Məhkəmə qərarları › İş №2(103)-292/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-292/2025

05.08.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-292/2025 05.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 (üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cəlb edilməklə) cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Bakı şəhəri 42 saylı Notariat Ofisi, Bakı şəhəri 18 saylı Notariat Ofisi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Əmlak İdarəsinə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “müqavilənin etibarsız hesab edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və X6 ibarət tərkibdə, Nuri Bəsti Qurban qızının katibliyi, İddiaçı1 nümayəndəsi (atası) X12, İddiaçı2, iddiaçıların nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh6 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Nərimanov Rayon Məhkəməsinin 2(005)-726/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh4 ilə Cavabdeh5 arasında bağlanmış və ünvan 9iq edilmiş xx.xx.2010-cu il tarixli 4Ə-05-461 reyestr nömrəli evin bağışlanma müqaviləsinin ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 266.0 kvadrat/metr olan qeyri-yaşayış sahəsinə aid olan hissəyə münasibətdə və Cavabdeh5 ilə Cavabdeh6 arasında bağlanmış və Bakı şəhəri 18 saylı Notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 4Ə-559 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, onların hüquqi nəticələrinin ləğv edilməsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Əmlak İdarəsi tərəfindən ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində Cavabdeh6 mülkiyyət hüququnun qeydə alınması barədə çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı1 məxsus olan və ünvan 3 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüququ tam payla xx.xx.2016-cı il tarixində ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində 2178 nömrə ilə reyestr kitabının 201788 nömrəli vərəqində qeydiyyata alınaraq çıxarış (Seriya RX 0971300) verilmiş, digər İddiaçı2 məxsus olan və ünvan 4 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüququ tam payla xx.xx.2015-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində 2181 nömrə ilə reyestr kitabının 202097 nömrəli vərəqində qeydiyyata alınaraq çıxarış (Seriya RX 0758214) verilmiş, digər İddiaçı3 məxsus olan və ünvan 5 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüququ tam payla xx.xx.2014-cü il tarixində ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində 2177 nömrə ilə reyestr kitabının 201709 nömrəli vərəqində qeydiyyata alınaraq çıxarış (Seriya RX 0447537) verilmiş, yuxarıda qeyd olunan mənzillərin yerləşdiyi 7 mərtəbəli, 17 mənzildən ibarət olan çoxmənzilli binanın elektrik enerjisi ilə təmin edən transformator və içməli su ilə təmin edən üzərində mühərriki olan su çəninin binanın texniki zirzəmisində yerləşən qeyri-yaşayış sahəsində quraşdırılmışdır. İddaçı əlavə olaraq qeyd etmişdir ki, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi ünvan 9iq edilmiş Cavabdeh4 ilə Cavabdeh5 adına qeydiyyatdan keçmiş, həmin fərdi yaşayış evinin müxtəlif hissələri ayrıayrı şəxslərin adlarına özgəninkiləşdirilmiş, həmin yaşayış evinin Cavabdeh5 məxsus hissəsindən 266 kvadrat metr hissəsi xx.xx.2018-ci il tarixdə RX seriyalı ******* nömrəli ********** qeydiyyat nömrəli çıxarışı əsasında ünvan 7 ünvanında yerləşən qeyri-yaşayış sahəsi kimi sonuncunun adına rəsmiləşdirilmiş, çoxmənzilli binanın mülkiyyətçilərinin ümumi əmlakı olan zirzəminin müxtəlif sahibkarlara istifadəyə verilmiş, nəticədə kommunikasiya qovşaqları əlçatmaz olmuşdur. Cavabdeh Azərbaycan Respublikasının Mülki Məcəlləsinin və Mənzil Məcəlləsinin 35.3 və 35.4 normalarını kobud şəkildə pozmuşdur.

3. Cavabdeh6 nümayəndəsi və vəkili Vəkil2 iddiaya yazılı etirazla məhkəməyə müraciət edərək etirazında bildirmişdir ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsinə əsasən, Cavabdeh6 mübahisə predmeti olan əmlakı Cavabdeh5 bağışlama əsasında əldə etmişdir. Həmin müqavilənin etibarsızlığı üçün AR Mülki Məcəlləsində müəyyən edilmiş əsaslar mövcud deyildir. İddiaçıların AR Mülki Məcəlləsinin 337, 340-cı maddələrinə istinad etməsi də tamamilə əsassızdır. Cavabdeh6 ilə Cavabdeh5 bağladıqları bağışlama müqaviləsi heç bir halda yalan və ya əhəmiyyətsiz müqavilə hesab edilə bilməz. Qeyd olunanlara əsasən, iddianın tam rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Nərimanov Rayon Məhkəməsinin 2(005)-726/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Aytən Novruzova) iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Bakı şəhəri 42 saylı Notariat Ofisi, Bakı şəhəri 18 saylı Notariat ofisi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Əmlak İdarəsinə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməmiş, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir.

5. İddiaçıların nümayəndəsi və vəkili Vəkil1 qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyasında icraat:

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından göründüyü kimi cavabdehlər tərəfindən AR Mülki Məcəlləsinin və Mənzil Məcəlləsinin normaları kobud şəkildə pozularaq, fərdi yaşayış evinin tərkib hissələri müxtəlif mülkiyyətçilərin adına qeydiyyatdan keçdikdən sonra onların ümumi əmlakı olan kommunikasiya qovşaqlarının yerləşdiyi zirzəminin qeyri yaşayış sahəsi kimi üzərində mülkiyyət hüququ qanunsuz olaraq DİN Bakı Şəhər Baş Polis İdarəsinin xx.xx.2018-ci il tarixli 039-13221-1218 nömrəli məktubuna (RX seriyalı ******* saylı çıxarışın tapılması barədə) əsasən əvvəlcə Cavabdeh5 adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatdan keçirilmiş, daha sonra isə bir daha qanunsuzluq edərək yuxarıda qeyd olunmuş daşınmaz əmlakın bağışlanma müqaviləsinə əsasən sahə mülkiyyətçilərinin ümumi mülkiyyəti olan həmin qeyri yaşayış sahəsi Cavabdeh6 adına özgəninkiləşdirilmiş və bununla da iddiaçıların umümi mülkiyyətində olan və mübahisə predmeti olan qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur. Məhkəmə isə qeyd edilən halları formal olaraq qətnamədə sadalasa da, düzgün hüquqi qiymət verməmişdir. Qeyd edilmişdir ki, verilən vəkil sorğusuna cavab olaraq, AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR PHŞ 1 saylı Bakı Ərazi İdarəsindən daxil olan xx.xx.2023-cü il tarixli məlumatda bildirilir ki, ünvan 8 ünvanda yerləşən fərdi yaşayış evi ünvan 9iq edilmiş Cavabdeh4 ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2010-cu il tarixli 4Ə-05-461 reyestr nömrəli evin bağışlanma müqaviləsinə əsasən xx.xx.2010-cu il tarixdə Cavabdeh5 adına qeydiyyatdan keçmişdir. Eyni zamanda həmin məlumatda bildirilir ki, sözügedən fərdi yaşayış evinin müxtəlif hissələri ayrı-ayrı şəxslərin adlarına özgəninkiləşdirilmişdir. Fərdi yaşayış evinin Cavabdeh5 məxsus hissəsindən 266 kv.m hissə DİN Bakı Şəhər Baş Polis İdarəsinin xx.xx.2018-ci il tarixli 039-13221-1218 nömrəli məktubuna ( RX seriyalı ******* saylı çıxarışın tapılması barədə) əsasən xx.xx.2018-ci il tarixdə ünvan 10 ünvanda yerləşən qeyri-yaşayış sahəsi kimi Cavabdeh5 adına qeydiyyatdan keçmişdir, onun adına ********** qeydiyyat nömrəli xx.xx.2018-ci il tarixli çıxarış verilmişdir. Daha sonra bildirilir ki, Bakı şəhəri 18 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş Cavabdeh5 ilə Cavabdeh6 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 4Ə-559 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən mübahisə predmeti olan qeyri-yaşayış sahəsi Cavabdeh6 adına özgəninkiləşdirilmişdir. Göründüyü kimi, iddiaçıların ümumi (birgə) mülkiyyətində olan qeyri-yaşayış sahəsinə dair Bakı şəhəri 18 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş Cavabdeh5 ilə Cavabdeh6 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 4Ə-559 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə və həmin əqdə əsasən mübahisə predmeti olan qeyri yaşayış sahəsinin Cavabdeh6 adına özgəninkiləşdirilməsinə dair məlumatları verilən vəkil sorğusuna cavab olaraq, AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR PHŞ 1 saylı Bakı Ərazi İdarəsindən daxil olan xx.xx.2023-cü il tarixli “Məlumat təqdim edilməsi haqqında” arayışla tanış olduqdan sonra əldə etmişlər. Mülki Məcəllənin və Mənzil Məcəlləsinin normalarına uyğun olaraq sözügedən fərdi yaşayış evinin tərkib hissələri üzərində ayrı-ayrı şəxslərin mülkiyyət hüquqları Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin binanın zirzəmisində yerləşən qeyri-yaşayış sahəsi mülkiyyətçilərinin ümumi əmlakıdır və bu səbəbdən ümumi sahəsi 266 kv.m olan texniki zirzəmiyə aid olan hissəyə münasibətdə ünvan 9iq edilmiş xx.xx.2010-cu il tarixli 4Ə-05-461 reyestr nömrəli evin bağışlanma müqaviləsi və Bakı şəhəri 18 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 4Ə-559 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlandığı andan etibarsız hesab edilməlidir.

7. Apellyasıya icraatı zamanı həmin sahənin icarədarı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti üçüncü şəxs qismində işə cəlb edilmişdir. Tərəflərin izahatı:

8. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə uyğun izahat verərək qeyd etdi ki, iddiaçıların yaşadığı bina vaxtilə İsmayılovlar ailəsi tərəfindən, yəni Cavabdeh4 tərəfindən tikilən fərdi yaşayış evi olmuş, daha sonra paylara bölünərək satılmışdır. Həmin binada ümumi sakinlərə xidmət edən kommunikasiya qovşaqlarının yerləşdiyi zirzəmi üzərində mülkiyyət hüququ DƏDKR PHŞ tərəfindən qeydə alınsa da, bu qanunsuzdur. Kommunikasiya qovşağı su çəni, onun üzərində yerləşən 2 ədəd mator və transformatordan ibarətdir. Həmin kommunikasiya qovşağı idarə olunmadan binaya işıq və su verilə bilməz. Kommunikasiya qovşağının yerləşdiyi həmin hissə isə hazırda kirayayə verilib, axşamlar qapısı bağlı olur Eyni zamanda, zirzəmiyə açılan qapılardan biri blokda yerləşir, lakin o da bağlıdır. Gecə vaxtlarında su çənində bə ya sayğacda problem yaranarsa, sakinlərin giriş imkanı olmadığından nasazlığı aradan qaldırmaq mümkün olmayacaqdır. Sakinlərin iddia qaldırmaq üçün subyektiv hüquqları vardır, çünki bina paylı mülkiyyətdir, ümumi istifadədə olan kommunikasiya qovşaqları həmin zirzəmidə yerləşir və həmin sahə də bütün sakinlərə məxsus olmalıdır. İddiaçılar, yəni sakinlər avadlaqların orada yerləşdiyini bilsələr də, həmin zirzəminin Cavabdeh6 mülkiyyətində olmasını bilmirdilər. Rayon məhkəməsinin qətnaməsinin ləğv edilməsi və apellyasiya şikayətinin təmin olunmasını məhkəmədən xahiş etdi.

9. İddiaçı2 apellyasiya şikayətini müdafiə edərək qeyd etdi ki, zirzəminin ümumi istifadədə olduğunu əvvəldən bilirdilər. Bir müddətdən sonra zirzəmidən başqa məqsədlər üçün istifadə olunmağa başlanıldı. Həmin ərazidə avtomobil yolu var idi. Onlar oraya köçdükdən 2-3 il sonra həmin avtomobil yolunu cavabdeh tərəf bağlamışdır. Eyni zamanda döşəməni kəsmiş və oraya pilləkən əlavə etmişlər. Həmin zirzəmi təmirdən sonra başqa şəxsə icarəyə verilmişdir və o hissə xəstəxana kimi istifadə olunurdu. Xəstəxana kimi istifadə edilən dövrdə sakinlərin heç bir problemi olmamışdır. Cavabdeh yeni icarəçi kimi gəldikdən sonra qapılar bağlanmış, istifadə qeyri-mümkün olmuşdur. Qeyd edir həmin sahə bütün sakinlərə məxsus olmalıdır.

10. Cavabdeh6 nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbləri tam əsassızdır, həmin ünvanda olan bina fərdi yaşayış evidir, o paylı mülkiyyət deyil, həmin fərdi yaşayış evi cavabdehin ailəsinə məxsus olub, evin ayrıayrı sahələri müxtəlif şəxslərə satılıb, qalan hissəni isə mülkiyyətçi özündə saxlayıb, həmin bina bu gün də fədi yaşayış evi olaraq qalır. iddiaçılar mənzil sahələrinii 2014-2016-cı illərdə əldə ediblər. Məhkəmə iclasında iddiaçılara ünvanlanmış suallara iddiaçıların verdiyi cavabdan da aydın olur ki, 2018-2019-cu illərə qədər orada zirzəmi olub, daha sonra zirzəmi otaqlara bölünüb və icarəyə verilib. Həmin sahədə elektirik şiti, bir də su çəni var, həmin sahələrə girişlə bağlı hər hansı məhdudiyyət yoxdur. Axırıncı kirayə müqəviləsi 2022-ci ildə bağlanmışdır, iddia isə 2023-cü ilin noyabr ayında qaldırılmışdır. Aradan kifayət qədər vaxt ötmüşdür. Sakinlər iddia qaldırmalarında əsas səbəb kimi qeyd edirlər ki, kommunikasiya qovşağına giriş-çıxışa maneə yaranıb. Halbuki belə bir hal baş verməyib, cavabdeh bildirir ki, belə şey ola bilməz, həmin hissə ilə bağlı icarə müqaviləsi vardır, icarəçinin isə sakinlərin hüquqlarını məhdudlaşdırmağa ixtiyarı yoxdur. Hazırda həmin hissə icarədədir. Qeyd edilənlərə əsasən, hesab edir ki, icarəcinin elektrik və su ilə bağlı bağlı problem yaranan zaman maneə yaratması üçün hər hansı səbəb yoxdur. Bildirir ki, həmin evə xidmət edən elektirik şiti artıq çıxarılaraq blokda quraşdırılmışdır. Onun icarədarla 2022-ci il tarixli icarə müqaviləsi var və icarə müqaviləsində icarəçinin belə hüququ qeyd edilməyib. Rayon məhkəməsində baxış keçirilən zaman sakinlərin iştirakı ilə kommunikasiya qovşağının yerləşdiyi həmin hissəyə giriş-çıxış göstərilmiş, hətta onlara həmin hissəyə girişlə bağlı açar verilməsi məsələsi müzakirə olunmuş, iddiaçılar bundan imtina etmişlər, bu da onu göstərir ki, onları niyyəti başqadır.Apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

11. ünvan 11 ünvanladığı 09 may 2025-ci il tarixli məktubunda məhkəmə iclasına onların iştirakı olmadan baxılmasını xahiş etmişdir.

12. ünvan 12 ünvanladığı 30 aprel 2025-ci il tarixli məktubunda məhkəmə iclasına onların iştirakı olmadan baxılmasını xahiş etmişdir.

13. Digər cavabdehlər və üçüncü şəxs "xxxx" MMC məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

14. Gəlmiş tərəflərin fikrini dinləyən Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:

15. 20 may 2004-cü il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən aydın olur ki, satıcı Qasımov Vəkil Şükür oğlu Bakı şəhəri, C.Hacıbəyli küçəsi, 56/58 saylı evin 21 saylı mənzilini alıcı Cavabdeh4 495.000.000 (dörd yüz doxsan beş milyon) manata satmışdır.

16. Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş OM seriyalı, 193715 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, C.Hacıbəyli küçəsi, 56/58 saylı evin 21 saylı mənzilinin Cavabdeh4 tam payda xüsusi mülkiyyətində olmasına dair xx.xx.2004-cü il tarixdə qeydiyyat aparılmışdır.

17. Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 788 nömrəli sərəncamına əsasən Cavabdeh4, ona məxsus olan Bakı şəhəri, C.Hacıbəyli küçəsi, 56/58 saylı evin 21 saylı mənzilin sökülüb, Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış eskiz layihəyə uyğun yenidən tikilməsinə icazə verilmişdir.

18. 06 avqust 2010-cu il tarixdə ünvan 9iq edilmiş Bakı şəhəri Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi 56/58-də yerləşən 6 mərtəbəli 39 otaqdan ibarət olan, ümumi sahəsi 2407,3 kv.m, yaşayış sahəsi 1208,4 kv.m olan 21 saylı fərdi yaşayış evi Cavabdeh4 tərəfindən Cavabdeh5 bağışlanmışdır.

19. Azərbaycan Respublikası Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi 56/58 saylı evin 21 saylı fərdi yaşayış evinin Cavabdeh5 tam payda xüsusi mülkiyyətində olmasına dair xx.xx.2010-cu il tarixdə ********* nömrəli qeyd aparılmışdır.

20. 27.12.2013-cü il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh5 Bakı şəhəri Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi 56/58 saylı evin 21 saylı fərdi yaşayış evinin 4-cü mərtəbəsində ümumi sahəsi 45.5 kv.m olan 2 saylı sahəsinin 22,75 kv.m, sahəsi 17.7 kv.m olan 9 saylı, sahəsi 5.0 kv.m olan 10 saylı, sahəsi 24.6 kv.m olan 11 saylı sahəsinin 7.3 kv.m olan 12 saylı, sahəsi 24.1 kv.m olan 13 saylı, sahəsi 17.9 kv.m olan 14 saylı və sahəsi 5.0 kv.m olan 15 saylı sahələrini X4.

21. Azərbaycan respublikası Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi 56/58 saylı evin 21 saylı fərdi yaşayış evinin 4 otaq y/s 84,3 kv.m, k/s 30.05 kv.m və 10.0 kv.m açıq eyvanın X8 mülkiyyətində olmasına dair xx.xx.2014-cü il tarixdə qeydiyyat aparılmışdır.

22. 30.07.2013-cü il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh5 Bakı şəhəri Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi 56/58 saylı evin 21 saylı fərdi yaşayış evinin 4-cü mərtəbəsində ümumi sahəsi 45.5 kv.m olan 2 saylı sahəsinin 24,22 kv.m, sahəsi 40.5 kv.m olan 3 saylı, sahəsi 5.0 kv.m olan 4 saylı, sahəsi 9.7 kv.m olan 5 saylı, sahəsi 29.0 kv.m olan 6 saylı, sahəsi 55.2 kv.m olan 7 saylı və sahəsi 5.0 kv.m olan 8 saylı sahələrini X2.

23. 30.08.2013-cü il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh5 Bakı şəhəri Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi 56/58 saylı evin 21 saylı fərdi yaşayış evinin 6-cı mərtəbəsində ümumi sahəsi 45.5 kv.m olan 2 saylı sahəsinin 24,22 kv.m, sahəsi 40.5 kv.m olan 3 saylı, sahəsi 5.0 kv.m olan 4 saylı, sahəsi 9.7 kv.m olan 5 saylı, sahəsi 29.0 kv.m olan 6 saylı, sahəsi 55.2 kv.m olan 7 saylı və sahəsi 5.0 kv.m olan 8 saylı sahələrini İddiaçı3 satmışdır.

24. 14.08.2013-cü il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh5 Bakı şəhəri Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi 56/58 saylı evin 21 saylı fərdi yaşayış evinin 6-cı mərtəbəsində ümumi sahəsi 45.5 kv.m olan 2 saylı sahəsinin 21.28 kv.m, sahəsi 17.7 kv.m olan 9 saylı, sahəsi 5.0 kv.m olan 10 saylı, sahəsi 24.6 kv.m olan 11 saylı, sahəsi 7.3 kv.m olan 12 saylı, sahəsi 24.1 kv.m olan 13 saylı, sahəsi 17.9 kv.m olan 14 saylı və sahəsi 5.0 kv.m olan 15 saylı sahələrini X3.

25. 11.03.2014-cü il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh5 Bakı şəhəri Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi 56/58 saylı evin 21 saylı fərdi yaşayış evinin 2-ci mərtəbəsində ümumi sahəsi 45.5 kv.m olan 2 saylı sahəsinin 22.75 kv.m, sahəsi 37.5 kv.m olan 7 saylı, sahəsi 17.7 kv.m olan 9 saylı, sahəsi 5.0 kv.m olan 10 saylı, sahəsi 24.6 kv.m olan 11 saylı, sahəsi 7.3 kv.m olan 12 saylı, sahəsi 24.1 kv.m olan 13 saylı, sahəsi 17.9 kv.m olan 14 saylı və sahəsi 5.0 kv.m olan 15 saylı sahələrini X1.

26. ünvan 13 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüququ tam payla İddiaçı1 məxsusdur. (xx.xx.2016-cı il tarixli ********** qeydiyyat nömrəli, , Daşınmaz əmlakın dövlət reyestrində 2178 nömrə ilə reyestr kitabının 201788 nömrəli vərəqində qeydiyyata alınmış Seriya RX ******* nömrəli çıxarış).

27. ünvan 14 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüququ tam payla İddiaçı2 məxsusdur. (xx.xx.2015-ci il tarixli ********** qeydiyyat nömrəli, Daşınmaz əmlakın dövlət reyestrində 2181 nömrə ilə reyestr kitabının 202097 nömrəli vərəqində qeydiyyata alınmış Seriya RX ******* nömrəli çıxarış).

28. ünvan 15 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüququ tam payla İddiaçı3 məxsusdur. (xx.xx.2014-cü il tarixində ********** qeydiyyat nömrəli, Daşınmaz əmlakın dövlət reyestrində 2177 nömrə ilə reyestr kitabının 201709 nömrəli vərəqində qeydiyyata alınmış Seriya RX ******* nömrəli çıxarış).

29. Bakı şəhəri Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi 56/58-də yerləşən 6 mərtəbəli 39 otaqdan ibarət olan, yaşayış sahəsi 1208.4 kv.m, qeyri-yaşayış sahəsi 1198,9 kv.m olan 21 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh4 adına daşınmaz əmlakın dövlət reyestrində 37 nömrəli reyestr kitabının 3462 nömrəli vərəqində qeydiyyata alınmışdır.

30. 28 avqust 2018-ci il tarixdə ünvan 16 ünvanında yerləşən ümumi sahəsi 266 kv.m olan qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh5 adına daşınmaz əmlakın dövlət reyestrində 216 nömrəli reyestr kitabının 20368 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.

31. 23 noyabr 2021-ci il tarixdə Bakı şəhəri 18 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş ünvan 17 ünvanında yerləşən ümumi sahəsi 266 kv.m olan, 216 nömrəli reyestr kitabının 20368 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış qeyri-yaşayış sahəsi Cavabdeh5 tərəfindən Cavabdeh6 bağışlanmışdır.

32. Azərbaycan respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 18 ünvanında yerləşən 266 kv.m qeyri-yaşayış sahəsi Cavabdeh6 mülkiyyətində olmasına dair xx.xx.2021-ci il tarixdə qeydiyyat aparılmışdır.

33. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10/7993 nömrəli, 04 aprel 2025-ci il tarixli ekspert rəyinin nəticə hissəsindən görünür ki, Cavabdeh6 məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 266,0 kvadrat/metr qeyri-yaşayış sahəsinin 5,5*4,4 ölçüdə olan otağında birzən çox mənzilə xidmət edən su çənləri və nasosların quraşdırıldığı, sahəsi 2*2,1 metr ölçüdə otağında isə elektrik qurğularının quraşdırıldığı müəyyən edilmişdir.

34. Cavabdeh6 ilə "xxxx" MMC arasında bağlanmış 26 sentyabr 2022-ci il tarixli İcarə Müqaviləsindən görünür ki, ünvan 18 ünvanında yerləşən Cavabdeh6 ƏMDK-nın yanında DƏDRX-nın Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli **********09-05101-083001 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış əsasında tam mülkiyyət üzrə ümumi sahəsi 346.6 kv/m olan ümumi sahədən 266 km/m ofis binasını icarəçiyə qanunverciliyə müvafiq olaraq icarəyə verir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin

35. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

36. 6.1 və 6.1.2. Mülki qanunvericiliyin prinsiplərindən biri də mülki hüquq subyektlərinin iradə sərbəstliyidir.

37. Maddə 6.2. fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

38. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

39. Maddə 144.2. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir.

40. Maddə 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

41. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

42. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

43. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

44. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

45. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

46. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

47. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

48. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

49. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

50. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir.

51. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337,339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarı

52. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də hər hansı əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqazidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə Konstitusiya Məhkəməsi Plenumu vurğulayır ki, hər hansı əqd istisna edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Mülki Məcəllənin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı münasibətlərə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızılğı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

53. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

54. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

55. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

56. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

57. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

58. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın

59. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

60. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

61. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

62. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

63. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.

64. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

65. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

66. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

67. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.

68. Hazırkı halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

69. Məhkəmə kollegiyası, gəlmiş tərəflərin izahatını dinləyib, mülki iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçıların apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

70. Belə ki, iddiaçılar tələbində həmin yaşayış evinin paylı mülkiyyətçiləri olmasına istinad edərək hazırkı ərizə ilə məhkəməy müraciət edərək həmin fərdi yaşayış evinə dair Cavabdeh4la Cavabdeh5 arasında bağlanmış xx.xx.2010-cu il tarixli və Cavabdeh5la Cavabdeh6 arasında bağlanmış xx.xx.2021-ci il tarixli bağışlama müqavilələrinin etibarsız hesab edilərək, müvafiq olaraq verilmiş çıxarışların ləğv edilməsini xahiş etmişlər.

71. Məhkəmə araşdırmaları ilə işin mübahisəsiz halı kimi müəyyən olunmuşdur ki, Cavabdeh4 20.05. 2004-cü ildə Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi 56/58-də yerləşən iki otaqlı fərdi yaşayış evini Vəkil qasımovdan alqı-satqı əsasında əldə etmişdir, conradan o, Nərimanov RİH Başçısının xx.xx.2004-cü il tarixli sərəncamı ilə mülkiyyətində olan həmin evin sökülərək yerində yeni fərdi yaşayış evinin tikintisinə icazə almış, orada, yəni Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi 56/58-də 6 mərtəbəli 39 otaqdan ibarət olan, ümumi sahəsi 2407,3 kv.m, yaşayış sahəsi 1208,4 kv.m olan 21 saylı fərdi yaşayış evi inşa etmişdir. Apellyasiya Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsinə əsasən Cavabdeh4 həmin evə dair mülkiyyət hüquqlarının qeydinə dair xx.xx.2007-ci il tarixində DƏDR-dən müvafiq çıxarış almışdır Bundan sonra Cavabdeh4 həmin fərdi yaşayış evini tam olaraq xx.xx.2010-cu il tarixində atası Cavabdeh5 bağışlanmışdır. Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi 56/58 saylı evin 21 saylı fərdi yaşayış evinin Cavabdeh5 tam payda xüsusi mülkiyyətində olmasına dair xx.xx.2010-cu il tarixdə reyestrdə qeyd aparılmışdır.

72. Cavabdeh5 2013-2016-cı illər ərzində özünə məxsus həmin fərdi yaşayış evinin müxtəlif sahələrini hissələrlə ayrı-ayrı şəxslərin adlarına özgəninkiləşdirilmişdir.

73. Bundan sonra 28 avqust 2018-ci il tarixdə ünvan 21 ünvanında yerləşən ümumi sahəsi 266 kv.m olan qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh5 qeydə alınmış və 23 noyabr 2021-ci il tarixdə qeyri-yaşayış sahəsi Cavabdeh5 tərəfindən oğlu Cavabdeh6 bağışlanmış və hazırda da Cavabdeh6 mülkiyyətindədir.

74. Həmin qeyri yaşayış sahəsi hazırda xx.xx.2022-ci il tarixli icarə müqaviləsi əsasında Cavabdeh6 tərəfindən "xxxx" MMC-yə icarəyə verilmişdir.

75. Məhkəmə xüsusi olaraq qeyd edir ki, fərdi yaşayış evinin müxtəlif hissələrinin ayrı-ayrı şəxslərə satılması, onun bir hissəsinin(qeyri-yaşayış sahəsinin) isə fərdi yaşayış evinin mülkiyyətçisinin özündə saxlaması, həmin sahəni öz mülahizəsinə uyğun olaraq istifadə etməsi, eləcə də icarəy verməsi bütövlükdə həmin tkilinin fərdi yaşayış evi olması halını aradan qaldırmır və həmin fərdi evin, sonradan həmin evdə müxtəlif sahələr əldə etmiş şəxslərin paylı mülkiyyətinə çevrilməsinə əsas vermir.

76. Demək ki, iddiaçıların hazırkı tələbində MM və Mənzil Məcəlləsinin çoxmənzilli binanın ümumi mülkiyyəti, eləcə də çoxmənzilli bunanın sahə mülkiyyətçilərinin malik olduqları hüquqlara istinad etmələri aşkar əsassızdır. Çünki onların ayrı-ayrılıqda fərdi yaşayış evində sahələr əldə etdikləri tikili heç vaxt coxmənzili bina və ya paylı mülkiyyət olmamışdır.

77. Eyni zamanda müəyyən olunmuşdur ki, iddiaçılar həm də Cavabdeh4la Cavabdeh5 arasında bağlanmış xx.xx.2010-cu il tarixli müqaviləni də mübahisələndirilər. Halbuki işin mübahisə edilməyən halı ondan ibarətdir ki, iddiaçılar həmin mənzildəki sahələri məhz Cavabdeh5 mülkiyyətçi olduğu zamabnda və ondan əldə etmişlər. İddiaçılar bu anlaşılmazlıqla da bağlı ağalbatan bir izah verə bilməmişlər.

78. İddiaçılar həmin sahədə yerləşən elektirik şiti və su çəninə zəruri hallarda nəzarət etmələrinə qoyulan məhdudiyyətlərlə bağlı da məhkəmə sübut verə bilməmişlər. Belə anlaşılır ki, iddiaçılar hazırkı tələbində hər hansı məneənin aradan qaldırılmasını deyil, fərdi yaşayış evinin ta əzəldən inşa etmiş və onun bir hissəsini sataraq, digər bir hissəsini- 266 kv.m. qeyri-yaşayış sahəsini özündə saxlayan ailənin mülkiyyətinə yiyələnmək istəyində olmuşlar.

79. Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 02/2022 saylı 14 iyun 2022-ci il tarixli qərardadının 17-ci bəndində qeyd olunur ki, nəzərə alınmalıdır ki, qanunvericilikdə birbaşa nəzərdə tutulmuş hallar istisna olmaqla əqdin etibarlılığı və ya etibarsızlığı məsələləri iddia tələbindən və məhkəmədən kənarda mövcud olan hüquqi hadisələrdir. Etibarsızlıq, əqdin etibarlılıq şərtləri ilə bağlı bir anlayışdır. Yəni, əqd bağlanarkən qanunla müəyyən edilmiş etibarlılıq şərtlərinə uyğun olduqda etibarlı sayılır, uyğun olmadıqda isə etibarsız hesab edilir. Etibarlılıq şərtləri, bir müqavilənin əsaslı hüquqi nəticələr yaratmasını təmin edən tələblərdir. Qanunda bütün əqdlər üçün tələb olunan (əqdi bağlayan şəxsin anlaqlı olması, əqdin məzmununun mümkünsüz, məcburi hüquq qaydalarına zidd olmaması, əqdi əmələ gətirən iradə ifadələrinin sağlam/zədələnməmiş olması, iradə bəyanlarının uydurma və ya yalan olmaması) və müəyyən növ əqdlər üçün tələb edilən (qanunda nəzərdə tutulmuş formaya uyğun olması, gərəkli razılığın verilmiş olması və s.) etibarlılıq şərtləri nəzərdə tutulmuşdur.

80. Rayon məhkəməsi iddia tələblərini rədd edərkən kəsici müddətlərlə bağlı normalara da istinad etmişdir. Baxmayaraq ki, iddiaçıların tələbləri öz-özlüyündə əsassız olmuşdur və bu zaman hər hansı müddətin müzakirəsinə lüzum olmamışdır. Bunula belə, rayon məhkəməsinin gəldiyi nəticə mahiyyət etibarı ilə düzgün olmuşdur.

81. MM-in 385.2-ci maddəsinin tələbinə görə də birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

82. Beləliklə, Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz. Nəticə:

83. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mahiyyət etibarı ilə iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddia tələbini təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan və qətnamənin ləğvinə səbəb olmadığından təmin edilməməli və qətnamə apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır.

84. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

85. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir.

86. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

İddiaçıların nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Nərimanov Rayon Məhkəməsinin 2(005)-726/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar