Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2922/2021 07.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Mehdiyev Emin Əlixan oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçının vəkili X1 və cavabdehin vəkili Vəkil2 iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(007)-2847/19 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 6 sayli DNK-nun xüsusi notariusu X6 qarşı «bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və əmlak üzərində payın müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilə dair bağlanmış xx xxxx 2019-cu il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və həmin mənzilə dair onun ½ (ikidə bir) payının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim B.Qasımov, iş № 2(007)-2847/19) iddia təmin olunaraq, ünvan 2 ünvanında yerləşən mənzilə dair bağlanmış xx xxxx 2019-cu il tarixli bağışlama müqaviləsi etibarsız hesab edilmiş və həmin mənzilin 1/2 hissəsinə İddiaçı payı müəyyən olunmuşdur. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Eyvazov-sədrlik edən və məruzəçi, Z.Əliyev və E.Kazımov, iş № 2(103)- 3002/20) apellyasiya şikayəti təmin olunaraq qətnamə ləğv edilmiş və iddia rədd olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər G.Quliyev-sədrlik edən və məruzəçi, İ.Xələfov və E.Şamayev, iş № 2(102)- 5569/20) Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilərək iş yeni apellyasiya baxışına qaytarılmışdır. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh1 ilə xx xxxxx 2007-ci ildə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından xx xxxxxx 2008- ci il təvəllüdlü X4 və xx xxxxxx 2013-cü il təvəllüdlü X5 dünyaya gəlmişdir. Birdə nikah dövründə xx.xx.2017-ci il tarixdə ünvan 3 ünvanında yerləşən 72,6 kv.m sahəsi olan mənzili almışlar. Cavabdeh1 «Azəriqaz»ın Bakı Regional Qaz Ölçü Qurğularına Xidmət Departamentində işləyir. 2019cu ilin iyun ayında cavabdeh olan əri Cavabdeh1 ona demişdir ki, iş yerində problemləri var, qaz sayğacları çatışmır, oğurlanıb, onu tutacaqlar, əmlakına həbs qoyacaqlar. Rəisi deyib ki, adında nə əmlak varsa başqasının adına keçirsin. Cavabdeh çox təlaşlanmış, uşaqlarının gələcəyinin təhlükə altında olacağına onu inandırmışdır. Əvvəlcə evi kimin adına keçirəcəyini soruşmuş, əri isə dostunun adına keçirtmək istədiyini demişdir. O, razılaşmayaraq bildirmişdir ki, bir evləri var, onu da yad adamın adına keçirtməsin, qohumlardan birinin adına keçirsin, işdəki problemləri həll olduqdan sonra yenə öz adına qaytarar. Çox məsləhətləşdikdən sonra evi qardaşı və digər cavabdeh olan Cavabdeh2 adına formal olaraq keçirməyi təklif etmişdir (məgər əri artıq gizlicə qayını ilə bu barədə plan qurubmuşlar). Alqı-satqı müqaviləsi ilə keçirmək istəmiş, amma alınmamışdır, çünki notariusun depozit hesabına pul köçürmək lazım imiş. Elnur dedi ki, tanış notarius var, orda bağışlama edərlər. O, evlərinin müvəqqəti olaraq formal bağışlama müqaviləsi ilə Cavabdeh2 bağışlanmasına etiraz etməmişdir. xx xxxx 2019-cu il tarixdə Daşınmaz əmlakın bağışlanması müqaviləsi 6 saylı notariat ofisində bağlanmışdır. Bundan bir neçə gün sonra xəbər tutmuşdur ki, əri Cavabdeh1 xx xxxx 2019-cu il tarixdə Nizami Rayon Məhkəməsinə nikahın pozulması haqqında iddia ərizəsi veribmiş. O, aldandığını başa düşmüş və məhkəməyə getmişdir. Məlum olmuşdur ki, xx xxxx 2019-cu il tarixdə bağışlanma müqaviləsindən iki gün sonra Cavabdeh1 mülkiyyətə dair çıxarış alması barədə müraciət etmiş, xx xxxx 2019-cu il tarixdə isə məhkəməyə nikahın pozulması haqqında iddia verilmişdir. Nikahın absurd əsaslarla pozulmasına dair iddia verən əri Cavabdeh1 guya həyat yoldaşından xəbəri yox imiş, guya xx xxxx 2019-cu il tarixdə mətbuatdan oxuyub ki, onu CM-nin 243.1-ci maddə ilə ittiham edib məhkəməyə vermişlər. Halbuki 1 il gedən ibtidai istintaqda əri onu müşayiət etmişdir. Cavabdehlər əlbir olmuş, onun ərinə olan inamından sui-istifadə etmiş, onu aldadaraq bağışlanma müqaviləsinin bağlanmasına razılıq almışlar və onu əmlakdan məhrum etmişlər. Qeyd edilənlərə əsasən məhkəmədən iddiasının təmin olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh1 apellyasiya şikayətini birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, sübutlara düzgün hüquqi qiymət verilməməsi, mübahisələndirilən bağışlama müqaviləsinin qanuni olması, etibarsızlığına hər hansı əsasın olmaması, iddiaçı tərəfindən bununla bağlı məhkəməyə hər hansı mötəbər sübutun təqdim olunmaması, mübahisəli yaşayış evinin həqiqətdə qardaşı Cavabdeh2 məxsus olması, mənzilin alınmasında qardaşının 30000 manat pul ödəməsi, mənzilin formal olaraq onun adına qeydə alınması, bundan iddiaçının da məlumatının olması, bu səbəbdən də qarşılıqlı razılıq əsasında mənzili qardaşına bağışlaması, iddiaçının da notariusa gedərək əqdin bağlanmasına yazılı razılığını bildirməsi, lakin sonradan iddiaçının əxlaqsız həyat tərzi keçirməsini, ona dəfələrlə xəyanət etməsini öyrənməsi, xx xxxx 2019-cu il tarixdə iddiaçının Binəqədi Rayon Məhkəməsinə getməsini bilməsi, səbəbini araşdırdıqda iddiaçı barəsində CM-nin 243.1-ci maddəsi ilə (fahişəliyə cəlb etmə) cinayət işinin olmasını bilməsi, iddiaçının bu halı ondan gizlətməsi, hətta çağırışların yaşadıqları evə gəlməməsi üçün istintaq orqanına anasının yaşadığı ünvana verməsi, bu səbəbdən də iddiaçı ilə ailə münasibətlərinin pozulması, nikahlarının pozulması üçün məhkəməyə müraciət etməsi və s. ilə əsaslandırmış və məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi birgə nikah dövründə əldə olunmuş ünvan 2 ünvanında yerləşən mənzildə payların müəyyən edilməsi hissəsində dəyişdirilməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin hallarından məlum olur ki, İddiaçı Cavabdeh1 ilə xx xxxxx 2007-ci ildə rəsmi nikaha daxil olmuş və birgə nikah dövründə xx.xx.2017-ci il tarixdə ünvan 3 ünvanında yerləşən 72,6 kv.m sahəsi olan mənzil əldə etmişlər. xx xxxx 2019-cu il tarixdə cavabdeh həmin mənzili iddiaçının razılığı ilə öz qardaşı Cavabdeh2 bağışlamış və müqavilə notariat qaydasında təsdiq olunmuşdur. Müqavilə bağlandıqdan bir həftə sonra xx xxxx 2019-cu il tarixdə Cavabdeh1 Nizami Rayon Məhkəməsində iddiaçıya qarşı nikahın pozulması tələbinə dair iddia qaldırmışdır. İşdəm həmçinin görünür ki, İddiaçı və Cavabdeh1 arasındakı nikah qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən pozulmuş və birgə nikahdan doğulmuş 2008 və 2013-cü il təvəllüdlü iki uşaq atanın, yəni hazırkı iş üzrə cavabdeh olan Cavabdeh1 himayəsinə verilmişlər. İddiaçı bağışlama müqaviləsinin bağlanmasına razılıq verərkən aldadıldığını göstərərək hazırkı iddianı qaldırmışdır. Onun tələbi bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və əmlak üzərində payın müəyyən edilməsi barədədir. Birinci instansiya məhkəməsi iddianı əsaslı sayaraq təmin etmiş və mövqeyini belə əsaslandırmışdır ki, Cavabdeh1 Elifağa oğlu iddiaçını inandıraraq birgə mülkiyyətlərində olan mənzilin bağışlanmasına nail olmuş və bağışlama müqaviləsindən dərhal sonra məhkəmədə nikahın pozulması haqqında iddia qaldırmışdır ki, bu da əqdin aldatma yolu ilə bağlandığını bir daha təsdiq edir. Belə ki, cavabdehin əsas məqsədi nikah pozulduqdan sonra birgə mülkiyyətlərində olan əmlak üzrərində ər-arvadın paylarının müəyyən edilməsinin qarşısını almaq olmuşdur. Bunun üçün o, əvvəl mübahisəli mənzilin qardaşı Cavabdeh2 bağışlanmasına nail olmuş, daha sonra işə nikahın pozulmasına dair iddia ilə məhkəməyə müarciət etmişdir. Bağışlama müqaviləsindən dərhal sonra nihakın pozulması haqqında iddia verildikdə iddiaçı və ailəsi aldandıqlarını başa düşmüş, iddiaçının qardaşı X8 dərhal müqavilə bağlanması üçün vermiş olduğu razılıq ərizəsini ləğv etmişdir. Eyni zamanda məhkəməyə xx xxxxxx 2019-cu il tarixli evlərin alqı-satqı müqaviləsi təqdim edilmişdir. Cavabdeh tərəf bildirmişdir ki, mübahisəli mənzili cavabdehlərin atası Nəzirov Əlifağaya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni massivdə yerləşən yaşayış sahəsini sataraq almışdır. Lakin təqdim edilən müqavilədə satıcı qismində Cavabdeh1 adı qeyd edilmiş və onun tərəfindən imzanlanmışdır. Bu da qeyd edilən yaşayış sahəsinin cavabdehlərin atasına məxsus olmasını təkzib edir. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 394-cü maddəsində birbaşa göstərilir ki, bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Lakin qeyd edilən müqavilə qanunvericiliyin bu tətəbinə cavab vermir. Eyni zamanda cavabdeh tərəf mübahisəli mənzilin atasından qalmış əmlakın satılması hesabına alındığını iddia etsələr, o cümlədən atalarının Salyan rayonunda olan torpaq sahəsinin satılmasından əldə olunan vəsait hesabına alındığını bildirsələr də, məhkəməyə buna dair hər hansı sübut təqdim edə bilməmişlər. Məhkəmə iclasında cavabdeh tərəf mübahisəli mənzilin atalarına məxsus olan yaşayış sahəsinin satılması ilə əldə edilən pul nəticəsində alındığını vurğulamış və qeyd etmişlər ki, atası öz evini kiçik oğlu Cavabdeh2 hədiyyə etmişdir. O, mübahisəli mənzilin formal olaraq onun adına olduğunu, mənzilin əsas sahibinin miras üzrə Cavabdeh2 məxsus olduğunu bildirsə də, məhkəməyə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni massivdə yerləşən yaşayış sahəsinin Nəzirov Əlifağa oğluna məxsus olmasına və onun Cavabdeh2 hədiyyə edilməsinə dair də sübut tədqim edə bilməmişdir. Məhkəmə gəldiyi nəticəni hüquqi cəhətdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 222.1, 225.1, 324, 337, 339, 354.2, 666.1, 667.1-ci və Ailə Məcəlləsinin 36.1, 36.3, 37.1-ci maddələri ilə əsaslandırmışdır. Əvvəlki apellyasiya baxışı zamanı birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmaqla iddia rədd edilmiş, lakin kassasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmuş və iş müvafiq göstərişlərlə yeni apellyasiya baxışına qaytarılmışdır. Kassasiya instansiyası məhkəməsinin qənaətinə görə apellyasiya instansiyası məhkəməsi Cavabdeh1 iddiaçı ilə nikahının pozulması ərəfəsində birgə nikah dövründə əldə etdikləri əmlakı qardaşının xeyrinə əvəzsiz qaydada özgəninkiləşdirməklə iddiaçının həmin əmlaka dair hüquqlarından məhrum olmasına dair dəlillərinə əqdin etibarsızlığı əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət verməmiş, nikahın pozulması ilə həmin əqdin bağlanması arasında səbəbli əlaqənin olmaması barədə işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun olmayan nəticəyə gəlmişdir. Kassasiya məhkəməsinin mövqeyinə görə bağışlama müqaviləsi ilə nikahın pozulması arasında səbəbli əlaqə mövcuddur və bağışlamaya razılıq iddiaçının sərbəst iradə ifadəsini əks etdirmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri və kassasiya məhkəməsinin qərarında şərh olunan göstərişləri nəzərə alaraq birinci instansiya məhkəməsinin bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və mübahisəli mənzilin ümumi birgə əmlak hesab olunması hissəsində gəldiyi nəticəni əsaslı sayır və hesab edir ki, məhkəmə həmin hissədə işin hallarını düzgün müəyyən etmiş, məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun olmuş, eləcə də həmin hissədə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Məhkəmə kollegiyasının qənaətinə görə cavabdehin apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən qətnamənin göstərilən hissədə ləğv olunması, yaxud dəyişdirilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanlarla yanaşı birinci instansiya məhkəməsinin ümumi birgə əmlak olan mübahisəli mənzildə payların müəyyən edilməsi hissəsində gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqların mənafeyi nəzərə alınaraq qətnamə həmin hissədə dəyişdirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.2-ci maddəsinə əsasən ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Məhkəmə kollegiyası apellyasiya baxışı zamanı müəyyən etdi ki, Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəsini almış xx xxxxxx 2020-ci il tarixli qətnaməsinə əsasən tərəflər arasında nikah pozulduqdan sonra xx xxxxxx 2008-ci il təvəllüdlü X4 və xx xxxxxx 2013-cü il təvəllüdlü X2 yaşamaq üçün ataları Cavabdeh1 yanında saxlanılmaları, uşaqların İddiaçı alınaraq Cavabdeh1 himayəsinə verilməsi qət edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı vəziyyətdə hər iki uşağın atanın himayəsində saxlanılması nəzərə alınmalı və ünvan 2 ünvanında yerləşən mənzil üzərində İddiaçı 1/3, Cavabdeh1 isə 2/3 hissədə payı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi “ünvan 2 ünvanında yerləşən mənzilin 1/2 hissəsinə İddiaçı payının müəyyən edilməsi” hissəsində dəyişdirilsin və İddiaçı həmin mənzilin 1/3 hissəsinə, Cavabdeh1 isə 2/3 hissəsinə payı müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-2922/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2922/2021
07.04.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver