Məhkəmə qərarları › İş №2(103)-2925/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2925/2022

21.04.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2925/2022 21.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh2 nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə İddiaçı 3 saylı Bakı “ASAN” xidmət mərkəzinin notariusuna, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında əldə olunmuş bütün hüquqi nəticələrin ləğv olunması və miras payının yenidən müəyyənləşdirilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 fevral 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı 3 saylı Bakı “ASAN” xidmət mərkəzinin notariusuna, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3 saylı Bakı “ASAN” xidmət mərkəzinin notariat ofisi tərəfindən təsdiq edilən və reyestrdə 2V/397 nömrə ilə qeyd olunan vəsiyyətnaməyə əsasən 18.06.2021-ci ildə verilmiş vəsiyyətnamə üzrə 572 saylı vərəsəlik şəhadətnaməsinin və qanun üzrə vərəsəlik hüququ haqqında 573 saylı şəhadətnamənin qismən etibarsız hesab olunaraq Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat-Pirşağı yolu, 1-ci kilometr, 1A ünvanında yerləşən qeyri-yaşayış obyektinə payların yenidən düzgün bölünməsi, vəsiyyətnamə üzrə vərəsəlik hüququ üzrə 572 saylı şəhadətnaməyə əsasən həmin əmlakın ½ hissəsindən ona verilməsi, 572 saylı şəhadətnamə əsasında ½ hissədə pay almış Cavabdeh2 ½ hissədə payının ləğv edilərək qanun üzrə vərəsə kimi payının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, 09.06.2020-ci tarixdə vəfat etmiş mərhum atası X1 02.06.2017-ci il tarixdə 3 saylı Bakı “ASAN" xidmət mərkəzində notariat ofisi tərəfindən təsdiq edilən və reyestrdə 2V/397 nömrəsi ilə qeyd olunan vəsiyyətnaməsinə əsasən, onun vəsiyətnamədə göstərilən əmlaklarının vərəsələri arvadı Cavabdeh2, o, oğlu Cavabdeh3 və qızı Cavabdeh4 müəyyənləşdirilmiş, onlar miras əmlakdan vəsiyyətnamədə göstərilən mirası qəbul edərək pay almışlar. Ona Sabunçu rayonu, Zabrat qəsəbəsi, 1 A Zabrat-Pirşağa yolu,1-ci km ünvanında yerləşən, ümumi sahəsi 173.3 kv/m olan qeyri-yaşayış sahəsi vəsiyyət olunmuş, şəhadətnamədə həmin əmlakın ½ hissəsindən ½ hissədə pay almalı olduğu göstərilmiş, şəhadətnamənin qeyd hissəsində, əmlakın ½ hissəsinə mülkiyyət hüququ haqqında şəhədətnamə, qalan hissənin ½ hissəsinin ½ hissəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verildiyi qeyd olunmuşdur. Başqa sözlə, notariat ofisi Sabunçu rayonu, Zabrat qəsəbəsi, 1 A, Zabrat-Pirşağa yolu, 1-ci km. ünvanında yerləşən qeyri-yaşayış binasını X1 Cavabdeh2 ilə birgə nikah dövründə əldə olunmuş əmlakı kimi qiymətləndirərək sonuncunun ½ hissədə mülkiyyət payını müəyyən etmişdir. Halbuki, Cavabdeh2 ilə atası 04.10.2013-cü il tarixdə nikaha daxil olarkən Sabunçu rayonu, Zabrat qəsəbəsi, 1 A, Zabrat-Pirşağa yolu, 1-ci km ünvanında yerləşən əmlak artıq atasının mülkiyyətində olmuşdur. Buna görə də hesab edir ki, notariat ofisi tərəfindən vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqda şəhadətnamə əsasında paylar müəyyən edilərkən düzgün bölgü aparılmamış, sözügedən əmlak əsassız olaraq mərhum atası ilə ögey anasının birgə nikahları dövründə əldə olunmuş əmlak kimi qiymətləndirilərək Cavabdeh2 ½ hissədə pay verilmiş, beləliklə də onun vərəsəlik payı azaldılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 fevral 2022-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin edilməməsi qət olunmuşdur. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddianın təmin olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin işi hərtərəfli araşdırmadığını, sübutlara düzgün qiymət vermədiyini, Sabunçu rayonu, Zabrat qəsəbəsi, 1 A, Zabrat- Pirşağa yolu, 1-ci km ünvanında yerləşən əmlakın mərhum atası ilə ögey anasının nikaha girməsindən əvvəl atasının mülkiyyətində olduğunu nəzərə almadığını irəli sürmüşdür. Apellyator şikayətində göstərmişdir ki, Cavabdeh2 ilə 04.10.2013-cü il tarixdə nikaha daxil olmuş X3 21.07.1989-cu il tarixdə Sabunçu Rayon XDS İK-nin 19/7 saylı Qərarı ilə qeydiyata alınmış “RİTUAL” kooperativini yaratmış, 1989-ci ildə “Ritual” kooperativinin əmlakına dair çizgi-çertyoj çəkilmiş, 09.11.2001-ci il tarixdə həmin kooperativin bazasında təsisçisi atası olan "xxxx" MMC qeydiyyata alınmış, “RİTUAL” kooprativinin balansında olan əmlaklar X3 tərəfindən "xxxx" MMC-ə pay şəkilində qoyulmuşdur. Sabunçu rayon icra hakimiyyətinin təsərüffat şöbəsinin 14.10.2013-cü il tarixli Tikinti- X6 Qəbul edilməsi haqqında Komisiyasınin Aktından görünür ki, 30 yanvar 1987-ci il tarixdə Bakı şəhər X10 idarə komtəsinin 2/25 saylı qərarına əsasən “Ritual” kooperativinə tikinti üçün torpaq sahəsi ayrılmış, 1990-cə ildə həmin torpaq sahəsindəki qeyri-yaşayış obyektinin tikintisi başa çatmiş və Sabunçu rayon Zabrat qəsəbəsində yerləşən "xxxx" MMC-yə məxsus qeyri-yaşayış sahəsi istismara qəbul edilmişdir. 26 may 2014-ci il tarixdə X3 öz qərarı ilə "xxxx" MMC-ni ləğv etmiş və MMC-nin balansında olan Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat-Pirşağı yolu 1-ci km. 1 A ünvanda 173,3 kv.m qeyri-yaşayış tikintisini təhvil almışdir. Milli Arxiv İdarəsinin 18 oktyabr 2013-ci tarixli arayışından və işdəki digər sənədlərdən görünür ki, Sabunçu rayonu, Zabrat qəsəbəsi, 1 A Zabrat-Pirşağa yolu, 1-ci km ünvanında yerləşən ümumi sahəsi 173,3 kv.m olan geyri-yaşayış binasının tikintisinə 30 yanvar 1987ci il tarixdə Bakı Şəhər X10 idarə komtəsi tərəfindən icazə verilmiş, 20.11.2013-cü il tarixdə qeyri-yaşayış binasına dair DƏDRX tərəfindən N ******* Serya ********** qeydiyyat nömrəsiylə "xxxx" MMC-yə çıxarış verilmişdir. Beləliklə, mərhum atası X3 Sabunçu rayonu, Zabrat qəsəbəsi, 1 A Zabrat-Pirşağa yolu, 1-ci km ünvanında yerləşən ümumi sahəsi 173.3 kv/m olan qeyri-yaşayış binasını nikahdan əvvəl əldə etmiş, buna baxmayaraq notarius həmin əmlakı atası ilə Cavabdeh2 birgə nikah dövründə əldə olunmuş əmlak kimi qiymətləndirlərək miras paylarının müəyyənləşdirilməsində səhvə yol vermişdir. Məhkəmə iclaslarında iştirak edən İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil1 apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etmiş, Cavabdeh2 nümayəndəsi (vəkili) Nümayəndə şikayətin əsassız olduğunu bildirmiş, digər cavabdehlər, eləcə də iddia ərizəsində üçüncü şəxs kimi göstərilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin nümayəndəsi məhkəməyə gəlməmişlər. İşin haları və şikayətə işin materialları əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq işə, gəlməyən tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddianın qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. İşin müəyyən olunmuş hallarına görə, 09.06.2020-ci il tarixdə vəfat etmiş X4 04.10.2013-cü il tarixdə Cavabdeh2 ilə rəsmi nikaha girmiş, vəfat etdiyi zaman onun birinci dərəcədən 4 qanun üzrə vərəsəsi - arvadı Cavabdeh2, oğulları İddiaçı və Cavabdeh3, qızı Cavabdeh4 olmuş, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi 1 A, Zabrat-Pirşağa yolu, 1-ci km ünvanında yerləşən, ümumi sahəsi 173.3 kv.m olan qeyri-yaşayış binası Yunis Ələkbərov tərəfindən 02.06.2017-ci il tarixli vəsiyyətnamə əsasında İddiaçı (iddiaçıya) vəsiyyət edilmişdir. İşin müəyyən olunan digər halına görə, X2 ölümündən sonra onun miras əmlakına dair vərəsəlik işi açılmış, reyestrdə 2V-572 sayı ilə qeydə alınmış 18.06.2021-ci il tarixli “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”də Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi 1 A, Zabrat-Pirşağa yolu, 1-ci km ünvanında yerləşən, ümumi sahəsi 173.3 kv.m olan qeyri-yaşayış binasının (iddiaçıya vəsiyyət olunan əmlakın) vərəsələrinin Cavabdeh2, İddiaçı və Cavabdeh3 olduğu, əmlakın ½ hissəsindən İddiaçı ½ hissədə pay almalı olduğu göstərilmiş, əmlakın ½ hissəsinə mülkiyyət hüququ haqqında şəhadətnamə, qalan ½ hissəsinin ½ hissəsinə qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verildiyi qeyd olunmuş, reyestrdə 2V-570 sayı ilə qeydə alınmış 18.06.2021ci il tarixli “Mülkiyyət hüququ haqqında şəhadətnamə” ilə isə Ailə Məcəlləsinin 32-ci maddəsinə istinadla Cavabdeh2 sözügedən əmlakın ½ hissəsinə mülkiyyət hüququnun olduğu təsbit olunmuşdur. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi 1 A, Zabrat-Pirşağa yolu, 1-ci km ünvanında yerləşən qeyri-yaşayış binasına dair 18.06.2021-ci il tarixdə verilərək reyestrdə 2V-573 sayı ilə qeydə alınmış “Qanun üzrə vərəsəlik haqqında şəhadətnamə” ilə X2 vərəsələri Cavabdeh2, oğulları İddiaçı və Cavabdeh3, qızı Cavabdeh4 hər birinin əmlakın ¼ hissəsindən ¼ hissə pay almalı olduqları təsbit edilmişdir. Belə aydın olur ki, notarius, Yunis Ələkbərov (mirasqoyan) tərəfindən iddiaçıya vəsiyyət olunmuş Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi 1 A, Zabrat-Pirşağa yolu, 1-ci km ünvanında yerləşən qeyri-yaşayış binasını mirasqoyanla Cavabdeh2 birgə nikahları dövründə əldə etdikləri əmlak kimi qiymətləndirmiş, məhz bu səbəblə əmlakın ½ hissəsinə “Mülkiyyət hüququ haqqında şəhadətnamə” verməklə həmin hissə üzərində Cavabdeh2 mülkiyyət hüququnu, qalan ½ hissəsinin ½ hissəsinə (yəni ¼ hissəyə) iddiaçının vəsiyyətnamə üzrə vərəsəlik hüququnu tanımış, qalan ¼ hissənin isə bütün vərəsələrin arasında məcburi pay olaraq bölüşdürülməli olduğu nəticəsinə gəlmişdir. Birinci instansiya məhkəməsi işin yuxarıda göstərilən müəyyən olunmuş hallarını sadalayaraq öz qənaətini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi 1A, Zabrat-Pirşağı yolu, 1-ci km ünvanında yerləşən, ümumi sahəsi 173,3 m2 olan qeyri-yaşayış binasının ½ hissəsinə verilmiş “Mülkiyyət hüququ haqqında şəhadətnamə mübahisə predmeti olmamaqla iddiaçı həmin şəhadətnamənin etibarsızlığını tələb etmədiyindən onun qanuniliyini yoxlaya bilməz; əgər iddiaçı hesab edirsə ki, qeyri-yaşayış binasının ½ hissəsinə dair “Mülkiyyət hüququ haqqında şəhadətnamə” düzgün verilməmiş və bununla hüquqları pozulmuşdur, o zaman həmin şəhadətnaməni məhkəmədə mübahisələndirə və həmin şəhadətnamə ilə verilən paya özünün miras payının müəyyən edilməsini tələb edə bilər. Kollegiya birinci instansiya məhkəməsinin həmin qənaəti ilə razılaşmayaraq qeyd edir ki, məhkəmə hüququn tətbiq edilməsində səhv buraxmış, tətbiq edilməli olan qanunu tətbiq etməmiş, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, Mülki Məcəllənin 1133.1-ci maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1162-ci maddəsinə görə, sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. Məcəllənin 1166-cı maddəsinə görə, fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər; 1193-cü maddəsinə görə isə, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. İiddiaçının iddia tələblərinin faktiki əsası kimi irəli sürdüyü hal ondan ibarətdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi 1 A, Zabrat-Pirşağa yolu, 1-ci km ünvanında yerləşən qeyri-yaşayış binası mərhum atasının Cavabdeh2 ilə nikahda olduğu dövrdə əldə olunmuş əmlak olmamaqla, notarius vərəsəlik paylarını müəyyənləşdirərkən səhvə yol vermişdir. Qeyd olunmalıdır ki, iddianın əsasını, irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir və məhkəmənin vəzifəsi iddiaçının bildirdiyi faktiki halların iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” (“məhkəmə hüququ bilir”) prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeləri hakim üçün heç bir halda məcburi deyil. Bu kontekstdə kollegiya nəzərə alır ki, iddia tələbi mübahisəli əmlaka dair aparılmış vərəsəlik əməliyyatlarının qismən etibarsız hesab edilməsi barəsindədir və yuxarıda qeyd olunan prinsipə görə sözügedən vərəsəliyin qanunvericiliyin tələblərinə uyğun həyata keçirilib-keçirilmədiyini müəyyənləşdirmək bilavasitə məhkəmənin vəzifəsidir. Başqa sözlə, iddiaçının iddia tələblərinə düzgün qiymət verilməsi üçün, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi 1 A, Zabrat-Pirşağa yolu, 1-ci km ünvanında yerləşən qeyri-yaşayış binasının statusu, eləcə də əmlakla bağlı həyata keçirilən bütün vərəsəlik əməliyyatlarının, o cümlədən Cavabdeh2 verilən “Mülkiyyət hüququ haqqında şəhadətnamə”nin qanuniliyi araşdırılmalıdır. İş materiallarından aydın olur ki, X3 21.07.1989-cu il tarixdə Sabunçu Rayon XDS İK-nin 19/7 saylı Qərarı ilə qeydiyata alınmış “RİTUAL” kooperativini yaratmış, 1989-ci ildə “Ritual” kooperativinin əmlakına dair çizgi-çertyoj çəkilmiş, 09.11.2001-ci il tarixdə həmin kooperativin bazasında təsisçisi Yunis Ələkbərov olan "xxxx" MMC qeydiyyata alınmış, “RİTUAL” kooprativinin balansında olan əmlaklar X3 tərəfindən "xxxx" MMC-nə pay şəklində qoyulmuş, 20.11.2013-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi 1 A, Zabrat-Pirşağa yolu, 1-ci km ünvanında yerləşən qeyri-yaşayış binasına dair DƏDRX tərəfindən N ******* Serya ********** qeydiyyat nömrəsiylə "xxxx" MMC-yə çıxarış verilmiş, 26 may 2014-ci il tarixdə X3 öz qərarı ilə "xxxx" MMC-ni ləğv etmiş və MMC-nin balansında olan Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat-Pirşağı yolu 1-ci km., 1 A ünvanında 173,3 kv.m qeyri-yaşayış tikintisini təhvil almış, 09.08.2014-cü il tarixdə əmlak Yunis Ələkbərovun adına rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərinə müvafiq olaraq, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ərarvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s); ər arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər (maddə 37.1-37.2). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyinə görə, əmlakın ərarvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: əmlakın ər-arvadın nikah müddətində əldə olunması və ər-arvadın ümumi gəlirləri əsasında əldə olunması. İkinci şərt əmlakın nikah müddətində ər-arvad tərəfindən əvəzli əqdlər əsasında əldə edilməsini tələb edir (“Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli və “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 iyul 2015-ci il tarixli Qərarlar). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Mülki Məcəllənin 225.2-ci maddəsinə görə də, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi 1 A, Zabrat-Pirşağa yolu, 1-ci km ünvanında yerləşən qeyri-yaşayış binası X3 ilə Cavabdeh2 ümumi gəlirləri hesabına əldə olunmuş əmlak, yəni birgə nikah dövründə qazanılmış əmlak hesab oluna bilməz və notarius əmlakı həmin statusda qiymətləndirməkdə səhvə yol vermişdir. Buna görə də kollegiya hesab edir ki, reyestrdə 2V-572 sayı ilə qeydə alınmış 18.06.2021-ci il tarixli “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” qismən - Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi 1 A, Zabrat-Pirşağa yolu, 1-ci km ünvanında yerləşən, ümumi sahəsi 173.3 kv.m olan qeyri-yaşayış binasının vərəsələrinin Cavabdeh2, İddiaçı və Cavabdeh3 olması, əmlakın ½ hissəsindən İddiaçı ½ hissədə pay almalı olduğu, əmlakın ½ hissəsinə mülkiyyət hüququ haqqında şəhadətnamə, qalan ½ hissəsinin ½ hissəsinə qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilməsi hissələrində, eləcə də reyestrdə 2V-573 sayı ilə qeydə alınmış “Qanun üzrə vərəsəlik haqqında şəhadətnamə” və 2V-570 sayı ilə qeydə alınmış 18.06.2021-ci il tarixli “Mülkiyyət hüququ haqqında şəhadətnamə” etibarsız sayılmalı, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi 1 A, Zabrat-Pirşağa yolu, 1-ci km ünvanında yerləşən, ümumi sahəsi 173.3 kv.m olan qeyri-yaşayış binasına dair X1 vərəsələrinə qanunvericiliklə müəyyənləşdirilmiş miras paylarının əks edildiyi vərəsəlik şəhadətnamələrinin verilməsi vəzifəsi 3 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusuna həvalə edilməlidir. Mülki Məcəllənin 1195-ci maddəsinə görə, məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir; 1196-cı maddəsinə görə isə, vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Bu kontekstdə kollegiyanın qənaətinə görə, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi 1 A, Zabrat-Pirşağa yolu, 1-ci km ünvanında yerləşən, ümumi sahəsi 173.3 kv.m olan qeyri-yaşayış binasına 5/8 hissədə vəsiyyət üzrə vərəsəlik, 3/8 hissəsinə qanun üzrə vərəsəlik (Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məcburi pay qismində, hər birinə 1/8 hissə olmaqla) açılmalı və müvafiq şəhadətnamələr verilməlidir. Kollegiya bir daha qeyd edir ki, İddiaçı 18.06.2021-ci il tarixli “Qanun üzrə vərəsəlik haqqında şəhadətnamə”nin qismən etibarsız hesab olunmasını istəməklə “Mülkiyyət hüququ haqqında şəhadətnamə”ni mübahisələndirməsə də, hazırda gəlinən nəticə onun iddia tələbindən kənara çıxma kimi qiymətləndirilməməlidir; çünkü mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüququ başa düşülür və İddiaçı iddia tələbinin predmeti mahiyyət etibarilə vərəsəlik hüququnun qorunması, habelə miras paylarının nisbətinin müəyyənləşdirilməsi barədə olmaqla bu hüququn həcmi bilavasitə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir. Nəzərə alınmalıdır ki, Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququna verilmiş təminat baxımından, vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin qorunması və mütənasiblik prinsipi rəhbər tutularaq tərəflərin hüquqları arasında ədalətli balans qurulmalı, hər hansı fərdin üzərinə əlavə yük qoyulmamalı, eləcə də tərəflərdən hər hansı birinin mülkiyyət hüququ əsassız məhdudlaşdırılmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının əvəzi qismində 152 manat 3 saylı Bakı “ASAN” xidmət mərkəzinin xüsusi notariusundan alınıb iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-760/2022 saylı iş üzrə 01 fevral 2022-ci il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbləri qismən təmin edilsin. 3 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən verilərək reyestrdə 2V-572 sayı ilə qeydə alınmış 18.06.2021-ci il tarixli “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” qismən - Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi 1 A, Zabrat-Pirşağa yolu, 1-ci km ünvanında yerləşən, ümumi sahəsi 173.3 kv.m olan qeyri-yaşayış binasının vərəsələrinin Cavabdeh2, İddiaçı və Cavabdeh3 olması, əmlakın ½ hissəsindən İddiaçı ½ hissədə pay almalı olduğu, əmlakın ½ hissəsinə mülkiyyət hüququ haqqında şəhadətnamə, qalan ½ hissəsinin ½ hissəsinə qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilməsi hissələrində, eləcə də reyestrdə 2V-573 sayı ilə qeydə alınmış eyni tarixli “Qanun üzrə vərəsəlik haqqında şəhadətnamə” və 2V-570 sayı ilə qeydə alınmış “Mülkiyyət hüququ haqqında şəhadətnamə” etibarsız hesab edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi 1 A, Zabrat-Pirşağa yolu, 1-ci km ünvanında yerləşən, ümumi sahəsi 173.3 kv.m olan qeyri-yaşayış binasına dair 5/8 hissədə vəsiyyət üzrə vərəsəlik, 3/8 hissəsinə qanun üzrə vərəsəlik (Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məcburi pay qismində, hər birinə 1/8 hissə olmaqla) açılması və müvafiq şəhadətnamələr verilməsi vəzifəsi 3 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusuna həvalə olunsun. İddia tələbləri qalan hissələrdə təmin edilməsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının əvəzi qismində 152 manat 3 saylı Bakı “ASAN” xidmət mərkəzinin xüsusi notariusundan alınıb İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar