Məhkəmə qərarları › İş №2(103)-2923/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2923/2022

19.04.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2923/2022 19.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “X1 Agentliyi” X5 maraqlı şəxs qismində cəlb edilməklə pozulmuş istehlakçı hüquqlarının bərpası tələbinə dair mülki iş üzrə Bakı şəhər Yasamal Rayon Məhkəməsinin e-2(004)-376/2022 saylı, 10 yanvar 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “X1 Agentliyi” X5 maraqlı şəxs qismində cəlb edilməklə pozulmuş istehlakçı hüquqlarının bərpası tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tarif(qiymət) şurası tərəfindən müəyyən edilmiş 2021-ci il üçün nəzərdə tutulmuş qaz limitinin iddiaçının abonent hesabına bərpa edilməsi,dəymiş 1.800 manat mənəvi ziyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və qaz limiti bərpa edilənədək qaz limitinin dəyərinin gecikdirilmiş hər günü üçün bir faizi məbləğində (2.4 manat) dəbbə pulu ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək hər min kub metr üçün 100 manat müəyyən edilməklə 2021-ci il üçün 2200 m3 güzəştli qaz limitinin iddiaçının abonent hesabına bərpa edilməsini, dəymiş 1.800 manat mənəvi ziyan cavabdehdən tutularaq iddiaçıya odənilməsi və 76.32 manat dəbbə pulu və əlavə olaraq qaz limiti bərpa edilənədək bərpa edilməyən qaz limitinin dəyərinin gecikmiş hər gün üçün bir faizi məbləğində (2.2 manat) dəbbə pulu ödənilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 1 ünvanında yaşayır. Azəriqaz İB əməkdaşları ona müraciət edərək bildirmişlər ki, onun ünvanında mövcud olan sayğacın istismar müddəti ilə əlaqədar olaraq yenisi ilə əvəzlənməlidir və 01 iyun 2021-ci il tarixində yaşadığı mənzildə yeni qaz sayğacı quraşdırılmışdır. İddiaçının köhnə sayğacında 3005 kub metr istifadə edilməmiş qaz həcmi mövcud olmuş və ona bildirilmişdir ki, Asan Kommunal xidmətində bu limiti ona yeni sayğacının kartına köçürəcəklər. Həmin gün ASAN kommunal xidmətinə yeni sayğacın kartını aktiv etmək üçün müraciət etdikdə isə köhnə sayğacda mövcud olan 3005 kub metr qaz 300.5 manat hesablanaraq 2607.5 kub metr qaz köçürülmüşdür. Göründüyü kimi, Azəriqaz İB qanunsuz olaraq həmçinin iddiaçının 2021-ci ilə olan güzəştli qaz limitimi də istifadə etmişdir. Bakı Regional Qaz Satışı Departamentinə bununla bağlı iddiaçının etdiyi 04.06.2021-ci il tarixli Ərizəsinə isə bu günədək cavab verilməmiş və məsələ öz həllini tapmamışdır. Bununla əlaqədar X2 Agentliyinə etdiyi 3 iyul 2021-ci il tarixli müraciətinə əsasən iş üzrə araşdırma aparılmış və yalnız onlar tərəfindən 2-ci dəfə Azəriqaz İB-nə göstəriş verildikdən sonra iddiaçıya çatışmayan qaz həcmi köçürülmüşdür. Amma 2021-ci il üzrə nəzərdə tutulan qaz limiti bərpa edilməmişdir. X2 Agentliyinin Bakı filialının 24 sentyabr 2021-ci il tarixli cavab məktubuna əsasən iddiçının 2021-ci il üzrə qaz limitimin qanunsuz olaraq ləğv edilməsi təsdiq edilmiş və bildirilmişdir ki, “abonent hesabına qaz limitinin bərpa olunma məsələsinə yenidən baxılması üçün Azəriqaz İB-ə təkrar məktub göndərilmişdir”. Göründüyü kimi Azəriqaz İB nəinki vətəndaşın qanuni müraciətinə, həmçinin bu sahədə tənzimləyici orqanın məcburi göstərişlərinə belə məhəl qoymur. Bundan əlavə Azəriqaz onu aldadarq sayğacda olan qaz həcminin yeni karta köçürüləcəyini bildirsə də bunu etməmiş,qanunsuz və onun icazəsi olmadan 2021-ci ilə dövlət tərəfindən ona ayrılan qaz limitini silmişdir. Bununla cavabdehin qanunsuz əməlləri nəticəsində ona 1800 manat mənəvi ziyan dəymişdir. 01 iyun 2021-cu il tarixində yeni sayğacın kartını aktiv etmək üçün müraciət etdikdə köhnə sayğacda mövcud olan 3005 kub metr qaz 300.5 manat hesablanaraq 2607.5 kub metr qaz köçürülmüşdür. Həmin tarixdə qüvvədə olan tariflərə əsasən limitdən artıq hər kub metri üçün 20 qəpikdən hesablanan 397.5 kubmetr qaz əsassız kəsilmişdir. Azəriqaz İB tərəfindən X2 Agentliyinə ünvanlanan 06.09.2021-ci il tarixli SQCAR**********30560046X02446 nömrəli məktubla istehlakçı hesabında müvafiq düzəlişlər edildiyi və 3005 kub metr qaz tam bərpa edildiyi bildirilmişdir. Göründüyü kimi 79.5 manat dəyərində (20 qəpikdən hesablanan 397.5 kubmetr qaz) əsassız azaldılmış qaz həcmini 06.09.2021-ci ildə, yəni 01.06.2021-ci il tarixindən 96 gün sonra bərpa edilmişdir. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası Qanunun 9cu maddəsinin 5-ci bəndinə əsasən hər gün üçün işin və ya xidmətin dəyərinin (əgər dəyər ayrıca müəyyən edilməmişdirsə, sifarişin dəyərinin) bir faizi məbləğində dəbbə pulu nəzərə alınmaqla cavabdeh 79.5 manatın 96 faizi həcmində dəbbə pulu, yəni 76.32 manat dəbbə pulu ödəməlidir. Eyni zamanda, 01.06.2021-ci il tarixindən bu günədək 2021 -ci il üçün nəzərdə tutulan illik istehlak həcminin 2200 m3 -dək (2200 m3 daxil) olan hissəsi üçün hər min kub metr üçün 100 manat müəyyən edilmiş və dəyəri 220 manat olan güzəştli qaz limiti bərpa edilməmişdir. Bununla da, bərpa edilməyən qaz limitinin dəyəri 220 manat götürülməklə hər gün üçün 1 faiz, yəni 2.2 manat dəbbə pulu ödənilməlidir. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin e-2(004)-376/2022 saylı, 10 yanvar 2022-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Bakı şəhəri, Yasamal rayonu, M.D.Məmmədzadə 3147-ci məhəllə, ev 77 mənzil 75 (Abonent kodu: **********00750) ünvanına 2021-ci il üçün güzəştli qaz limitinin bərpa edilməsi vəzifəsinin Cavabdeh İB-nin üzərinə qoyulması, qaz limiti bərpa edilənədək bərpa edilməyən qaz limitinin dəyərinin hər gecikdirilmiş gün üçün bir faizi miqdarında hesablanmış 76,32 manat dəbbə pulunun Cavabdeh İB-dən tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh İB-dən 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Yasamal Rayon Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli, e-2(004)-376/2022 saylı qətnaməsinin “İddia qalan hissədə təmin edilməsin” hissəsində ləğv edilməsi və dəymiş 1800 manat mənəvi ziyan cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və 2021-ci il üçün qaz limiti iddiaçının abonent hesabına bərpa edilənədək bərpa edilməyən qaz limitinin dəyərinin gecikdirilmiş hər günü üçün bir faizi məbləğində (2.2 manat) dəbbə pulunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür və “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə Qərarına əsasən qanunvericiliklə nəzərdə tutulan hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, hazırkı iş üzrə onun fəaliyyəti 01 iyun 2021-ci ildən başlamış, bu dövr ərzində dəfələrlə Azəriqaz İB-yə müraciət edərək ərizələr yazmış, X2 Agentliyinə yazılı müraciətlər etmiş, Yasamal rayon Məhkəməsinə iddia ərizəsi yazmış və ümumilikdə 220 saata yaxın vaxt sərf etmişdir ki, bunun da təkcə dövlət tərəfindən müəyyən edilən dəyəri 1320 manat təşkil edir. O, Yasamal rayon Məhkəməsinə müraciət edərkən 1320 manat dəyərində maddi ziyan deyil, məhz 1800 manat dəyərində mənəvi ziyan tələbi qoymuşdur. Belə ki, 2007-ci ildən peşəkar vəkil kimi fəaliyyət göstərən bir şəxs olaraq o, öz pozulmuş hüquqlarını inzibati qaydada təmin edə bilməmiş, Cavabdeh İB tərəfindən qanunların kobudcasına pozması və X2 Agentliyinin buna biganəliyi onu tanıyan şəxslərdə ikrah hissi ilə bərabər dövlət orqanlarına və qanunlara inamsızlığı yaratması onu narahat etmiş və ona mənəvi zərər vurmuşdur. Belə ki, hamı, xüsusilə də dövlət orqanları və müəssisələri qanunlara riayət etməlidir. Bunun əksini görmək insanlarda xoş təəssürat yaratmır. Cavabdehin qeyd edilən qanunsuz əməlləri nəticəsində ona 1800 manat mənəvi ziyan vurmuşdur. Eyni zamanda, 01.06.2021-ci il tarixindən bu günədək 2021-ci il üçün nəzərdə tutulan illik istehlak həcminin 2200 m3 -dək (2200 m3 daxil) olan hissəsi üçün hər min kub metr üçün 100 manat müəyyən edilmiş və dəyəri 220 manat olan güzəştli qaz limitini bərpa edilməmişdir. Bununla da, bərpa edilməyən qaz limitinin dəyəri 220 manat götürülməklə hər gün üçün 1 faiz, yəni 2.2 manat dəbbə pulu ödənilməlidir. Proses iştirakçılarının izahatları: İşə baxılma vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı “iddia tələbinin təmin edilməmiş” hissəsində yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilibedilməməsinə hüquqi qiymət verilməlidir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin araşdırılması zamanı müəyyən edilmişdir ki, qazın qiyməti Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənən tarifə əsasən, hər 1 (bir) m3 üçün 0,10 manat məbləğində müəyyən edilməklə ”Azəriqaz” İstehsalat Birliyi ilə İddiaçı arasında Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə 01.06.2021-ci il tarixdə, AKX-0301449/06-2021 saylı müqavilə imzalanmışdır. Müqaviləyə əsasən paylayıcı müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının götəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. 01.06.2021-ci il tarixli, ******* nömrəli akta əsasən sayğacın istismar müddətinin bitməsi səbəbindən İddiaçı məxsus ünvan 2 ünvanında sayğac əvəz edilmişdir. Çıxarılmış qaz sayğacının üzərində olan istehlak edilməmiş 3005 m3 qaz həcmindən abonent hesabına 2924.5 m3 qaz həcminin geri qaytarılması işin mübahisəsiz halıdır. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, 01 iyun 2021-cu il tarixində yeni sayğaca köhnə sayğacda mövcud olan 3005 kub metr qaz 300.5 manat hesablanaraq 2607.5 kub metr qaz köçürülmüşdür. Bununla da həmin tarixdə qüvvədə olan tariflərə əsasən limitdən artıq hər kub metri üçün 20 qəpikdən hesablanan 397.5 kubmetr qaz əsassız kəsilmiş, sonradan 3005 kub metr qaz tam bərpa edilmişdir. Göründüyü kimi 79.5 manat dəyərində (20 qəpikdən hesablanan 397.5 kubmetr qaz) əsassız azaldılmış qaz həcmi 06.09.2021-ci ildə, yəni 01.06.2021-ci il tarixindən 96 gün sonra bərpa edilmişdir. Odur ki, Bakı şəhəri, Yasamal rayonu, M.D.Məmmədzadə 3147-ci məhəllə, ev 77 mənzil 75 (Abonent kodu: **********00750) ünvanına 2021-ci il üçün güzəştli qaz limitinin bərpa edilməsi vəzifəsi Cavabdeh İB-nin üzərinə qoyulmalıdır. Həmçinin, İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinin 5-ci bəndinə əsasən hər gün üçün işin və ya xidmətin dəyərinin (əgər dəyər ayrıca müəyyən edilməmişdirsə, sifarişin dəyərinin) bir faizi məbləğində dəbbə pulu nəzərə alınmaqla cavabdeh 79.5 manatın 96 faizi həcmində dəbbə pulu, yəni 76.32 manat dəbbə pulu ödəməlidir. Eyni zamanda iddiaçı 1800 manat mənəvi ziyanın tutulmasını tələb etsə də mənəvi və fiziki sağlamlığına vurulan zərərin nədən ibarət olmasını və və buna dair sübutları məhkəməyə təqdim etmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Kollegiya birinci instansiya məhkəməsinin “iddia tələbinin təmin edilməmiş” hissəsində mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulsun. Həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Həmin Məcəllənin 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli 7№-li qərarınına əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri – əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iş materiallarında cavabdehin hərəkətləri nəticəsində iddiaçıya mənəvi və fiziki sağlamlığına vurulan zərərin nədən ibarət olmasına dair sübutlar müəyyən edilmədiyindən və bərpa edilməyən qaz limitinin dəyəri 220 manat götürülməklə hər gün üçün 1 faiz, yəni 2.2 manatın hansı əsasla tutulmalı olması barədə tələbi əsaslandırılmadığından apellyasiya şikayəti təmin edilməməlidir. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılarkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və məhkəmə kifayət qədər araşdırma aparmaqla əsaslı və qanuni qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin e-2(004)-376/2022 saylı, 10 yanvar 2022-ci il tarixli qətnaməsi “iddia tələbinin təmin edilməmiş” hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar