Məhkəmə qərarları › İş №2(103)-2926/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2926/2024

03.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2926/2024 03.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə borcun ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi ilə İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi” tələbinə dair iddiası mülki iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)-4811/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi. İşin halları

1. **********759/15748531 saylı abonentə məxsus abonent kartından görünür ki, həmin kodlu abonentin su təchizatından yararlanmasına görə ödənilməmiş 447.13 manat borcu yaranmışdır.

2. Xəbərdarlıq məktubundan görünür ki, **********759/15748531 saylı abonentə İddiaçı ASC-yə olan borcunun ödənilməsi barədə xəbərdarlıq edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı ASC Cavabdeh qarşı – Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 447.13 manat borcun tutularaq (abonent kodu:**********759) və 30 manat dövlət rüsumu üzrə xərclərin tutularaq ”Azərsu” ASCnin hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xaiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ”Azərsu” ASC tərəfindən Cavabdeh (abonent kodu:**********759) su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərə görə xx.xx.2023-cü il tarixinə 447.13 (dörd yüz qırx yeddi manat on üç kəpik) manat borcu yaranmışdır. İddiaçı ASC tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildiriş, sonuncu dəfə isə xx.xx.2023-cü il tarixdə xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsinı təmin etməmişdir. Abonentin istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri su sayğacının göstəricilərinə uyğun olaraq hesablanmışdır. Həmin ünvana xx.xx.2022-ci il tarixində CSS-20 markalı, 21115417 nömrəli sayğac quraşdırılmışdır. Cavabdeh xidmətlərdən mütəmadi Dövlət rüsumunun ödənilməsi haqqında məlumat olaraq istifadə etsə də, istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə borcu yaranmışdır.

5. Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)-4811/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddianın təmin edillməsi, Cavabdeh (Abonent kodu: **********759) ödənilməmiş borca görə 447.13 (dörd yüz qırx yeddi manat, on üç qəpik) manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir.

6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlmişdir ki, məhkəmə araşdırması zamanı Cavabdeh müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirməməsi nəticəsində İddiaçı ASC-yə 447.13 manat borcunun yaranması öz təsdiqini tapdığından iddiaçının iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətindən istifadə edir, o, xidmətlərdən mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə 154 manat borcu yaranmışdır, iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Bununla belə, iddia tələbi üzrə cavabdehin müqavilə öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi.

7. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəlləsinin 385.1, 425.1, 442-ci maddələri, “Su təhcizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 30, 61.1, 62, 72-ci maddlərinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydalarının” 4.1.3-cü bəndinə Mülki Prosessual Məcəllənin 107, 119.1, 216-220 və 284-5.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2)011)-4811/2023 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayətində göstərilmişdir ki, işin faktiki halları ondan ibarətdir ki, Cavabdeh faktiki olaraq ünvan 1 ünvanında tək yaşayır. Cavabdehdən başqa həmin ünvanda heç vaxt heç kim yaşamamışdır. 2014-cü ildə cavabdehin iddiası üzrə Gürcüstan Respublikasının Bollnisi rayonunda mülki iş başlanmışdır. Həmin işlə əlaqədar olaraq Cavabdeh mütəmadi olaraq Gürcüstan Respublikasına gedib gəlmişdir və evdə yaşayış olmamışdır. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə araşdırmalıdır. Məhkəmə qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə işə baxarkən MPM-nin qeyd edilən normalarını pozmuş, çəkişmə prinsipinə riayət etməmişdir. Belə ki, məhkəmə iş üzrə cavabdehi qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə iclası barədə məlumatlandırmamış, nəticədə cavabdeh məhkəmə iclasında iştirak etməkdən, məhkəməyə sübutlar təqdim etməkdən və öz hüquqlarını qorumaqdan məhrum edilmişdir. Məhkəmə qanunun bu tələbini pozmuş, Cavabdeh xəbəri və iştirakı olmadan məhkəmə iclasını keçirmişdir ki, bununla da onun müdafiə hüququ pozulmuş, sübutları məhkəməyə təqdim etmək mümkün olmamışdır. Sübutlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə qanunun bu tələbini pozaraq tərəfimdən məhkəməyə hər hansı bir sübutun təqdim edilməsinə şərait yaratmamışdır. Qətnamə iş üzrə müəyyən edilən həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. İşin həqiqi hallarını məhkəmə araşdırmalıdır. İşin həqiqi halları ondan ibarətdir ki, iddiaçı tərəfindən iddia edilən 447.13 manat borcun hansı müddətdən hesablanması barədə məhkəməyə sənəd təqdim edilməmişdir. İddiaçı göstərir ki, abonentin iistifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri su sayğacının göstəricilərinə uyğun olaraq hesablanmışdır. 2014-cü ildən 2019-cu ilə qədər 1 kub sunun dəyəri 36 qəpik, 2019-cu ildən 2021-ci ilə qədər 55 qəpik, hal-hazırda isə 1 manatdır. Cavabdehin yaşadığı ünvana su sayğacı xx.xx.2022-ci ildə quraşdırılmışdır və həmin vaxt istifadə edilmiş su təchizatının və tullantı sular üçün 1 kubun qəyəri 1 manatdır. İddiaçı qəsdən borcun hansı vaxtdan hesablanması barədə məhkəməyə qrafik tərtib etməmişdir ki, bu səbəbdən də cavabdehin borcunu hazırda sayğacın göstəricilərinə uyğun hesablamışdır. Bundan əlavə, iddiaçı göstərir ki, guya hər ay ona borcun ödənilməsi tələbi ilə bildiriş göndərmişdir. Bu belə deyildir. 2022-ci ildə cavabdehə bildirilmişdir ki, İddiaçı ASC-yə 447 manat borcu vardır. Əraziyə xidmət edən Əkbər adlı şəxsə bu borcun haradan yaranmasını soruşduqda, bildirmişdir ki, dəfələrlə evə gəlmiş, lakin qapı bağlı olduğundan özbaşına məbləğ yaşaraq borc barədə kompyuterə daxil etmişdir.

10. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2926/2024 saylı, 06 aprel 2024-cü il tarixli qərardadına əsasən İddiaçı ASC-nin Cavabdeh qarşı “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4811/2023 nömrəli, xx.xx.2023- cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Proses iştirakçılarının izahatı

12. Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmiş, izahatında əlavə olaraq bildirmişdir ki, ona haqsız borc yazılıb. 2014-2019-cu illərdə o evdə olmayıb. Dəfələrlə müraciət edib, onu qəbul etməyiblər. Məhkəmədə iddia qaldırılanda onun xəbəri olmayıb. 2014-2019 cu illərdə o, evdə olmayıb. Sayğac su buraxırdı, damcı-damcı su tökülürdü. Dəfələrlə idarəyə gedib, cavab verilməyib. Ona borc çox yazılıb. Sayğac qoyulanda kodu özü alıb, hər ay 2022-ci ildən təzə sayğac qoyulandan da pul ödəyir,qəbzlərini də sübut kimi gətirib. O tək yaşayır, 2012-ci ildən etibarən 4 nəfərə hesablanıb. O heç düyməni bilmir.Sayğacı götürüb aparanda ona heçnə demədilər. Ona sonradan 447.13 manat borcum olduğunu bildirdilər. O evdə olmayanda, su işlədilməyəndə bu borc necə yazıla bilər. Sayğacdan iki il idi ki, su axırdı.Sayğaca baxmağa gələn əməkdaşın özü də su axdığını gördü. Sayğaca əməkdaşlar tərəfindən baxış keçirilib, heç bir qanunsuz istifadə halı olmadığı ortaya çıxmayıb.

13. Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmiş, izahatında əlavə olaraq bildirmişdir ki, cavabdeh həmin ünvanda tək yaşayır. Cavabdehin pensiyasından tutulur,maddi vəziyyəti pisdir. Cavabdehin Gürcüstanda mülki işi olmuşdur, bununla əlaqədar Gürcüstana getmişdir. Dəfələrlə iddiaçıya müraciət edilmişdir, nəticə olmamışdır. Sayğacda nasazlıq olub, çıxardıb aparıblar. 1 il sayğacsız qalıb. 2014-2018-cü illərdə 36 qəpik, 2018-2021-ci illərdə 1 kub metr üçün 56 qəpik hesablanıb, amma nəyə əsasən belə hesablanıb bilinmir. Rayon məhkəməsində xanım iştirak etməmişdir. Apellyasiya şikayətini müdafiə edir. Xanımın pensiya kartından borc tutulur. Pensiyası az gəldiyindən barədə maraqlanıb.Cavabdehin qeydiyyatda olduğu ünvana bildiriş göndərilsə də orada yaşamır. O məhkəməyə sənədlər təqdim edib. 2012-ci ildə Gürcüstanda məhkəmədə işi olub. Bununla əlaqədar aylarla Gürcüstana gedib-gəlib. Xanım tək qalır, pensiyası ilə dolanır. İddiaçı bunu nəzərə ala bilər.

14. İddiaçı ASC-nin nümayəndəsi X1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək izahatında bildirir ki, cavabdeh ilə müqavilə bağlanıb, sayğac qoyulub. Sayğacın üzərinə çox basıldığı üçün sayğac su verməyə başlayıb. Abonent ya zənglə, ya da müraciət edərək bunu bildirməli idi. Dərhal əməkdaşlar gəlib kartı qoyaraq sayğacı dayandırardılar. Smart tipli sayğaca çox nəzarət edilmir. Cavabdeh neçə vaxt ödənişlər etməyib. Hazırda abonentin 119.60 manat borcu var. Hər ay onların əməkdaşları hesabat verirlər. Bu günkü gün xanımın onlara 119.60 manat borcu var. Müxtəlif vaxtlarda 133, 181, 20 manat ödəyib. Xanıma məhkəməyə müraciət edilməmişdən əvvəl yazılı xəbərdarlıq verilib. xx.xx.2022-ci ildə köhnə sayğac sökülüb, yeni sayğac qoyulub. Cavabdeh sayğaca baxmağa qoymur. Xanıma son xəbərdarlığı da ediblər. Xanım bilir ki, real borcu var. Abonent il ərzində ailə tərkibi ilə bağlı arayış verdikdə ailə tərkibinə uyğun olaraq borc yazılır. Arayışı vermədikdə yenidən 4 nəfərə hesablanır. Arayışın müddəti 1 il olur. Xanım onlara müraciət etdiyi halda Aktları götürə və baxa bilər. Əgər sayğac su buraxırsa abonent xəbər verməlidir. Ola bilməz ki, illərlə sayğacdan su axsın və abonent onu görməsin. Xanım sayğaca baxış edilməsinə icazə vermir. Smart tipli sayğac rayonda oğurluqlar baş verdiyinə görə qoyulmur. Smart tipli sayğac qoyulduqda abonentin öz hesabına qoyulur, mexaniki sayğac dövlət hesabına qoyulur. Smart tipli sayğac qoyulmağını istədikdə ərizə yazıb banka müəyyən məbləğ ödənilməlidir. Təqdim etdiyi sənəddə iddia ərizəsində göstərilən məbləğ də daxildir. Cavabdeh 44 manat borcundan ödəyib, 119.60 manat borcu qalıb. Ailə üzvlərinin hər biri üçün 447 manat borc nəzərdə tutulmayıb. Sadəcə olaraq onlar qapını açmadıqlarına görə real borc 130 manat da ola bilər, daha az da ola bilər. Sayğac dəyişdirilib,hər ay da bildiriş göndərilib. Smart sayğacda 2 düyməni birdən basdıqda sayğac yanğın olduğunu başa düşür və avtomatik su gəlir, uzunmüddətli su verir. 2013-cü ildə 62.32 manat,2016-cı ildə 5 manat, 2017-ci ildə 12 manat, 2018-ci ildə 5 manat ödənilib. Sayğac sökülən vaxtı abonentin özünə təklif edilib. Sayğac yandığına görə laborotoriyaya aparılaraq içərisindən mexaniki sayğacı çıxarılır. Orada nə qədər su istifadə edildiyinə baxılır. Xanım müraciət etməlidir. Bu zaman ya sayğac sökülməlidir, ya da xanım borcunu ödəməlidir.

Tətbiq edilən hüquq normaları:

15. “Su təchizatı və tullantı suları haqqında” 28 oktyabr 1999-cu il tarixli, 723-İQ nömrəli Azərbaycan Respublikası Qanunun 1-ci maddəsində qeyd edilir ki, su təchizatı sistemi suyu mənbədən götürən, təmizləyən və istehlakçıya çatdıran bir və ya bir qrup qurğu, o cümlədən magistral (ümumiləşdirilmiş) və paylayıcı (daxili) su kəmərləri (xətləri) şəbəkəsidir;

16. Qanunun 13-cü maddəsinin 1-ci bəndində qeyd edilir ki, su təchizatı müəssisələri aşağıdakı hallarda özünün xidməti zonasının konkret ərazisində məişət (təsərrüfat)-içməli su ehtiyaclarının ödənilməsi üçün obyektləri lazımi miqdarda su ilə təmin etməli, habelə su kəmərləri xətlərini quraşdırmalıdırlar: a) müəssisənin xidməti zonasında yerləşən tələbatçıların (istehlakçıların) sifarişini aldıqda; b) su təchizatının yeni su kəmərləri xətləri vasitəsi ilə təmin olunması nəzərdə tutulan obyektlər, binalar, o cümlədən tikilməkdə olan və ya layihələşdirilən binalar mövcud olduqda; c) həmin ərazidə obyektlərin su ilə təchizatından əvvəl müvafiq normativ hüquqi aktlarla müəyyən edilən tələblərin yerinə yetirilməsini və xidmət haqqının ödənilməsini nəzərdə tutan lazımi müqavilələr bağlandıqda.

17. Qanunun 62-ci maddəsində qeyd edilir ki, qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır.

Apellyasiya baxışının hədləri

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

20. Hazırki halda cavabdehin apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

22. Belə ki, iddiaçı hazırkı iddiasında cavabdeh tərəfindən istifadə edilmiş suyun dəyəri olaraq ödənilməmiş pul məbləğinin cavabdehdən tutulmasını xahiş etmişdir.

23. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir.

24. Qətnamədən apellyasiya şikayəti verən cavabdehin şikayətinin dəlili ondan ibarətdir ki, İddiaçı ASC tərəfindən borcun hansı müddət üçün yazılması ilə bağlı məhkəməyə mötəbər sübutlar təqdim edilməmişdir.

25. Məhkəmə kollegiyas birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, işin hallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh su təchizatının həyata keçirilməsi ilə bağlı 31 may 2012-ci il tarixli, 15748531 nömrəli müqavilə bağlanmışdır.

26. İş materiallarında olan Cavabdeh məxsus abonent kartından görünür ki, iddiaçının tələb etdiyi borc məbləği əsasən 2021-ci il üzrə və 2021-ci ildən 2024-cü ilə kimi olan dövrü əhatə edir.

27. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddia tələbinə etiraz etsə də, iddia tələbinə etirazının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

29. Qeyd olunmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və sair kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur (Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsi).

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir.İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsiüçün tərəfin sübut etmədiyi hallarıməhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

31. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digərtərəfdən müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.

32. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur.

33. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

34. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

35. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

36. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

37. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)-4811/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar