Məhkəmə qərarları › İş №2(103)-2920/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2920/2021

01.03.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2920/2021 01.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı vəkili X4 və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinə və Bakı şəhəri 18 saylı Notariat ofisinə qarşı "Saziş müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-494/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə edilmiş ünvan 3, mənzil 50 ünvanında yerləşən iki otaqlı mənzilə dair cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxxx 2019-cu il tarixli Saziş müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh2 adına verilmiş xx.xx.2019-cu il tarixli çıxarışın ləğv edilməsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı Cavabdeh2 ilə Cavabdeh1 öz aralarında Bakı şəhəri, Xətai rayonu, X10 küçəsi, ev 7 ünvanında yerləşən 50 saylı mənzilin 40000 manata alqı-satqısına dair müqavilə bağlaması haqqında xx.xx.2018-ci il tarixli, AN-İ N ******* saylı alqı-satqı və onun ləğvinə dair xx xxxxxxxx 2019-cu il tarixli 3 M- 887 nömrəli Saziş üzrə notarial işlərin çıxarışları(səh.58) sübut qismində tədqiq edilmişdir . Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-494/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinə və Bakı şəhəri, 18 saylı Notariat ofisinə qarşı "xx xxxxxxxx 2019-cu il tarixli çıxarışın ləğv edilməsi və xx xxxxxxxx 2019-cu il tarixli saziş müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilərək, cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 42-15 reyestrlə rəsmiləşdirilmiş alqı-satqı müqaviləsinin ləğvinə dair xx xxxxxxxx 2019-cu il tarixli 3 M-887 reyestrlə rəsmiləşdirilmiş Saziş müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh2 adına verilmiş ********** qeydiyyat nömrəli, xx xxxxxxxx 2019-cu il tarixli çıxarışın ləğv edilməsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi idarəsinə həvalə edilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32, 33; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.5, 337.1, 225.1, 225.4, 225.6-ci maddələrinə istinadən qeyd edilmişdir ki, İddiaçı ilə Cavabdeh1 arasında xx xxxxxx 2015-ci il tarixində nikah qeydə alınmışdır. Tərəflər birgə nikahda olan dövrdə Bakı şəhəri, Xətai rayonu, X10 küçəsi, ev 7, 50 saylı mənzil satıcı Cavabdeh2 tərəfindən alıcı Cavabdeh1 xx xxxxxx 2018-ci il tarixində 40 000 manat notariatın depozitinə yerləşdirilməklə satılmışdır. Bakı şəhəri, Xətai rayonu, X10 küçəsi, ev 7, 50 saylı mənzil (yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, X10 küçəsi, 101, M7, 2 saylı mənzil) xüsusi mülkiyyət hüququ ilə xx.xx.2018-cu il tarixində Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Qeyd edilən əmlakın Cavabdeh1 adına rəsmiləşdirildiyi vaxt o, İddiaçı ilə rəsmi nikahda olmuşdur. xx.xx.2019-cu il tarixdə iddiaçı nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. xx xxxxxxxx 2019-cu il tarixdə Samir Ömərov babası Cavabdeh2 ilə Saziş müqaviləsi adlanan müqavilə bağlayaraq xx xxxxxx 2018-ci il tarixli alqı-satqı müqaviləsi heç bir əsas göstərilmədən ləğv edilmiş, lakin ödənilmiş 40000 manat pul vəsaitinin qaytarılması müqavilədə əksini tapmamışdır. Mənzil xx.xx.2019-cu il tarixində Cavabdeh2 adına rəsmiləşdirilmişdir. Məhkəmə yuxarıda qeyd edilmiş maddi və prosessual hüquq normalarına və mülki işdə olan sübutlara əsaslanaraq, belə qənaətə gəlir ki, ünvan 2 mənzil 50 ünvanında yerləşən iki otaqlı mənzil İddiaçı Cavabdeh1la birgə nikahları dövründə birgə vəsait hesabına əldə edildiyindən, həmin mənzilin alqı-satqısına dair müqavilənin iddiaçının razılığı olmadan ləğv edilməsi iddiaçının əmlak hüquqlarının pozulması ilə nəticələndiyindən, cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 42-15 reyestrlə rəsmiləşdirilmiş alqı-satqı müqaviləsinin ləğvinə dair xx xxxxxxxx 2019-cu il tarixli 3 M-887 reyestrlə rəsmiləşdirilmiş Saziş müqaviləsi etibarsız edilməli, Cavabdeh2 adına verilmiş xx.xx.2019cu il tarixli çıxarış ləğv edilməlidir . Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsinə, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5541/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-494/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi apellyasiya ləğv edilməsi, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinə və Bakı şəhəri 18 saylı Notariat ofisinə qarşı "Saziş müqaviləsinin etibarsız hesab edilməsi” iddia tələbi təmin edilməməsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid edilməsi qət edilmişdir. İddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkməsinə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir Ali Məhkəmənin 2(102)-6348/2020 saylı üzrə xx.xx.2020-ci il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməyərk,iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)- 5541/2020 nömrəli qətnaməsi ləğv edilməsi və mülki iş yenidən apelyasiya qaydasında baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərarda MPM 88, 416, 417.1.3, 418.1, 418.3, 420-ci maddələrinə istinadən qeyd edilmişdir ki, apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, mübahisəsi gedən mənzil Cavabdeh2 verdiyi etibarnamə əsasında hərəkət edən İddiaçı tərəfindən Cavabdeh1 (keçmiş əri) alqısatqı müqaviləsi əsasında satılmışdır. Başqa sözlə, Cavabdeh2 (təmsil olunan), İddiaçı həmin etibarnamə ilə onun maraqlarını üçüncü şəxslər qarşısında təmsil etmək və yenə onun maraqlarından çıxış etmək səlahiyyəti vermiş, İddiaçı onun maraqlarından deyil, öz maraqlarından hərəkət edərək mənzili keçmiş əri olan Cavabdeh1 satmış, mənzilin satışından Cavabdeh2 (təmsil olunana) pul verilməsi sübut olunmamışdır; bu o deməkdir ki, qanunvericiliyin etibarnamə institutu ilə bağlı tələbləri pozulmuşdur. Belə ki, iddiaçının həmin mənzili öz ərinə satması onun öz maraqlarından hərəkət etməsi mənasına gəlir. mübahisəli mənzilə dair bağlanmış xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi əhəmiyyətsiz əqd olduğundan həmin mənzil üzərində Cavabdeh1 heç bir hüququ yaranmamış, bununla da həmin mənzil birgə nikah dövründə əldə edilmiş mənzil hesab edilə bilməz. Ona görə də xx.xx.2018-ci il tarixli müqavilə ləğv edilərkən iddiaçının razılığının alınmasına ehtiyac olmamışdır. Apelyasiya kollegiyası qeyd etmişdir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünkü iddia tələbinin qanuni əsası kimi istinad olunan Azərbaycan Respublikası Ailə Məcəlləsinin, eləcə də Mülki Məcəllənin tələblərinə müvafiq olaraq, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Hazırkı iş üzrə isə, iddiaçının birgə nikah dövründə əldə olunmuş əmlak olduğunu iddia etdiyi ünvan 3 ünvanında yerləşən 50 saylı mənzilin bu statusa sahib olmadığı apelyasiya baxışı zamanı məyyən edilmişdir. Yuxarıda qeyd olunduğu kimi, xx.xx.2018-ci il tarixli, 4Ə-15 reyestrli alqı-satqı müqaviləsi əhəmiyyətsiz əqd olduğundan həmin əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Başqa sözlə xx.xx.2018- ci il tarixli, 4Ə-15 reyestrli alqı-satqı müqaviləsi əsasında ünvan 3 ünvanında yerləşən 50 saylı mənzili üzərində Cavabdeh1 heç bir hüququ yaranmamış, buna görə də həmin mənzil tərəflərin birgə nikah dövründə əldə etdikləri əmlak statusu daşıya bilməz. Bu səbəbdən apelyasiya kollegiyası iddia tələbinin rədd edilməsi qənaətinə gəlmişdir. Kasasiya kollegiyası apellyasiya kollegiyasının mövqeyi ilə razılaşmayaraq bildirir ki, apelyasiya kollegiyası iddiaçıya Cavabdeh2 verdiyi etibarnamə əsasında onun maraqlarını üçüncü şəxslər qarşısında təmsil etmək və yenə onun maraqlarından çıxış etmək səlahiyyəti verildiyi halda, Cavabdeh2 maraqlarından deyil, öz maraqlarından hərəkət edərək mənzili keçmiş əri olan Cavabdeh1 satması ilə bağlanmış əqdin əhəmiyyətsiz əqd olması qənaətinə gəlsə də, apelyasiya kollegiyası nəzərə almamışdır ki, iş materiallarında olan (səh 45) AR-İ N° 582414 saylı etibarnamənin surətindən görünür ki, Cavabdeh2 İddiaçı ünvan 3 ünvanında yerləşən 50 saylı mənzillə bağlı verdiyi etibarnaməni şəxsən imzalamış, həmin etibarnamədə mənzillə bağlı etibar edilənə həvalə edilən səlahiyyətlər tam olaraq öz əksini tapmışdır. İddiaçının həmin etibarnamə üzrə səlahiyyətlərdən istifadə edərək mənzillə bağlı keçmiş əri ilə alqı-satqı müqaviləsi bağlamaqla öz maraqlarından hərəkət etməsinin nədə ifadə olunması isə apelyasiya kollegiyası tərəfindən hər hansı sübutla müəyyən olunmamış, yalnız mülahizə olaraq irəli sürülmüş və həmin mülahizə əsasında qətnamə qəbul edilmişdir. Halbuki, adıçəkilən etibarnamədə iddiaçıya mənzilin bağışlanması səlahiyyəti də verilmiş, lakin iddiaçı həmin səlahiyyətdən istifadə etməklə mənzillə bağlı hər hansı hərəkət həyata keçirməmişdir. Həmçinin mülki iş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında xx xxxxxx 2015-ci il tarixində nikah qeydə alınmışdır. Tərəflər birgə nikahda olan dövrdə Bakı şəhəri, Xətai rayonu, X10 küçəsi, ev 7, 50 saylı mənzil satıcı Cavabdeh2 tərəfindən alıcı Cavabdeh1 xx xxxxxx 2018-ci il tarixində 40 000 manat notariatın depozitinə yerləşdirilməklə satılmışdır. Bakı şəhəri, Xətai rayonu, X10 küçəsi, ev 7, 50 saylı mənzil (yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, X10 küçəsi, 101, M7, 2 saylı mənzil) xüsusi mülkiyyət hüququ ilə xx.xx.2018-cu il tarixində Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Qeyd edilən əmlakın Cavabdeh1 adına rəsmiləşdirildiyi vaxt o, İddiaçı ilə rəsmi nikahda olmuşdur. xx.xx.2019-cu il tarixdə iddiaçı nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. xx xxxxxxxx 2019-cu il tarixdə Samir Ömərov babası Cavabdeh2 ilə Saziş müqaviləsi adlanan müqavilə bağlayaraq xx xxxxxx 2018-ci il tarixli alqı-satqı müqaviləsi heç bir əsas göstərilmədən ləğv edilmiş, lakin ödənilmiş 40000 manat pul vəsaitinin qaytarılması müqavilədə əksini tapmamışdır. Mənzil xx.xx.2019-cu il tarixində Cavabdeh2 adına rəsmiləşdirilmişdir. Göstərilənlərlə bağlı da qeyd edilməlidir ki, apelyasiya kollegiyası məhkəmə araşdırmasını həyata keçirərkən nəzərə almamışdır ki, adıçəkilən alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə Saziş iddiaçı tərəfindən Cavabdeh1 qarşı məhkəməyə nikahın pozulması tələbi ilə müraciət edildikdən sonra bağlanmışdır. Apelyasiya kollegiyası bu hala da hər hansı münasibət bildirməmiş, bu istiqamətdə də hər hansı araşdırma aparmamışdır. Göründüyü kimi, apelyasiya kollegiyası işin hallarını tam, hərtərəfli, tərəflər arasında mövcud olmuş münasibətlərə uyğun araşdırmamış, ədalət mühakiməsini faktlar əsasında həyata keçirməmiş, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, ədalətli məhkəmə araşdırmasının ədalətliliyi ilə bağlı təməl prinsipləri pozmuşdur . Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili X1 Xalid Məmməd oğlunun etibarnaməni iddaiçıya verdiyini, evin Cavabdeh1 satıldığını, evin satışından əldə edilmiş 40000 manat məbləğində pulun Cavabdeh2 verildiyini bildirmişdir. İddiaçı vəkili X3 tərəflər arasında nikahın pozulmasına dair 2(011)-6795/2019 saylı işi üzrə xx.xx.2019-cu il tarixli qətnaməni məhkəməyə təqdim edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 evin qeyri-qanuni olaraq satıldığını, Cavabdeh2 evin satılmasından xəbərsiz olduğunu bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehlər Cavabdeh2, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsi və Bakı şəhəri 18 saylı Notariat ofisinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Konstitusiyası 13, 29; Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında" Təlimat; Mülki Məcəllənin 139-158, 225, 324, 337-354, 385-388, 560, 1091-1097; Ailə Məsələsinin 31-37, Mülki Prosesual Məcəllənin 14.2, 76.1, 77.1, 80-82, 106.2, 217.4, 371-372, 385, 386, 388 və 390,420-cı maddələrinə, kassasiya instansiya məhkəməsinin göstərişlərinə uyğun və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayəti üzrə mübahisələndirilən hissəyə münasibətdə yoxlayan məhkəmə kollegiyası diqqətə çatdırır ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmış, qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilən dəlil müəyyən edilməmişdir. Apellyasiya şikayəti əsassız olduğundan və təmin edilmədiyindən onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu (məhkəmə xərci) ödəyənə aid edilməlidir. Qeyd edilməlidir ki, cavabdehlər alqı-satqı müqaviləsini mübahisələndirməmiş, etibarnamə üzrə hərəkət edən iddiaçının hüquq pozuntusuna aid digər tələblər mövcud olmamış və və mövcud olmayan tələbin (hazırki tələbdən kənar) müzakirəsi prosessual cəhətdən mümkün deyil. Deməli alqı-satqı müqaviləsi üzrə iddiaçının mülki hüquq pozuntusu törətməsi təsdiqin tapmayınca və müqavilənin etibarsızlığı müəyyən edilməyincə ər-arvadın birgə nigah dövründə əldə etdikləri ümumi əmlak rejimi qüvvədədir, ərin həmin daşınmaz əmlak üzrə arvaddan xəbərsiz sərəncam vermək hüquqları məhduddur. Bununla belə, tərəflərin mülki, cinayət və inzibati səciyyəli icraat növündə digər tələblər əsasında iddia irəli sürmək hüquqları istisna edilmir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, kollegiya q ə t e t d i: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-494/2020 saylı işi üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar