Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2920/2025 02.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı "şifahi müqavilənin ləğv edilməsi, əmlak üzərində iddiaçının 3/4 hissədə, cavabdehin 1/4 hissədə payının müəyyən edilməsi, avtomobilin hərracdan satılması və əldə edilmiş vəsaitin paylara uyğun bölünməsi" tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “əmlakın sahibliyə qaytarılması” tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 fevral 2025-ci il tarixli, 2(007)-189/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: BA seriyalı, 103686 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən “Honda” minik markalı, “İnsight” model, hetçbek tipli, 2011 buraxılışlı, **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci ildən Cavabdeh adına qeydiyyata alınmış, həmin avtomobil xx.xx.2021-ci il tarixdə ƏN-V seriyalı, 673582 nömrəli etibarnamə ilə Cavabdeh tərəfindən 8 il, 1 ay, 11 gün müddətinə, xx.xx.2029-cu il tarixədək İddiaçı nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti verilmişdir. Hazırda iddiaçı mübahisəli avtomobilə mülkiyyət hüququnun tanınmasını, cavabdeh isə avtomobilin qaytarılmasını xahiş edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı "müqavilənin ləğv edilməsi, avtomobilin iddiaçının mülkiyyətinə verilməsi və ya avtomobilin dəyərinin iddiaçıya ödənilməsi, əldən çıxmış fayda" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə əldə olunmuş şifahi razılaşmaya əsasən o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi yanında Baş Dövlət Yol Polisi İdarəsində adına qeydiyyata alınmış BA103688 nömrəli xx.xx.2021-ci il tarixli texniki pasport üzrə “Honda İnsight “ markalı **-RY-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini onun istifadəsinə vermişdir. 2011-ci ildə istehsal olunmuş həmin avtomobili cavabdeh 12.000 manata əldə etmiş və onun istifadəsinə vermişdir. Əldə olunmuş razılığa əsasən, o, 43 ay arzində hər ay cavabdehə 600 manat pul ödəməli və bu müddət başa çatdıqda cəmi 25.800 manat ödəyib borcu tamamlayır, bundan sonra cavabdeh avtomobili onun mülkiyyətinə keçirir, yəni onun adına rəsmiləşdirir. Qeyd edilən şərtlər ilə razılıq əldə ediləndən sonra, cavabdeh “Asan 5” Xidmətində fəaliyyət göstərən notariat ofisi tərəfindən təstiq edilmiş ƏN-V№ 673582 qeydiyyat nomnrəli 7E- 10268 reyestr nömrəli 15 iyul 2021-ci il tarixli etibarnamə üzrə avtomobili idarə etmək hüququ ilə onun istifadəsinə vermişdir. Avtomobili təhvil alandan sonra, o, gecə-gündüz taksi fəaliyyəti ilə məşğul olmuş və qazandığı pullar hesabına cavabdehə hər ay 600 manat ödəmiş, təxminən eyni məbləğdə əlavə pul qazanıb ailəsini dolandırmışdır. Pulu cavabdehə bank kartına ödəməklə, nağdsız şəkildə etmiş, pulu ödədikdən sonra hər dəfə ona mobil telefonla, “whatsapp” proqramı ilə bidiriş göndərmiş və qeyd etmişdir ki, bu qədər pul ödəmişdir və bu qədər borcu qalmışdır. 01 aprel 2023-cü il tarixə qədər o, cavabdehə cəmi 19.190 manat məbləğində pul ödəmiş, həmin tarixdən etibarən ödənilməmiş 6.610 manat məbləğ təşkil etmişdir. Lakin, pulları ələ keçirəndən sonra cavabdeh müqavilə şərtlərini pozaraq, notariusa ərizə verərək ona verdiyi etibarnaməni vaxtından əvvəl (xx.xx.2024-cü il tarixdə) ləğv etmiş və avtomobili ondan geri tələb etmişdir. Cavabdeh razılaşmanın şərtlərini birtərəfli qaydada pozmaqla, həm qazandığı pulları ələ keçirmiş, həm də vicdansızcasına avtomobili də ələ keçirmək niyyətinə düşmüşdür. Onun pis niyyətlərindən mülki hüquqlarını müdafiə edərək o, avtomobili qaytarmaqdan imtina etmişdir. Bildirmişdir ki, ya ödədiyi pulları ona geri qaytarsın, ya da avtomobili onun adına keçirsin. Lakin, cavabdeh pulları qaytarmaqdan imtina etmiş, avtomobili isə öz sahibliyinə qaytarmaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi yanında Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edərək onu axtarışa verdirmişdir. Mülki hüquqlarını müdafiə etmək üçün o, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Etibarnamə ləğv edildiyi və avtomobil axtarışa verildiyi üçün, 2023cü ilin aprel ayından etibarən həmin avtomobildən istifadə edə bilməmişdir. Nəticədə pul qazana bilməmişdir. Beləliklə, cavabdeh müqavilə şərtlərini birtərəfli qaydada pozduğuna görə o, taksi kimi fəaliyyət göstərə bilməmiş, itirilmiş gəlir şəkilində ciddi maddi ziyana məruz qalmışdır. Cavabdehin təqsiri üzündən artıq 5 ay müddətdir ki, o, fəaliyyətsiz qalmışdır. Halbuki, fəaliyyət göstərsə idi, göstərilən müddət ərzində həm cavabdehə 3.000 manat ödəmiş olardı, həm də əlavə qazandığı 3.000 manatı ailəsinə sərf edərdi. Bundan əlavə, nəzərə alınmalıdır ki müqavilə bağlandıqdan sonra, onun bağlanması üçün əsas götürdüyü şərait əhəmiyyətli dərəcədə dəyişmişdir. Belə ki, o, müqavilə bağlayarkən ümid etmişdir ki, icarə götürdüyü avtomobil onun mülkiyyətinə keçəndən sonra o həmin avtomobili taksi kimi istifadə etməyi davam edəcəkdir. Lakin gözlənilmədən taksi faəliyyətinin həyata keçirilməsi haqqında yeni qaydalar müəyyən olundu və həmin qaydalara görə istehsal-buraxılış tarixi 7 ildən cox olan avtomobillərin sürücülərinə taksi fəaliyyətinə məşğul olmaq 01 iyun 2024-cü il tarixdən qadağa edildi. Göstərilən qaydalar qəbul edildkdən sonra, taksi kimi istifadə olunan yaşı 7 ildən artıq olan, əsasən qibrid motorlu avtomobillərin (Prius, Honda) bazar qiyməti əhəmiyyyətli dərəcədə (bəzi hallarda 50%) aşağı düşdü. Müqavilə bağlayan zaman o bunu görə bilməzdi və şəraitin əhəmiyyətli dərəcədə dəyişməsinə görə o ciddi ziyana düşmüşdür. Bildirir ki, müqavilə şərtlərin dəyişdirilməsi barədə razılığa gəlmək üçün o, cavabdehin ünvanına təklif göndərmiş, həmin təklif ona xx.xx.2024-cü il tarixdə təqdim edilmiş, lakin cavab daxil olmamışdır. Göstərilənləri nəzərə alaraq, şəraitin dəyişməsi ilə bağlı ona dəyən ziyanın ödənilməsi şərti ilə müqavilənin şərtləri dəyişdirilməli və dəyişmiş şəraitə uyğunlaşdırlmalıdır. Tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsi, avtomobilin cavabdehin mülkiyyətində alınaraq onun mülkiyyətinə verilməsi və ya avtomobilin real bazar qiymətini nəzərə alaraq onun dəyərini cavabdehdən tutularaq ona ödənilməsi, cavabdeh, mülki hüquqlarından sui-istifadə edərək, müqavilənin şərtlərini birtərəfli qaydada pozduğuna və bu hərəkətləri ilə digər tərəfə vurduğu ziyana görə əldən çıxmış fayda kimi 6.000 (altı min) manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, işin hallarından müəyyən olunur ki tərəflər özlərinin qarşılıqlı iradə ifadəsinin nəticəsi olaraq mülki münasibətlərə daxil olmuşlar. Müqavilənin şərtlərinə əsasən cavabdeh öz vəsaiti hesabına minik avtomobili əldə edir və onu iddiaçının istifadəsinə verir. İcarə müqaviləsinin şərtlərə görə iddiaçı 43 ay ərzində cavabdehə hər ay 600 manat icarə haqqı ödəyir. Bu müddət ərzində ödənişlər həyata keçirdikdən sonra, yəni ümumi məbləğdə 25.800 manat cavabdehə ödənildikdən sonra o avtomobili iddiaçının mülkiyyətinə keçirir. Hesab edir ki, bu şərtlərin müəyyən edilməsi mülki qanunvericiliyin prinsiplərinə zidd deyil: əqdin subyektiv tərkibinə, iradə sərbəstliyinə, məzmununa və formasına dair bütün şərtlərə əməl edilmişdir. Həmdə qeyd edilməlidir ki, əmlakın istifadə verilməsinə dair müqavilələrin yazılı formada riayət edilməsi məcburi deyil, Mülki Məcəllədə belə bir imperativ norma mövcud deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair 18 mart 2022-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, əqdi təfsir edərkən yalnız müqavilənin söz və ifadələrinin hərfi mənası deyil, tərəflərin bağlanmış müqavilə üzrə hüquqi nəticə əldə etmək niyyətlərinin olub-olmaması, habelə əsl iradələrinin aşkar edilməsi üçün işin faktiki halları da hərtərəfli araşdırılmalıdır. Bu zaman məhkəmələr əqd tərəflərinin davranışını, tərəflər arasında formalaşan münasibətləri, onların yazışmalarını, fərqli subyekt tərkibi olan oxşar münasibətlərdə tərəflərin davranışını, əqdin bağlandığı fəaliyyət sahəsində formalaşmış davranış təcrübəsini, hərəkətlərin baş vermə vaxtını və s. nəzərə almalıdır. Azərbaycan Respublikası MPM-nin 218-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Yüxarıda qeyd edilən maddi normalarının kontekstində tərəflər arasında mülki müqavilənin baş tutmuş və bu fakt işin bütün halları sübut olunur: cavabdeh özünə məxsus avtomobili etibarnamə üzrə iddiaçının istifadəsinə təhvil vermişdir, iddiaçı avtomobildən istifadə etməklə cavabdehə hər ay 600 manat ödəmişdir. Tərəflər, məhkəmədə etiraf etdilər ki müqavilə üzrə iddiaçı cavabdehə ümumi məbləğdə 19.300 manat pul ödəmiş və avtomobilə mülkiyyət hüquq əldə etmək üçün iddiaçının cavabdehə 6.500 manat borcu qalmışıdır. Lakin, 2023-cü ilin aprel ayında cavabdeh əsassız bəhanələr gətirməklə avtomobili geri tələb etmişdir və müqavilənin şərtləri pozaraq iddiaçıya veridiyi etibarnaməni ləğv etmiş və müqavilə üzrə öhdəliklərini icra etməkdən imtina etmişdir. Cavabdeh iddiaçını xəbərdar etmədən müqaviləni birtərəfli qaydada ləğv etmiş və bu hərəkətləri ilə MM-nin 704-cü maddəsini pozmuşdur. Hüquqları pozulduğu üçün, iddiaçı müqavilənin ləğv edilməsi, hüquqlarının bərpa edilməsi və vurulmuş ziyanın ödənilməsi tələbi ilə məhkəməyə iddia ərizəsi vermişdir. Göründüyü kimi, müqavələnin vaxtından əvvəl ləğv edilməsi cavabdehin təqsiri üzündən baş vermişdir. Müəyyən olunur ki, iddiaçı avtomobil üçün ümumi məbləğdə 19.300 manat ödəmişdir və 6.500 manat borclu qalmışdır. Deməli, ödədiyi pulların həcminə mütənasib hissədə iddiaçının avtomobil üzərində mülkiyyət hüququ yaranmış, ödənilməmiş hissədə isə cavabdehin mülkiyyət hüququ saxlanılır. Ona görə ödənilmiş və ödənilməmiş pulların həcminə mütənasib olaraq avtomobilin üzərində tərəflərin mülkiyyət pay hissisi müəyyən edilməli, mübahisəli avtomobil hərracdan satılmalı və əldə edilmiş pullar paylarına mütənasib olaraq tərəflər arasında bölünməlidir. Müəyyən olunur ki, iddiaçının avtomobil üçün ödənilməli olduğu pulun ümumi məbləği 25.800 manat təşkil, iddiaçı faktiki olaraq 19. 300 manat ödəmiş və borclu qaldığı məbləğ 6.500 təşkil edir. Göstərilən məbləğləri nəzərə almaqla müəyyən olunur ki, mübahisəli əmlak üzərində iddiaçının pay hüququ (hissəsi) 82 % təşkil edir ( 19.300 manat * 100% : 25.800 = 74.8 % ). Cavabdehin pay hissəsi isə qalan 25.2% təşkil edir. Ona görə məhkəmədən xahiş edir ki, mübahisəli əmlakda iddianın 3/4 hissədə pay hüququn tanınması barədə qərar qəbul edilsin. Beləliklə, qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən normalar vasitəsilə əslində bütün haqların istifadə olunmasına bir əxlaqi hədd və məhdudiyyət qoyulmuşdur. Haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı obyektiv vicdanlılığı nəzərdə tutmaqla, dürüst, ədalətli bir insanın hərəkət tərzinə dair meyardır. Hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır.Odur ki, hüquqdan sui-istifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıb sığmamasını, aşkar ədalətsizliyə səbəb olub-olmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. İşin hallarından da müəyyən olunur ki, cavabdeh mülki hüquqlarından sui-istifadə edərək məhkəməyə qarşılıqlı iddia ərizəsi vermiş, avtomobilin qaytarılmasını tələb edir, özüdə əvəzsiz olaraq. Hesab edir ki, cavabdehin bu hərəkətləri Mülki Məcəllədə təsbit edilmiş vicdanlılıq prinsipinə ziddir. Göstərilənləri nəzərə alaraq, tərəflər arasında bağlanmış şifahi müqavilənin ləğv edilməsi, mübahisəli əmlak üzrəndə iddiaçının 3/4 hisssədə, cababdehin isə 1/4 hissədə mülkiyyətin müəyyən edilməsi, avtomobilin hərrac vasitəsilə satılması və əldə edilmiş pulların tərəflərin pay hissəsinə mütanasib olaraq tərəflər arasında bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bununla yanaşı Cavabdeh vəkili-nümayəndəsi Vəkil2 xx.xx.2024-cü il tarixdə cavabdeh İddiaçı qarşı “əmlakın sahibliyə qaytarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin iş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatına qəbul edilərək baxılmaqdadır. Cavabdeh mülkiyyətindəki ''Honda İnsight" markalı, **-RY-*** dövlət nömrə nişanlı avtomobili cavabdeh İddiaçı gündəlik 20 manat olmaqla, aylıq 600 manat icarəyə verilmişdir. Razılaşma ondan ibarət olmuşdur ki, 43 ay yarımdan sonra avtomobilin icarəsinə görə yekun olaraq 26.000 manat pul cavabdeh tərəfindən ödəniləcək və həmin avtomobil cavabdehin mülkiyyətinə keçiriləcəkdir. Buna görə cavabdehə idarəetmə ilə bağlı etibarnamə verilmişdir. Lakin cavabdeh avtomobili pis istismar etmiş, qəza törətmiş, lakin təmir etdirməmiş, 2024-cü ilin fevral ayının ortalarından sonra isə gündəlik icarə haqqını ödəməmişdir. Avtomobil hazırda cavabdehin sahibliyindədir. Cavabdeh avtomobili qaytarmaq istəmir. Bir çox qayda pozuntuları etdiyindən inzibati qaydada cərimələr tətbiq edilib, həmin məbləğlər ödənilmədiyindən avtomobil axtarışdadır. Eyni zamanda bütün inzibati protokollar mülkiyyətçi kimi ərizəçi barəsində tərtib edilmişdir. Ərizəçinin tələb etməsinə baxmayaraq cavabdeh avtomobili təhvil verməkdən boyun qaçırmış və avtomobili gizlətmişdir. Əldə etdiyi foto şəkillərdən aydın olur ki, avtomobil yararsız hala salınmışdır. Avtomobil cavabdeh tərəfindən ələ keçirildiyindən mülkiyyətçiyə verilməsindən imtina edildiyindən dəymiş zərəri müəyyən etmək mümkün olmamışdır. Göstərilənlərə əsasən “Honda İnsight” markalı, **-RY-*** dövlət nömrə nişanlı (mühərrik 2013733, ban JHMZE2H32BS005922) minik avtomobilinin İddiaçı alınaraq Cavabdeh verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 fevral 2025-ci il tarixli, 2(007)- 189/2025 nömrəli qətnaməsi ilə ilkin iddia üzrə İddiaçı Cavabdeh qarşı "şifahi müqavilənin ləğv edilməsi, əmlak üzərində iddiaçının 3/4 hissədə, cavabdehin 1/4 hissədə payının müəyyən edilməsi, avtomobilin hərracdan satılması və əldə edilmiş vəsaitin paylara uyğun bölünməsi" tələbinə dair iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “əmlakın sahibliyə qaytarılması” tələbinə dair iddia tələbinin təmin edilməsi, “Honda İnsight minik” markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı, JHMZE2H32BS005922 ban nömrəli, hetçbek ban tipli, buraxılış ili 2011, mühərrik nömrəsi 2013733, mühərrik həcmi 1339 olan avtomobil İddiaçı alınaraq Cavabdeh verilməsi və məhkəmə xərclərinin tərəflərə aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə iddiaçının iddiasının əsasını təşkil edən hal ondan ibarətdir ki, onunla ilkin iddia üzrə cavabdeh arasında olan şifahi razılaşmaya əsasən o, mübahisə predmeti olan avtomobil onun istifadəsinə aylıq 600 manat icarə haqqı ödənilməklə verildikdən 43 ay sonra, bu müddət başa çatdıqda 25.800 manatı ödəyəcək və həmin avtomobil onun mülkiyyətinə veriləcəkdir. Məhkəmə iclasında verilmiş izahatlara əsasən İddiaçı Cavabdeh hər gün 20 manat olmaqla, aylıq 600 manat pul ödəməsi müəyyən edilmişdir. Tərəflər həmin pul vəsaitinin ilkin iddia üzrə İddiaçı Cavabdeh mülkiyyətində olan avtomobili etibarnamə əsasında idarəetməsi və taksi fəaliyyəti göstərməsi ilə bağlı ödədiyi pul olduğunu təsdiq etmişlər. Məhkəmə ilkin iddia tələbi ilə bağlı qeyd etmişdir ki, mübahisə predmeti olan nəqliyyat vasitəsinin mülkiyyətçisi qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilə ilkin iddia üzrə İddiaçı arasında nəqliyyat vasitəsinin alqı- satqına dair hər hansı müqavilə bağlanmamışdır, həmin nəqliyyat vasitəsi hal-hazırda da qarşılıqlı iddia üzrə iddiaçının mülkiyyətindədir, mülkiyyətçi qanunvericilikdə nəzərdə tutulmuş qaydada verilmiş etibarnaməni İddiaçı ona pul ödəməməsi səbəbindən ləğv etmişdir. İlkin iddia üzrə iddiaçının həmin nəqliyyat vasitəsinə dair tərəflər arasında olan şifahi müqavilənin ləğv edilməsi ilə bağlı tələbinə münasibətdə qeyd edilir ki, məhkəmə iclası zamanı tərəflərin izahatlarında icarə haqqı ödənildikdən 43 ay sonra avtomobilin İddiaçı mülkiyyətinə keçməsi barədə şifahi razılıq əldə etmələri bildirilsə də, bununla bağlı hər hansı bir müqavilə məhkəməyə təqdim edilməmiş, habelə qeyd edilən razılaşmaya əsasən nəzərdə tutulan pul vəsaitinin mülkiyyətçiyə verilməsi məhkəmə araşdırması zamanı sübuta yetirilməmişdir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaların alqı-satqı müqaviləsi notarial qaydada təsdiq edilməlidir. Lakin mübahisə predmeti olan avtomobilin alqı-satqısına dair hər hansı müqavilə mövcud deyil. Məhkəmə iddia tələbinin “avtomobilə tərəflərin paylarının müəyyən edilməsi, həmin avtomobilin hərracdan satılaraq tərəflər arasında paylara mütənasib olaraq bölünməsi” hissələrinə münasibətdə isə qeyd etmişdir ki, həmin tələblər “tərəflər arasında olan şifahi müqavilənin ləğvi” tələbindən törəmə tələblərdir, tərəflər arasında olan şifahi müqavilənin ləğvi hissəsində iddia tələbi əsassız olduğundan təmin edilməməsi nəzərə alınmaqla, iddiaçının hazırkı hissədə tələbləri də təmin edilə bilməz, ilkin iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, mübahisə predmeti olan nəqliyyat vasitəsi qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh mülkiyyətindədir, sonuncu nəqliyyat vasitəsini şifahi qaydada icarə haqqı barədə razılıq əldə edərək İddiaçı etibarnamə ilə vermiş, sonuncu həmin etibarnamə əsasında ona verilmiş avtomobil üçün icarə haqlarını vaxtında ödəməmiş, qarşılıqlı iddia üzrə iddiaçı isə həmin etibarnaməni ləğv etdirmişdir. Qarşılıqlı iddia tələbinə aid hissədə qeyd edilir ki, mübahisə predmeti olan nəqliyyat vasitəsi hal-hazırda qarşılıqlı iddia üzrə iddiaçının mülkiyyətindədir və həmin nəqliyyat vasitəsinin ilkin iddiaçı tərəfindən qaytarılmaması mülkiyyətçinin qanunla müəyyən olunmuş qaydada əmlakına, öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququnun pozulmasına səbəb olur. Qeyd olunan qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırki iddia tələbi etibarsız ipoteka müqavilənin nəticələrin aradan qaldırılması və əvvəlki vəziyyətin bərpa edilməsi ilə bağlıdır. Cavabdeh mülki hüquqlarından sui-istifadə edərək ona yalan vədlər verərək aldatmışdır, icarə haqqı pullarınn əsas hissəsini alandan sonra, razılaşmanı birtərəfli qaydada pozmuş, etibarnaməni ləğv etmiş və avtomobili vicdansızcasına geri tələb etmişdir, bu zaman həmin avtomobilə artıq hüqularının yaranmasını inkar etmişdir. Hesab edir ki, cavabdehin bu hərəkətləri Mülki Məcəllədə təsbit edilmiş vicdanlılıq prinsipinə ziddir. Lakin, birinci instansiya məhkəməsi onun cavabdeh tərəfindən vicdansızcasına pozulmuş hüquqlarını nəzərə almamış və bu hüquqlarını bərpa etməkdən imtina etmişdir. Birinci instansiya məhkəməsi belə nəticəyə gəmişdir ki, tərəflər arasında müqavilə münasibətləri olmamışdır, bağlanmış şifahi müqavilə isə etibarsızdır. Əgər müqavilə mövcüd deyilsə-deməli cavabdeh iddiaçının hesabına hər hansı hüquqi əsas olmadan əsassız varlanmışdır. Belə olan halda, məhkəmə iş üzrə müəyyən etdiyi faktki hallara münasibətdə maddi hüquq normanı (MM-nin 1091-ci maddəsi) tədbiq edərək, iddiaçının ziyanın ödənilməsi tələbinə dair iddia tələbini təmin etməli idi. Lakin, məhkəmə bunu etməmişdir. Həmçinin məhkəmə gedişi zamanında iddia tələbinin dəqiqləşdirilməsi haqqında məhkəməyə ərizə vermişdir. Lakin, məhkəmə MPM-nin 53-cü maddəsində nəzərdə tutulan porsessual hüquqlarını pozaraq ərizəni və orada ifadə etdiyi iddia tələbini qəbul etmədi və həmin tələb üzrə qətnamə qəbul etməlidir. Etibarsız müqavilə üzrə tərəflərin hüquq və vəzifələrinin yaranmadığı nəticəsinə gələn məhkəmə iş üzrə aşağıdakı faktları müəyyən etmişdir: avtomobil əsassız olaraq iddiaçının istifadəsinə verilmişdir; etibarsız müqavilə üzrə iddiaçı 2024cü ilin aprel ayina qədər cavabdehə 19.500 manat pul ödəmişdir, icarə haqqını ödəmişdir. Lakin, müəyyən edilmiş həmin faktlara münasibətdə məhkəmə maddi və prosesual hüquq normalarını düzgün tədbiq etməmişdir. Avtomobilin cavabdehin qaytarılması haqqında qərar vermiş məhkəmə, bununla bərəbər əsassız əldə etdiyi pulların (ziyanın) iddiaçıya qaytarılması haqqında tələbini təmin etməmişdir. Məhkəmə işin faktiki hallarını düzgün müəyyən etmişdir, tərəflər arasında bağlanmış müqaviləni etibarsız saymışdır, lakin işin faktiki hallarından düzgün nəticə çıxarmamış, maddi və prosessual hüquq normalarını düzgün tədbiq etməmişdir, iddiaçıya vurulmuş ziyanın bərpa edilməsinə dair qərar qəbul etməmişdır. Apellyasiya baxışı zamanı iddiaçı apellyasiya şikayətinə əlavə təqdim edərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 fevral 2025-ci il tarixli, 2(007)-189/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, etibarsız sayılmış əqd üzrə tərəflərin əqd üzrə aldıqlarını eyni vaxtda geri qaytarmalı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş cavabdehin nümayəndəsivəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdi. Məhkəmə kollegiyasının son iclası barədə lazimi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Mülki Məcəllə: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 165.2-ci maddəsinə əsasən, qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. 181.4-ci maddəsinə əsasən, mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alqı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Əgər şəxs beş il fasiləsiz daşınar əşyaya öz mülkiyyəti kimi sahiblik etmişdirsə, o həmin əşyaya mülkiyyət hüququ əldə edir (əldə etmə müddəti). Əgər əldə edən əşyaya vicdansız sahiblik edirdisə və ya sonradan əşyanın ona məxsus olmamasını bilmişdirsə, daşınar əşyanın əldə edilməsi yolverilməzdir. 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. 365.1-ci maddəsinə əsasən etibarnamənin qüvvəsinə aşağıdakılar nəticəsində xitam verilir: 1) etibarnamənin müddətinin bitməsi; 2) etibarnamədə nəzərdə tutulan hərəkətlərin həyata keçirilməsi; 3) etibarnaməni vermiş şəxs tərəfindən onun ləğv edilməsi; 4) etibarnamə verilmiş şəxsin imtinası; 5) adından etibarnamə verilmiş hüquqi şəxsə xitam verilməsi; 6) adına etibarnamə verilmiş hüquqi şəxsə xitam verilməsi; 7) etibarnaməni vermiş fiziki şəxsin ölməsi, fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli və ya xəbərsiz itkin düşmüş sayılması; 8) etibarnamə verilmiş fiziki şəxsin ölməsi, fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli və ya xəbərsiz itkin düşmüş sayılması. 365.2-ci maddəsinə əsasən, etibarnamə vermiş şəxs istənilən vaxt etibarnaməni və ya başqasına etibaretməni ləğv edə bilər, etibarnamə verilmiş şəxs isə istənilən vaxt ondan imtina edə bilər. Bu hüquqlardan imtinaya dair razılaşma əhəmiyyətsizdir. 675-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. 676-ci maddəsinə əsasən, bütün kirayə müddəti ərzində kirayəyə verən aşağıdakılar üçün məsuliyyət daşıyır: 676.0.1. kirayəyə verilən əşya kirayəçinin istifadəsi üçün yararlı vəziyyətdə olmalıdır; 646.1-ci maddəsinə əsasən, daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. 647-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinin notariat qaydasında təsdiqlənməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması xərclərini alıcı çəkir. 650-ci maddəsinə əsasən rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alqı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə Kollegiyasının mövqeyi:
Məhkəmə Kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarında olan BA seriyalı, 103686 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Honda” minik markalı, “İnsight” model, hetçbek tipli, 2011 buraxılışlı, **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci ildən Cavabdeh adına qeydiyyata alınmışdır. İş materiallarında olan ƏN-V seriyalı, 673582 nömrəli etibarnamənin surətindən görünür ki, Cavabdeh “Honda İnsight” minik markalı, 2011 buraxılışlı, **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün İddiaçı etibarnamə əsasında nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti vermişdir. Etibarnamə xx.xx.2021-ci ildən 8 il, 1 ay, 11 gün müddətinə, xx.xx.2029-cu il tarixədək verilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, mübahisə predmeti olan nəqliyyat vasitəsinin mülkiyyətçisi qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilə ilkin iddia üzrə İddiaçı arasında nəqliyyat vasitəsinin alqı-satqısına dair hər hansı müqavilə bağlanmamışdır, həmin nəqliyyat vasitəsi hal-hazırda da qarşılıqlı iddia üzrə iddiaçının mülkiyyətindədir, mülkiyyətçi qanunvericilikdə nəzərdə tutulmuş qaydada verilmiş etibarnaməni İddiaçı ona pul ödəməməsi səbəbindən ləğv etmişdir. Bundan başqa tərəflər icarə haqqı ödənildikdən 43 ay sonra avtomobilin İddiaçı mülkiyyətinə keçməsi barədə şifahi razılıq əldə etmələrini bildirsələr də, bununla bağlı hər hansı bir müqavilə təqdim edilməmiş, lakin qeyd edilən razılaşmaya əsasən nəzərdə tutulan pul vəsaitinin mülkiyyətçiyə verilməsi məhkəmə araşdırması zamanı sübuta yetirilmişdir. Eyni zamanda rəsmi reyestrdə qeydə alınması tələb edilən daşınar əşyaların alqısatqı müqaviləsi müvafiq icra hakimiyyəti orqanında tərtib və təsdiq edilməlidir, hazırda isə mübahisə predmeti olan avtomobilin alqı-satqısına dair hər hansı müqavilə mövcud olmamışdır. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh hər gün 20 manat olmaqla, aylıq 600 manat pul ödəməsi müəyyən edilmişdir. Tərəflər həmin pul vəsaitinin ilkin iddia üzrə İddiaçı Cavabdeh mülkiyyətində olan avtomobili etibarnamə əsasında idarəetməsi və taksi fəaliyyəti göstərməsi ilə bağlı ödədiyi pul olduğunu təsdiq etmişlər. Başqa sözlə, tərəflər arasında şifahi icarə münasibətləri olmuşdur. Digər tərəfdən iddia tələbinin “avtomobilə tərəflərin paylarının müəyyən edilməsi, həmin avtomobilin hərracdan satılaraq tərəflər arasında paylara mütənasib olaraq bölünməsi” hissələri “tərəflər arasında olan şifahi müqavilənin ləğvi” tələbindən törəmə tələb olduğundan və tərəflər arasında olan şifahi müqavilənin ləğvi hissəsində iddia tələbinin əsassız olması müəyyən edildiyindən, iddiaçının hazırkı hissədə tələbləri də təmin edilə bilməz. Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının şifahi icarə müqaviləsi əsasında avtomobili idarə etməklə bunun üçün razılaşdırılmış məbləğləri, yəni, 19.190 manat ödəməsi həmin avtomaşına mülkiyyət hüququ yaranmasına hüquqi əsas yaratmır. Kollegiya bu qənaətə gələrkən nəzərə alır ki, icarə münasibətləri davam etdirildiyi və tərəflər arasında razılaşdırılmış məbləğ tam ödənilsə idi, belə olan halda iddiaçının müqavilə öhdəliklərinin yerinə yetirilməməsi ilə bağlı müvafiq iddia qaldırmaq hüququ yarana bilərdi. Lakin işdən görünür ki, İddiaçı bu müqavilənin şərtlərinə riayət etməmiş, bunu avtomaşının qəzaya uğraması ilə əlaqələndirmişdir. Məhkəmə Kollegiya hesab edir ki, avtomaşının qəzaya uğraması tərəflər arasında mövcud olmuş müqavilə şərtlərinin icra edilməməsinə əsas yaratmamışdır. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilkin iddia tələbinin əsassız olduğundan rədd edilməli olması barədə düzgün nəticəyə gəlmişdir. Bununla yanaşı işin faktiki halları ilə müəyyən edilmişdir ki, mübahisə predmeti olan nəqliyyat vasitəsi qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh mülkiyyətindədir, sonuncu nəqliyyat vasitəsini şifahi qaydada icarə haqqı barədə razılıq əldə edərək İddiaçı etibarnamə ilə vermiş, sonuncu həmin etibarnamə əsasında ona verilmiş avtomobil üçün icarə haqlarını vaxtında ödəməmiş, qarşılıqlı iddia üzrə iddiaçı isə həmin etibarnaməni ləğv etdirmişdir. Göründüyü kimi mübahisə predmeti olan nəqliyyat vasitəsi hal-hazırda qarşılıqlı iddia üzrə iddiaçının mülkiyyətindədir və həmin nəqliyyat vasitəsinin ilkin iddiaçı tərəfindən qaytarılmaması mülkiyyətçinin qanunla müəyyən olunmuş qaydada əmlakına öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququnun pozulmasına səbəb olur. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri isə əsassız olmuşdur. Belə ki, iddiaçı hazırki iddia tələbinin etibarsız ipoteka müqaviləsinin nəticələrinin aradan qaldırılması və əvvəlki vəziyyətin bərpa edilməsi ilə bağlı olmasını bildirsə də, tərəflər arasında hər hansı “ipoteka müqaviləsinin” bağlanması halı müəyyən edilməmişdir. Digər tərəfdən iddiaçı tərəfindən ödənilmiş vəsaitin əsassız olaraq qaytarılmamasını bildirsə də, Məhkəmə Kollegiyası qeyd edir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır (MPM-nin 218.3-cü maddəsi), hazırda isə iddiaçının belə bir tələbi olmamışdır. Bundan başqa iddiaçı apellyasiya şikayətinə əlavədə etibarsız sayılmış əqd üzrə tərəflərin əqd üzrə aldıqlarını eyni vaxtda geri qaytarmalı olmaları barədə qətnamə qəbul edilməsini xahiş etsə də, iş materialları ilə müəyyən edilmişdir ki, tərəflər arasında nəqliyyat vasitəsinin alqı-satqına dair hər hansı müqavilə bağlanmamışdır. Həmçinin Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır (MPM-nin 372.4-cü maddəsi), iddiaçının isə birinci instansiya məhkəməsi baxışı zamanı əqd üzrə aldıqların eyni vaxtda geri qaytarılması barədə hər hansı tələbi olmamışdır. Məhkəmə Kollegiyası iddia tələbinə münasibətdə həmçinin qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin qeyd edilməlidir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçı tələbinin əsaslarını məhkəmə araşdırması zamanı sübut edə bilmədiyindən iddiası göstərilən hallara görə qanuni və əsaslı sayıla bilməz Qeyd olunanlara əsasən müəyyən olunur ki, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 fevral 2025-ci il tarixli, 2(007)- 189/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə