluğu müəyyən olunmur. Məhkəmə qeyd etmişdir ki, cavabdeh 2004-cü ildən 2016-cı ilə kimi Moskva şəhərində yaşamış, 2016-cı ildə Bakı şəhərinə qayıtmışdır. İddiaçı özü izahatında qeyd etmişdir ki, 2016-cı ildə artıq ona məlum olmuşdur ki, cavabdehin ahıl vaxtlarında onun qulluğunda durması, ona köməklik etməsi və yardım göstərməsi niyyəti olmamışdır. Belə ki, iddiaçı qonşuların ona yardım etdiyini, beş il ərzində mənzildə olan pərdələrinin yuyulmadığını, cavabdehdən mənzilin təmizləməsini tələb etdiyini və cavabdehin onu döyməsini, ələ salmasını qeyd etsə də, bununla bağlı polis orqanlarına heç bir müraciəti qeydə alınmamışdır. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında mövcud olan bağışlama müqaviləsinin bağlanmasından artıq 19 il ötmüş, bu illər ərzində iddiaçı öz hüququndan istifadə etməmiş və həmin müqaviləni mübahisələndirməmişdir. Bundan əlavə iddiaçı müqavilədən imtinaya əsas verən halların artıq ona 2016-cı ildə məlum olduğunu qeyd etmiş və həmin halın ona məlum olduğu gündən yalnız bir il ərzində imtina haqqında bildirişi hədiyyə alana göndərə bilmək hüququna malik olmuş, bu hüquqdan istifadə etməmiş və həmin müddəti ötürmüşdür. Məhkəmə hesab etmişdir ki, həmin müqavilənin etibarsız hesab olunması ilə bağlı bir illik iddia müddəti tətbiq olunmalıdır və iddiaçı tərəfindən həmin müddət ötürülmüşdür. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1,324.2, 337.1, 337.2, 390.1, 390.3, 421.1, 666.1, 673.1, 673.1.1, 673.1.2, 673.1.3, 673.2, 673.2.1, 673.2.2, 673.2.3, 673.3., 673.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 aprel 2024-cü il tarixli Qərarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 107, 119.1, 217.3, 217.4-cü maddələrinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri İddiaçı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)- 1262/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, o, qeyd olunan ünvandakı əvvəllər mülkiyyət hüququ ilə ona məxsus olan 3 otaqlı mənzildə yaşayır və qeydiyyatdadır. 2004cü ildə 60 yaşında tənha, lakin nisbətən qoca olmayan qadın olaraq, bacılarının məsləhəti ilə, 3 otaqlı mənzilin mülkiyyət hüququnu qardaşı qızı Cavabdeh vermək qərarına gəlib. Hərəkətləri onunla bağlı idi ki, qocalığında, özünə baxa bilməyəndə ona kömək edəcək, qeydinə qalacaq, sevdiyi bir insan olsun. Tənha qadın olduğunu və gələcəkdə ona baxacaq birisinin olması üçün bacılarının təklifi ilə razılaşıb və ömürlük saxlamaq şərti ilə qeyd edilən mənzilin bacısı qızı Cavabdeh bağışlama müqaviləsi bağlayaraq bağışlayıb. Müqavilə bağlanan vaxtı o, nisbətən gənc imiş, heç kimin qulluğuna ehtiyacı yox imiş və cavabdeh həmin dördə Moskvada yaşayıb. O vaxtı onun qayğısına ehtiyacı yox imiş. Buna görə də ondan müqavilə şərtlərini yerinə yetirməsini tələb etməmişdir. Mənzilin mülkiyyət hüququnu Cavabdeh verərkən əmin olub ki, əvvəllər razılaşdırılmış münasibətlərə uyğun olaraq qoca vaxtında o, onun qayğısına qalacaq. Buna görə də, əvvəlcə o, Cavabdeh təmizlik, yemək bişirmək, müalicə etdirmək, dərman almaq, otaq xidmətlərini ödəmək, yəni ümumiyyətlə ömürlük annuitet ömür boyu saxlanma şəraiti şərtlərində nəzərdə tutulan hər şeylə bağlı heç bir tələb irəli sürməyib. Buna görə də qardaşı qızı 2004-cü ildə onun mənzilinə köçməyib. Amma 80 yaşına çatanda artıq köməyə ehtiyacı olub. Ancaq Cavabdeh ona baxması vaxtı gələndə, ona baxmaqdan imtina edib. 2023-cü ilin sonlarında, son vaxtlar mütəmadi olaraq nalayiq təhqirlərə, bəzən hətta döyülməyə məruz qalıb, lakin tənha və qoca, xəstə, hərəkət məhdudiyyəti olduğuna və eyni zamanda cavadehin nəhayət öz hərəkətlərinin düzgün olmadığını anlayacağını, yaxın qohumluq münasibətini nəzərə alaraq dözüb və hüquq mühafizə orqanlarına müraciət etməyib. Artıq dözmək mümkün olmadığını görüb məhkəməyə müraciət etmək fikrinə gəlib. "Müqavilədə bir şərt var ki, mənzili ona bağışlayır." Bağışlama müqaviləsi ona verilmədiyi üçün 24 saylı Bakı notariat kontoruna müraciət edib və şifahi cavab alıb ki, onlarda müqavilə yoxdur, ola bilsin ki, müqavilə arxivdədir. Məhkəmə iclasında hakim onun vəsatətini təmin edib və müqavilənin surətini ona verib, müqavilənin tərcüməsindən sonra artıq dəqiq bilib ki, həqiqətən də aldadılıb. (müqavilədə yalnız bir səhifə çap olunub və kağızın digər tərəfi boşdur). O, məhkəmə qərarını alana qədər bağışlama müqaviləsinin qeydiyyatının aparıldığı notariat kontorunun nömrəsini bilmirmiş. Bağışlama müqaviləsini onu ömürlük saxlama şərti ilə bağladığını natariusda da bildirmişdir. Lakin bu şərt müqvilədə nəzərdə tutulmayaraq onun nəzərdə tutduğu müqvilə bağlanmamışdır. Müqavilə özü onun bilmədiyi Azərbaycan dilində tərtib edilib. Notarius onu müqavilənin məzmunu ilə tanış etməyib. O, müqaviləni rus dilinə tərcümə etməyib. Bunun sübutu müqavilədə müqavilənin məzmununun onun üçün rus dilinə tərcümə edildiyi barədə öz əlyazma yazısının olmamasıdır. Müqavilənin məzmunu ona izah edilmədiyi halda imza etdirmişlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydası haqqında” Təlimata əsasən, daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair əqdlərin dövlət qeydiyyatına alınması zamanı notariuslar, digər vəzifələrlə yanaşı, notariat hərəkətləri etmək üçün müraciət edən şəxslərin şəxsiyyətini müəyyən etmək tələb olunur; tərəflərə əqdin mənasını və mahiyyətini izah etmək və riayət olunmasını yoxlamaq bu müqavilənin qanuna və tərəflərin faktiki niyyətlərinə uyğunluğu (17, 38-ci bəndlər). Bu mənzildən başqa o, heç nəyə malik deyil. Bilsəydi ki, yaxın qohum onu aldadacaq, müqavilə bağlamazdı. Sadəcə olaraq annuitet müqaviləsi bağlaya bilərdi və ya həmişə ləğv edilə bilən vəsiyyət edə bilərdi və dövlət tərəfindən saxtakarlıqdan qorunadı. Belə olan halda ona və bacılarına etibar edərək müqavilə bağladı və əmin oldu ki, bu, bağışlama ilə yanaşı, ömürlük saxlama şərtlərini də əks etdirir. Üstəlik, mənzilini bacısı qızının adına təcili keçirməyə ehtiyac yox idi. Cavabdehin özü və xüsusən də anası onun ölümü halında qanuni varisdir. Ona görə də ölsə mənzil hər halda bacısına keçəcəkdi. Müqavilənin bağlanması onunla əlaqədar idi ki, müqavilənin özünün qeydiyyatı zamanı onun artıq 60 yaşı var idi və buna görə də qocaldığını və gələcəkdə kənardan köməyə ehtiyac duyacağını anlayaraq ömürlük saxlama şərtini nəzərdə tutmaqla bağışlama müqaviləsi bağlayıb. O, bu müqaviləni bağlamaqla həyatının cəhənnəmə dönəcəyini təsəvvür belə edə bilməzdi. Cavabdehin ona baxmayacağını artıq 2023-cü ilin sonlarında yəqin edib və bağışlamaqdan imtina etdiyini ona bildirib. Məhkəmə işə baxarkən tərəflər arasında mövcud olan bağışlama müqaviləsinin bağlanmasından artıq 19 il ötdüyünü, bu illər ərzində iddiaçının öz hüququndan istifadə etmədiyini və həmin müqaviləni mübahisələndirməmişdir. Bundan əlavə məhkəmə müqavilədən imtinaya əsas verən halların 2023-cü ilin sonlarında ona məlum olduğu halda, ona 2016-cı ildə məlum olduğunu qeyd etmiş və həmin halın ona məlum olduğu gündən yalnız bir il ərzində imtina haqqında bildirişi hədiyyə alana göndərə bilmək hüququna malik olmuş, bu hüquqdan istifadə etməmiş və həmin müddəti ötürmüşdür. Bununla əlaqədar bildirir ki, müqavilədən imtinaya əsas verən halları 2023-cü ilin sonlarında, cavabdeh qeyd edilən ünvanda yaşamaqdan imtina etdikdən sonra qəti olaraq anlayıb və bu anı müqavilədən imtinaya əsas verən hal hesab edir. Məhkəmə onun müqaviləyə əsas verən halları artıq 2016-cı ildə bildiyini sübut edə bilməmiş və bu zaman heç bir fakta və sübuta əsaslanmamış və beləliklə özünün subyektiv fikirinə əsasən qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə İddiaçı və üçüncü şəxs Bakı şəhəri 24 saylı notariat ofisinə rəsmi qaydada məlumat verilmiş, lakin iddiaçı və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi (vəkili) X8 apellyasiya şikayəti ilə razılaşmayıb, şikayətin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13.Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya Maddə 6. Ədalətli məhkəmə araşdırması hüququ İ.Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublkasının Mülki Məcəlləsi Maddə 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi; 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi; 6.1.3. mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi; 6.1.4. mülkiyyətin toxunulmazlığı; 6.1.5. müqavilələr azadlığı; Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Maddə 666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Maddə 668.1. Bağışlama aşağıdakı hallarda etibarlıdır: 668.1.1. daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə; 668.1.2. rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə; Maddə 670.1. Bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Maddə 673.1. Hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: 673.1.1. hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; 673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; 673.1.3. o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Maddə 405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində; Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Sübutlar qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair 26 aprel 2024-cü il tarixli Qərarı 1.Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsinin tələbləri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2-ci maddəsində nəzərdə tutulan “ailə hüquq münasibətlərinə uyğun olaraq hədiyyə alanın üzərinə qoyulmuş vəzifələr” müddəası ailə qanunvericiliyi ilə müəyyən edilən hallarda və həddə əmlak və şəxsi qeyri-əmlak münasibətlərindən irəli gələn vəzifələri ehtiva edir. 2.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2-ci maddəsinin dispozisiyasında əks olunan “kobudcasına pozulduqda” müddəası qiymətləndirmə tələb etdiyindən, məhkəmələr tərəfindən bağışlamaqdan imtina məsələsi həll edilərkən işin hallarından asılı olaraq hədiyyə alanın ailə hüquq münasibətlərinə uyğun onun üzərinə qoyulmuş vəzifələrin pozulmasının nədən ibarət olması dəqiq olaraq müəyyən edilməlidir.

3. Bağışlama müqaviləsinin nə zaman bağlanılmasından asılı olmayaraq, bağışlamaqdan imtinaya əsas verən hallar hədiyyə verənə məlum olduğu gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.3-cü maddəsində müəyyən edilmiş bir illik müddətin keçməsi ilə hədiyyə verənin bağışlamaqdan imtina hüququna xitam verilir.

Apellyasiya baxışının hədləri

Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı işdə iddia təmin edilmədiyindən və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları tərəflərin təqdim etdikləri sübutlar üzrə lazımi araşdırma aparılmış, sübutetmə yükü düzgün bölüşdürülmüş, sübutlara düzgün hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya qeyd edir ki, bağışlama institutu mənəvi və əxlaqi dəyərlər zəminində formalaşan münasibətlər əsasında hər hansı bir şəxsin öz maddi əmlak nemətlərini könüllü olaraq başqa şəxsə verməsində ifadə olunur. Bağışlama müqaviləsi hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilməyən əvəzsiz müqavilə kimi müəyyən edilmişdir. Bağışlama müqaviləsinin əvəzsiz olması onda ifadə olunur ki, hədiyyə alan hədiyyənin müqabilində hədiyyə verənin bəhrələnməsinə və ya hər hansı maddi təminat əldə etməsinə yönələn öhdəliklər daşımır və belə öhdəliyin nəzərdə tutulması istisna edilir. Lakin qanunverici Mülki Məcəllənin 670.1-ci maddəsində bağışlamanın müəyyən şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilməsini də mümkün saymışdır. Həmin maddəyə uyğun olaraq, bağışlama hədiyyə verənin bəhrələnməsi ilə bağlı olmayan şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Hədiyyə alanın götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsinin nəticələri Məcəllənin 670.3-cü maddəsi ilə tənzimlənir. Qeyd edilməlidir ki, hər hansı əqdin, o cümlədən bağışlama müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün mülki qanunvericilikdə nəzərdə tutulan şərtlərə əməl edilməlidir. Bağışlama müqaviləsinin etibarlılıq şərtlərindən biri kimi hədiyyə verənin iradə ifadəsinin və hüquqi niyyətinin vahidliyi və həqiqiliyi çıxış edir. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb müqavilə azadlığı prinsipindən irəli gəlir. Hazırkı mülki iş üzrə tədqiq olunan sübutlardan müəyyən olunur ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4042/60-cı məhəllə, 2 saylı evin, 106 saylı mənzilinin mülkiyyətçisi olmuş və həmin mənzili xx.xx.2004-cü il tarixli müqaviləyə əsasən bacısının nəvəsi olan Cavabdeh bağışlamışdır. Müqavilə bağlanarkən İddiaçı ilə yanaşı mənzildə qeydiyyatda olan onun bacıları da notariat orqanına gedib ərizə yazaraq mənzilin Cavabdeh bağışlanmasına etiraz etmədiklərini bildirmişlər. Bağışlama müqaviləsinin etibarsız hesab edilməsini tələb edən iddiaçı apellyasiya şikayətində aldadıldığını, bağışlama müqaviləsini cavabdehin onu ömürlük saxlamaq şərti ilə bağladığını, bu barədə notariusa da dediyini, cavabdeh ona baxması vaxtı gələndə, ona baxmaqdan imtina etdiyini, 2023-cü ilin sonlarından etibarən mütəmadi olaraq cavabdeh tərəfindən nalayiq təhqirlərə, bəzən hətta döyülməyə məruz qalmasını bildirsə də, bu halları təsdiq edə biləcək mötəbər, təkzib olunmaz sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Araşdırma zamanı isə müəyyən olunmuşdur ki, tərəflər arasında, iddiaçı məhkəməyə müraciət etdiyi vaxtdan təxminən 20 il əvvəl hər hansı bir şərt müəyyən edilmədən, öhdəliklərin yerinə yetirilməsindən asılı edilməyən bağışlama müqaviləsi bağlanmış, iddiaçı mülkiyyətində olan mənzili cavabdehə bağışlamış və bu müddət ərzində bağladığı müqaviləni mübahisələndirməmişdir. Baxmayaraq ki, iddiaçının özünün qeyd etdiyi kimi cavabdeh uzun müddət (2004-2016-dək) Moskva şəhərində yaşamışdır. Göründüyü kimi əgər iddiaçı mülkiyyətində olan mənzili onu ömürlük saxlamaq şərti ilə cavabdehə bağışlamış olsaydı müqavilənin bağlanmasından keçən uzun müddət ərzində cavabdehdən öhdəliklərinin icrasını tələb edərdi. Kollegiya iddiaçının apellyasiya şikayətində qeyd etdiyi bağışlamadan imtina ilə bağlı dəlilləri üzrə qeyd edir ki, Mülki Məcəllənin 673.1-ci maddəsində qeyd edilən “bağışlamaqdan imtina” müddəası əmlak bağışlanana qədər edilən imtinanı deyil, əmlak bağışlanandan və o, hədiyyə alanın mülkiyyətinə keçdikdən, yəni real bağışlama müqaviləsi bağlanandan sonra edilən imtinanı ehtiva edir. Bu maddəyə əsasən, hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə, hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda, hədiyə alan bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Tədqiq olunan sübutlardan müəyyən olunur ki, tərəflər arasında real bağışlama müqaviləsi bağlanmış, hədiyyə verən mülkiyyətində olan daşınmaz əmlakı hədiyyə alana bağışlayarkən hər hansı bir şərt müəyyən etməmiş, yəni bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilməmiş, hədiyyəni aldıqdan sonra hədiyyə alan cavabdeh hədiyyə verən iddiaçı və ya onun yaxın qohumu barəsində qanunla müəyyən olunmuş, bağışlamadan imtina edilməsinə əsas ola biləcək hər hansı bir hərəkəti də etməmişdir. Məhkəmə kollegiyası iddiaçının tələbinə iddia müddətinin tətbiqi ilə bağlı cavabdehin ərizəsinə münasibət bildirib qeyd edir ki, məhkəmə müdafiəsi hüququ ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərdən biri də iddia müddətidir. İddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır (Avropa Məhkəməsinin Stubbings və başqaları Birləşmiş Krallığa qarşı iş üzrə 1996-cı il 22 oktyabr tarixli Qərarı). İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli Qərarı). İddia müddətləri və kəsici müddətlərin mahiyyəti və fərqləndirici xüsusiyyətləri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun artıq formalaşmış hüquqi mövqeyi mövcuddur. B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd etmişdir: - iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin burada bəzi istisnalar mövcuddur. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə cavabdehin ərizə verib-verməməsindən asılı olmayaraq, məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; - iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Göstərilənlərlə yanaşı iddia müddətləri kəsici müddətlərdən digər xüsusiyyətlərinə görə də fərqlənir. Belə ki, iddia müddəti pozulmuş hüququn müdafiə edilməsi üçün xarakterikdir. Kəsici müddət isə hüququn pozulub-pozulmamasından asılı olmayaraq ona xitam verir. Araşdırma zamanı tərəflər arasında mülki qanunvericiliyin tələblərinə əməl edilməklə etibarlı bağışlama müqaviləsinin bağlanması öz təsdiqini tapdığından, yəni iddiaçı mülkiyyətində olan mənzili cavabdehə bağışlayarkən öz iradə ifadəsinə uyğun hərəkət edib, mülki qanunvericiliyin tələblərinə uyğun əqd bağladığından, onun əqd bağlayarkən hüquqlarının pozulması halı istisna edilir. Pozulmayan hüquq üzrə iddia müddətinin təbiqi isə qeyri-mümkündür. Belə ki, yuxarıda qeyd edildiyi kimi iddia müddəti pozulmuş hüququn müdafiə edilməsi üçün xarakterikdir. Bundan başqa tərəflər arasında etibarlı əqd bağlanması müəyyən olunduğundan iddia tələbinə etibarsız əqdlər üzrə kəsici müddətlərin təbiqi də mümkün deyildir. Belə ki, MM-in 354.1.-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2.-ci maddəsinə əsasən isə MM-in 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Beləliklə də, Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda istinad olunan tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 405-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)-1262/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar