Məhkəmə qərarları › İş №2(103)-2925/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2925/2021

22.07.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2925/2021 22.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı, Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı qanunsuz aktın ləğv olunması və borcun silinməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 dekabr 2019-cu il tarixli 2(004)-7019/2019 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş aktın ləğv edilməsi və akta əsasən hesablanmış 2120,90 manat borc məbləğinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus Bakı şəhəri Binəqədi rayonu 9-cu mikrorayon Mir Cəlal küçəsi,137 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin su təchizatı və kanalizasiya xidmətlərinə dair Cavabdeh ASC-nin Binəqədi rayon Sukanal İdarəsi ilə 01 dekabr 2011-ci il tarixdə 102576 saylı müqavilə bağlanmışdır. Obyektdə quraşdırılmış 2012-ci ildə istehsal olunmuş “Alfasu AT-15” markalı 50085209 nömrəli su sayğacı istismara yararsız olduğu üçün 2017-ci ilin noyabr ayında iddiaçı Binəqədi Sukanal İdarəsinə müraciət etmişdir. Həmin idarənin əməkdaşları Vahid Daşdəmirov və Sərdar Əsgərov tərəfindən 01 dekabr 2017-ci il tarixdə obyektdə su sayğacına yerində baxış keçirilmiş və akt tərtib olunaraq sayğac götürülmüşdür. Həmin sayğac Cavabdeh ASC-nin X3 Laboratoriyasına təhvil verilmiş və 11 dekabr 2017-ci il tarixli rəyə əsasən suölçən cihazın istismara yararsız olduğu müəyyən edilmişdir. Sayğac Cavabdeh ASC-nin öz labaratoriyasında onun iştirakı olmadan yoxlanılıb. Həmin rəy əsasında ona 2120,90 manat məbləğində cərimə tətbiq edilmişdir. Cərimənin hansı qaydada hesablanması ona məlum deyildir. 2017-ci ildə ümumiyyətlə fəaliyyət göstərmədiyi halda, ona o qədər cərimə yazıla bilməzdi. Hesab edir ki, barəsində tərtib olunmuş akt qanunsuzdur. Belə ki, aktda abonentin nümayəndəsi kimi qeyd olunan Mehman Əzimov adlı şəxsin kimliyini bilmir.”Azərsu” ASC-nin nümayəndəsi Sərdar Əsgərov adlı şəxs isə aktı imzalamamışdır. Aktın tərtib olunmasında iddiaçının iştirakı təmin olunmamışdır. Bakı şəhəri Yasamal Rayon Мəhkəməsinin 03 dekabr 2019-cu il tarixli 2(004)- 7019/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur. Qətnamədən Cavabdeh ASC apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün araşdırmamışdır. Cavabdeh təşkilatın əməkdaşları tərəfindən “Şuşa” kafesi adı altında fəaliyyət göstərən ünvan 2 ünvanında yerləşən obyektə quraşdırılmış “Alfasu-15” markalı su sayğacı dövri sınaq yoxlaması üçün çıxarılmış və bununla bağlı 01 dekabr 2017-ci il tarixli akt tərtib olunmuşdur. Suölçən cihaza müdaxilə olub-olmamasının müəyyən edilməsi üçün sayğac X5 İdarəsinin X3 Labaratoriyasına təqdim edilmişdir. Müayinə nəticəsində sayğaca müdaxilə edildiyi və təmirə yararsız olması barədə 11 dekabr 2017-ci il tarixli, 85209/0029626 saylı rəy tərtib edilmişdir. Həmin rəy əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydalarının” 4 nömrəli əlavəsinə uyğun olaraq dəymiş ziyan hesablabmışdır. Tərəf bu məbləği ödəməkdən imtina etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 08 iyun 2020-ci il tarixli 2(103)-2480/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh tərəfindən verilən kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli qərarı ilə qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin 08 iyun 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçı isə apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 dekabr 2019-cu il tarixli 2(004)-7019/2019 saylı qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin faktiki hallarından görünür ki, Cavabdeh ASC ilə İddiaçı arasında su təchizatı və kanalizasiya xidmətlərinə dair 01dekabr 2011-ci il tarixli 102576 saylı müqavilə bağlanmışdır. Quraşdırılan, dəyişdirilən və təmir olunan su sayğacının istismara qəbuluna dair 10/06738 saylı aktdan görünür ki, abonentə məxsus 50085209 zavod nömrəli “Alfasu-15” markalı su sayğacı çıxarılmış, həmin vaxt su sayğacının elektron göstəricisi 436,54 m3, mexaniki sərfiyyat göstəricisi isə 00245 m3 olmaqla su sayğacının üzərində qalan balans -46,7 m3 olmuş, yeni sayğac abonentin iştirakı ilə texniki şərtlər əsasında yoxlanılaraq istismara verilmişdir. 01 dekabr 2017-ci il tarixli inventarizasiya aktından görünür ki, “ünvan 3 ünvanında yerləşən obyektə quraşdırılmış “Alfasu-15” markalı su sayğacı dövri sınaq yoxlaması üçün çıxarılmış, abonentin su xətti birbaşa birləşmə ilə birləşdirilmiş və su təchizatı bərpa olunmuşdur. 11 dekabr 2017-ci il tarixli, 85209/0029626 saylı rəydən görünür ki, 50085209 zavod nömrəli “Alfasu-15” markalı su sayğacına sınaq nəticəsində sayğacın hesablama mexanizmində müdaxilə aşkar olunmuş və sayğacın təmirə və istismara yararsız olduğu qeyd olunmuşdur, mexaniki sərfiyyat göstəricisi 441,4 m3, üzərində qalan balans 51,8 m3-dir. İş materiallarında olan 19375677 nömrəli abonent haqqında məlumatlardan görünür ki, 2017-ci il üçün abonentə su satışı və ödənişi olmamış, 2018-ci il üçün 2120,90 manat qalıq borc hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 8.6-cı bəndinə əsasən su təchizatı sisteminə özbaşına qoşulma halları aşkar edildikdə STKM qanunsuz xətti dərhal su təchizatı sistemindən ayırmaqla suyun verilməsini dayandırmalı və dəymiş ziyanın ödənilməsini həmin şəxsdən tələb etməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin 1-ci bəndinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “Su təchizatı və tullantı suları” haqqında Qanunun 59.3-cü maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna və müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara əsasən hesablanır. “Sudan istifadə Qaydaları”nın 5.1.5ci bəndinə əsasən verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək istehlakçıların hüquqlarındandır. Apellyasiya icraatı zamanı Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri X6 Üzrə Baş İdarəsinə edilən sorğuya cavab olaraq bildirilmişdir ki, ünvan 4 ünvanında yerləşən “Şuşa” kafesi adlanan qeyri-yaşayış sahəsinin qeydiyyatda olması barədə məlumat müəyyən edilməmişdir. Quraşdırılan, dəyişdirilən və təmir olunan su sayğacının istismara qəbuluna dair 01 dekabr 2017-ci il tarixli 10/06738 saylı akt tərtib olunarkən fiziki şəxs İddiaçı iştirakı təmin olunmamış, Binəqədi Sukanal İdarəsinin nümayəndəsi Sərdar Əsgərov aktı imzalamamışdır. 11 dekabr 2017-ci il tarixli, 85209/0029626 saylı rəydən görünür ki, 50085209 zavod nömrəli “Alfasu-15” markalı su sayğacına sınaq nəticəsində sayğacın hesablama mexanizmində müdaxilə aşkar olunmuş və sayğacın təmirə və istismara yararsız olduğu qeyd olunmuşdur. Sayğacın hesablama mexanizmində müdaxilə aşkar olunduğundan, İddiaçı 1098 m3 əlavə sərfiyyat hesablanmış (suya və çirkab suya görə) və ondan 2120,90 manat borcun ödənilməsi tələb olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, su təchizatı müəssisəsi iddiaçının su sayğacına qanunsuz müdaxilə etməsini sübuta yetirmədən, aktın tərtib olunmasında iddiaçının iştirakını təmin etmədən ona qanunsuz olaraq akt tərtib etmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Mübahisələndirilən qətnamə mahiyyət etibarilə düzgün olduğundan, apellyasiya şikayəti təmin edilməməli, qətnamə cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 dekabr 2019-cu il tarixli 2(004)- 7019/2019 saylı qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar